adalet.az header logo
  • Bakı -°C
01 Mart 2026 08:51
64
ƏDƏBİYYAT
A- A+

Çalışın peşman olmayın - Pərvanə BAYRAMQIZI yazır

İzah etsəniz, məmnun olaram. "Ağıl ağıldan üstündür" deyiblər. Bir də təcrübə məsələsi var, hərə bir cür hadisənin şahidi olduğundan versiyalar müxtəlif olur. 

Hər hansı bir fikri, yaxud bir şeiri nəzərdən keçirəndə onun əsl dəyərini verməyə nə mane olur? Yəni zəifdirsə "zəif", normaldırsa "normal" demək niyə maddi asılılıqla, yaxud başqa bir səbəblə götürülür və ya götürülməlidir? Fikir bəsitdirsə, pul alandan, tapşırılandan, xahiş ediləndən sonra birdən-birə necə dəyərli olmağa başlayır? Bərbad şeiri vəzifəli şəxs yazıbsa nə təhər olur ki, şedevrə çevrilir? Gözlərin görmək, beyinin düşünmək qabiliyyəti maddiyyat sayəsində necə dəyişə bilir?  Onları dəyişən vicdandırmı?  (əslində, vicdansızlıq)

Bəzilərinə də paxıllıq, şöhrətpərəstlik hissi imkan vermir. İmzası məşhur olan fikirləşir, bunu tərifləyərəm, adını çəkərəm, haqqında yazaram diqqət çəkər, tanınar, adımla reklam olunar. Ona görə susur, görməzliyə vurur. 

Yaltaqlığı hava, su kimi vacib sayanların kənardan nə qədər iyrənc göründükləri veclərinə deyil.  Həqiqətin ağzına daş basıb,  yalanı müdafiə etmək, istedada göz yumub istedadsızı tərifləmək, şəxsi münasibətə söykənərək haqlını qoyub haqsızın yanında olmaq, vəzifəyə təzim etmək artıq milli xüsusiyyətə çevrilib. Ən pisi budur ki, bu keyfiyyətsiz keyfiyyət bizdə akademik səviyyədə "qorunur".

Çoxunun yaxşı insan, əsl ziyalı kimi xatırladığı mərhum alim bir dəfə fikrimi bəyənib, xoş sözlərlə rəy yazmışdı. Bir qədər söhbətdən sonra bildi ki, elmi dərəcəm yoxdur, rəyini redaktə edib əvvəlkinin əksini yazdı.

“Çalışın peşman olmayın. Peşman olsanız, peşman olacaqsınız. Ona görə də peşman olmayın”. Elə təsəvvür edin, bu fikirləri vəzifəsi, titulu olan tanınmış yazıb. Rəylər belə olacaq: Möhtəşəm! Əhsən! Gözəl fikirdir! 

"Layk"ın sayı durmadan artar. 

Elə ki, istedadlı, amma vəzifəsiz biri mənalı fikir bölüşür, 3-4 bəyənmə gəlir, rəy bölümü də boş olur.

Yaltaqlanmağa səbəb olmayanda həqiqətə göz yumurlar, səbəb olanda isə yalanı doğru kimi qəbul edirlər. Yanaşma, meyar tamamilə dəyişib. 

Adamlar ya həddən çox yaltaq, ya da ifrat dərəcədə paxıldırlar. Dürüst, səmimi, ədalətli adam görəndə büllur qab kimi heç kəsin əli çatmayan yerə qoymağım, qızıl kimi sandıqda gizlətməyim gəlir. Əslində, insan bunlardan daha dəyərlidir, dəyərli olmalıdır. Təəssüf ki, "adam kimi qızıl" yox, "qızıl kimi adam" ifadəsi işlədirik.

Yaltaqlığı həyat tərzinə çevirənlər yaltaqlığı özünə yaraşdırmayanlardan çox şey qazanıblar: iş-güc, mükafat, saxta nüfuz-filan. 

Düşüncəsi hiylədən ibarət olanlar, rəftarını hiyləsi ilə idarə edənlər dürüst insanlara "mal" adı qoyublar. 
Sadə adamların qarşısında ədasından çox şeyi özünə yaraşdırmayanlar vəzifəlilərin qarşısında kiçilməkdən zövq alırlar. 

Efirə çıxanda tanınmış təkəbbürlü şəxsin adını çəkib "dostum" kimi təqdim edənlər həyatda bir dəfə də olsun, tanınmamış yaxşı adamın haqqında söhbət salmırlar.

Tədbirinə vəzifəli, şan-şöhrətli ziyalıları dəvət edənlər başqa vaxtlarda insanlıqdan ağız dolu danışanlardır. 

Özünü heç kəsin haqqında yazmayan biri kimi tanıtmağa çalışan əlində efir imkanı olanlardan, sayt işlədənlərdən, qəzet-jurnal sahiblərindən, vəzifəlilərdən, ümumiyyətlə, işinə yarayacaq adamlardan məmnuniyyətlə yazır.

Yararlana bilmədiyi vəzifəsiz yazıçının istedadına əhəmiyyət verməyib, işi düşəcəyi müəssisədə (nazirlik və s.) işləyən  cızma-qaraçıya "dahisən" demək bizim ədəbiyyatda artıq normal hal kimi qəbul edilib. İndi beləsini ağıllı adam sayırlar, belə şeylərdən uzaq qaçanları isə dikbaş adlandırırlar. Bu bir yana, yaltaqlanmadığı üçün "irəli çəkilməyəni", reklam olunmayanı istedadsız hesab edirlər: istedadı olsaydı, filankəsin yanında olub mükafatdan-filandan alardı.

Neyləyirsiniz ee, vəzifəsi olmayana hörmətlə yanaşıb? Nəyinizə gərəkdir beləsinin haqqında yazmaq, yazdıqlarını çap eləmək? Nə qazanacaqsınız ee, ona göstərdiyiniz diqqətdən? Bütün bunları vəzifəliyə etsəniz faydalı olar. Bəlkə, qabağınıza "cəhənnəm ol"u əvəz edən bir tikə sümük (iş, vəzifə, mükafat formasında) atdı.