adalet.az header logo
  • Bakı -°C
15 Aprel 2026 11:42
72
ƏDƏBİYYAT
A- A+

Görünməyən dağların bələdçisi

Vaqif Yusifli kimi ustad tənqidçinin, dəyərli alimin, sadə və səmimi fikir adamının mənalı ömür yoluna nəzər salmağın, qaynar çeşmə kimi çağlayan yaradıcılığına qiymət verməyin, onun haqqında ürək sözü deməyin nə qədər məsuliyyətli iş olduğunu çox yaxşı anlayıram. Sadəliyi və səmimiliyi ilə ürəyimdə fərqli yeri olan Vaqif müəllimin insan və alim kimliyinə bir oxucu gözü ilə baxanda məni həmişə xoş heyrət bürüyür.

Klassik ədəbiyyatımızda mənalı söz inciyə bənzədilir. Bunu mən belə başa düşürəm ki, əsl həqiqət üzdə deyil, dərində axtarılmalıdır. Vaqif müəllim də hər hansı bir şeiri və nəsr əsərini təhlil edərkən bu ənənəyə sadiq qalır. O ilk növbədə mətinin dərinliyinə nüfuz edir. Dərinlikdəki relyefləri aydın görə bildiyi üçün hər söz, hər misra onun yazılarında yeni məna qazanıb zənginləşir. Bu yeni mənanı kənardan baxanda görmək mümkün deyil, onu görmək üçün gərək sözün sirli dünyasında qərar tutasan, o sirli dünyanın ağırının-yüngülünün, alçağının-ucasının, böyüyünün-kiçiyinin, enişinin-yoxuşunun, düzünün-əyrisinin yerini biləsən. Bu mənada, Vaqif müəllim müəlliflə oxucu arasında bələdçilik edir. Bu, məşhur el məsəlində deyilən “görünən dağa bələdçilik” etmək deyil. Vaqif müəllim görünməyən dağların bələdçisidir!

O, şeiri də, nəsri də, elə insanı da kənardan müşahidə etməklə kifayətlənmir; şeirdən yazanda şairin dünyasını, nəsr əsərini təhlil edəndə isə həm bədii obrazların, həm də obrazları yaradan müəllifin düşüncə aləmini kəşf etməyi, oxucuya və müəllifə göstərməyi bacarır. O, ilk növbədə müəllifin özünü özünə tanıdır. Vaqif müəllimin hər bir yazısında əsəri təhlil olunan müəllif özünün yaradıcı kimliyi ilə üz-üzə, göz-gözə, baş-başa qala bilir və müəllif özünü yenidən qiymətləndirir.

Belə düşünürəm ki, Vaqif müəllim üçün tənqid müəllifin yaradıcılıq dünyasına nüfuz etmək və onu başqalarına göstərmək sənətidir. Onun mətnlə müəllif arasında çəkdiyi yol sayəsində həm müəllifin, həm də oxucunun dünyası daha da böyüyür, zənginləşir, gözəlləşir.

Mən bunu sadəcə gəlişigözəl təxminlərimə, “kənar müşahidələrimə” əsaslanıb demirəm. Yolunu böyük həyəcanla gözlədiyim şeirlər kitabımdan birinin redaktoru olanda da, şeirlərimi təhlil edəndə də, publisistik yazılarım haqqında fikirlərini bildirəndə də Vaqif müəllimin bir keyfiyyəti mənim diqqətimi daha çox çəkib: yazıçını və yazını qiymətləndirərkən onun verdiyi ən böyük dəyər təbiilikdir. Görünür, bu, Vaqif müəllimin insan kimi düşüncələrinin təbiiliyindən irəli gəlir.  

Bəzən deyirlər ki, tənqidçi təhlil etdiyi əsərin kənarında dayanmalı, öz fikirlərini soyuq məntiqlə, elmi mühakimələrlə əsaslandırmalıdır. Vaqif müəllim haqqında düşünərkən bu fikir mənə birtərəfli və yarımçıq görünür. Çünki Vaqif müəllim hər şeydən öncə müəlliflə oxucu arasındakı sərhədi aradan götürür, incə bir ünsiyyət məkanı yaradır. Onun yazıları mətnə daxil olub onu içəridən anlamağa bələdçi olur. O hər hansı yazını təhlil edərkən əvvəlcədən müəyyənləşdirdiyi, yaxud hamımıza dərsliklərdən məlum olan hazır müddəalarla hökm çıxarmır; müəllifin duyğusunu, düşüncəsini dərindən hiss edir,  mətnin incə laylarını, gözə görünməyən çalarlarını üzə çıxarmağa çalışır və oxucunu da bu maraqlı prosesə qoşulmağa təhrik edir.

Onun tənqidi yazılarından oxucu ilə mətn arasında söhbət qurmağa çalışan ağsaqqal bir həmsöhbətin səsi gəlir. Bəlkə də mücərrəd görünəcək –Vaqif müəllimin yazılarını oxuyanda mən bu səsi eşidirəm. Bu baxımdan, o mənim üçün bədii əsərin rəngarəng obrazlar dünyasını anlamağa yardımçı olan müdrik bir məsləhətçidir.

Onun yazılarındakı fərqlilik, heç şübhəsiz ki, dərin biliklə, daimi mütaliə ilə bağlıdır. Müasir ədəbi prosesin fəal yaradıcılarından olan Vaqif müəllim klassik ədəbiyyatımızın da usta sərrafıdır. Ədəbiyyatı nəhəng bir ağaca bənzətsək, Vaqif müəllimin sərraf gözləri o ağacın yarpaqlarını budaqlarına, budaqlarını gövdəsinə, gövdəsini köklərinə, köklərini də torpağa bağlayan gözəgörünməz telləri çox aydın görür. Onun həcmindən asılı olmayaraq hər bir təhlilində bugünkü ədəbiyyatımızın Nizami, Nəsimi, Füzuli kimi dərin köklərdən  boy atdığını görürük. Vaqif müəllim yazılarında və söhbətlərində klassiklərimizi, xüsusilə Füzulini özünəməxsus şairanə bir yanaşma ilə şərh edir. O, Füzulini müasir oxucu ilə həmsöhbət eləməyi bacarır.   

Düşünürəm ki, bu bənzərsiz keyfiyyətlər Vaqif müəllimin şair təbiətindən irəli gəlir. O, mətnin məna laylarına baş vurarkən bəzən müəllifin özünün belə fərqində olmadığı rəngləri, çalarları üzə çıxarır. Vaqif müəllimin yazılarına yüksək dəyər gətirən müəllifin dediklərini  təkrarlamaq deyil, müəllifin dediklərini yeni bir işıq altında göstərməkdir.

Yəqin mənimlə razılaşarsınız ki, müasir ədəbiyyatımızın ardıcıl izlənilməsində, müxtəlif üslubları təmsil edən şair və yazıçıların yaradıcılığının qiymətlən­dirilməsində, ədəbi prosesdə hər kəsin yerinin müəyyənləşdirilməsində Vaqif müəllim qədər həssas və məhsuldar fəaliyyəti olan tənqidçi adı çəkmək çətindir. O, uzun illərdir ki,  sanki ədəbi prosesin “gündəliyini”, bir qədər köhnə hesabla desək, “xatirə kitabını” yazır. Bu kitab həm də ona görə maraqlı və qiytmətlidir ki,  Vaqif müəllimin dili oxucu üçün aydındır, irəli sürdüyü mülahizələri kifayət qədər anlaşıqlıdır. O, oxucunu görünməyən dağlara tərəf apararkən dilin dolanbac yollarında çaşbaş salıb azdırmır.

Vaqif müəllimin, demək olar ki, bütün ədəbi fəaliyyəti ərzində “Azərbaycan” jurnalında çalışması ona bir üstünlük və gətirib. O, daim hərəkətdə olan canlı ədəbi mühitin içində olub, ədəbi mühitin yenilikləri ilə nəfəs alıb. Vaqif müəllim ədəbi mühitin iqlimini, istisini-soyuğunu öz təcrübəsində yaşadığına görə onun yazılarında həm ciddi obyektivlik, həm də səmimi həssaslıq var. Bu həssaslığı indi dəbdə olan ifadə ilə “empatiya”,  yəni özünü müəllifin yerinə qoymaq da adlandıra bilərik...

Vaqif müəllimin haqqımda yazdıqlarını oxumaq mənim üçün güzgüyə baxmaq kimidir. Mən bu güzgüdə “güzgülənərkən” öz mətnlərimin güclü və zəif cəhətlərini, eləcə də gələcək oxucu ilə ünsiyyət üfüqlərini görürəm. Və şükür edirəm ki, o üfüqlərə gedən yolda mənə müdrik dostum, professor Vaqif Yusifli bələdçilik edir...

Arzu Nehrəmli,

şair-publisist,

tarix üzrə fəlsəfə doktoru