adalet.az header logo
  • Bakı -°C
21 May 2026 11:17
69
ƏDƏBİYYAT
A- A+

Bəşəri ideyalar yazıçısı

Çağdaş ədəbiyyatımızın canlı klassiki, görkəmli nasir, dramaturq, ədəbiyyatşünas, tənqidçi, ssenariçi, publisist, tərcüməçi, ictimai xadim, xalq yazıçısı Elçin zəngin və çoxşaxəli yaradıcılığı ilə dünya şöhrətli sənətkar zirvəsinə yüksəlib. 16 yaşından ədəbi fəaliyyətə başlayan yazıçının ilk hekayəsi 1959- cu il iyulun 5- də "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bu, Elçinin böyük ədəbiyyata gəlişinin uğurlu başlanğıcı idi. 1966- cı ildən "Min gecədən biri" adlı ilk kitabının çapından sonra o, yazıçı kimi özünütəsdiqə nail oldu. Yaza- yaza yüksələrək, ustad sənətkar mövqeyinə ucaldı. İstedadlı qələm sahibi ədəbi yaradıcılığın müxtəlif istiqamətlərində daxili bir gəlirinclik şövqü və tükənməz enerji ilə yazıb- yaradır. Çünki istedad qaynar bulaqdır, o heç vaxt tükənmir. Yazıçının çoxçeşidli yaradıcılığı milli xüsusiyyətlərə malik olduğu kimi, həm də bəşəri mahiyyəti əks etdirir. Böyük ədəbi dünyagörüşə malik Elçin yaradıcılığının coğrafi sərhəddi çox genişdir. Geniş biliyə, zəngin erudisiyaya, böyük həyat təcrübəsinə malik olan dünya şöhrətli yazıçının yüksək tirajlarla müxtəlif dillərə tərcümə olunmuş əsərləri Azərbaycanımızı və xalqımızı layiqincə tanıdır. Onun bədii əsərləri dünyanın müxtəlif ölkələrində sevilə- sevilə oxunur, yaradıcılığı xarici ölkələrdə araşdırılır, elmi- tədqiqat işləri və dissertasiyalar yazılır. Elçin yaradıcılığını şərtləndirən özünəməxsus dəst- xətti, obrazlı dili, lirik üslubu, əsərlərində Şərq və Qərb dəyərlərini üzvi surətdə birləşdirməsi, xalq bədii təfəkkürünə, milliliyə və ənənəyə bağlılığındadır.

Yazıçı üçün yaradıcılıq anları onun xoşbəxtliyidir. Özü demişkən, " Taleyimdən gileylənmək düzgün olmazdı. Mənim uğurum- nəhəng işin nəticəsidir. Amma mən bu işi sevirəm və həyatımı bu yaradıcılıq əzabları olmadan təsəvvür etmirəm." Yazıçı özünü o zaman xoşbəxt hesab edir ki, oxucuları ona diqqətli olur, intizarla yeni əsərlərini gözləyir. Elçinin yüksək sənətkarlıqla və zövqlə yazılmış çoxsaylı hekayələri, povestləri, romanları və pyesləri bu gün çoxmilyonlu oxucular tərəfindən sevilə-sevilə oxunmaqdadır. Onun bədii əsərləri zaman vsə məkan məhdudluğu tanımır. İstedad və zəhmətin bəhrəsi olan bu ədəbi sərvətlər zamanın sınağından uğurla çıxmışdır. Elçinin ədəbiyyat və mədəniyyət tarixində gördüyü işlərin miqyası olduqca geniş və böyükdür. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünyada tanınmasında və təbliğində yazıçının misilsiz xidmətləri var.

Yaradıcılığının ilk illərində yazıçı cəmiyyətdə, dünyada olan hadisələri, mənəvi- əxlaqi durumu dərindən dərk edərək onu bədii boyalarla və əlvanlığı ilə öz əsərlərində əks etdirib. Yazıçının ədəbiyyat tarixindəki mövqeyi həm də onun zamanın hadisələrinə öz fərdi baxışı ilə seçilir. Ömrünün altmış ildən çoxunu ədəbiyyata həsr etmiş qüdrətli qələm sahibinin hekayə, povest və romanları tərcümə edilərək dünya oxucuları tərəfindən maraqla qarşılandı. 60- cı illərdən bu yana Elçinin yaradıcılığına saysız- hesabsız rəylər, məqalələr, resenziyalar və onlarla irihəcmli tədqiqat əsərləri həsr olunub. Yaradıcılığına ədəbi- ictimai maraq bir an belə səngiməyib.

Elçinin çoxşaxəli yaradıcılığında onun hekayə janrında yazdığı əsərləri xüsusi yer tutur. Müəllifin hekayələrində mənəvi- əxlaqi təmizlik, insanın fikir və düşüncələrinin, psixologiyasının ən dərin qatları mənalı və ifadəli detallarla göstərilir. Obrazın psixoloji aləminə nüfuz etmək onun hekayələrinə xas olan ən əlamətdar xüsusiyyətlərdən biridir. Qəhrəmanın mənəvi aləmi və fərdi duyğuları vasitəsilə o, dövrün ictimai problemlərini canlandırır. Elçinin hekayələrinin cövhərinə hopmuş sadəlik, humanizm və bəşərilik onun bədii dəyərinə və estetik siqlətinə bir tamlıq gətirir. İnsan duyğularını həssaslıqla incələyən, bədii təsvir vasitələrinin bütün arsenalından məharətlə istifadə edən yazıçı onu şəhd- şirəli və obrazlı dillə aydın ifadə edir. Yazıçının " Şuşaya duman gəlib", "Bülbülün nağılı", "Baladadaşın ilk məhəbbəti", "Baladadaşın toy hamamı", "Qırmızı ayı balası", "Beş dəqiqə və əbədiyyət", "Hönkürtü" və s. hekayələri ideya məzmununa və bədii dəyərinə görə oxucular tərəfindən maraqla oxunur. Yazıçının ədəbi qəhrəmanları daxilən saf, təmiz, mənəviyyatca zəngin, həm də romantik qəhrəmanlarıdır. Bu insanlar gələcəkdə daha xoş günlərdə yaşamağı arzulayırlar. "Baladadaşın ilk məhəbbəti", "Bu dünyadan qatarlar gedər", "On ildən sonra", "Günlərin bir günündə", "Gümüşü, narıncı, məxməri" hekayələrinin qəhrəmanları məhz romantik xəyalları, xoşbəxt gələcək haqqında duyğu və düşüncələri ilə diqqəti cəlb edirlər. Bu qəhrəmanlar müxtəlif taleyə, dünyagörüşünə, zəif və güclü xarakterə malik olsalar da, onları bir ümumi insani cəhət birləşdirir: mənəvi zənginlik, təmizlik, saflıq və əxlaqi kamillik.

Elçinin "Qaçqınlar" silsiləsindən olan "Qarabağ şikəstəsi", "Sarı gəlin", "Bayraqdar" povest və hekayələri öz orijinallığı, həyatiliyi və yüksək sənətkarlığı ilə seçilir. Onun qəhrəmanları mərd, mübariz, mənən qürurlu insanlardır. Bu qəhrəmanların hər biri Elçinin şəxsi keyfiyyətlərinin ruporudur. "Bayraqdar" povestində Buzovna fəhlə yataqxanasında sığınacaq tapan, qəzet- jurnallar satmaq üçün maşınların üstünə qaçaraq çörək pulu çıxaran Surxay əlamətdar bayram günlərində üçrəngli bayrağını balaca otağının pəncərəsindən asır. Hətta o, yeganə oğlunun hüzr məclisində də müqəddəs bildiyi üçrəngli bayrağı mərasim evinin qənşərindəki iydə ağacının budağından asır. Çünki Surxayın qəlbində əbədi yuva salmış bu üçrəngli bayraq təkcə Surxayın ailəsinin deyil, həm də öz yurd- yuvalarından perik düşmüş bütün qaçqın ailələrini Qarabağa, doğma Şuşaya bağlayan son ümiddir. Povestdə bir ailənin timsalında Qarabağ faciəsinin bütün ağrı və əzabları, dözülməz məşəqqətləri əsl vətəndaş yanğısı və ustad sənətkar qələmi ilə təsvir edilmişdir. Əsərdə kamançaçı Tanrıverdinin sualına Surxay Bayraqdarın verdiyi cavab oxucunun da qəlbinə bir ümid işığı yandırır:

" - Deyirsən o bayraq qayıdacaq də, Şuşaya ?

- Əlbəttə! Bu bayraq ki, Şuşada elə...elə dalğalandı, yenə qayıdacaq Şuşaya!"

Surxay Bayraqdarın bu inamlı sözü Elçinin öz daxilindən gələn səsdir. Sanki bu sözlər Surxay Bayraqdarın yox, Elçinin dilindən səslənir. Akademik Nərgiz Paşayeva "Bayraqdar" povesti haqqında yazır: "Bayraqdar" povesti böyük faciənin yığcam bədii panoramını yaradan, eyni zamanda, ən dərin qatlarını üzə çıxaran sənət əsəridir. Bu əsər öz müəllifinə müasir dövrdə - XXI əsrin əvvəllərində də ədəbi bayraqdarlıq ucalığı gətirmişdir”.

Elçin nəsrinin ən səciyyəvi cəhətlərindən biri ondakı psixologizm, insanların daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri nəsrin obyektinə çevirməsidir. Bu əsərlərdə yazıçının əsas məqsədi insanın daxili aləminin mübhəm çalarlarını, insan taleyinin zaman axarında başqalaşmasını, dünya duyumunu, hisslər və duyğular aləmini aydınlatmaqdan ibarət olub. Özünün dediyi kimi, "yazıçının predmeti xislətdir və onun istedadı xislətin dərinliklərinə nə dərəcədə enə bilməsi ilə müəyyənləşir." Əsl vətəndaşlıq və milli özünüdərk özünə dərindən bələdlikdən başlayır. Yazıçının qəhrəmanlarında özünüdərk çox güclüdür.

Elçinin yaradıcılığında onun möhtəşəm romanları - "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" xüsusi yer tutur. Fikrimizcə, yazıçının tarixi mövzulu əsərlərində yaratdığı obrazlar həm də tarixi yaddaşın yaradıcısı olublar. "Ağ dəvə" romanında Böyük Vətən müharibəsi illərinin acı həqiqətləri təsvir olunur. Müəllif bir məhəllənin timsalında geniş ümumiləşdirmələr yolu ilə dövrün bütün mənzərəsini yarada bilmişdir. "Ölüm hökmü" romanının əsas qayəsi repressiya və durğunluq dövründə insanların başına gətirilən dəhşətli müsibətlər təsvir edilir. "Baş" əsəri də tarixi roman janrında yazılıb. Yazıçının 2015- ci ildə qələmə aldığı bu əsəri ədəbi tənqid "ədəbiyyatımızın baş romanı" adlandırdı. "Baş" romanı fəlsəfi- magik, psixoloji, bəzi məqamlarda isə ustalıqla mistik çalarlardan istifadə edilmiş əsərdir. Əsərə dünya ədəbiyyatının oxunaqlı və bəyənimli nümunələrindən biri kimi yüksək dəyər verildi. Roman ingilis, alman, ukrayna, ərəb, türk, rus və digər dillərə tərcümə olunaraq geniş oxucu auditoriyası qazandı. Müəllifin romanı atasına - xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinə həsr etməsi ədəbiyaşar sənətkarımızın ruhuna dəyərli töhfədir.

Bir mərhələ olaraq Elçinin dramaturgiyası müstəqillik dövrünün yeni teatr hadisəsidir. Əslində onun dramaturgiyası öz başlanğıcını ötən əsrin 70- ci illərinin əvvəllərindən götürüb. İlk pyesi "Poçt şöbəsində xəyal"ı yazıçı 26 yaşında yazıb. Dramaturqun "Ah, Paris, Paris", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Arılar arasında", "Şekspir", "Qatil", "Sənətkarın taleyi", "Teleskop", "Cəhənnəm sakinləri", "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Şuşa dağlarını duman bürüdü" pyesləri ölkəmizin teatrlarında tamaşaya qoyulmuşdur. Bir sıra pyesləri xarici ölkələrin- Nyu- York, İtaliya, Ukrayna, Kipr, Ankara, London, Sankt- Peterburq, Seul, Qazaxıstan, Gürcüstan, Moskva, İstanbul kimi böyük teatrların səhnəsində nümayiş etdirilmişdir. Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə bu barədə yazır: "Elçinin pyesləri nəinki Azərbaycan teatrının repertuarını bəzəyir, həmçinin dünya teatrlarının repertuarını dolaşır. Onun dramaturgiyasını xarici ölkələrdə tanıyırlar, sevirlər və böyük maraqla səhnədə oynayırlar. Bu tendensiya gün - gündən artmaqda, şaxələnməkdədir." Azərbaycan- Türkiyə teatr əlaqələrinin genişlənməsində Elçin yaradıcılığı ayrıca bir mərhələdir. Dramaturqun pyesləri Ankaranın, Konyanın, Ərzurumun, İstanbulun, Adananın və Türkiyənin digər şəhərlərindəki dövlət teatrlarında nümayiş etdirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Yerli mətbuat Türkiyədə göstərilən bu tamaşalara iki qardaş ölkə arasında mədəniyyət sahəsindəki əlaqələrin inkişafında böyük mədəni hadisə kimi yüksək dəyər verdi. Elçini isə Türkiyədə ən çox nəşr edilən müasir dünyanın qüdrətli yazıçısı kimi təqdim etdi. İstanbul Böyük Bələdiyyəsi Kültr İşləri dairə başqanı Əhməd Çökər yazır: "Elçin bəy yalnız qardaş Azərbaycanın deyil, bütün türk dünyasının, o cümlədən Türkiyənin də böyük yazarıdır. Onun Türkiyə teatrlarında səhnəyə qoyulmuş pyesləri əsl sənət uğurları əldə etmiş, tamaşaçıların həqiqi məhəbbətini qazanmışdır." Təkcə bir faktı qeyd edək ki, dramaturqun "Ulduzlar altında qətl" pyesi İstanbulda məşhur Möhsün Ərtoğrul səhnəsində üç ay ərzində 77 dəfə oynanılmış və yüksək reytinqli tamaşa kimi böyük uğur qazanmışdır. Bütövlükdə teatr Elçinin dram əsərləri hesabına repertuar zənginliyini daha da artırmışdır. Bir sıra rejissorların, aktyorların, rəssamların yaradıcılığının öyrənilməsi də Elçin dramaturgiyasının kontekstində gerçəkləşir. Tuncər Cücənoğlu yazır ki, "Elçinin pyesləri müasir dünya dramaturgiyasının layiqli nümunələridir.” Doktor Metin Turan isə Elçini "Türk xalqları ədəbiyyatının ulduzu, ortaq qürur qaynağımız" kimi dəyərləndirib. 2007- ci ildə yazıçı "Türk dünyasına xidmət" mükafatına layiq görülmüşdür. 2022- ci ildə Elçin Türkiyənin yüksək mükafatına- "Necip Fazil" ödülünə layiq görülmüşdür. "Beynəlxalq mədəni- sənət" nominasiyası üzrə mükafatlandırılan yazıçıya mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. Türkiyə Prezidenti çıxışında Elçin Əfəndiyevin müxtəlif dillərə tərcümə edilən əsərləri ilə qəlbləri fəth etdiyini deyib. Bildirib ki, Türkiyə- Azərbaycan dostluğunun səmimiyyətinin, həmrəyliyinin dünyada nümunə kimi göstərildiyi bir dövrdə verdiyimiz bu mükafat xüsusi məna daşıyır.

Milli kino sənətinin inkişafında yazıçının nəsr əsərlərinin və ssenarilərinin ekranlaşdırılmasının böyük əhəmiyyəti vardır. Onun ssenarilərində dolğun bədii süjet, gözəl təsvir vasitələri, maraqlı dialoqlar, təsvir edilən mühitin görümlülüyü ekran əsərinin təcəssümünə xüsusi bir çalar verir. Dövrün qlobal və mənəvi- əxlaqi problemlərini fəlsəfi dərinlik və mürəkkəbliyi ilə ekranda canlandırmaq Elçin ssenarilərinin əsas özülüdür. Onun povestləri sürətli süjet inkişafına, ideya sənətkarlıq məziyyətinə, estetik siqlətinə, fərdi üslub və poetikasına görədir ki, ekranlaşdırmaya daha tez uyğunlaşır. Bu filmləri Fikrət Əliyev ("Baladadaşın ilk məhəbbəti"), Arif Babayev ( "Arxadan vurulan zərbə"), Kamil Rüstəmbəyov ("Gözlə məni"), Oqtay Mirqasımov ("Gümüşü firqon"), Tofiq Tağızadə ("Bağ mövsümü"), Şahmar Ələkbərov ("Sahilsiz gecə"), Vaqif Mustafayev ("Milli bomba"), Ramiz Fətəliyev və Dilşat Fəthulin ("Hökmdarın taleyi") kimi görkəmli rejissorlar çəkiblər. Azərbaycan və Türkiyə kinematoqraflarının birgə layihəsi olan "Mahmud və Məryəm" filminin dünya ekranlarına çıxması milli kino mədəniyyətimizin ən böyük qələbəsidir.

Xalq yazıçısı onlarla monoqrafiyanın, yüzlərlə elmi- nəzəri və publisistik məqalənin müəllifidir. Elçin müəllim görkəmli ədəbiyyatşünas- alim, professional tənqidçidir. Yazıçının on cildlik "Seçilmiş əsərləri"nin dörd cildi elmi əsərlərini əhatə edir. Onun elmi monoqrafiyaları sırasında "Tənqid və nəsr", "Tənqid və ədəbiyyatımızın problemləri", "Klassiklər və müasirlər", "Klassik aşıq poeziyasında, "Dünya" obrazı", "Ədəbiyyatımızda Vaysman xəstəliyi", "Sosializm realizmi bizə nə verdi?", "Ədəbi düşüncələr", "Aqoniya”, yoxsa təkamül?" və s. bir sıra monoqrafik araşdırmaları xüsusi əhəmiyyət kəsb edir. Xalq şairi Bəxtiyar Vahabzadə qeyd edir ki, "Elçin nə dərəcədə oxucuların dərin rəğbətini qazanmış professional bir yazıçıdırsa, o dərəcədə də yüksək səriştəli professional tənqidçi və ədəbiyyatşünasdır."

Elçinin yaradıcılığında onun tərcüməçilik fəaliyyəti də xüsusi yer tutur. O, bir sıra dünya şöhrətli yazıçıların, o cümlədən C.B.Molyer, L.Pirandello, A.Kristi, F.S.Fitscerald, A.Morua, H.Laksnes, A.Əzimov və digər sənətkarların əsərlərini, eləcə də klassik yapon poeziyasından nümunələri Azərbaycan dilinə tərcümə etmişdir. L.Pirandellonun, Albert Maltsın, Kşiştof Xoinskinin pyesləri də Elçinin tərcüməsində tamaşaya qoyululub. Molyerin komediyalarını tərcümə edərək kitab şəklində nəşr etdtrib.

Elçinn müəllimin ictimai fəaliyyətində"Vətən" Cəmiyyətində göstərdiyi fədakarlıq daha önəmli yer tutur. "Vətən" Cəmiyyəti mühacir həyatı yaşayan yurddaşlarımızla Azərbaycan arasında ənənəvi körpü yaratdı. Fikrimcə, yazıçının bu sahədəki fəaliyyəti əhatəli və sistemli tədqiq edilməlidir.

Elçin müəllim nüfuzlu ictimai xadim kimi Amerikada, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Bolqarıstanda, İraqda, Avstriyada, İranda, Qazaxıstanda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi- ədəbi, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, rəsmi dövlət danışıqlarında və görüşlərdə ölkəmizi layiqincə təmsil edib. Və bu tədbirlərdə xalqımızın taleyüklü məsələlərini, o cümlədən torpaqlarımızın erməni faşistləri tərəfindən işğal edilməsini dünya ictimaiyyətinə çatdırıb.

Yazıçının yaradıcılığında Qarabağa və Şuşaya həsr etdiyi əsərləri də xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə onun da qəlbini riqqətə gətirir. Yazıçı bu münasibətlə yazır: "Bunu da etiraf etmək istəyirəm ki, mən Şuşanın azad olunacağını görəcəyimə inanmırdım, bu mənim içimdə bir yara idi, çünki bu otuz illik erməni işğalının təcrübəsi göstərdi ki, dünyanı ikili siyasi standartlar idarə edir və İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi məhz bu ikili standartlar dünyasında ortaya son dərəcə ciddi və son dərəcə də cəsarətli iradə qoydu."

Elçin müəllim bir yazıçı və zəngin təcrübəli dövlət xadimi kimi Azərbaycanın müstəqilliyinin qazanılması yolunda həm qələmi, həm də ictimai fəaliyyəti ilə yorulmadan mübarizə aparıb. O, fenomenal şəxsiyyəti, milli ziyalılıq ənənələrini özündə təcəssüm etdirən dünya şöhrətli böyük sənətkardır. Ədəbiyyata yüksək meyarlarla yanaşan sənətkarın fikrincə "bəşərilik bədiiliyin əsas meyarlarından biridir, amma milli olmadan bəşəri olmaq mümkün deyil." Elçin müəllim bütöv şəxsiyyəti, çoxşaxəli yaradıcılığı və mənəvi- əxlaqi keyfiyyəti ilə gənclərə canlı örnəkdir. Bəşəri meyarlarla düşünən sənətkarın özü də bəşəri yazıçıdır. Elçin müəllim bu gün də gənclik şövqü ilə ilhamla yazıb yaradır. Onun belə bir fikri var: "Yazıçı məlum məsələdir ki, özünü ifadə edir. Əgər söhbət istedadlı yazıçıdan gedirsə, o, özü ilə bərabər, xalqını ifadə edir. Böyük yazıçılar bəşəri ifadə edir." Bu mənada hörmətli Elçin müəllimin özü də bəşəri yazıçıdır. Bəşəri ideyalar yazıçısının Azərbaycan və dünya ədəbiyyatını zənginləşdirən bədii irsi bütün dünya ölkələrində özünə əbədiyaşarlıq qazandırıb.

 

Ötən ilin avqust ayının 3-də Azərbaycan ədəbiyyatına, Əfəndiyevlər ailəsinə, dostlarına və Elçin sevərlərə ağır itki üz verdi. Onun vəfatı xəbəri tək bir ailənin, şəcərənin deyil, həm də xalqın kədəri oldu. Avqustun 4-də qardaşım Şəfa ilə Dövlət Gənlər Teatrında onunla vida mərasiminə getdik. Minlərlə insan görkəmli sənətkarımızı Birinci Fəxri Xiyabanda son mənzilə yola saldılar. O kədərli gündə Elçin müəllimi ilk dəfə gördüyüm günü xatırladım:

        1965 -ci ilin may ayında atam böyük qardaşım Şəfaya yaddaqalan gözəl bir toy etdi. Həmin toyda atamın yaxın qohumu, görkəmli xalq yazıçımız İlyas Əfəndiyev və ailə üzvləri də yaxından iştirak edirdi.Bu barədə unudulmaz sənətkarımız İlyas Əfəndiyev  "Orfey quyudan çıxandan sonra nə gördü..." xatirə məqaləsində yazır: "... Neçə il bundan qabaq bizi Füzulinin Kürdmahmudlu obasına - yaxın qohumumuz Şəfanın toyuna dəvət etmişdilər (Şəfa Əliyev indi Bakının tanınmış cərrahlarındandır). Biz də yığışıb getmişdik. Oğlanın atası - mənim anamın əmisi oğlu Xanoğlan müəllimin bağçasında böyük mağar qurulmuşdu. Oba adətinə görə, toyun musiqi dəstəsi hörmətli qonaqların qabağına çıxıb, onları musiqi ilə qarşılayır. Bizi də elə qarşıladılar." O zaman 12 yaşım var idi.  “Açıq pəncərə”, “Sos”, ”Gümüşü, narıncı” kitablarını hələ kənddə ikən oxumuşdum. 

Ən çox tamaşalarını isə elmi işlərimi  yazan zamanlarda olub. Dəyərli məsləhətlərini verib. Əsərlərinin müzakirəsində, tamaşalarının premyerasında iştirak etmişəm. Sonuncu – "Baş" romanı əsasında hazırlanmış tamaşanın premyerasında iştirak etmək ona nəsib olmadı. Hər dəfə görüşlərimizdə uşaqları və qardaşım Şəfanı soruşardı.Altı-yeddi yaşlarımızda uşaqları və qardaşım Şəfanı görüşdürdü. Telefon danışığımız zamanı mənə dedi ki,  "Nə vaxta qədər yazılarını Əliyev soyadı ilə yazacaqsan. Yazılarını rəhmətlik atanın adı ilə çap etdir".  Yubileylərimdə təbrik teleqramları göndərirdi. Səhhəti ilə bağlı bir neçə dəfə zəng edib vəziyyətini soruşmuşdum.  Atam mənə və məndən kiçik qardaşlarıma deyərdi ki,  ataya hörmət və ehtiramı Elçin müəllimdən, Timuçin müəllimdən öyrənim. Nümunəvi, fəxr ediləsi övladlardır.

      Elçinin bədii əsərləri təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində sevilə-sevilə oxunur, əllərdə gəzərək neçə-neçə oxucu, nəsil arasında mənəvi körpü yaradır. Elçinin yaradıcılığına həm ölkəmizdə, həm də xaricdə yüzlərlə məqalələr, rəylər və onlarla iri həcmli tədqiqat əsərləri  həsr olunub, çoxşaxəli yaradıcılığına ədəbi-ictimai maraq bir an belə səngiməyib. Əsərləri Azərbaycanın sərhədlərini aşaraq dünyanın söz sərraflarını danışırdırıb və beləliklə, nasir, dramaturq, ssenarisi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, publisist Elçin sayca o qədər də çox olmayan sənətkarlarla bir sırada xarici ölkələrdə Azərbaycan ədəbiyyatını  ləyaqətlə təmsil edən şöhrətli sənətkar zirvəsinə yüksəlib. 16 yaşından ədəbi fəaliyyətə başlayan, əsərləri ilə dünyanı dolaşan böyük sənətkarın əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, rumın, fars, çex, polyak, xorvat, gürcü, moldav, türkmən, özbək, qazax, tacik, serb, ukrayna, çin, slovak, litva v.s. dillərə tərcümə edilərək onu dünya meridianlarında tanıdır.

Azərbaycan teatrının ölkəmizin hüdudlarından kənarda – xarici ölkə teatrlarında tanınmasında Elçinin dramaturgiyasının xüsusi yeri vardır.

Elçinin yaradıcılığının xalq sevgisi qazanmasının əsas səbəbi bu əsərlərdəki təbiilik və səmimiyyətdir. Onun bədii əsərlərinin qəhrəmanları da olduqca təbiidir, mənəvi-əxlaqi keyfiyyətləri, hiss və duyğuları, fikir və arzuları, istək və niyyətləri, ehtiras və emosiyaları ilə...

Ömrünün altmış beş ilini  ədəbiyyatımızın, mədəniyyətimizin və elmimizin inkişafına həsr etmiş dünya şöhrətli yazıçının milli azadlığımız və müstəqilliyimiz uğrunda miqyaslı fəaliyyəti, obyektivliyi, təəssübkeşliyi, ictimai xadimliyi və müdrikliyi ona böyük nüfuz və xalq məhəbbəti qazandırıb.  Onun əsərləri milli sərvətimizdir.

O, bütün ömrü boyu tükənməz enerji ilə, ilhamla yazıb yaratdı. Özündən sonra gələn nəsillərə əbədi bədii irs qoyub getdi. Özü demiş: "Taleyin mənə ayırdığı vaxt müddətində bu dünyanın adi qonağıyam. Əsl sənətkarın ömrü əbədiyaşar ömürdür.”

Elçin Azərbaycan xalqının qəlbində əbədi heykəli ucaltdı.

Ruhu şad olsun.

Vəfa Xanoğlan,

Sənətşünaslıq elmləri doktoru