adalet.az header logo
  • Bakı -°C
21 Yanvar 2026 14:03
58
ƏDƏBİYYAT
A- A+

Hamıdan ucadır alimin yeri…

Anar İskəndərov-70.

Ta qədimlərdən xalqın milli-mənəvi dəyərlərinin formalaşdırılması, təbliği, nəsildən-nəslə ötürülməsi,   milli bağın yaradılması, milli yaddaşın qorunub saxlanılması zaman-zaman elm, düşüncə adamlarının taleyinə yazılıb, onların çəkdiyi yük olub. Cəmiyyətin ziyalı adlandırdığımız bu hissəsi elminin nuru ilə xalqının, millətinin inkişaf yoluna işıq salmağı özünə mənəvi borc sayıb, qəlbinin odu ilə xalqının elm çırağını yandırıb, millətinin imzasını zəkasının nuru ilə tarix səhifəsinə yazıb. Bu gün belə işıqlı insanlardan biri, tarix elmləri doktoru, professor, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Milli Məclisin VI və VII çağırış deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərovdan söz açmaq istəyirəm. 

70 illik yubileyində əziz müəllimim, tarixçi həmkarım, Lənkəranımızı Milli Məclisdə layiqincə təmsil edən millət vəkili, cənub bölgəsinin işıqlı insanı prof. Anar İskəndərovdan danışmaq həm məsuliyyətli, həm də  xoşdur. Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki,  Anar müəllim bütün xoş sözlərə, təbriklərə layiq insandır, mənalı, şərəfli müəllim, alim ömrü yaşayır, tanınmış ictimai-siyası xadimdir, minlərlə seçicinin səsidir, xalqının tarixini elmə köçürüb söz yaddaşında yaşadan tarixçidir, söz, elm adamıdır.

Yubiley günlərində prof. A. İskəndərovun  Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin  Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilməsi ölkə başçısının dəyərli alimə verdiyi böyük  qiymət, alimin 70 illlk ömrünün şərəf, şöhrət salnaməsinin qızıl xətlə yazılan dəyəridir. Bu təltif təkcə Anar müəllimi yox, onun yüzlərlə yetirmələrini, həmkarlarını, səsi olduğu seçicilərini ürəkdən sevindirdi. Həmin gün sosial şəbəkələrdə Anar İskəndərovla bağlı saysız paylaşımlar, təbriklər ona olan sevginin təzahürü idi.

70 illik zirvədən boylananda Anar müəllim necə görünür? Uca!n Ona görə ki,  prof. Anar İskəndərov 70 il müddətində əldə etdiyi uğurlara, elmi-yaradıcı fəaliyyətinə görə xaqlqının qürur duyduğu, məhəbbət və güvən bəslədiyi, milllətinə, dövlətinə sadiq  insan kimi özünü tanıtdıra bilib. Anar müəllim ziyalılar ziyalısıdır, ruhən, qəlbən saf olan ideya, söz, ruh adamıdır, nurlu düşüncə sahibidir, xalqının səsidir, ən yüksək tribunalarda eşidilən haqq sözüdür. 

Əslində 70 il ömür sürmək hünər deyil, bir Allah qismətidir. Hünər bu ömrü necə yaşamaqdadır ki, Anar müəllim də  bu missiyanı şərəflə yerinə yetirməkdədir. Onu digər yaşıdlarından ayıran əsas məqam uca xaliq tərəfindən ona ayrılan ömür payını   mənalı yaşamında, zehninin  nuru, yuxusuz gecələrinin bəhrəsi olan onlarla kitabında, yüzlərlə elmi, publisistik yazılarında, 70 il ərzində qazana bildiyi yüksək ehtiramdadır, el məhəbbətindədir.  Prof. A. İskəndərovun 70 illik ömründə   söz açılası məqamlar kifayət qədərdir və onların əksəriyyəti barədə həmkarlarım zaman-zaman yazıblar.

Mənim tanıdığım Anar İskəndərov olduqca  məhsuldar, işgüzar, daim yazan, yaradan, elmi tədqiqatlarını davam etdirən araşdırmaçıdır, tarixçi alimdir. 20 monoqrafiyasının, 10 dərs vəsaitinin, 350-dən çox elmi məqaləsinin  çapı, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olması dediklərimizin əyani sübutudur. Prof.  A. İsgəndərov 2011–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri olub və  2020-ci ildən yenidən həmin vəzifəni icra edir. Eyni zamanda o, universitet və fakültə Elmi şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İskəndərovun 2011-ci ildə Castin Makkartinin ön sözü ilə ABŞ-də nəşr olunmuş “Realites of Azerbaijan: 1917–1920” əsəri ilə ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllif olması qürurverici faktdır.

Prof. Anar İskəndərov həm də  tələbələrinin sevimli müəllimidir. Bu işıqlı insanın tələbəsi olmaq, ona imtahan vermək mənim də qismətimə düşüb. Anar müəllimin səmimiyyətini, tələbələrinə qarşı böyük diqqətini, qayğısını magistraturada oxuyarkən görmüş, yaxından hiss etmişəm.  Bu diqqət və qayğını A. İsgəndərov tələbələrindən,  gənc alimlərdən əsirgəmir, hər birimizə qarşı diqqətlidir. Bu qayğı və diqqətin nəticəsidir ki,  bu günə kimi Anar müəllimin rəhbərliyi altında 25 nəfər namizədlik, 5 nəfər doktorluq dissertasiyası müdafiə edib. Hazırda da onun rəhbərliyi altında 10 doktorant, 8  dissertant dissertasiya mövzuları üzərində tədqiqatlarını davam etdirir. Tarix elmləri doktoru proqramı üzrə 6 elmlər doktorunun elmi məsləhətçisi olması onun təkcə məhsuldar alim yox, eyni zamanda gənc tədqiqatçıların elm yoluna gəlmələrində dəstəkçi olduğunu göstərir.

Prof. Anar İskəndərovun tarixçi alim kimi elmi yaradıcılığı çoxşaxəli, zəngin olduğundan və 40 illik zamanı əhatə etdiyindən bu fəaliyyəti tamlığı ilə bir məqalədə verməyi mümkünsüz hesab etsək də, onun mart qırğını ilə bağlı elmi tədqiqatçılıq fəaliyyətinin üzərindən sükutla keçmək insafsızlıq olardı. Tarixçi alimin “1918-ci il Mart qırğınının tarixşünaslığı” (Bakı, 1997), “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918–1920)” (Bakı, 2006),  “Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar”(Bakı,  2011), “Azərbaycan həqiqətləri: 1917–1920” (Bakı, 2012), “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” (Bakı, 2019) əsərləri Azərbaycan tarixinin bu qanlı və qaranlıq hissəsinin araşdırılmasında əvəzsiz mənbədir. Anar müəllimin doktorluq dissertasiyası da bu mövzuya həsr olunmuşdur. O, 2004-cü ildə  “Azərbaycanda 1917–1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Prof. Anar İskəndərovun həmmüəllifi olduğu  “Tarix və onun metodologiyası” ali  məktəblər üçün dərslik kitabı son illərin ən uğurlu tədris vəsaitidir, tarixçi alimlərin, tələbələrin  stolüstü kitabıdır. A. İskəndərov Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı onlarla məqalə və monoqrafiyanın müəllifidir, tariximizin bu dönəminin peşəkar tədqiqatçısıdır. Anar müəllimin müqəddəs Həcc, Ümrə və Məhşəd ziyarətlərində olması onun milli, dini dəyərlərə sadiqliyinin, saf mənəviyyatının ifadəsidir.

70 illik yubileyi münasibətilə əziz müəllimimi, dəyərli həmkarımı, millət vəkilimizi ürəkdən təbrik edir, ictimai-siyasi-elmi fəaliyyətində daha böyük uğurlar arzu edirəm.  

Zaur Məmmədov, 
Tarix üzrə fəlsəfə doktoru, dosent.