adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
27 May 2022 10:16
193
SİYASƏT

Bu nümunə gələcək nəsillər üçün də örnək olacaq!

Yüz dörd il əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi - Əqdnamə ilə Azərbaycan müstəqil dövlət kimi beynəlxalq münasibətlərin subyektinə çevrildi. Qısa müddət ərzində ölkəmizin ilk parlamenti və höküməti quruldu, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının - Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Məmmədhəsən Hacınskinin və digər əqidədaşlarının fədakarlığına, xalqımızın mübarizə və müqavimət əzminə baxmayaraq, bolşevik işğalının qarşısını almaq mümkün olmadı, Cümhuriyyət 23 ay sonra süqut etdi.

Nə qədər ağrılı olsa da, keçdiyimiz tarixi yol göstərir ki, bəzən xalqların doğal haqqı, azadlıq və müstəqillik sevdası qaba gücün qarşısında aciz olur, ədalət və beynəlxalq hüquq zora təslim olmaq məcburiyyətində qalır. 1992-ci il və 1993-cü ilin əvvəlində Ermənistan öz hamilərinin köməkliyi ilə ərazi bütövlüyümüzə qəsd edərək torpaqlarımızı işğal etdiyi  dönəmdə xalqımız dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üzləşdi. O zaman Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev tarixi missiyasını yerinə yetirdi, fitri istedadı, dövlətçilik məfkurəsi və böyük idarəçilik təcrübəsi hesabına Azərbaycanı parçalanmaqdan, xalqımızı isə vətəndaş qırğınından xilas etdi. Ulu Öndər  dövlət müstəqilliyimizə və suverenliyimizə bütün dövrlərdə mövcud olmuş təhlükələrin ünvanını və onların miqyasını daha dəqiq görüb qiymətləndirə bildiyi üçün, tarixi gerçəkliyi bu cür ifadə etmişdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”.

Müasir Azərbaycan dövləti tarixi Zəfərlərə imza atmaqla və çoxəsrlik arzularımızı həyata keçirməklə dostlara və bədxahlara sübut edir ki, 102 il əvvəlki işğal faktı xalqımızın iradəsini sındıra və onu müstəqillik seçimindən çəkindirə bilməyib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il  “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və yüz illik yubiley tədbirləri ölkəmizdə təntənəli şəkildə keçirildi. Prezident İlham Əliyevin imzaladığı “Müstəqillik Günü haqqında” 2021-ci il 15 oktyabr tarixli Qanunla tarixi ədalət də bərpa edildi və məhz mayın 28-i Müstəqillik Günü elan olundu. Həmin Qanunun preambluasında bu cümlələr yer alır: “Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır”.

Tarixi keçmişimizə hörmət və ehtiramı əks etdirən bu fikirlər həm də onun göstəricisidir ki, dövlətçilik ənənələrimiz ölkəmizdə artıq dövlət səviyyəsində  qorunur. Bu nümunə gələcək nəsillər üçün də örnək olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə sübut etdi ki, Azərbaycan indi daha güclüdür. Ətrafımızda hələ də mövcud olan ənənəvi təhlükə ocaqlarına, təhdid və təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azətbaycan öz dövlət müstəqilliyini və milli-mənəvi dəyərlərimizi bütün bu təhlükələrdən qorumaq gücündədir. Çünki dövlət idarəçiliyi qətiyyətli əllərdədir.

Ülvi Quliyev                                                                                      

Milli Məclisin deputatı