adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2024 12:04
920
İQTİSADİYYAT

Bu vəzifəli şəxslərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək.

Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklikdə öz əksini tapıb.

Layihədə qeyd edilir ki, qeyd olunan xərclərin və kompensasiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir.

Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcəkdir. Pul kompensasiyasının ödənilmə qaydası və məbləği də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir.

Analoji mexanizm dövlət qulluğunun digər xüsusi növlərində xidmət keçməni tənzimləyən qanunvericilik aktlarında təsbit olunmuşdur və praktikada tətbiq olunur.