Mən kənddə doğulmuşam. Yaşım da az deyil. Demək olar ki, bu dünyanın hər bir üzünü, hər sifətini görmüşəm. Sərt qışını da, şaxtasını da, boranını da, qocaman ağacları kökündən qoparıb aparan selini də, daşqınını da,…ucundan tutub göyə çıxmaq mümkün olan yağışını da,…hətta ayağının ucunu görməyə imkan verməyən dumanını da...
Mən müharibəni də görmüşəm. O müharibənin başlanğıcı olan qaçqınlığı da yaşamışam. “Daş atmaqla başlayan müharibənin ağır silahlarla, döyüş texnikaları ilə davam etməsinin də şahidi, iştirakçısı olmuşam. Bütün bunları ona görə yazıram ki, mən ölümün nə olduğunu, kim olduğunu bəlkə də hamıdan yaxşı və hamıdan çox bilirəm. Çünki səngərdə müsahibə götürdüyüm igidin elə gözümün önündəcə mərmi qurbanına çevrildiyini görüb yaşamışam. Ona görə də anti-terror əməliyyatından sonra düşünürdüm ki, ölüm məni heç vaxt ağlatmaz, ölüm məni heç vaxt bükük yumağa döndərməz. Çünki özümü ölümə alışmış, ölümün daşlaşdırdığı ürək sahibi hesab etmişdim. Amma həyatımda sən demə ən böyük yanlışı düşünmüşəm. Çünki 2024-cü ilin 24 aprelində anamı itirəndə elə ağladım ki, hələ də o ağrıyan ürəyimin sızıltısını canımda, ruhumda hiss edirəm. Və mənə doğmalar dedilər ki, bu hönkürtü hamımızı ağlatdı. Eşitməmişdik belə hönkürtü. Düşündüm ki, yəqin son ağlamağımdı, ona görə də bütün gücümlə içimdəki göz yaşlarımı axıtmaq istəmişəm. Təəssüf... yenə yanıldım... Çünki 2025-ci ilin may ayının 15-də günün bitən anında elə ağladım ki...
Bəli, mən kənddə doğulmuşam. Budanan ağacın kəsilən yerlərindən göz yaşlarının necə damcılandığını görmüşəm. O kəsilən yerlərə torpaq basıb sarımışıq və bu da bizdən ağaca bir təsəlli olub. Sakitləşdirmişik ağacı. Anlatmaq istəmişik ki, “Ay ağac, biz sənə qayğı göstəririk, cavanlaşdırırıq, ömrünü uzadırıq...”
Hə, beləcə özümüzün uydurduğumuz təsəlli ilə sakitləşdirmişik ağacı. Amma ağacın bizimlə həmfikir olduğuna razılaşdığına heç əhəmiyyət də verməmişik. Çünki qərarı biz vermişdik, hicranı da biz etdik, budanan isə ağac oldu...
İndi oturub fikirləşirəm. Və yadıma sala bilmirəm ki, kimsə onun barəsində mənə və yaxud hansısa bir yaxınımıza, doğmamıza giley etmiş olsun, narazılıq bildirsin. Heç cür xatırlamıram. Çünki o, doğulduğu kimi yaşayırdı, öz xarakteri ilə, öz kobudluğu və səmimiyyəti ilə. Heç vaxt ütülü danışmırdı. Sözü seçmirdi. Kimə nə deyirdisə, dilindəkini yox, ürəyindəkini deyirdi, hamıya da əl uzadırdı. Heç bir vəzifəsi yox idi, adicə fəhlə idi, yəni sürücü. Yolda gördüyünü maşınına mindirirdi, qapısına gələni xoş üzlə qarşılayırdı. Hardasa bir xəbər eşidəndə özünü çatdırırdı. Çörəyi də tək yeməzdi, mütləq ya ailədən kimsə oturmalı idi, ya yoldan keçən kimsəni çağırmalı idi ki, gəl, bir stəkan çay içək. Uca səslə danışardı. Məni o qədər danlayardı ki, elə bir atamdı. Əslində, sonbeşiyimiz idi.
Lakin iradlarında həmişə haqlı idi. Çünki xətrə dəyməkdən qorxmurdu. Dəqiq bildiyini, əmin olduğunu adamın üzünə deyirdi, gözlərinin içinə baxa-baxa, zarafatı da belə idi, incik danışmağı da. Bilmirəm, Allah onu hansı saatda, hansı imtiyazla yaratmışdı. Bircə onu bilirəm ki, o, ailəmizdə hamıdan fərqli idi, elə kəndimizdə də. Ona görə də telefonda gecə saat 22:20-də məni rayona çağıranda ağlıma onunla bağlı heç nə gəlmədi. Yalnız yolun yarısında düşündüm ki, əgər ailədə kimsə narahatdırsa, niyə özü mənə zəng vurmayıb. Bax, onda yaxınlarımın birinə özüm zəng etdim. O da bilmədən dilindən qaçırtdı. Və onda bildim ki, yoxdu Sabir, köçübdü.
Baş açmadım mən sonuncu olaydan,
Bu dünyaya gəlib getdi qardaşım...
Geri dönüb ömrümdəki dolaydan,
Bu dünyaya gülüb getdi qardaşım.
Tanıyan tək doqquzundan onunu,
Sökük gördü əynindəki donunu.
Elə bil ki, hiss elədi sonunu -
Bu dünyanı - bilib getdi qardaşım.
Böyütmədən kin-küdurəti ürəkdə,
Yaşadırmış bu qüdrəti ürəkdə!
Gülümsəyib o nifrəti ürəkdə -
Aparmadı, silib getdi qardaşım!
O, Allahın saf zərrəsi bir idi,
Mənim üçün sığındığım yer idi!
Varlığımda mələklər tək diridi,
Deməyin ki, ölüb getdi qardaşım,
Mənlə ömrü bölüb getdi qardaşım.
İnsan yaşadığı dönəmdə həqiqətən çox şeylərə, çox məqamlara, bəzən diqqət yetirmir, laqeydlik göstərir, bəzən də əhəmiyyətsiz sayır. Amma sən demə hər anın, hər görülən işin və diqqətdən yayınan nəsnələrin həyatımızda izi var.
Və biz o həyatımızda olan hər şeyi nə qədər görməməzliyə vursaq da, onlar da öz işlərini görməkdədi. Yəni bizə də öz təsirlərini öz gücləri daxilində göstərməkdədirlər. Bu mənada biz kimisə itirəndə düşünürük ki, insan öz sağlamlığı ilə maraqlanmalıdı, maneələrdən keçməlidi... onu etməlidi, bunu etməlidi. Öncə can sağlığını düşünməlidi və s. və i. Amma biz bunu məhz əzizimizi, yaxınımızı itirəndə düşünürük və o düşündüyümüz də həmin ağrı ilə birlikdə yenə elə yaddaşımızda qalır növbəti ağrıya qədər. Çünki bir Türk olaraq bizim üçün can sağlığından daha çox görəcəyimiz işlər önəmlidir. Üzərimizə düşən vəzifə, ailə qayğıları və digər məsələlər ömrümüzü elə mənimsəyir ki, yatağa düşəndə son nəfəsdə bilirik sağlığın, sağlamlığın nə olduğunu.
Bax, bu mənada ömrün ən gözəl çağında itirdiyim qardaşımın bir dəfə də olsun sağlıq durumunun ciddi bir narahatçılığını eşitmədim. Adi həyatını yaşadı, qaçqınlığı, sonra da sürücü kimi çalışıb ailəsini dolandırdı. İndi onun qəfil ölüm səbəbini hərə bir tərəfə yozur.
Daha çox da damar tutulmasına bağlayırlar. Bilmirəm, bu nə qədər həqiqətdir, sadəcə bildiyim odur ki, itirdiyimiz hər bir adam yaşından, cəmiyyətdəki yerindən asılı olmayaraq bizdən nəyisə özü ilə alıb aparır. Bu mənada mən ailəmdə ən çox sevdiyim, ən çox güvəndiyim qardaşımı itirməklə ata-anamdan sonra birmənalı olaraq yetimliyi qəbul etdim. Başa düşdüm ki, ata ocağında oturan qardaşım daha yolumu gözləməyəcək, mənə zəng vurmayacaq və mən də bu ocağa üz tutanda məni qarşılamayacaq.
Bu hisslər, inanın ki, içimdə ürəyin budanması gedir - özü də küt bir balta ilə, dəhrə ilə, xəncərlə budanır ürəyim.
Budanmış ağac kimiyəm,
Ümid quşu hara qonsun?!
Həm ölü, həm də diriyəm -
Az qalır ki, qanım donsun.
Gözümü göydən çəkmirəm,
Yer məni yaman üşüdür.
O mələk olub, bilirəm -
Hər nə deyirəm, eşidir.
Odur ki, susmur xəyalım,
Danışır açıq, həm içdə...
Yer tapmıram ki, dayanım -
Yoxdu məndə bu səriştə...
Sirri nədədir görəsən,
Ərimir, olubdu bu qar, daş...
Əlini mənə verəsən -
Bərk tutub dikələm, qardaş!
Düşünməyin ki, mən dərdimi, ağrımı sizə yükləyirəm. Elə bilməyin ki, mənim üçün siz hardasa yalnız kədərimi, ağrımı paylaşmaq üçün bir ünvansınız.
Xeyr, mən nə havalanmışam, nə dəli olmuşam, nə də bilərəkdən, bilməzdən sizə ağrı yükləmirəm. Əslində mən özüm-özümlə danışıram, divarla danışıram, göylə, yerlə, Allaha ağır gedəcəyini bilsəm də, hətta asi oluram. Amma bu mənim içimdəki ağrının göynərtisində və bir də gözlənilməz gəlişində baş verir.
Çünki heç vaxt onunla bağlı kədərli, qəmli heç nə ağlımın ucundan da keçməyib. İllah da ki, ölüm. Kimsə bu sözü mənə hansısa bir qohumum, doğmam barəsində desəydi inanardım. Mümkündü deyərdim.
Amma Sabirin barəsində bu, mümkünsüz idi. İndi mən bu yazını yazanda da onun səsini eşidirəm. Onunla göz-gözə dayanmışam. Onun sifəti, təbəssümü, yorğunluğu və bir az da küskünlüyü mənim üçün qardaşımın həyatdakı varlığı deməkdir. Çünki o, belə idi, hər an, hər gün belə idi. Elə belə də görürəm. Və belə gördüyüm qardaşımın son addımını elə onun belə olması ilə bağlayıram.
Çünki atam, anam sonbeşik qardaşıma daha çox meyil salmışdılar. Onunla bir yerdə yaşayırdılar. Və onların hər ikisi də məhz Sabirin yanında, gözünün önündə bu dünyaya əlvida demişdi və Sabir də atamın ölümündən 5 il, anamın ölümündən 1 il 21 gün sonra çıxıb getdi onların yanına.
Elə bil məndən cəsarətli çıxdı, məndən cəld tərpəndi, hamımızı qabaqladı, istəmədi onlar orda tək qalsınlar. Axı, atam, anam da hər sözü, hər tapşırığı, hər arzunu ona deyirdilər. Darıxdı Sabir, çox darıxdı ata-ana üçün. Elə darıxdığına görə də bizə heç nə demədi. Bildi ki, razı olmayacağam.
İllah da onunla hər yerə, hər bir işin dalınca birgə gedən iki nəvəsi. Tuncay və Tunar indi də babalarını axtarırlar.
Orta məktəb şagirdi olan bu azyaşlılar yalnız "baba" deyirlər. Onların məsləhət yeri də, güvən yeri də, bir sözlə, hər şeyləri babaları idi. Baba isə...
Mən düşünürəm, baxıram, nə edəcəyimi, nə deyəcəyimi qərarlaşdıra bilmirəm. Ona görə də anama üz tuturam. Ona incik bir məktub yazıram, giley dolu. Göz yaşı hopmuş bir məktub.
Anam, yaman darıxırdın,
Küsürdün hətta atamdan...
Deyirdin uzaq düşərmi -
Oğul, uşaq da adamdan?..
Gileyin çatırdı mənə,
Yuxu ilə, ya xəyalla.
Özümə saysam da tənə -
Barışmışdım tay bu halla...
Cəld tərpəndi sonbeşiyin,
Keçdi hamımızdan önə.
Atdı burda ev-eşiyi,
Gəlib qonşu oldu sənə!..
İndi gedib gələn yerin,
Qulluğunda duranın var...
Silərək ayrılıq tərin,
Təzə binə quranın var.
Siz orda oğul sevdalı,
Mən burda qardaş dağlıyam...
O oldu ana-atalı -
Bilmirəm, kimə ağlayam!..
Bəli, mayın 15-nə kimi, yəni Sabiri atamın, anamın yaxınlığında torpağa tapşırana kimi yalnız atamı, anamı ağlayırdım. İndi onlar bir ailədi, övladı olan bir ailə. Mən də bilmirəm, kimi ağlayım? Ailəmimi, qardaşımımı, atamımı, anamımı? Bilmirəm, ana! Bilmirəm...