DƏRDLƏRİ PARALELLƏŞDİRƏN ŞAİR - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
831 | 2025-07-06 14:40

Söhbət Elşad Səfərlidən gedir.

 

Adətən mənə hədiyyə olunan kitabları əlüstü gözdən keçirirəm. Bu, bir növü o kitabın havasını özümə hopdurmaq marağıdır. Xüsusilə, imzasını tanıdığım, sözünə hörmət etdiyim, ruhuma doğma bildiyim qələm adamlarını hər yeni kitabla özümə daha da yaxınlaşdırıram. Bax bu mənada mənim üçün yeni kitab, yeni yazı onun sahibi, yəni müəllifi ilə üz-üzə oturub həmsöhbət olmaqdır, yeniliyi, təzə nübarı ikilikdə söhbət mövzusuna çevirməkdir.

Bəli, bu günlərdə Lənkərandan ünvanıma bir bağlama gəldi. Çoxdandı səsini, sözünü eşitmədiyim, qarşılaşmadığım köhnə həmkarlarımdan biri, yəni şair-publisist Elşad Səfərli adıma iki kitab göndərmişdi. Və mən də “Qanun” nəşriyyatının professor, filologiya elmləri doktoru Vaqif Yusiflinin ön sözü ilə oxucu dünyasına qədəm qoymuş kitablarını böyük sayqı ilə qarşıladım. Elə buradaca onu da əlavə edim ki, kitablar həm nəşriyyatın, həm də müəllifin adına layiq səviyyədə araya-ərsəyə gətirilib. Bu gün oxucularla həmin kitablardan birinin “Paralel dərd”in məndə yaratdığı təəssüratı atüstü bölüşmək istəyirəm. Kitab öncə fərqli bir bölgüdə sıralanması ilə diqqətimi çəkdi. Yəni müəllif kitabdakı nümunələri özünəməxsus başlıqlarla təqdim edib. Hər bir bölmənin adında bugünün ovqatını ifadə edən cizgilər var. Məsələn, “N” cəbhədə, “N” sayda kitab sahibi, “Uzun sürən sevda”, “Kəkotu kəklikotu” və digər adlar altında təqdim etdiyi şeirləri oxucunun uzun illərdən bəri alışdığı standart başlıqlardan bir növü “xilas” edib. Ona görə də kitabı oxuyanda həmin bölmələrin adının yaratdığı assosiasiyada adama müəyyən təsirlər göstərir. Mən bölmələrin adları barədə söylədiyim bu fikri ona görə ictimailəşdirirəm ki, sevgi şeirlərini və yaxud vətənpərvərlik mövzularını arayanlar bilsin ki, bu kitabda hər şey yeni nəfəsdədir, yeni ruhdadır. Və bu yenilik də müəllifin sınaqdan keçmiş istedadının işığında özünü bir daha təsdiqləyir.

Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin vurğuladığı kimi Elşad Səfərli üçün mövzu məhdudiyyəti yoxdur. Bu artıq o deməkdir ki, Elşad Səfərli  yazdığı hər bir şeirin mövzusunda həm də özünü ifadə etməklə bərabər mövzunun da onun həyatının, duyğularının bir parçası olduğunu biz oxuculara hiss etdirir. Fikrimi bir az da geniş açıqlasam, deməli, Elşad Səfərli mövzu qıtlığı çəkmədən birbaşa sözün qulluğunda dayanır, həm də sözü qulluq sahibi edir. Məsələn, onun “Bənövşə sevgim” şeirində olduğu kimi:

 

Qəzalıymış eşqin yolu, - bilsəydim

Qoymazdım o yolda qəza yaşana.

Aylıq maaş kimi, sənə sevgimi

Çatdıra bilmədim ayın başına.

 

Mənə bəs edəcək ətrin ki vardı,

Hansı namərd bunu qıymadı mənə?

Sənə çataçatda olanda əlim

Bağrıma basmağa qoymadı mənə.

 

Tikan kölgəsində bitmişdin sanki,

Üstünə görmədim gün düşə, sevgim.

Macalın olmadı heç qızınmağa,

Nədən vaxtsız soldun, bənövşə sevgim?!

 

Yəqin ki, bu şeirin ovqatı artıq hər bir oxucuda nostalji duyğuların mürgüsünü qaçırtdı, xatirələrini oyatdı. Bu isə artıq mənə görə sözün qulluq sahibi olması deməkdir. Birmənalı şəkildə sözün gücünün ortada olmasıdır. Ümumiyyətlə, hər bir söz adamı qələmə sarılanda, fikir bölüşəndə və yaxud öz nümunəsini paylaşanda öncədən necə qarşılanacağını, hansı suallardan və yaxud diqqətlərdən keçəcəyini fəhm etməlidir. Əgər bunu edə bilirsə, onda sözün çəkisini də, məsuliyyətini də yaşamış olur. Məhz bu mənada Elşad Səfərli sözə nəfəs verəndə oxucunun da həmin sözlə nəfəs aldığını yaxşı bilir. Elə bildiyinə görə də sözü bəziləri kimi çəkib uzatmır, əksinə, qısa və lakonik şəkildə həm zamanı, həm də oxucunun durumunu nəzərə almaqla sərgiləyir. Kitabdakı şeirlərin demək olar ki, bir xüsusi seçilən cizgisi də məhz oxucunu yormamaqdır, qaçırmamaqdır. Əksinə, onu maraqla oxumağa həvəsləndirməkdir. Demək istəyirəm ki, Elşad Səfərli bizə təqdim etdiyi poeziya çələngi ilə ruhumuzu oxşamaqla bərabər, bizi düşünməyə də təlqin edir. Sadə bir nümunəyə diqqət yetirək:

 

Ürək sındı –

Qurtardı,

Qurub-quraşdırmaq olmur.

Xatirə - tör-töküntüdür,

Yığıb-yığışdırmaq olmur.

 

Yenidən bəxt kartların

Qarışdırmaq da olmur.

Kim haqlı,

Kim günahkar –

Araşdırmaq da olmur.

 

Yaşamaq da tək olmur...

Təzədən sevmək olmur! –

Axı sınan ürəklə

Ürək bölüşmək olmur –

Olmur!

Olmur!!

Olmur!!!

 

Məncə, bu kiçik həcmli şeirin əhatə etdiyi dairəni və oxucuda yaratdığı təəssüratı şərh etməyə ehtiyac yoxdur. Çünki müəllif olmayanları sadəcə özünəməxsus bir şəkildə işartılarla, cizgilərlə yaddaşımızda təzələyir. Və bizə də xatırladıb ki, ötənləri, özümüzün sındırdıqlarımızı və nələri-nələri təkrar yaşamaq, üstəlik həm də tək yaşamaq olmur.

Sizinlə barəsində fikirlərimi bölüşdüyüm bu kitabdakı bütün bölmələrdə birmənalı olaraq təzə sözə, tər fikrə rast gəlmək fürsəti və imkanları var. Bu da mənə görə şairin əvvəldə də vurğuladığım ki, sözə olan böyük sayqısının, sevgisinin diqtəsidir. Elşad Səfərli ünvanlı şeirlərindən tutmuş poemalarına qədər, eləcə də coğrafiyamızın özəlliklərindən, vətənə sevgimizdən, insan duyğularından bəhs edən şeirlərinin hamısında təzə nəfəsə, təzə baxışa, təzə yanaşmaya həm can atır, həm də müəyyən mənada buna müvəffəq ola bilib. Ona görə də kitabdakı şeirlər mənə təzə bir həmsöhbət təsiri bağışladı. Zənnimcə, bu uğurlu yaradıcılıq nümunələri müəllifin “Kitab” şeirində də etiraf olunub:

 

Kitab mayak kimidir –

Ömür düşsə tufana,

Yoluna işıq saçıb

Çatdıracaq ünvana.

 

Ömür yelkənidir həm,

Səmtlənir uzaqlara.

O kitab aşiqlərin

Aparır arzulara.

 

Kompasa da bənzəyər,

Azsaq qoymaz da itək.

Bizə köməkçi olar

Ən mahir bələdçitək.

 

Bəli, Elşad Səfərlinin birmənalı şəkildə üz tutub istinad etdiyi kitab əslində həmişə ucada olan, sözün özünə bəslənən sevginin, olan inamın şeirləşmiş etirafıdır. Biz hamımız kitabın nə olduğunu, özündə nəyi ehtiva etdiyini az-çox bilirik. Amma onu şeir dili ilə özü də sadə bir şəkildə Elşad Səfərli öz oxucularına deyir. Bax bu məntiqlə mən də Elşad Səfərlinin yeni ktablarını sayqı ilə qarşılayır, onu mütaliə etməyin məmnunluğunu sizinlə bölüşürəm. Və qələm dostuma yaradıcılıq uğurları diləməklə yeni kitabların mübarək olsun deyirəm.

 

P.S. Dəyərli oxucular! Elşad Səfərlinin ikinci kitabı, yəni uşaqlar üçün yazdığı “Kiçiyin böyük sözü” barəsində fikirlərimi də bir gün sizinlə bölüşəcəm.

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV