adalet.az header logo
  • Bakı -°C

XATİRƏLƏRİMİN DİRİLDİYİ SƏFƏR - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
257 | 2025-11-13 09:00
A- A+

ƏVVƏLİ BURADA

Bəli, illərlə LAZIMı gözlədik, illərlə içimizdə “Allah qoysa” dedik, “İnşallah” dedik. Allaha sığınıb dualarımızı etdik ki, yurdumuza, ocağımıza, torpaqlarımıza qayıdaq. Və günlərin birində Allah səsimizi eşitdi, dualarımızı qəbul etdi. Ali Baş Komandanımız əmr verdi, dəmir yumruğunu qaldırıb “İrəli!” – dedi. İgidlərimiz bayrağımızı işğaldan azad etdikləri yurd yerlərimizə sancdı. Torpağımız bütövləşdi. Qanla suvarılan torpaq sahibinə qayıtdı. Bu artıq nə yuxudur, nə xəyal, nə də nağıl. Bu, günümüzün Qarabağ dastanıdır. Mən də o dastanı elə Qarabağın Xan kəndində gecə saatlarında öz-özümə xatırlayır və pıçıldayıram. Artıq dan yeri ağarır. Düzünü deyim ki, mən bu gecə Xankəndində kiminsə yuxuya getdiyini təsəvvür etmədim. İnanmadım ki, kimsə belə gecəni gözdən qaçırıb yata bilər. Çünki şəhərdə normal bir həyat qaynayırdı. Adamlar gəzir, danışır, gülür, gecə aptekləri, marketləri də öz müştərilərinə xidmət göstərirdi. Təbii ki, şəhər polisi də iş başında idi.

Mən təkbaşına gəzirdim şəhəri. Gedib ermənilərin bu şəhərə yamaq etdikləri kilsənin də qarşısında dayandım. Dua etmək üçün yox, Allahdan bu torpağın düşmənlərinə cəza istəmək üçün. Və sökülən dan yeri ilə elə o istəyin işığında həmsöhbət oldum:

Xankəndinin dan üzü

Mənə elə gəlir ki,

burda səhər -

tamam fərqli açılır...

Yarıyuxulu şəhər

gözəlliyinin

özəlliyini

Göz də gözdən qaçırır -

Xankəndində!

Mənə elə gəlir ki,

Şuşanın

ovuc-ovuc səpdiyi

ulduzlar -

Səmasına çəkdiyi,

ürəyində əkdiyi

Hər səhər azanında

çinar tək dikəltdiyi

oğullardı, nur saçır-

Xankəndində!

Mənə elə gəlir ki,

bu geniş, həm kəsişən

küçələr

Büründüyü yaşıllığın -

gül-çiçək qoxusunu

içindən

Gecələrin

bal kimi yuxusunu

Açılan səhərin nağılına daşıyır!

Adamlar da,

elə şəhər də -

NAĞIL ÖMRÜ YAŞAYIR -

Xankəndində!

30.10.2025

Şəhəri gəzib dolaşdıqca məni sanki əllərində qürur yerimiz olan üçrəngli bayraq tutmuş Azərbaycan əsgəri müşayiət edir.  Açığını deyim ki, qəlbimə hopmuş bu hiss məni tez-tez inzibati binaların üstündə, eləcə də yaşayış binalarının balkonlarında dalğalanan bayrağımıza baxmağa məcbur edir. Bu bir könüllü məcburiyyətdir, içimin, ürəyimin istəyidir. Mən də o istəyə canla-başla tabe oluram.

Xankəndinin bayraq meydanında dayanmaq, o bayrağın altında son 35 ili bir anın içində yaşamaq mənim yuxuma da gəlməyən bir gerçəklikdir. Və mən o gerçəkliyin indi nə qədər əlçatan olduğunu bütün varlığımla duyuram, hiss edirəm, yaşayıram. Sizə bəlkə də qəribə gələcək. Ya da düşünəcəksiniz ki, bütün bunlar bir söz adamının, bir şairin xəyalının diqtəsidir. Amma  yox, bunlar gerçəklikdir. Və bu gerçəklik üçün şəhid qanı axıdılıb, oğullar gözlərini də qırpmadan işğalçıların üzərinə yeriyiblər. Haqqımız olanı geri alıblar. Ona görə də Bayraq Meydanındakı bu qürurverici an heç nə ilə əvəz oluna bilməz. Və bu anı heç nə ilə də qiymətləndirmək mümkün deyil. Onun dəyəri, qiyməti qiymətsiz olmağında, yeri Tanrı dərgahında olan şəhidlərimizin ruhunun sönməyən işığındadır.

Mən Xankəndində dalğalanan bu bayrağın yenidən qayıtdığı bu şəhərdə təkcə simvol, təkcə atribut kimi yox, həm də dövlətimin, millətimin özü kimi görürəm. Və baş əyərək bu bayraq yerinə qayıdanda yazdığım ürəyimdə göyərmiş misraları xatırlayıram:

Xankəndinə Sancılan BAYRAĞIMA SƏCDƏLƏRLƏ

Bu payız ömrümün Baharı oldu,

Gözü aydın olsun torpağın, daşın!..

QƏLƏBƏ!- əbədi vüqarı oldu -

Sildi Qarabağım, gözünün yaşın!..

Səksəndi bu yurdun kövrək ürəyi,

Açdıq müjdə ilə nurlu sabahı!

Çıxardıb əynindən işğal köynəyin -

Xanın kəndi oldu İLHAM şəhəri!

Axır ki, duruldu yurdun səması -

Dualar selləndi şəhid adına!

Əsgər oğulların Vətən anası -

Təbəssüm sarıdı yaralarına!

Qürura bələndi Vətən büsbütün ,

Ürəyim fərəhdən dalğa yarırdı...

Bayraq da yerinə qayıtdığıyçün -

Sonsuz fəxarətlə dalğalanırdı!!!

15 oktyabr 2023

Səhər günəş oyananda biz şəhəri gəzə-gəzə Xocalıya tərəf gedirdik. Oranı ziyarət edib Ballıcadan keçib Ağdərəyə doğru gedəcəyik...

Xocalının 30 il izlədiyim görüntüləri və burada qətlə yetirilən doğmalarımın xatirələri hamı kimi məni də o qədər üzmüşdü ki, bura necə qayıdacağımı və qayıdıb gördüklərimə necə dözəcəyimi heç cür təsəvvür edə bilmirdim. Çünki həm işimlə bağlı, həm gündəlik informasiyaların təsiri, həm də Xocalıdan olan qan qohumlarımın demək olar ki, hər gün eşitdiyim, xatırladığım ağrı-acıları, nisgilləri, hətta xatirələri içimdə sözün böyük anlamında bir Xocalı xarabalığı yaratmışdı. Elə bir xarabalıq ki, mən orda ancaq fəryad səsi, inilti, sızıltı və bir də düşmənin iblis gülüşlərini eşidirdim. Buna görə heç cür özümü orda təsəvvür edə bilmirdim. Düşünürdüm ki, ayağım o torpağa toxunanda həm həyəcandan, həm qəhərdən, həm hikkədən, həm də sevincdən ürəyim dayanacaq. Görünür, insan bəzən ağrılara o qədər alışır ki, ya müəyyən hissləri korlaşır, ya daşlaşır, ya da artıq dərk etməyə gücü qalmır. Amma burda bir nüansı da qeyd edim. Bu nüans da ondan ibarətdir ki, mən Xocalıya gələnə qədər artıq bir neçə dəfə bərpa olunan Füzulini, Hadrutu, Şuşanı, bu gün isə Xankəndini gördüm. Bu yenidən həyata qayıdan yurd yerlərimizdəki yaşam ovqatı içimə bir həyat havası hopdurdu, qürur bağışladı, yaşamaq istəyimi ayağa qaldırdı.

Görünür, elə bu səbəbdəndir ki, Xankəndindən Xocalıya gedəndə yenidən çəkilən o möhtəşəm yol, aparılan tikinti-abadlıq gözlərimdəki qəhəri sevinc yaşlarına çevirdi. Ürəyimin ağrısı elə bil ki, uçub getdi. Və mən ancaq həyata qayıdan Xocalını acgözlüklə seyr etməyə başladım. Yolun kənarında maşını saxlayıb düşdüm və işğaldan öncə yüz dəfələrlə olduğum bu qəsəbənin dünənini xatırlamağa çalışdım. Doğmalarımın yaşadığı məhəlləni təxmin etməyə, evlərini gözümün önünə gətirməyə çalışdım. Düzünü  deyim ki, hər şey qarışmışdı mənimçün. Səmti təxmin etsəm də, tam arxayın deyildim dəqiqliyinə. Bu vaxt yolu keçən cavan  oğlanı söhbətə tutdum. İstədim dayımgilin, xalamgilin evlərinin yerini soruşum. Amma təəssüf... Bu cavan oğlan Xocalını həyata qaytaran tikinti işçilərindən idi, üzrxahlıq etdi. Mən isə ona “işin avand olsun”, - dedim.

Bu da Ballıca kəndi. Kəndin adı kimi, özü də adama şipşirin təsir bağışlayır. Demək olar ki, burda əməlli-başlı həyat var, adamlar işə tələsir. Yol kənarındakı evlərin abadlığı, həyətlərdəki meyvə ağaclarının barı, hətta çəpərlərdən görünən bostanlar belə, adama elə təsir bağışlayır ki, sanki burda düşmən izi olmayıb. Məncə, bu təəssüratı yaradan yurdun əsl sahibləridir. Çünki ocaq sahibləri öz ocaqlarını əvvəlki kimi yandırıblar. Saxladıqları mal-qara, toyuq-cücə elə arxayınlıqla örüşə aparılır ki, elə rahatlıqla onlara dən səpilir ki, adamın ürəyi dağa dönür. Burda da maşını saxlayırıq. Kəndin içərisinə daxil olanda yolun kənarında dayanmış adamlara “gününüz uğurlu olsun”, - deyirəm. Onlar da eyni səmimiyyətlə “xoş gəldiniz”,- söyləyirlər. Hətta bura ilk dəfə gəldiyimizi biləndə evlərinə də dəvət edirlər. Mən də bu torpağın halal sahiblərinə təşəkkür edib öncədən məlumat almaq üçün Ağdərəyə gedən yolun vəziyyətini soruşuram. Orta yaşlı bir kişi arxayın-arxayın deyir:

- Əmioğlu, heç narahat olma. Ağdərənin özünə qədər çox rahat bir yoldur. Mənzərəsi mənzərə, rahatlığı da rahatlıq. Qorxma, maşını sür, ruhun da inciməyəcək.

Həqiqətən də Ballıcadan çıxıb meşənin içindən keçən və dünyanın bütün rənglərini özünə hopduran bu mənzərəni seyr edə-edə üzü Ağdərəyə gedirik. Hətta arada maşını saxlayıb əlimlə yarpaqlara toxunuram. Bu bir sadəlövhlük deyil. Bu, rəng çalarlarının məni məndən almasıdır. Çünki rənglər o qədər təbii, o qədər çoxçalarlı və mənalıdır ki, bəzən gördüyümə inanmıram. Ona görə yarpağı əlimlə silirəm ki, bəlkə burda sünilik var. Amma yox, üstünün tozunu sildiyim də, gözümə sürtdüyüm də Vətən torpağında könlümü sevindirən gözəllikdir, möcüzəli gözəllik. Onu görməyən, onu seyr etməyən ola bilsin ki, məni hisslərə qapılmaqda, pafoslu sözləri yazıma əlavə etməkdə qınasın. Amma nə olur-olsiun, kim nə deyir-desin, Qarabağın bu gözəlliyini ancaq və ancaq vəsf etmək, yaşamaq lazımdır. Onda mənim gördüklərim sizin də könlünüzü oxşayacaq.

Yol boyu Ağdərənin hələ Birinci Qarabağ müharibəsi dövründən gəzib gördüyüm kəndlərinin adları yazılmış  yol nişanlarına baxıram. Sırxavəndi, Güneytəpəni... Və burda bir məqam xüsusilə diqqətimi çəkir. Yurda qayıdan kənd sakinləri yol boyu hələ Birinci Qarabağ müharibəsində şəhid olmuş, ermənilərin bu ərazilərdə qətlə yetirdikləri soydaşlarmızın şəkillərindən ibarət xüsusi tablolar düzəldiblər. Orada şəhidlərin ad və soyadları göstərilməklə yol adamıyla həmsöhbət olan şəkillər stendi yaradıblar. Şəhidlərin şəkilləri bu yurdu tərk etməyən ruhlarının işığında mənimlə Birinci Qarabağ savaşından danışırlar.

Bu yolun müəyyən bir nöqtəsində fəaliyyət göstərən sənaye müəssisəsinin mənzərəsi mənə xüsusi təsir etdi. Həmin müəssisə qapalı olduğundan mühafizəçilər yaxınlaşmağa icazə vermədilər. Qanun qanundur, ona əməl etmək hamı kimi mənim də borcumdur. Mən burda yalnız bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, Ağdərəyə səfərim zamanı aparılan abadlıq işləri, yaradılan iş yerləri birmənalı olaraq məndə xoş təəssürat, xoş ümidlər yaratdı. Hətta qaz xəttini təmir edən fəhlələrlə söhbətdə hiss etdim ki, bura işləməyə gələnlər həm doğma torpağa qayıdışdan qürürludurlar, həm də burda işlədikləri üçün daha ümidlidirlər. Özlərinin də dedikləri kimi, onlar söndürülmüş ocaqları yenidən yandırırlar.

Günortaya yaxın Ağdərəyə çatırıq. Rayon mərkəzində əməlli-başlı əmək yarışmasıdır. Demək olar ki, bütün küçələrdə iş gedir, dağıntıların qalıqları təmizlənir, evlərdə bərpa işləri aparılır, səkilər səliqəyə salınır, qaz, su xətləri təmir olunurdu. Demək olar ki, burda çalışanların böyük əksəriyyəti cavanlar idi. Çoxlu texniki vasitələr də onların ixtiyarında olmaqla Ağdərədə yeni dövrün təməli qoyulurdu. Biz Ağdərənin içərisində magistrala yaxın olan otelin həyətinə dönürük. Özünün də dediyinə görə, əslən Ağdamdan olan cavan bir xanım ailə üzvləri ilə bu otelin yeməkxanasını işlədir. Bizə bu torpağın məhsullarından süfrə açır. Çox dilli-dilavər olan bu xanım mətbuat işçisi olduğumu biləndə  verdiyim suallara ürəklə cavab verirdi. O dedi ki, bu oteli təmir edəndən sonra ailəmizlə köçüb gəldik. Həyətdəki evdə məskunlaşmışıq. Necə deyərlər, həm evimiz var, həm işimiz. Qonaqlar da get-gedə artır. Şükür, bu günlərə.

Həqiqətən çox şükür bu günə. Elə Allahıma şükür edə-edə otelin həyətindəki bağı gəzirəm. Xurma ağaclarının budaqları yerə dəyir. Hətta bəzilərinin budaqları meyvənin bolluğundan ağırlığa tab gətirməyib qırılıb. Bəzilərinə qırılmaması üçün dayaqlar verilib. Xanımın icazəsi ilə budaqdan bir xurma qırıram nəvələrim üçün. Bunu görən həmin xanım dərhal bir torba gətirir:

-Doldurun aparın nəvələrə. Qarabağ meyvəsidi.

Xanımın bu səxavəti, xüsusilə, “Qarabağ meyvəsidi” sözü məni mütəəssir edir. Axı otuz il mən o sözü eşitmədim. İndi isə həm o sözü eşidirəm, həm də meyvəni dərirəm.

Sağollaşıb üzü Tərtərə yola düşürük. Rayonun çıxışında polis nəzarət postu var. Maşını saxlayırıq, polis nəfəri yaxınlaşır, sənədlərə baxır, maşının baqajına nəzər yetirir və sonra “yaxşı yol”, - deyir. Bu an ağlıma gələn fikirlə yazımı bitirmək istəyirəm. Bu fikir “yaxşı yol”la bağlıdır. Kaş bütün yollar yaxşı, yolçular da o yollardan məmnun olsunlar. Kaş bizim yaxşı yollarımız Vətən sevdalı, bizim sevdalarımız da Vətənli olmaqla bizi bir-birimizlə yaxşı yollarda, yaxşı günlərdə görüşdürsün. Ona görə də bizi “yaxşı yol”la uğurlayan polisə də “salamat qal” – deyib ayrılıram. Bu ayrılmaq indi məni üzmür, çünki biz bayrağımızı səcdəyə bundan sonra istədiyimiz vaxt gəlməyi haqq etmişik.

TƏQVİM / ARXİV