"Büdcə vəsaitlərinin qənaətli istifadəsinə nəzarət artırılacaq" - Baş nazir
"Büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində görülən tədbirlər nəticəsində “Açıq Büdcə İndeksi-2023” hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmış (125 ölkə arasında 23-cü yerdədir) və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olub. Yeni büdcə mexanizminin tətbiqi ilə bağlı mövcud qanunvericilik sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqinə, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlara 2025-2028-ci illər ərzində əlavə sosial-humanitar bölmələrin də cəlb edilməsi nəzərdə tutulur:
"Publik hüquqi şəxslərin sahəvi sayının, strukturunun optimallaşdırılması və əməkhaqqı sisteminin vahid yanaşma əsasında təkmilləşdirilməsi nəzərdə tutulur. Bir sözlə, büdcə vəsaitlərinin qənaətli və təyinatı üzrə istifadəsinə nəzarət və effektivlik artırılacaqdır. Makro-fiskal proqnozlarda risklərin baza, optimist və pessimist ssenarilərdə qiymətləndirilməsi aparılır və qarşısının alınması üçün tədbirlər nəzərdə tutulur. Büdcə qaydası makroiqtisadi dayanıqlığı, büdcə intizamını, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin edir və onun illik əməliyyat hədəflərinə İqtisadi Şurada büdcə müzakirəsi zamanı baxılır. Növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri “balanslaşdırılmış büdcə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin” təmin edilməsi olacaq".