25 Oktyabr 2024 09:00
4268
LAYİHƏ

BURA YOLU DÜŞƏN BİR DƏ GƏLMƏK İSTƏYİR

Azərbaycanda bir-birindən gözəl rayonlar, qəsəbələr, kəndlər və yaşayış sahələri çoxdur. Onlar heç də asanlıqla belə bir görkəm almayıblar. Sovet dönəmində əksər rayonlarımızda  yol infrastrukturu və eləcə də digər sahələr  bir o qədər də ürəkaçan deyildi. Daha doğrusu, dağ kəndlərinə, dağ rayonlarına  adamın  yolu düşəndə olmazın çətinliklərlə üzləşir, qarlı və yağışlı gündə o yolları keçib  mənzil başına  çatmaq olmurdu. Ən yaxşı  halda  həmin yolları  ya traktorla, ya da digər iri avtomobillərlə  keçmək olardı. Bu isə heç şübhəsiz, insanlarda bir çox çətinliklər yaradır və problemin həllini  ləngidirdi. 

Ölkəmiz müstəqillik dövrünə qədəm qoyduqdan sonra demək olar ki, bütün  rayonlarda böyük abadlıq, quruculuq, tikinti işlərinə başlanıldı. Xüsusən də Ulu Öndər Heydər Əliyevin  hakimiyyəti dövründə  demək olar ki, Azərbaycanın  bütün  ərazilərində, yəni rayonlarında, qəsəbələrində möhtəşəm tikinti  işlərinə  start verildi. Bu işləri  görmək  isə  elə də asan deyildi. Yəni ölkənin büdcəsində kifayət qədər vəsait olmalıydı ki, bütün rayonlarımızda tikinti işləri  həyata keçirilsin. Üstəlik  də heç kimə sirr deyildir ki, Azərbaycanın 20 faizindən çox ərazisi erməni  işğalçıları tərəfindən  zəbt edilmişdi. Belə bir  mürəkkəb siyasi və iqtisadi durumda Azərbaycan ayağa  qalxmalı və öz problemlərini  həll etməli idi. Ulu Öndər  iqtisadi sahədə çox böyük  beynəlxalq  səviyyəli  layihələrin  gerçəkləşdirilməsinə  nail oldu. Dünyanın böyük  şirkətləri və sahibkarları bu layihəyə qoşuldu.  Və demək olar ki, Azərbaycanda Heydər Əliyevin hakimiyyətinin qısa bir müddətində neft və qaz sahəsində milyardlarla dollar vəsait  büdcəyə daxil oldu. Elə bu vəsaitin  hesabına da  ölkənin həm müdafiə  sahəsi gücləndirildi, həm də respublikamızda çox böyük tikinti-quruculuq işlərinə şərait yaradıldı.

Yazımızın əvvəlində qeyd etdik ki, Azərbaycanda bir-birindən gözəl  rayonlar, qəsəbələr, kəndlər çoxdur. Bax, həmin rayonlar da, qəsəbələr də Ulu

Öndər Heydər  Əliyevin  hakimiyyəti dövründə yenidən tikilməyə, qurulmağa və inşa olunmağa başladı. Belə rayonlardan biri də Xaçmazdır. Təbii ki, Xaçmazın  həm təbiəti gözəldir, həm də iqtisadiyyatı zəngindir. Amma bütün bunları araya-ərsəyə gətirən bir güc, bir qüvvə lazım idi. O güc,  o qüvvə də Ulu Öndər  Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində mümkün oldu. 

Sovet dönəmindən  sonra bir  çox rayonlarda olduğu kimi, Xaçmazda da istehsalat sahələri sıradan çıxmış, təsərrüfatın  müxtəlif  formaları məhv olmuşdu. Üstəlik də rayonun sosial-iqtisadi inkişafı, yol, qaz, işıq, su problemləri də həddindən artıq idi. Ona görə də Ulu Öndər şimal bölgəsinin ən iri rayonlarından olan Xaçmaza böyük diqqət yetirdi və  onun inkişafı üçün dövlət tərəfindən milyonlarla vəsait ayrıldı. Bərbad gündə olan rayonun yolları, küçələri, məhlələri yenidən  müasir üslubda  tikildi və bir-birindən yaraşıqlı, qəşəng parklar, xiyabanlar salındı. Bu parklarda sayı-hesabı bilinməyən  ağaclar, güllər, çiçəklər və müxtəlif  yaşıllıqlar əkildi. Əlbəttə,  bu işləri birdən-birə gerçəkləşdirmək mümkün deyildi. Amma Xaçmazda  həyata keçirilən abadlıq və quruculuq işləri nəticəsində hər il çox böyük  yeniliklərə imza atılırdı. 

Ulu Öndər Heydər Əliyevdən sonra  prezident  İlham Əliyev də Xaçmazın  sosial-iqtisadi inkişafına külli miqdarda vəsait ayırdı. Aydındır ki, bu vəsaitlər də təyinatı üzrə xərclənməli və rayonda abadlıq, tikinti işləri daha geniş vüsət almalı idi. Heç  şübhəsiz, ölkə rəhbərliyinin Xaçmaza olan bu cür qayğısı və diqqəti yerli sakinlərin böyük sevincinə səbəb oldu və bu istiqamətdə demək olar ki, bənzərsiz inşaat işləri görüldü.

Son 20 ildə demək olar ki, Xaçmaz şəhəri  tamamilə dəyişib. Yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, sosial obyektlər və insanların  yaxşı yaşaması və işləməsi üçün bir-birindən gözəl tikililər inşa edilib. Heç şübhəsiz,  bu yeniliklərin və orijinal tikintilərin  inşa edilməsi şəhərin   görkəmini daha da gözəlləşdirib. Xaçmazdakı Heydər Əliyev Parkı, eləcə də şəhərin  girəcəyindəki unikal və orijinal park öz gözəlliyi ilə  rayona gələn hər bir insanın  diqqətini  cəlb edir. Hiss edirsən ki, bu parkın  salınmasında çox böyük memarlıq elementlərindən  istifadə edilib. Parkın hər yerində, hər addımında bir yenilik, bir müasirlik və bir  qeyri-adilik görmək olur. Xüsusən də rayona ilk dəfə gələn hər hansı insan bu gözəllikləri  seyr edəndə təəccübünü gizlədə bilmir. Ən azından ona görə ki, rayon yerində belə gözəl  parkların və xiyabanların olması  elə özü bir heyrət, təəccüb deməkdir. Amma insanlar təəccüblənsə də sevinclərini də gizlədə bilmirlər. 

Bir dəfə  həmin parkda maşınını yolun kənarında saxlayıb orda ailəsi ilə gözəllikləri seyr edən bir ağsaqqalı gördüm. Gördüm ki, hər şeyə elə maraqla baxır ki, sanki  ya Parisdə, ya da Londondadır. Marağımı gizlədə bilməyib həmin ağsaqqaldan soruşdum:

- Müəllim, çox böyük maraqla  parka tamaşa edirsiniz, birinci dəfədir görürsünüz bu parkı?

Ağsaqqal saçlarını əlləri ilə arxaya darayıb dedi:

- Əlbəttə ki birinci dəfədir görürəm. Rayon yerində belə park çox nadir hallarda olur. Özü də yayın istisində bu parkda gəzmək, istirahət etmək  adama lap ləzzət edir. Mən özüm  Lənkərandanam, adım və soyadım Famil Kərimovdur. Birinci dəfədir bu şəhərə gəlmişəm, burdan da Allah yol versə Qusara, Qubaya gedəcəm. İstəyirəm bir həftə istirahət edim. İki gün Nabranda qalacam, qalan o dörd günü isə dediyim yerlərdə dincələcəm. Vallah, mənə bu gözəlliklər  ləzzət elədi. Allah prezidentimizin canını sağ eləsin ki, tək Bakıda deyil, rayonlarda da belə gözəl parklar, xiyabanlar saldırıb.
Bəli, Xaçmaza bu gün kimin yolu düşürsə onlar bir də ora qayıtmaq istəyir. Tək gözəl istirahət məkanlarına, bulaqlarına, meşələrinə və digər unikal yerlərinə görə yox, həm də Xaçmaz şəhərindəki qeyri-adi parkdakı gözəlliyə baxmaq üçün. Hər halda bu gözəlliklər tək Xaçmazda deyil, bütün  rayonlarımızda var və bunu da Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev yaradıb. Ona görə də bu gözəllikləri kim seyr edirsə, kim görürsə həmişə dövlət rəhbərlərimizə dualar edirlər! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.