Buzlar əriyir - Ələmdar Məmmədov yazır

İlyas müəllim ilk kollegiya iclasında bir neçə ilkə imza atdı...
Məsələn: Sovet dönəmində vəzifədən çıxarılanın, partiya cəzası alanın kölgəsini qılınclamaq bir növ adət halını almışdı. İlk kollegiya iclasında bir nəfər əvvəlki Respublika prokuroru A.Zamanovun ünvanına xoşagəlməz söz deyərkən İlyas müəllim onun çıxışını kəsdi və dedi:
- Nöqsanları vaxtında və üzə demək lazımdır ki, cəmiyyətə xeyri dəysin. Sizin bu tənqidi çıxışınızın heç bir mənası yoxdur. Bir də xalqımızın dilində belə bir deyim var, “gedənin dalınca danışmaq namərdlikdir!”
Bunula da, bu iyrənc ənənəyə son qoyuldu.
Haşiyə: Təəssüf ki, sonradan bu ənənə bərpa olundu. Belə ki, 1990-cı ilin avqust ayında Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilmiş İsmət Qayıbovun təqdimatı ilə əlaqədar SSRİ Baş Prokurorunun 1-ci müavinin də iştirak etdiyi kollegiya iclasında əlində “şpalqalka” tutmuş bir dəstə yüksək rütbəli, yaşlı-başlı vəzifəli şəxslər əvvəlki prokuror İyas İsmayılovu pisləyib, yeni təyin edilmiş İsmət Qayıbovu tərifləmək üçün növbəyə durmuşdular. Bir neçə bayağı və insanda ikrah hissi doğuran qərəzli və yaltaq çıxışlardan sonra prokurorluq əməkdaşlarından Ağabala Quliyev və Xanlar Ələkbərov cəsarətli çıxışları ilə etirazlarını bildirdilər.
Əvvəlki çıxışçılardan fərqli olaraq təmiz Azərbaycan dilində danışan Ağabala Quliyev İlyas İsmayılovun xidmətlərini dilə gətirərək, gedənin dalınca danışmağın əxlaq qaydalarına zidd olduğunu deməklə, yarınanları kəskin tənqid edib, Baş Prokuror İsmət Qayıbova müraciətlə dedi:
- Hörmətli İsmət müəllim, Sizə şərəfli və məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzu edirəm. Bilin ki, nə vaxtsa işdən çıxanda bu insanlar eyni sözləri Sizin haqqınızda da deyəcəklər.
“Mülki şöbə”də prokuror işləyən, birinci Qarabağ savaşında “Topçu Ağabala” kimi ad çıxardacaq A.Quliev yaşda, vəzifədə və rütbədə özündən çox-çox böyüklərə əxlaq və mənəviyyat dərsi keçərək, hamının gözündə bir anda böyüdü.
İlk kollegiya iclasında İlyas müəllim çox mühüm bir məsələyə də nöqtə qoydu.
Məlumdur ki, hüquq-mühafizə orqanlarının özünəməxsus hesabat göstəriciləri vardır. Bunlardan biri də xitam olunmuş cinayət işləri idi. Yoxlayıcılar istənilən cinayət işində nöqsan tapır, xitam qərarı ləğv olunur, işin icraatı təzələnirdi. Bu, prokuror və müstəntiqlər üçün böyük nöqsan sayılırdı. Ona görə də müstəntiq və prokurorlar xitamdan qaçır, son nəticədə, sadə insanların hüquqları pozulurdu. İlyas müəllim çıxışında bu eybəcərliyi kəskin tənqid etdi və dedi: “Mən xitama görə yüksək tələbkarlıq göstərməyəcəyəm”.
Məhz onun bu çıxışından sonra Respublikada xitamların sayı artdı. Süni göstəricilərə son qoyuldu.
İlyas İsmayılovun yeniliklərindən biri də az əhəmiyyətli qanun pozuntularına görə cinayət işləri başlanmasına və ağır cəzalar verilməsinə qarşı ardıcıl mübarizəsi oldu.
İlyas müəllim kollegiya iclaslarının birində iki rayonun prokurorunu ciddi tənqid edərək, adi bir hadisəyə görə, insanları məsuliyyətə cəlb etmələrini də qınamışdı.
Hadisə belə olmuşdu: Rayon prokurorlarından biri ot tayasına od düşdüyü üçün kolxoz sədrinin barəsində cinayət işi başlayıb, həmin şəxsin məhkum olunmasına nail olmuşdu. İlyas müəllim bu cür yanaşma tərzinin yersiz olduğunu, bununla da, adi bir səhlənkarlığa görə təkcə kolxoz sədrinə deyil, həm də onun övladlarına zərbə vurulduğunu bildirmişdi. Çünki o dövrün kadr siyasəti ənənəsinə görə, valideyni, yaxın qohumu məhkum olmuş istənilən şəxsin karyerası bitir, onun rəhbər vəzifələrə təyin edilməsi, bəzən hətta kiçik dövlət işində çalışması mümkünsüz hala gəlirdi. Dəyəri, deyək ki, 30-40 manat olan bir ot tayası üçün təkcə kolxoz sədrinin deyil, həm də onun övladlarının gələcəyinin ləkələnməsi İlyas müəllimi ciddi narahat etmişdi.
Praktiki işdə belə bir qayda var idi ki, prokuror adətən yüksək cəza istəyir, məhkəmə “humanistlik” göstərərək qismən yüngül cəza təyin edirdi. Məhkəmələrin prokurorun tələbindən yüksək cəza verməsi təcrübəsi yox idi. Prokurorlar bir qayda olaraq cəzanın yüngüllüyündən protest verirdilər. İlyas müəllim bu təsəvvürləri də alt-üst etdi.
Məsələn: Qaradağ Rayon Məhkəməsinin hökmü ilə vətəndaş CM-nin 214-1 maddəsilə (qanunsuz tikinti materialları əldə etmə) üç il müddətinə azadlıqdan məhrum edilmişdi. İlyas müəllim cəzanın ağırlığından Azərbaycan SSR Ali Məhkəməsinə protest verdi. Ali Məhkəmənin rəyasət heyəti və daha sonra Plenumu “prinsipiallıq” göstərərək protesti təmin etmədi. Həmin dövrün qaydalarına uyğun olaraq İlyas müəllim SSRİ Baş Prokurorluğuna təqdimat göndərdi. SSRİ Baş Prokurorunun SSRİ Ali məhkəməsi¬nə verdiyi protest əsasında vətəndaşın cəzası şərti hesab edildi və həbsdən azad edildi. Qanunun aliliyinin pozulması nəticəsində həmin şəxs bir il məhbus həyatı yaşamalı olmuşdu.
Ümumiyyətlə, İlyas müəllim praktiki işdə də elmi yanaşmanın tərəfdarı idi. Xatirimdədir, bir cinayət işinin istintaqı ilə əlaqədar Masallı rayon prokuroru Əzizağa Həsənovu və məni qəbul etmişdi. İlyas müəllim söhbətə Əzizağaya yüngülvari iradla başladı:
- O qadına həm ağır cəza vermisiniz, həm də əməlini düzgün tövsif etməmisiniz. Əməlin düzgün tövsif edilməməsi və cəzanın ağırlığından protest vermişəm.
Biz hər ikimiz təəccüblə İlyas müəllimə baxdıq.
Həmin cinayət işinin qısa məzmunu:
Masallının kəndlərindən birində yaşayan Nənəxanım adlı qadın cindarlıq edərək, müxtəlif üsullarla camaatı aldadıb külli miqdarda pul əldə etmişdi. Qadın haqqında CM-nin 147-ci maddəsinin 3-cü hissəsi ilə (dələduzluq) cinayət işi başlanmış, ona həmin maddə ilə ittiham elan olunmaqla, iş məhkəməyə göndərilmişdi. İşin məh¬kə¬mə araşdırmasında dövlət ittihamını Əzizağa Həsənov özü müdafiə etmişdi. Məhkəmənin gedişi televiziyanın “İnsan və qa¬nun “verilişi ilə bütün respublikaya yayınlanmış, hətta tama¬şa¬çı¬la¬rın xahişi ilə təkrar göstərilmişdi. Məhkəmənin hökmü ilə Nə¬nə¬xanım 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bizim baxışlarımızdakı sual işarələrini görən İlyas müəllim mə¬sə¬ləyə bir az da aydınlıq gətirdi:
- Keyfiyyətli iş aparmısınız. Məhkəmədəki çıxışın da yaxşı idi. La¬kin qadının əməli CM-nin 147-ci maddəsi ilə deyil, 142-1 mad¬də¬si ilə (dini xurafatdan tamah məqsədi ilə istifadə etmə) tövsif edilməlidir. Xüsusi norma həmişə ümumi normanı üstələyir. Ona gö¬rə də protest vermişəm.
Bir neçə aydan sonra Ali Məhkəmə protestə baxaraq təmin etdi və qadın azadlığa çıxdı.
Nəzəri biliklərin təcrübədə düzgün tətbiqinə dair rayonların birində baş vermiş hadisəni nəql etmək istəyirəm:
Kişi üçtəkərli motoskletlə arvadı ilə qonşu kənddən evlərinə gəlir. Həyətdə motoskletdən düşərkən, arvadının tərpənmədiyini görür. Məlum olur ki, qadının kəlağayısının ucu kardana iliş¬di¬yi¬n¬dən o, boğulub ölüb.
Avto-texniki ekspertizanın rəyinə əsasən sürücü təqsirli bilinirdi, ona görə ki, motoskletdə sərnişin başına kaska qoymalı idi. Meyit da¬xili müayinə olunmadığına görə, işin istintaqını tamamlamaq mümkün olmamış, bu səbəbdən də CM-nin 208 m. 2-ci hissəsi ilə başlanmış cinayət işinin icraatı dayandırılmışdı. Müstəntiq həmin iş üzrə meyidin eksqumasiyası (meyidi qəbirdən çıxarma) barədə qərar qəbul etmişdi. Üç-dörd aydan bir milis işçiləri kəndə gəlib meyidi çıxartmaq istəsələr də, mərhumun ailə üzvləri və qo¬hum¬ları imkan vermirdilər. Həmin sürücü İlyas müəllimə şikayət edir. İşlə tanış olan İlyas müəllim “Sürücünün hərəkəti ilə baş vermiş hadisə arasında cinayətkarcasına səbəbli əlaqə olmaması” motivi ilə cinayət işinin icraatına xitam verilməsi barədə göstəriş verir.
Başqa bir misal:
Neft Daşlarının fəhləsi həm də doğma kəndində, sovxozda manqa başçısı işləyirdi. Ayın 15 gününü Neft Daşlarında, digər 15 gününü isə sovxozda çalışırdı. Neft Daşlarında olduğu zaman sov¬xozdakı işini əmisi oğlu görür və sənədləşdirməni birgə apa¬rır¬dılar. Hüquq-mühafizə orqanları həmin manqa başçısının fəa¬liy¬yətini yoxlayıb, guya 450 manat mənimsəmə tapmışdılar. Əmək hüquq münasibətlərinə aid olan hadisə ilə əlaqədar vətəndaş barəsində CM-nin 86-cı maddəsinin 2-ci hissəsi ilə (təkrar mənim¬sə¬mə) cinayət işi başlanmışdı. Məhkəmə cinayət işini əlavə istintaqa qaytarmışdı. Prokuror işi yenidən məhkəməyə verib hökm çıxartdırdı. İlyas müəllim o zaman Respublika prokurorunun müa¬vi¬ni idi. Bu işdən xəbər tutan kimi hökmdən Ali Məhkəməyə pro¬test verərək, işin əlavə istintaqa qaytarılmasına nail oldu. Nə¬ha¬yət, prokuror hesabat göstəriciləri pozulmasın deyə, həmin şəxsi 80 manat mənimsəmə ilə məhkəməyə verdi. İlyas müəllim Res¬pu¬blika prokuroru vəzifəsinə təyin olunanda ilk qərarlarından biri pro¬kuroru işdən çıxartmaq oldu. Baxmayaraq ki, prokurorun güclü arxası vardı, amma İlyas müəllimin sərtliyi öz sözünü demişdi.
O, əsil Azərbaycan kişisi idi...
İlyas müəllimin beynəlmiləlçilik ideyalarının ön plana çəkildiyi ittifaq dövlətində əsl Azərbaycan kişisi kimi milli mənəvi dəyərlərin daşıyıcısı olmasını, müvafiq olaraq hansı tədbirləri görməsini konkret misallarla oxucuların diqqətinə çatdıracağam:
Birlikdə işlədiyimiz uzun illər ərzində İlyas müəllimi bir dəfə qəzəbli görmüşəm. Zəngilan rayonunda 17 yaşlı qız dayısının evindən külli miqdarda qızıl-ziynət əşyaları oğurlamışdı. Qızın barəsində cinayət işi başlanmış və prokuror onun haqqında həbs qətimkan tədbiri seçmişdi. İlyas müəllim həmin prokuroru işdən çıxartdı, ona görə ki, həbsxana həyatı yaşamış qızla gələcəkdə heç kim ailə həyatı qurmayacaqdı. Kollegiya iclasında məsələ müzakirə olunarkən, bu sərt görünüşlü insanın üzündəki can yanğısını görüb, hiss etməmək mümkün deyildi.
Rayonların birində çağırışa gəlməyən qız uşağını sahə müvəkkili, müstəntiqin qərarına əsasən, motosikletlə milis şöbəsi¬nə gətirmişdi. İlyas müəllim həmin rayonun prokurorunu yerli adət-ənənə və milli mentalitetimizə hörmətsizlikdə, gənc qızın gələcək həyatına biganəlikdə təqsirləndirərək, xeyli məzəmmət etdi.
İlyas müəllimin qəzəbinə səbəb olan digər məsələ bir başqa ra¬yon¬da istintaq olunan cinayət işi ilə bağlı idi. Rayon məktəbində təs¬sərrüfat müdiri işləyən bir xanıma prokuror CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə (külli miqdarda talama) çinayət işi başlamışdı. Həmin xanım isə yetim bir qız idi. Himayəsində üç bacı-qardaşı vardı. İlyas müəllim kollegiya iclasında bu valideynsiz qıza ağır cəza vermək təşəbbüsündə olan prokuroru çox sərt şəkildə tənbeh elədi, ciddi arxası olmasına baxmayaraq, üstündən heç bir il belə keçməmiş onu işdən çıxartdı.
1985-ci ilin yay ayları idi. Ağstafa rayonunun sərhəd kəndində ermənilər qəbiristanlıqda ədəbsizlik etmişdilər. Kənd sakinləri erməniləri möhkəm döyüb əzişdirmişdi. Ermənistan SSR-nin prokuroru Suren Avanesov cinayət işi başlayaraq türmə maşını göndərmişdi. Hadisəni eşidən İlyas müəllim digər rəsmi şəxslərlə hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olmuş və qəbirlərə hörmətsizlik edən ermənilərin haqqında cinayət işi başlatmışdı. Kompromis variant kimi hər iki cinayət işinin istintaqının aparılması SSRİ Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiqə tapşırıldı və bir müddətdən sonra cinayət işləri xitam olundu.
O, ədalətli və humanist birisi idi...
Bir çoxları onun ciddiliyindən və sərtliyindən də danışır. Amma bu ciddilik və sərtliyin altında böyük ədalət hissi dayanırdı. İlyas İs¬mayılov ağır cinayətlərə, vəhşiliklərə qarşı amansız, qəza nə¬ti¬cə¬sində törənən hadisələrə qarşı isə humanist idi.
Mənim iştirak etdiyim ilk kollegiya iclasında İlyas müəllimin nitqi hə¬lə də qulağımdan getməyib. “Toplardan sərçələrə atəş açmayın!”- səhv etmirəmsə, Qorbaçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tari¬xinə düşə biləcək səviyyədə idi. İlyas müəllimin bizə tələbi, təx¬mi¬nən, belə idi: “Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərin burnunu əzmək lazımdır! Yazıq insanlarla işiniz olmasın!”
İlyas müəllimin bu gün də aktual olan bu tələbi hüququn aliliyi prinsipinin təməlini təşkil edir. Ədalət - hər kəsə eyni gözlə baxmağı, vəzifəsindən asılı olmayaraq, hamının əməlinə qanunun tələbinə uyğun layiqli qiymət verməyi tələb edir. Cinayətin araşdırılması səthi olmamalı, icraçılardan çox, onları qanunsuz¬lu¬ğa sürükləyənlər cəzalanmalıdırlar.
Məhz bu anlayışın nəticəsidir ki, İlyas İsmayılovun prokurorluğu dövründə Azərbaycan hüquq sistemində materiallar üzrə cinayət işi başlanmasının rədd edilməsi, cinayət işlərinə xitam veril¬mə¬si¬nin sayı da artmışdı. Halbuki o dövrlərə qədər, demək olar ki, bu hallar fövqəladə hadisə sayılırdı. Rusiyada cinayət işlərininin xitam edilməsi iyirmi faizi keçdiyi halda, bizdə buna yol verilmirdi.
10 min, 20 min rüşvət alanlar “Rüşvətxorluqla mübarizə” pərdəsi altında 10 manat, 20 manat rüşvət alanları həbs edib, məhkum edirdilər. Kiçik məbləğlərə görə insanlar istintaqa cəlb olunur, gülünc məhkəmə prosesləri keçirilir, təəccüb doğuran qərarlar qəbul edilirdi.
Astara rayonunda tərəvəz tədarükçüsü işləyən bir vətəndaş 14 min manat mənimsəməyə görə Ali Məhkəmənin hökmü ilə CM-nin 88-1 maddəsi ilə (xüsusilə külli miqdarda talama) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Tədarükçünün şi¬ka¬yətləri əsasında Ali Məhkəmənin Plenumu cinayət işini araşdırarkən şəxsin 14 min deyil, 4 min manat mənimsədiyini müəyyən edərək, onun əməlini CM-nin 86-cı maddəsinin 3-cü hissəsinə (külli miqdarda talama) tövsif edir, lakin cəzasını dəyiş¬dir¬mədən gücündə saxlayır. Vətəndaş Qurultaya ünvanladığı şikayətində ittiham olunduğu cinayət əməlinin daha yüngül maddə ilə əvəz olunmasına görə təşəkkürünü bidirməklə yanaşı, haqlı ola¬¬raq cəzasının dəyişdirilməməsinin məntiqə uyğun olmadığını dilə gətirirdi.
Və yaxud başqa bir misal:
Sosializm cəmiyyətinin təbiətindən irəli gələn rəzil qanunlardan biri də, CM-nin154-cü maddəsində (alıcıları və sifarişçiləri aldat¬ma) nəzərdə tutulan cinayət əməli idi. Ən xırda məbləğə görə, cinayətkarlıqla mübarizə adı altında insanlar məhkum edilir, inci¬di¬lirdilər. İlyas İsmayılov dövrünə qədər baş tutan belə işlərdən birini oxucuların müzakirəsinə verirəm:
Masallı şəhərində ikimərtəbəli mehmanxananın 1-ci mərtə¬bə¬sin¬də 12 uşaq atası, Səfər adlı bərbər işləyirdi. Səfər kişi sakit tə¬bi¬ətli, yazıq görünüşlü, işinin ustası olan bir adam idi. Rayonun bütün böyüklərinin saç-saqqalına o qulluq edirdi. Bəzən evlərə də aparırdılar onu. Yeganə eybi, çox danışması idi.
Böyüklərdən kimin qəzəbinə düçar olduğunu deyə bilmərəm, bir gün xəbər yayıldı ki, SƏDM əməkdaşları dəllək Səfərin təsərrüfatını yoxlayırlar.
Masallının Qodman sovetliyindən bir nəfər saç-saqqalını səliqəyə saldırıb çıxarkən, SƏDM əməkdaşları onu saxlayıb, xidmətə görə dəllək Səfərin ondan nə qədər pul aldığını soruşduqda, - “Bir manat pul verdim, artığını da qaytarmadı”, - deyə cavab verir. Toplanmış material üzrə CM-nin 154-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanır. Dəllək Səfər zərərçəkmişi qiymətdə 35 qəpik aldatdığına görə, ona həmin maddə ilə ittiham elan olunmaqla, iş baxılması üçün məhkəməyə göndərilir və dəllək Səfərin qapısı bağlı qalır…
“Aktuallığı” nəzərə alınaraq dəllək Səfərin CM-nin 154-cü maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məh¬kə¬mə baxışında dövlət ittihamının müdafiəsi rayon prokurorunun köməkçisi kimi, mənə tapşırılmışdı.
Məhkəmə iclasındakı ifadələrdən:
SƏDM əməkdaşı:
- Daxil olmuş əməliyyat məlumatı əsasında Səfərin yanından çıxan zərərçəkmişi saxlayıb, xidmət üçün ondan nə qədər pul aldığını soruşduqda, 1 manat verdiyini bildirdi. Mütəxəssis rəyinə əsasən Səfər zərərçəkmişi qiymətdə 35 qəpik aldatmışdı.
Zərərçəkmiş:
- Mən saçıma və üzümə qulluğa görə Səfərə 1 manat pul ver¬dim. O, pulun artığını qaytarmadı.
Müttəhim Səfər: - Mənim hesabım düz aparılmayıb. Zərərçəkmişin saçına və üzünə qulluq etdikdən sonra, onun bığını düzəldib, burun tüklə¬ri¬ni də almışam. Bu da 8 qəpik edir.
Zərərçəkmiş:
- Sən yalan danışırsan. Mən bığımı həmişə özüm düzəldirəm.
Müttəhim:
- Mən zərərçəkmişin üzünə “Krasnı Moskva” duxisi vurmuşam ki, bu da 6 qəpik edir.
Zərərçəkmiş:
- Yalan deyirsən, sən mənim üzümə 2 qəpiklik “Şipr” odekolonu vurmusan.
Müttəhim:
- Mən sənin üzünə və boynuna pudra da vurmuşam. Bu da 7 qəpik edir.
Zərərşəkmiş:
- Arvad deyiləm ki, üzümə pudra vurduram. Yalan deyirsən. Mən üzünə deyirəm ki, sən kiçik toylara da gedirsən və xidmət üçün pul alırsan.
Müttəhim:
- Doğrudur mən kiçik toylara gedirəm, lakin heç kimdən pul almıram.
Sədrlik edən:
- İttihama aidiyyatı olmadığına görə bu sual-cavab çıxarılsın.
Dəllək Səfərin bütün vəsatətləri təmin edildikdən sonra, üzə¬rin¬də 14 qəpik aldatma qaldı.
Mən çıxışımda, “humanistlik” göstərərək, dəllək Səfərin cəzası¬nın şərti hesab edilməsini xahiş etdim.
Məhkəmə heyəti “humanistlikdə” daha irəli gedərək, Səfəri bir il müddətinə bərbərliklə məşğulolma hüququndan məhrum etdi.
Səfər hakimə minnətdarlıq etmək əvəzinə dedi:
- Sudya, bağanı öldür ya arxası üstə çevir, fərqi yoxdur. Mən dəlləklik etməsəm, balalarıma kim çörək verəcək? 6 ay həbs etsəydin bundan yaxşı olardı.
Bir aydan sonra dəllək Səfərə iş yerini dəyişib, oğlunun adına rəsmiləşdirməklə, bərbərlik etməsinə icazə verdilər. Səfər “islah olunmuşdu”. Az danışırdı. İşlədiyi yerdə bir torba xırda pul və “he¬sa¬bdar şötkəsi” var idi. Xidmət edib, qurtaran kimi, “şötkəyə” vurur və pulun artığını müştərilərə qaytarırdı. Təbii ki, heç kim ondan pu¬lun qalığını almırdı.
Azərbaycan hüquq-mühafizə və məhkəmə orqanlarının bu ənə¬nə¬si Stalin repressiyasının davamını xatırladırdı.
İllər ötdü, İlyas İsmayılov Respublika Prokuroru olanda, belə utancverici işlərə son qoymağı fəaliyyətinin əsas prinsipi elan etdi və böyük ölçüdə məqsədinə nail oldu.
O, kövrək qəlbli, canıyanan və qayğıkeş insan idi...
Xidməti işimlə əlaqədar Respublika Prokurorluğuna getmişdim. İkinci mərtəbədə qara paltarlı bir qadın diqqətimi cəlb etdi. Diq¬qət¬lə baxdıqda tanıdım - Səmayə xanım idi. Səmayə xanım biz¬dən bir il sonra hüquq fakültəsini bitirmişdi. Qrup yoldaşı, ləyaqətli prokurorluq işçisi olan Yusif Muxtarovla ailə həyatı qurmuşdu. Üç uşaqları var idi. Yusif Muxtarov bir neçə ay əvvəl xidməti vəzifəsini icra edərkən avtomobil qəzası nəticəsində həlak olmuşdu. Səmayə xanım prokurorluqda işləmək üçün müraciət etdiyini dedi və “vakant yer yoxdur” - deyə, imtina edilməsi barədə kadrlar şöbəsi rəisinin imzası ilə olan məktubu mənə göstərdi. “İlyas müəllimə müraciət etmisənmi?”- deyə, soruşduqda, - “Ona müraciət etməmişəm”, - dedi.
Mən məsuliyyəti üzərimə alaraq Səmayə xanımı üçüncü mərtəbəyə, İlyas müəllimin qəbul otağına qaldırdım. “Burda gözlə”, dedim, - “İlyas müəllim çıxarkən səni görəcək və kimliyinlə maraqlanacaq”. Səmayə xanımı orada qoyub, tez uzaq¬laş¬dım. On beş gün sonra eşitdim ki, İlyas müəllim qapıdan çıxarkən Səmayə xanımı görmüş, kimliyi ilə maraqlanmış, onunla söhbət etmiş və bir neçə gün sonra Sumqayıt şəhərinə, prokuror köməkçisi vəzifəsinə təyin etmişdi. Sonradan eşitdim ki, İlyas müəllim Səmayə xanımın ev almasına da köməklik göstərib.
Qrup yoldaşım Əlizaman Dövlətov universiteti əla qiymətlərlə bitirmişdi. Rayonların birində müstəntiq işləyərkən, bir cinayət işinin istintaqı ilə əlaqədar ona şiddətli töhmət elan olunmuş və 6 ay sınaq müddəti təyin edilmiş, lakin 6 aydan sonra attesta¬si¬ya¬dan keçməmişdi. Prokurorluq orqanlarından xaric olunmaq təhlükəsi var idi. Məsələ Respublika Prokurorunun yanında mü¬zakirə olunmalı idi. Mənə telefon açdı. Vəziyyəti bildirdi. Mən ona məs¬ləhət bildim ki, mübahisə etməsin. Təhsil illərindəki durumunu İlyas müəllimə çatdırsın (Əlizaman atasız böyümüşdü, tələbəlik illərində təqaüdçü anası ona cüzi miqdarda pul göndərirdi, yalnız təqaüdlə dolanırdı). Bir neçə saatdan sonra Əlizaman Dövlətov mənə zəng vuraraq İlyas müəllimin onu orqanda saxladığını bildirdi.
Uzun illər rəhbər partiya vəzifələrində olmuş şəxsin faciəli vəfatından sonra prokurorluqda işləyən oğluna qarşı münasibət dəyi¬şir, insanlar onunla bir yerdə olmaqdan belə çəkinirdilər. Yalnız Respublika prokurorunun müavini işləyən İlyas İsmayılov istisna təşkil edir, imkanı çatan səviyyədə ondan qayğısını əsirgəmir, ağır durumda olan əməkdaşa mənəvi dəstək olurdu. İlyas müəllim Res¬publika prokuroru olandan sonra ona yüksək vəzifə verdi. Bu hadisə, başqaları kimi, həmin insanın özünü də təəccüb¬lən¬dir¬mişdi.
O, prokurorluğu bir ailə kimi görürdü...
İlyas İsmayılov insanlar arasında din, dil, irq, təbəqə, sosial status, vəzifə... kimi ayrıseçkiliyə heç vaxt yol vermirdi. Onun üçün yalnız Allahın yaratdığı ali varlıq – İnsan və həmin insanın həyata baxışı, yaşayış tərzi, qanuna riayəti, haqqı-ədaləti qoruması... və s. kimi yüksək mənəvi keyfiyyətləri önəmli idi. O, ətrafındakı insanlara özünün ailəsi - atası, anası, övladı kimi isti münasibət bəsləyir, onların qayğısına qalmaqdan çəkinmirdi.
Mənim fikirlərimə qoşulan Əmrulla Şirvanov belə deyir: “1986-cı ildə Sabirabad Rayon Prokurorluğunun müstəntiqi işləyərkən icraatımda olan cinayət işi İlyas müəllimin yanında müzakirəyə çıxarılmışdı. Məruzə edərkən səsimin xırıldaması onun diqqətini cəlb etdi. O, səhhətimlə maraqlandı. Səhiyyə Nazirliyindən göndəriş alıb məni Moskva şəhərindəki xüsusi xəstəxanaya yer¬ləş¬dirdi. Xəstəxanada qaldığım iki ay müddətində tez-tez zəng edib səhhətimlə maraqlanırdı. Hətta rayon prokuroru Kamo Fətə¬li¬yevə zəng edərək mənimlə əlaqəsinin olub-olmamasını soruşmuşdu”.
Başqa bir misal:
1986-cı ilin noyabr ayında Respublika Prokurorluğunun Təşkilat-nəzarət şöbəsinin rəisi İdris Əsgərov telefonla mənə bildirdi ki, həftənin Şənbə günü seminar müşavirə keçiriləcək. Sənin də çıxışın nəzərdə tutulub. Seminara 2 gün qalmış xəstələndim. Cümə günü İdris müəllimə zəng edərək bildirdim ki, xəstə olduğum üçün seminarda iştirak edə bilməyəcəm.
Bazar günü idi. Saat 11:00 radələrində, evdə yataqda olarkən, şəhərlərarası telefonla mənə bildirdilər ki, sizinlə Respublika Pro¬ku¬roru danışacaq. Düzü həyəcanlandım, fikirləşdim ki, seminar-müşavirədə iştirak etmədiyimə görə İlyas müəllim mənə irad tutacaq. Lakin gözlədiyimin əksinə olaraq, İlyas müəllim səhhətimlə maraqlandı. Mən təşəkkürümü bildirdim. Sonra dedi:
- On günlük icazə verirəm. Gəl Bakıda müayinə olun. Lazım ol¬sa, Səhiyyə Nazirindən xahiş edərəm.
Mən çox mütəşəkkir oldum və dedim:
- İlyas müəllim, söz verirəm ki, bir daha xəstələnməyəcəyəm.
O, yerlibazlıq və qohumbazlıqdan uzaq idi...
Yuxarıda qeyd etdiyim “İlyas İsmayılov insanlar arasında din, dil, irq, təbəqə, sosial status, vəzifə... kimi ayrıseçkiliyə heç vaxt yol vermirdi” fikrini bir daha təkrarlayır və əlavə olaraq ziyalımızın nəcib bir keyfiyyətini də önə çıxarmaq istəyirəm. Bilirsiniz ki, əsrlər boyu ölkəmizin ən böyük bəlası sayılan yerliçilik və qohumbazlıq hissləri olub və daim də inkişaf edib. Bu hisslər, xüsusən də yüksək kürsülərdə əyləşənlərin sağalmaz mərəzinə çevrilib. Kürsü və söz sahibi olan kimi bəziləri ətrafına özünün yerlilərini, qohumlarını toplayır, o vəzifələri haqq edənlər bir yana, bütöv bir ölkənin haqqına girmiş olurlar. Nəticədə, “yarımçıq papaqçılar” (Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan. N.Gən¬cəvi) yarımçıq müəllim, yarımçıq mühəndis, yarımçıq həkim, yarımçıq mühasiblər... yetişir və xalq, ölkə uçuruma yuvarlanır. İlyas İsmayılov Məhz bu yarımçıqların qarşısını almağa çalışır, yerlibazlıqdan, qohumbazlıqdan uzaq durur, ətrafını da bu mənfi xislətdən uzaq tutmağa çalışırdı. Onun bu yüksək insani keyfiyyəti barədə kitabboyu həm mənim, həm də başqalarının dilindən eşidəcəksiniz.
Bilirik ki, İlyas müəllim Respublika prokuroru işlədiyi dövrlərdə ən yaxın ətrafının regional mənsubiyyəti çoxşaxəli idi. Heç bir zaman öz qohumları, yaxınları üçün (haqqı olmadığı halda) kiməsə ağız açmazdı, haqqı olan, savadlı, bacarıqlı kadr üçünsə əlindən gələni edərdi.
Bütün bu fikirlərimə dayaq kimi maraqlı bir hadisəni sizinlə bölüşürəm: Cəlilabad Rayon prokurorluğunun icraatında “şpaler işi” (şpaler - üzüm sahələrində istifadə olunan beton dirəklər) vardı. Məndən əvvəl başlanılmış cinayət işi üzrə 1982-1984-cü illərdə onlarla sürücü dövlət əmlakını talamaya görə CM-nin 86, hətta 88-1 (külli və xüsusi ilə külli miqdarda) maddəsi ilə məhkum edilmişdi. Mən işə başlayarkən 30-40 “qurbanlıq” öz növbəsini gözləyirdi. Müstəntiq Kərimağa Tağıyevə tapşırdım ki, bu qədər insanı narahat etməyə dəyməz, hesabında daha çox çatışmazlıq olan bir nəfəri məhkəməyə verib, digərlərinin haq¬qında cinayət işinin icraatına xitam versin. İş elə gətirdi ki, he¬sa¬bında ən çox (6500 manat) çatışmazlığı olan sürücü tovuzlu çıxdı. Ona CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə ittiham elan olunmalı idi (6 ildən 15 ilədək azadlıqdan məhrum). Həmin şəxslə gö¬rü¬şüb dedim ki, sovxoz direktoru da kömək etmək şərti ilə ziyanı ödəyin, sənə, necə deyərlər, məcburi əmək tələb edə bilim. Adam mənim yanımdan narazı ayrıldı. İstintaq zamanı ziyan ödəndi. Məhkəmədə sürücünün cəzası iki il məcburi əməyə cəlb edilməklə şərti hesab edildi.
Məhkəmədən sonra həmin adam yanıma gəldi. Bildirdi ki, həyat yoldaşı tərəfdən İlyas İsmayılovun yaxın qohumudur. Bu iş üçün İlyas müəllimin yanına gedərək, məndən şikayət edib. İlyas müəllim eynilə mən deyəni deyib. Adam xahiş edib ki, “bəlkə məni ona tapşırasınız”. İlyas müəllim isə buna ehtiyac olmadığını, mənim ədalətli mövqe tutacağıma, verdiyim sözə tapşırıqsız da əməl edəcəyimə inandığını bildirib.
Bəli, İlyas müəllim belə prokuror idi. O, yaxın qohumunu belə, öz işçisinə tapşırmamışdı.
O, həm qürurlu, həm də təmənnasız insan idi...
İlyas İsmayılovun Orconikidze (Suraxanı) rayon prokuroru vəzi¬fəsinə təyin etdiyi, təqaüddə olan baş ədliyyə müşaviri Sərdar Əliyev xatirələrində yazır: “Rayon prokuroru olduğum dövrdə, bir dəfə İlyas müəllim zəng edərək bir neftçinin iş telefonunu soruşdu. Mən telefon nömrəsini verdikdən sonra, həmin şəxsə (o, Quyuların Qazılması və Təmiri İdarəsinin rəisi idi) zəng edib, məsələ ilə əlaqədər mənə məlumat verməsini xahiş etdim. Aradan bir qədər keçdikdən sonra idarə rəisi bildirdi ki, narahat olmayın, vaxtı ilə müqavilə əsasında bağda su quyusu qazmışıq, quyuda nasaz¬lıq olduğundan İlyas müəllim onu axtarıb. Şəxsi zəmində olan, çox adi bir məsələnin prokurorluğun rəhbəri tərəfindən rayon prokuroruna həvalə edilməməsi bu gün bəlkə də çoxuna təəccüblü və qəribə görünər. Amma həqiqət bundan ibarətdir ki, İlyas müəllim, özü ilə bağlı heç vaxt kimsəyə tapşırıq verməsini məqbul bilmirdi. Çünki bu cür hallar onun əqidəsinə, qüruruna müqabil deyildi.
O, həmişə düzgünlüyün, haqqın tərəfində olmuşdur. Sözün əsl mənasında ədalət fədaisi idi”.
Başqa bir misal:
İlyas müəllim Respublika Prokuroru vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorluğunda şöbə rəisi işləyirdi. 1990-cı ilin noyabr ayında əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindən olan, həkim kimi Moskvada yaşayıb fəaliyyət göstərən, uşaqlıq dostum Yaşar Hüseynovla İlyas müəllimin görüşünə getdim və bir neçə gündən sonra onun xidməti bağında məclis quruldu. Söz demək növbəsi mənə çatanda dedim:
- Mənə ilk dəfədir ki, İlyas müəllimlə bir süfrədə oturmaq nəsib olub...
Məclisdə iştirak edən İlyas müəllimin yerlisi və dostu sözümü kəsərək, dedi:
- Ay İlyas, sən bu oğlan haqqında o qədər danışmısan ki, fikirləşirdim ki, yaxın dostsunuz. Bu isə deyir ki, mən İlyas müəllimlə ilk dəfədir çörək kəsirəm...
Cavabında İlyas müəllim dedi:
- Mən Respublika Prokuroru olmuşam. Ələmdar mənim etimadımı doğruldan yaxşı prokurorlardan biri olub.
Haşiyə: İlyas müəllim bu ağayanalığını və gözütoxluğunu ömrünün axırına kimi saxladı. Mən və onunla tez-tez əlaqəsi olan, görüşməyə can atan keçmiş əməkdaşların heç birinə siyasi fəa¬liy¬yətlə məşğul olmaq və yaxud qurucusu və sədri olduğu Ədalət Partiyasına hər-hansı bir formada dəstək vermək barədə təklif etmədi...
O, şəxsi ambisiyadan və eqoizmdən uzaq insan idi...
Bir neçə rayonda prokuror vəzifəsində işləmiş, hazırda tə¬qa¬üddə olan, baş ədliyyə müşaviri Adil Əsgərov İlyas müəllimdən danışır: “1989-cu ilin avqust ayında İlyas müəllim, səhv etmirəmsə, Tovuz rayonuna partiya konfransında iştirak etmək üçün gəlmişdi. Bakı şəhərinə qayıdarkən, onu Gəncə aeroportundan yola salırdıq, ətraf rayonların birinci katibləri də onu yola salmaq üçün gəlmişdilər. Təyyarəyə minik başladı və uçuş hazırlandı. Bir qədər keçmiş təyyarə uçuş zolağından meydana qayıtdı. Biz elə bildik ki, təyyarədə nasazlıq var. Ancaq məlum oldu ki, təyyarədə Bakı şəhərinə sərnişin kimi uçan cavan bir oğlan uçmaq istəməyib düşürülməsini tələb edib. Belə hallarda qaydalara görə, həmin sərnişin digər sərnişinlərlə təyyarədən düşürülməli, Bakı şəhərindən mütəxəsislər dəvət olunub təyyarə yoxlandıqdan sonra uçuşa razılıq verilməlidir. Təyyarə boşalan vaxt məlum oldu ki, sərnişin cavan oğlan ağır dərəcədə sərxoşdur. Onu polisə təhvil verdilər, hadisə yerinə Gəncə Nəqliyyat prokuroru Əli Ömərov dəvət olundu. Burada olan əksər şəxslər, o cümlədən, polis işçiləri həmin sərnişin oğlanın xuliqanlıq etdiyini təsdiq¬lə¬yir¬dilər. Lakin İlyas müəllim Əli Ömərova göstəriş verdi ki, araşdırma aparıb o oğlanı buraxsınlar. Ola bilsin ki, səhhətində, əhval-ruhiyyəsində nəsə problemi var. Ailəsi-uşaqları var, bu halda humanist olmaq lazımdır.
İlyas müəllim Bakı şəhərinə getmək üçün tələsirdi, 4-5 saat gecikməsinə, istidə digər sərnişinlərlə əziyyət çəkməsinə baxmayaraq, böyük humanistlik göstərdi. Bu fakt onu təsdiq edir ki, İlyas müəllim xırda hadisələri şişirtmədən təmkinli münasibət bəsləyir. Bu, onun böyüklüyünün və humanistliyinin göstəricisidir”.
Sərdar Əliyev İlyas müəllimin 80 illik yubileyi münasibəti ilə qələmə aldığı “Gözəl söz, zəka və əməl sahibi” başlıqlı mə¬qa¬lə¬sində yazır: “...Yadımdadır, başqa bir rayonda trikotaj istehsal edən müəssisənin direktoru barəsində başlanmış cinayət işi, istintaqın davam etdirilməsi üçün xüsusi tapşırıq qaydasında Suraxanı Rayon Prokurorluğuna göndərilmişdi. İlkin araşdırma səthi aparılmaqla, bir xeyli müddət keçmişdi. Müəssisənin direktoru çox mö¬tə¬bər şəxslər tərəfindən müdafiə olunurdu. Respublika Prokuroru cinayət işini nəzarətə götürmüşdü.
Tərəfimizdən çoxsaylı və hərtərəfli istintaq hərəkətləri aparılmasına baxmayaraq, ittiham vermək üçün sübutlar kifayət qədər deyildi. Rayon prokuroru olaraq istintaqın gedişini və nəticələrini Bakı şəhər prokuroruna, daha sonra Respublika prokuroru İlyas İsmayılova məruzə etdim. Həmin şəxsin cinayət məsuliyyətinə alınması üçün kifayət qədər əsaslar olmadığını bildirdim. Məruzə vaxtı bir anlıq sükut yarandı. Sonra çox çəkinə-çəkinə soruşdum ki, İlyas müəllim, bütün hallardamı həmin şəxs məsuliyyətə cəlb olunmalıdır?
Sualın belə qoyuluşu bəlkə də bir qədər düzgün deyildi. O vaxt İl¬yas müəllim ciddi tərzdə mənə baxıb, bildirdi ki, qanunun tələblərinə uyğun və kifayət qədər əsaslar olduğu təqdirdə, həmin şəxsin məsuliyyətə cəlb olunması məsələsinə baxılmalıdır.
Məsələnin ciddiliyinə, həmin şəxsin cəzalanmağa layiq olmasına baxmayaraq, sonradan cinayət işinin icraatına xitam verildi. Belə bir qərarın qəbul edilməsinin təməlində ədalətlilik və qanunun aliliyi dururdu”.
Başqa bir misal:
1987-ci ilin əvvəllərində Azərbaycan KP MK-nin bürosu “Yardımlı rayon partiya-sovet və hüquq-mühafizə orqanlarının işi ilə əlaqədar...” məsələ müzakirə etmiş, bir çox insanlar vəzifədən çıxarılmış və partiya cəzası almışdılar. Həmin müzakirədə MK-nin 1-ci katibinin çıxışında adı mafioz element kimi hallandırılmış Yardımlı Raykoopittifaqının idarə heyətinin sədri Əli Quliyev haqqında material yoxlanılıb hüquqi qiymət verilməsi üçün, xüsusi nəzarət qaydasında, Cəlilabad Rayon Prokurorluğuna göndərilmişdi. Göndəriş məktubunda diqqəti çəkən iki cəhət var idi. Əvvəla, materialın yoxlanması şəxsən mənə həvalə olunur, ikincisi, qərar qəbul olunmazdan əvvəl rəhbərliyə məruzə edilməsi tapşırılırdı.
Müstəntiq Kərimağa Tağıyevi də cəlb etməklə yoxlamaya başladım. Əli Quliyevə isnad olunan əsas ittiham, məruzədə göstərildiyi kimi, evinin ümumi sahəsinin 400 kv.m olması idi. Lakin ev dağ yamacında tikildiyindən yaşayış sahəsinin bir qisminin hündürlüyü 280 sm, digər hissəsi 220, hətta 200 sm idi. Beləliklə, Əli Quliyevə məxsus evin əsas yaşayış sahəsi 74 kv.m, köməkçi sahə 100 kv.m idi. Ümumilikdə, Əli Quliyevin 18 nəfərlik ailəsi var idi. Məhz bu əsasla fakt üzrə cinayət təqibi başlamağı məqsədə müvafiq hesab etmədim. Digər xırda nöqsanların Əli Quliyevin işdən çıxarılması ilə kifayətlənməli olduğu qənaətinə gələrək, rəhbərliyə məruzə etmədən materail üzrə cinayət işi başlanmasını rədd etdim.
Etiraf edirəm ki, rəhbərliyə məruzə etmədən qərar qəbul etmə¬yim diqqətsizlikdən irəli gələn məsuliyyətsizlik idi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, mən bu hərəkətimlə Respublika Pro¬kurorluğu rəhbərliyini çətin vəziyyətə salmışam.
Təxminən altı aydan sonra axşamüstü Respublika Prokurorluğundan zəng edərək səhər saat 10:00-da İlyas İsmayılovun qəbulunda olmağı tapşırdılar.
Həmin günü Mərkəzi Komitənin bürosunda Yardımlı rayon Xalq Nəzarət Komitəsinin sədri vəzifəsinə təyin olunan şəxsdən 1-ci ka¬tib Kamran Bağırov soruşur:
- Sizdə mafioz Əli Quliyev var idi, onun aqibəti necə oldu?
Həmin şəxs cavab verir:
– Əli Quliyevin işi xitam olundu.
Kamran Bağırov dərhal bu məsələ ilə maraqlanır və ona məruzə edilməsini tapşırır.
İlyas müəllim materialı vərəqləyərkən ilk sualı belə oldu:
- Göndəriş məktubunda qərar qəbul etməzdən əvvəl Respubli¬ka Prokurorluğu rəhbərliyinə məruzə etməniz tapşırılıb. Nə üçün əməl etməmisiniz?
Bu haqlı irad məni sarsıtmışdı. Həmişə mənə dəstək olub, etimad göstərən rəhbərimin etibarını itirmək təhlükəsi ilə qar¬şı¬laş¬mışdım. Bu zaman söhbətdə iştirak edən Respublika pro¬kurorunun I müavini Murad Babayev, necə deyərlər, sinəsini qabağa verərək dedi:
İlyas müəllim, Ələmdar qərar qəbul etməmişdən əvvəl materialı mənə məruzə edib.
Mən materialı Murad müəllimə məruzə etməmişdim. Sadəcə olaraq, arayış göndərmişdim. İlyas müəllim material üzrə bir neçə iradını da bildirərək Murad müəllimə göstəriş verdi:
Qərarı ləğv edin və əlavə yoxlama aparılması üçün başqa rayo¬na göndərin!
Düzü, ilk dəfə idi ki, özümə qarşı etimadsızlıq hiss edirdim. Ağır düşüncələrlə prokurorluqdan çıxıb xidməti maşına əyləşmək istəyərkən milis işçisi qaçaraq mənə yaxınlaşdı və:
- Sizi Respublika prokuroru çağırır, - dedi.
Mən təzədən İlyas müəllimin qəbuluna getdim. İlyas müəllim gülümsəyərək:
- Biz sənə inanırıq, materialı götür, öz qərarını ləğv et və gös¬tərilən iradları aradan qaldır, - dedi.
Mən material üzrə öz qərarımı ləğv edəndən sonra bir neçə yoxlama hərəkəti etdim və yenidən cinayət işi başlanmasını rədd etdim.
Aradan illər ötdü. İlyas müəllim Respublika Prokuroru vəzi¬fəsindən çıxmışdı və SSRİ Baş prokurorluğunda şöbə rəisi işləyirdi. 1990-cı ilin axırlarında Əli Quliyev rus millətindən olan bir nəfərlə yanıma gəldi. Həmin şəxs özünü və ezamiyyə vərəqəsini təqdim etdi. “İzvestiya” qəzetinin xüsusi müxbiri Voznesenski Əli Quliyev haqqında baş vermiş “qanunsuzluğu” araşdırmaq üçün gəlmişdi. O, materialla tanış olmaq istəyini bildirdi.
Haşiyə: Bu, sirr deyil ki, partiyanın rəhbər rolunun Konstitusiya müddəası ilə təsbit olunduğu (6-cı maddə) sovet cəmiyyətində hətta rayon səviyyəsində RPK-nin büro qərarını təsdiqləməmək, az qala partiya orqanlarına qarşı çıxmaq kimi qiymətləndirilirdi. Məsələn, RPK-nin büro iclasında hər hansı bir kolxoz və ya sov¬xo¬zun fəaliyyəti müzakirə edilir, bir neçə rəhbər işçi ağır partiya cəzası alaraq vəzifədən azad olunur və materiallar tədbir görülməsi üçün prokurorluğa göndərilirdi. Çox az adam tapılardı ki, raykomun əleyhinə gedib, cinayət işi başlamasın. Əks halda, prokuror katibin düşməninə çevrilirdi. Təsadüfi deyil ki, RPK-nin büro qərarı ilə partiya cəzası alaraq vəzifədən, hətta orqandan xaric olunan prokuror və prokurorluq işçiləri olmuşdu. Əli Qu¬li¬yevin məsələsində isə Respublika partiya təşkilatının rəhbəri onu mafioz element adlandırmış və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Respublika Prokurorluğuna gön¬də¬ril¬miş¬di.
Mən, əlbəttə, nə qiyamçı, nə də Don Kixot deyildim. Sadəcə ola¬raq, uca ədaləti rəhbər tutaraq və ədalət yolunda məni dəstəkləyəcək rəhbərimə - Respublika prokuroru İlyas İsmayılova arxa¬lanaraq belə cəsarətli qərar qəbul etmişdim. Bu məsələdə, necə de¬yərlər, “qanunun şahlığı” təsbit edilmişdi.
İlyas müəllim Respublika prokuroru vəzifəsindən çıxandan sonra Respublikanın yeni rəhbərliyinin mövqeyinə uyğun hərəkət edənlər bu böyük insana qarşı qarayaxma kompaniyasına başlamışdılar.
...Əli Quliyevin İlyas müəllimə qarşı kin-küdurətlə dolu münasibətinin səbəbi o idi ki, Raykoopittifaqın fəaliyyətini Yardımlı rayon prokuroru yoxlamış və bu yoxlama materialı əsasında Mərkəzi Komitəyə arayış yazılmışdı. Dostluq münasibətində olduğum insanın qərəzçilik hissi ilə ölkənin ikinci nüfuzlu qəzetinin xüsusi müxbirini yanına salıb gətirməsi, yazı dərc etdirib, İlyas müəllimdən “qisas almaq istəyi”, ittifaq müqyasında tanınmış məşhur jurnalistin pula satılması mənə çox ağır təsir göstərmişdi. Odur ki, bütün qəzəb və nifrətimi birləşdirərək jurnalistə əsəbi şəkildə bildirdim:
- Əli Quliyev və qardaşı Tofiq mənim dostlarım olduğu üçün, həmin dövrdə onun xeyrinə tərəfkeşlik etmişəm, qərar qanunsuz olduğundan ləğv edib, cinayət işi başlayıb, Əli Quliyevi həbsə alacağam.
Əli müəllim məni yaxşı tanıdığından qonağı götürüb çıxıb getdi. Bir neçə gündən sonra isə görünür səhv etdiyini başa düşərək, yanıma gəlib üzrxahlıq etdi.
Yaxud, başqa bir fakt. 1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovsk şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunmuş və Cəlilabada qayıtmışdı.
Mən İlyas müəllimə telefon açaraq, zərərçəkmiş özü olduğuna görə (qanunda bu nəzərdə tutulmamışdır), cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi və dedi:
- Ələmdar, mövqeyin düzgündür, amma bir ildən sonra mən harada olacam, sən harada olacaqsan, bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə. Məhkəmə ilə əlaqədar çətinlik yaranarsa, mənə bildir.
Dediyi kimi də etdim. Həmin şəxsin cəzası məhkəmədə şərti hesab edildi. Bu, həmin dövrdə görünməmiş hadisə idi.
Bu gün hamı yekdil fikirdədir ki, SSRİ adlı nəhəng dövləti M.Qorbaçov dağıtdı. Mən hüquqşünas kimi hesab edirəm ki, M.Qorbaçovun dağıdıcılıq planlarından biri “Sosialist qanunçuluğunun və hüquq qaydalarının daha da möhkəmlən¬di¬ril¬məsi, vətəndaşların hüquq və qanuni mənafelərinin qo¬run- masını gücləndirmək tədbirləri haqqında” Sov.İKP MK-nın 1986-cı il tarixli qərarı idi. Belə bir qərarın olacağı hələ Y.Andropov6 vaxtında gözlənilirdi. Söz-söhbət gəzirdi ki, istintaq bir əldə cəmləşəcək, prokurorluğun hüquqları və cəmiyyətdəki yeri bir qədər də artırılacaqdır. Əvəzində, həmin qərarda prokurorluq və istintaq işçilərinin vəzifə xətasına görə ikiqat tənbeh edilməsi nəzərdə tutulurdu. Başqa sözlə, xətaya yol vermiş istintaq və prokurorluq işçiləri nəinki intizam tənbehinə, həmçinin partiya tənbehinə məruz qalırdılar. Məsələn, Qəbələ rayonunda bir qrup şəxs (ikisi erməni olmaqla) qabaqcadan əlbir olub xüsusilə külli miqdarda dövlət əmlakını taladıqlarına görə Ali Məhkəmənin hökmü ilə məhkum olunmuşdular. Sonradan SSRİ Ali Məhkəməsi Plenumunun qərarı ilə hökm ləğv olunduğuna görə, həmin işdə iştirakı olmuş prokurorluq və istintaq işçilərinin demək olar ki, hamısı – başda Respublika prokurorunun birinci müavini Ə.Sultanov olmaqla ağır partiya cəzası alaraq, SSRİ Baş Prokurorunun əmri ilə prokurorluq orqanlarından xaric edilmişdilər.
Bu qərar hüquq mühafizə orqanlarını partiya orqanlarından asılı vəziyyətə salırdı. Prokurorluq və istintaq işçiləri səhvsiz işləməyə məhkum edilmişdilər. Heç kim risqə getmək istəmirdi. Bunun nəticəsidir ki, tezliklə bütün ölkə üzrə cinayətkarlıqla mübarizə zəiflədi. Bağlı cinayətlərin sayı sürətlə artmağa başladı (statistik göstəricilər bunu təsdiq edir).
Belə bir şəraitdə İlyas İsmayılov şəxsiyyəti prokurorluq orqanlarının nisbi müstəqilliyini saxlaya bildi.
İlyas müəllim təkcə Respublika prokuroru deyil, həm də geniş miqyasda dövlət xadimi idi. Bir misal gətirəcəyəm. Prokurorluğun binasını təmir etmək üçün vəsait ayrılması barədə ona müraciət etdim. Mənə dedi ki, Cəlilabad rayon Prokurorluğunun binası pis deyil. Sizin rayonda onsuz da çoxlu tikinti işləri aparılır. Mən Prokurorluğa ayrılan vəsaiti tikintisi az olan rayonlara yönəldirəm.
O zamanlar Yardımlı Rayon Prokurorluğunun binası yox idi. Sonralar Yardımlıda gözəl bir prokurorluq binasının inşa edildiyini eşitdik. Bu xəbər hamı kimi məni də çox sevindirdi...
Digər Xəbərlər

Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı və poeziya saatı keçirilib

Qarabağın qələmi: Aqil Abbas - Vaqif Bəhmənli yazır - SON

Qarabağın qələmi: Aqil Abbas - Vaqif Bəhmənli yazır - III (DAVAMI)
