31 Iyul 2024 12:01
442
MÜSAHİBƏ

Çəkic və qələm

Sadə peşə adamlarına fikir vermisinizsə, onlar daha təbii olurlar. Və bu təbiilikdə sadəliklə bərabər, saflıq, təmizlik özünü qabarıq büruzə verir. Sadələr həm də dünyaya ayıq gözlə baxır, “dünya gör-götür dünyasıdır” kəlamından əsl nəticəni çıxara bilirlər. Onlar zamanın nəbzini tutub, həyatın gündəlik gedişatını doğru qavrayırlar. Onlar həm sadə, həm də əsl həyat tərzi keçirirlər. Sadələr eyni zamanda komplekssiz olur, onlarla hər şey barəsində ürəkdən, səmimi söhbət etmək adamda yaşamağın nə qədər gözəl və qiymətli olduğunu, insanın həyatda tutduğu yolun əslində necə olmalı olduğundan bizə xəbər verir.

Müsahibim sadə peşə adamı, Oqtay Pinəçi ləqəbi ilə şeirlər yazan pinəçi Oqtay idi. Onun haqqında az-çox məlumatım var idi. Şeir yazdığını da bilirdim. Odur ki, elə qapıdan içəri girən kimi çox da fikirləşmədən düşdüm üstünə:

- Oqtay, pinəçilik hara, şeir hara? Qəfil sualdan xeyli duruxdu. Sonra Oqtay belə cavab verdi:

- Doğrusu, heç özüm də bu barədə fikirləşməmişəm. Ancaq mənə elə gəlir ki, şeir yazmaq mənə irsən keçib. Ata babam Alış da şeir yazardı. Yaşlı nəsil onu yaxşı tanıyır. Öz aramızdır, babam pis yazmırdı. Yəqin mənə poeziyaya həvəs babamdan irsən keçib. Nə bilim?! Bir də müəllim, axı şeir yazanın heç də həmişə dəqiq bir sənəti olmur. Özünüz yaxşı bilirsiniz, biz şeir yazanlara şair adı versək də, qəti şairlik sənəti yoxdur.  Və şeir yazmağı məncə heç bir universitet, peşə məktəbi öyrədə bilməz. Bu istedad gərək adama Yaradan tərəfindən verilə. Və sən də istedadınla əsl poeziya nümunələri yaradıb ətrafı, təbiəti, dünyanızı şeirin dili ilə nəzmə çəkəsən.

- İlk yazdığın şeir yadındamı? Nə vaxt, nədən yazmışdın?

- Hardasa 15 yaşım olardı. Bahar gəlmişdi. Hər tərəf al-əlvan don geymişdi. Ağacların, gül-çiçəklərin libası, qoxusu ətrafda xoş ovqat yaradır, yaşamağa çağırırdı. Seyr etdiyim bu mənzərə, bahar tablosu məni qələmə müraciət etməyə vadar etdi. Oturdum. Bir göz qırpımında bahar düşüncələrimi süzgəcdən keçirib, qələmə aldım. İndi də tanıyanlar söyləyirlər ki, bu şeir ilk qələm məhsulu kimi pis alınmamışdı. Yadımdadır, mən təkcə baharın gəlişini ritorik, pafoslu dillə şeirə çevirməmişdim. Yazdığımın mənası o idi ki, bahar heç də gəldi-gedər deyil. Baharın özü və yaratdıqları həyatımızın, dünyamızın bir ayrılmaz parçasıdır. Bahar ömrünü başa vurub getsə də, sözsüz, ona ürəyimizdə, qəlbimizdə yer ayıracağıq. Ömrün baharını unutmayacağıq...

- Bəs pinəçi peşəsini necə oldu ki, seçdin?

- Buna həyatda etdiyim kiçik bir “səhv” (gülümsəyir) səbəb oldu. Mən tez evləndim, elə əsgərlikdən gələn kimi ailə həyatı qurdum. Sənətim isə yox idi. Hamı əvvəl sənət qazanıb, sonra evlənir. Mən isə bunun tərsini etdim. İlk qazancım evlənmək oldu. Sonra kasıblıq məni (bizi) üstələməsin deyə həvəsim olduğu pinəçi sənətini seçdim. Nəsə bu sənətdə özümə bir yaxınlıq, doğmalıq hiss edirdim. Odur ki, usta yanında pinəçiliyi öyrənib, müstəqil işləməyə başladım. Bu sənətlə ev tikdirdim, övladlarımı böyütdüm. Bir də axı, nə qədər ki, yaşam, insan var pinəçiliyə də ehtiyac olacaqdır. Bu qədim sənət olsa da qocalmır, elə həmişə cavandır. Bizimlə yanaşı addımlayır.

- Bəs şeir yazmaq pinəçiliyə mane olmur ki?

- Yox, siz nə deyirsiniz? Onlarla  növbə ilə məşğul oluram. Günortaya qədər pinəçilik edir, axşamüstü şeir yazıram (Yenə gülümsəyir). Əlbəttə, zarafat edirəm. Mən peşəmi işlədir, davam etdirirəm. Bu illərdən bəri yaşadığım həyat tərzidir. Qaldı şeir yazmağa, bəzi “şairlər” kimi mən qələmi zorlamaq istəmirəm. Yox, bu gün mütləq şeir yazacağam deyə düşünmürəm. Bu cür yanaşma mən pinəçi Oqtayın anlamına görə səhvdir. Belə “şeir” sifarişlə yazılan şeydir. Bu cür yazılanlar ancaq ötəri hiss və duyğulardan bəhs edə bilər. Yəni şeiri zamanında, özü gələndə yazmaq lazımdır. Şeirdə əsas odur ki, poetik dillə deyilən fikir, məna olsun. Yoxsa qafiyə naminə misraları düz, yaz kağıza. Belə şeiri heç bir oxucu bəyənməz. Və bu cür şeir oxucuya heç nə demir, vermir. Mən şəxsən 5 şeirdən olsa-olsa 3-nü üzə çıxarıram. Çünki hər şeiri çapa vermək olmaz. Şeirin səviyyəsi olmalıdır.

- Oqtay, mənə elə gəlir ki, yaradıcılığına hardasa biganə yanaşırsan. Az çap olunursan. Niyə?

- Düzünü desəm, bu sualı hərdən özüm də verirəm. Ancaq özümlə, düşüncələrimlə bacara bilmirəm. Hər dəfə özümə söz  verirəm ki, məhsuldar olacağam. Yazdıqlarımın qayğısına qalıb, onları ərsəyə çatdıracağam. Amma bu biganəliklə bacara bilmirəm. Mən bu biganəliyə başqa ad verərdim. Yəni cavabdehlik. Mən redaksiyaların qapısını tez-tez döyən müəlliflərdən deyiləm. Bir də müəllif öz yazılarına kənardan baxmağı, onları dəfələrlə süzgəcdən keçirməyi bacarmalıdır. Mənim təbiətim belədir. Deyirəm az olsun, yaxşı olsun. İmza tanınsın deyə çox yazmaq və çap olunmaq mənim xasiyyətimə yaddır.

- Şeirlərində ana xətti Vətən sevgisi və məhəbbət təşkil edir. Sevgidən, məhəbbətdən yazmaq səni təkrarçılığa aparıb çıxarmırmı?

- Mən Vətənə, torpağa olan məhəbbəti heç vaxt bayraq edib, yüksək pafosla başqalarına göstərmək fikrində deyiləm. Ancaq Azərbaycan oğlunun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadəti, qazandığı qələbəni necə qələmə almayasan? Bu əsl Ana Vətənə bəslənilən məhəbbətin əlçatmaz zirvəsi, təkrarolunmaz nümunəsi idi. Qaldı o biri sevgiyə. Məndən sevgi şairi olmaz. Məhəbbət haqqında Füzuli elə deməyib ki, bu mövzuya qayıtmaq bir də lazm ola. Mən ana, vətən, torpağa olan bir oğulun ilahi sevgisindən yazıram. Bax bu ilahi sevgisi əsl sevgidir. Təmiz və təmənnasız. Əlçatmaz və müqəddəs. Bundan yazmaq hər bir qələm sahibinin insani borcudur.

- Öz aramızdır, çox vaxt qayğılı görünürsən. Elə indinin özündə də.

- Səhv etmirəmsə, böyük rus yazıçısı Lev Tolstoyun belə bir fikri var ki, deyir darıxanda fikirləş, gör harda səhv etmisən. Mən də o dahi insanın dediyi kimi, darıxmaq istəmirəm. Qayğı varsa, demək həyat da var və həyat davam edir. Deməli yaşamağa dəyər. Qayğı da fikrin, yəqin düşünməyin məhsuludur. Kaş həmişə insanın qayğısı ola, insan darıxmaya. Adamın boş vaxtı olmaya. Daim hərəkətdə olasan. Bir işi görmək üçün vaxt çatmaya. Bax məncə, belə olanda insan həyatda öz yerini tapır, kimə və nə üçün lazım olduğunu yaxından anlayır. Demək hələ yaşamağa dəyər .

- Gələcək arzuların, daha nələr etmək istərdin?

- Hələ qocalmamışam ki?! (Gülümsəyir) Pinəçilik edib, şeirlər yazacağam. Daha dəqiq desək, çəkic və qələmdən bərk yapışacağam. Məni yaşadan onlardır. Övladlarıma yenə dayaq olacağam. Məsləhətə, xeyirli nəsihətə hər yaşda adamın ehtiyacı var. Bir də, indiyədək yazdıqlarımı yığıb kitab şəklində çap etdirmək fikrindəyəm. Sağlıq olsun.

... Əlbəttə, təki sağlıq olsun Oqtay. Sən iki qədim sənətin daşıyıcısısan. Sənə uğurlar arzulayır, yeni kitabının çapını gözləyirik. Çəkicini bərk vur, qələmin iti, kəsərli olsun. Biz də baxıb sevinək.

Adil MİSİRLİ