03 Aprel 2018 15:00
11985
MƏMLƏKƏT

Çoxmənzilli binalarda əmlak vergisi hansı qaydada ödənilməlidir?

Hansı hallarda binaya verilən istilik enerjisi, qaz və su təminatını dayandıra bilər?

Hazırda təkcə paytatx Bakı şəhərində deyil, eləcə də respublikanın ayrı-ayrı bölgələrində çoxmənzilli yaşayış binlarının sayi artmaqdadır. Lakin binanın idarəedilməsi, istismar və kommunal xərcləri ilə bağlı çoxsaylı anlaşılmazlıqlar hələ də yaşanmaqdadır. Suallarımızı Hüquqşünas Alim Hüseynli cavablandırır.

- Tikintisi başa çatmış, lakin istismara qəbul olunmayan mənzil-tikinti kooperativi tərəfindən inşa edilən çoxmənzilli binalarda əmlak vergisi ödənilməlidir?

-Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri əmlak vergisi üzrə vergitutma obyekti sayılır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikinti obyektinin istismarına icazə üzrə icraat prosedurları müəyyən edilmişdir. Həmçinin, tikinti obyektinin istismarına icazə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin istismarına icazənin vahid forması"na əsasında yerli icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır. Qanunun 10-cu maddəsində isə hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsinə dair prosedurlar müəyyən edilmişdir. Həmçinin, Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənləri nəzərə alaraq, sözügedən çoxmənzilli binalarda əmlak vergisinin hesablanması və ödənilməsi müvafiq əmlak üzərində mülkiyyət hüquqlarına dair təsdiqedici sənədlər əsasında həyata keçirilir.

- Çoxmənzilli binada sahə mülkiyyətçiləri tərəfindən yaşayış sahəsinin saxlanması haqqı ödənilmədiyi təqdirdə həmin binanın idarəedicisi mənzilin və ya qeyri-yaşayış sahəsinin elektrik və istilik enerjisi, qaz və su təminatını dayandıra bilərmi?

- Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 139.1-ci maddəsinə uyğun olaraq kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bununla əlaqədar, qüvvədə olan sahəvi normativ hüquqi aktların tələblərinə əsasən çoxmənzilli binalarda istehlakçılara təqdim olunan kommunal xidmətlərin təminatı qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada yalnız müvafiq təchizatçı müəssisə tərəfindən dayandırıla bilər.

-Mənzil-tikinti kooperativi tərəfindən inşa olunmuş çoxmənzilli binalarda yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hansı vaxtdan ödənilməlidir?

-Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmçinin, Məcəllənin 135-ci maddəsinə görə mənzil-tikinti kooperativi üzvləri üçün yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab olunur. Məcəllənin 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

-Mənzil-tikinti kooperativi tərəfindən inşa olunmuş çoxmənzilli binalarda satılmayan yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçisi kimdir və həmin sahələrə görə saxlanma haqqını kim ödəməlidir?

-Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109-cu maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidən qurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin sözügedən Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. MTK-lar kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ Azərbaycan Respublikasının Mənzil və Mülki məcəllələri, digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Həmçinin, Məcəllənin 112-ci maddəsinə əsasən MTK üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məcəllənin 113.1-ci maddəsinə uyğun olaraq, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Məcəllənin 140.1-ci maddəsinə əsasən isə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Qeyd olunanları, habelə qanunvericilikdə MTK-nın yaradılmasının məqsədi və fəaliyyətinin mahiyyəti ilə bağlı müddəaları nəzərə alaraq, MTK-lar tərəfindən inşa olunan binada satılmayan mənzillərin mülkiyyətçisi kimi MTK üzvləri (iştirakçıları) çıxış edir və onlar həmin binada digər yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərilə birlikdə çoxmənzilli binanın saxlanmasında iştirak edirlər və müvafiq haqq ödəyirlər.