09 Iyul 2024 13:18
2183
ƏDƏBİYYAT

Cibimin alnına pul yazılmayıb - Ayaz Arabaçının şeirləri

Adalet.az tanınmış şair Ayaz Arabaçının şeirlərini təqdim edir:

***
Xocalıya,Zəngilana,Ağdama,
Kəlbəcərə,Şuşayadı bu şeir..
Qınağında adı yoxdu heç kimin,
Ürək adlı şüşəyədi bu şeir..

Fikirliyəm,nə qışdayam,nə yazda..
Gəmi kimi boğuluram dayazda,
Ağrıyadı-acıyadı,bir az da,
Sevincədi-nəşəyədi bu şeir.

Dərman gəzdim dərdlərimə zəhərdə,
Bir üsyan var sinəmdəki qəhərdə,
Bakı boyda beş milyonluq şəhərdə,
Sıxışdığım köşəyədi bu şeir..

Kimi gəzsən,kimi sorsan burdadı,
Yetim qalmış obayadı,yurdadı,
Quzğunadı,quzuyadı,qurdadı,
Pələngədi,pişiyədi bu şeir.

Mən kefimin ağasıyam köhnədən,
Ağrımıza susub durub Göy,nədən..
Bəzi-bəzi mətləbləri göynədən,
Bir balaca haşiyədi bu şeir..

Könlüm-gözüm bulud kimi pərişan,
Azalıbdı haqq yolunda vuruşan,
Heyvanatı bir-birinə qarışan,
Bir yiyəsiz meşəyədi bu şeir..

Allah özü qənim olsun qorxana,
Adam gərək şər-böhtandan qorğana,
Üstümdəki güllü-güllü yorğana,
Altımdakı döşəyədi bu şeir..

Deməyin ki,cəsarəti həsləyir,
Ruhunuzu şir südüynən bəsləyir,
Hamınızı bütövlüyə səsləyir,
Nə sünnüdü,nə şiədi bu şeir..

Son arzunun son mənzili haradı,
Dünya niyə ağ libasda qaradı,
Atayadı-anayadı,yaradı,
Məzaradı,beşiyədi bu şeir..

Külək kəsdi yelkənimi açantək,
Ağrılara vətən varmı bu cantək,
Bala,sizin qorxunuzdan siçantək,
Girdiyniz deşiyədi bu şeir..

Könül qoydum sevgi qatdım dadına,
Peşman olmaz kim götürsə adına,
Ləyaqətdə qadın kimi qadına,
Kişi kimi kişiyədi bu şeir.

Bir yol səni düşünməyən,anmayan,
Canın yansa,için yansa yanmayan,
Heç bir şeyi anlamayan qanmayan,
Eşşək oğlu eşşəyədi bu şeir..

O,tək mənəm cüt görünür cəmdə,ki..
Zildən düşən sızıldamaz bəmdə ki..
Hər şeyədi,hamıyadı,həm də ki,
Heç kimədi,heç nəyədi bu şeir.



***
Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam.
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam..

Nə qədər oturub siqar piləyər,
Nə qədər Allahdan kömək diləyər,
Nə qədər özünü boyayar qana,
Nə qədər gözündən yağış çiləyər..

İlahi sən özün keç günahımdan,
Yollar ayağımı şişə taxırlar.
Adamlar kef çəkib mənim ahımdan,
Heç nə eşitmirmiş kimi baxırlar.

Beşcə barmağı var uzağı vur-tut,
Bir əldən nə qədər çıxılmaq olar..
Bu ömür ipindən aç burax məni,
Bu ipdə nə qədər sıxılmaq olar.

Birtəhər dözürdüm dilini tapıb,
Bu köhnə dərdlərin kamanı deyil.
Özünü quş kimi divara çırpıb,
Hönkürüb ağlamaq zamanı deyil..

Gözəldi bu ağac,bu ip,bu kətil..
Bu ömrün üstündə əl işim olsun.
Elə doymuşam ki,bir dəfəsindən,
Bu mənim sonuncu gəlişim olsun.

Dolub belimdəki günah zənbilim,
Yığıb ətəyini gedək deyirsən.
Açma qollarını taybatay mənə,
Sən daha döydüyüm qapı deyilsən.

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam..
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam?...



***
Sevgi olmayanda heç nəyin olmur,
Yəni ki,bir yaran-göynəyin olmur.
Sətəlcəm olursan,allah deyəndə,
Alovdan-atəşdən köynəyin olmur.
Sevgi olmayanda heç nəyin olmur,
Ürəyin isinmir dosta-sirdaşa.
İçində bir misra şeir doğulmur,
Adcə daş kimi baxırsan daşa.

Daş lələ çevrilmir,almaza dönmür,
Gül-gülə bənzəmir,yaz-yaza dönmür,
Gəlintək bəzənib qarşına çıxan,
Yasəmən gözündə kol kimi qalır.
Alıb qanadına aparmır səni,
Yol da cansıxıcı yol kimi qalır.
Sevgi olmayanda heç nəyin olmur,

Məna kəsb eləmir tapdığın bir iz..
Sevgi olmayanda nədi ki,dəniz..
Bir mazut qoxulu su yığınıdı.
Bir qucaq qorxulu su yığınıdı.
Sevgi olmayanda ürək nədi ki..
Sümükdən düzəlmiş bağa qınıdı..
Sevgin olmayanda heç nəyin olmur..

Çıxır adamlıqdan sirin-sifətin,
Eləcə bir yığın ətə dönürsən.
İtir nəğmələnmək qabiliyyətin,
Sevgi olmayanda itə dönürsən.

Qaralır ciyərin sobadan betər,
Ütülmüş bığından his iyi gəlir.
Sevgi olmayanda firuzədən tər,
Qızıldan göyərmiş mis iyi gəlir..

Sevgiyə can atır həyatda hər kəs,
Hər ucuz fikirdə azmağa dəyməz.
Sevgini heç bir şey əvəz eləmir,
Sevgi olmayanda yazmağa dəyməz.

Ay Vətən

Kimi gəldi mindirmisən dalına,
Xalça haqqı, palaz haqqı, ay Vətən!
Bir tikə də yanan yoxdu halına,
Bu ney haqqı, bu saz haqqı, ay Vətən!

Nə umursan qeyrətini boğandan...
Batırıblar günəşini doğandan,
Yüz illərdi fərqin yoxdu soğandan,
Min qış haqqı, min yaz haqqı, ay Vətən!

Qüvvətimiz çiliyədək işləyir,
İbtidai biliyədək işləyir,
Yaraların iliyədək işləyir,
Dərin haqqı, dayaz haqqı, ay Vətən!

Bizi niyə yad qucağa atıbsan,
Duran yerdə ahımıza batıbsan,
"Fil qulağı"otelində yatıbsan,
O toy haqqı, o yas haqqı, ay Vətən!

Kim görmüşdü ala qarğa ley sərə,
Dərman yoxdu kəsdirdiyin qeysərə,
Yaşayırıq verə-verə peysərə,
Almadığın qisas haqqı, ay Vətən!

Ərəbdəyik, farsdayıq, rusdayıq,
Mustafanı deyəmmirik, mus-dayıq,
Biz yalandan and içməyə ustayıq,
Ya çox haqqı, ya az haqqı, ay Vətən!

Arxivində qalaq-qalaq paxırlar,
Bulaqların hansı səmtə axırlar?
Sənə sağmal inək kimi baxırlar,
Bax, bu adım Ayaz haqqı, ay Vətən!

Kəsilmədi Qarabağda kor düyün,
Başqa şeydi erməninin hürdüyü.
Qardaşımın Daşkəsəndə sürdüyü,
"Most"u qaçmış "KamAZ" haqqı, ay Vətən!

Torpaqların torba-torba daşındı,
Top yerinə təpiklənən başındı!
Məscidlərin pul qayıran maşındı,
Qiblə haqqı, namaz haqqı, ay Vətən!

Kökünədək qaşımaram, qazmaram,
Bir yol tapsam, boz dumanda azmaram,
Mən heç səni istəməsəm yazmaram,
Murov haqqı, Kəpəz haqqı, ay Vətən!

Hansı notun səadətin notudu,
Öydüklərin heç bir şeyin otudu,
Hacıların, mollaların lotudu,
Keşiş haqqı, papaz haqqı, ay Vətən!

Gədə-güdə nişan alır "taqq" səni,
Əzib keçib Araz boyda tank səni,
Minib çapır neçə-neçə bank səni,
Yediyimiz qapaz haqqı, ay Vətən!

Kəsmə barı umudunu tanrıdan,
Azdan-çoxdan odu bizi yarıdan,
Xoşaxoşnan donuz çıxmaz darıdan,
Oynadığın "topaz" haqqı, ay Vətən!

Bilirsənsə, öyrət bir çəm, axırda,
Necə çıxır cəm üstə cəm axırda,
Mən özümü öldürəcəm axırda,
Həzrət haqqı, Abbas haqqı, ay Vətən!



***
Hərdən əsəblərim yerində olmur,
Heç nədən qan töküb,qada salıram.
Qoyub qabağıma yaralarımı,
Üstünə duz səpib dada salıram..

Sağ deyil könlümün bir qarışı da..
Almıram vecimə qarı-qışı da,
Xətrimi istəyən dost-tanışı da,
Özümnən bərabər oda salıram.

Ötüb ayrılığın ilinnən,ötüb,
Bəminnən uzaşıb,zilinnən ötüb,
Qərib durnaların dilinnən ötüb,
Dağlara-daşlara səda salıram.

Bəxt məndən həmişə aralı keçib,
İçimdən o qədər yaralı keçib,
Göz yaşım Xəzəri,Aralı keçib,
İçində adına ada salıram.

Axşamda-səhərdə tək deyiləm ki,
Ağuda-zəhərdə tək deyiləm ki,
Bu dönük şəhərdə tək deyiləm ki,
Səni bütün günü yada salıram..



***
Saxlar ürəyinin qızıl yerində,
Doyanda “mis”ləməz adam adamı.
Aparıb azdırmaz dumanda-çəndə,
Aldadıb sisləməz adam adamı.

Bu sevda ayrılıq donuna çıxar,
Bəxtdi də minindən onuna çıxar,
Sevəndə biryolluq sonuna çıxar,
Yandırıb hisləməz adam adamı.

Görüşə dağları yanıynan çəkər,
Hər yükü ruhuynan,canıynan çəkər,
Şəklini qəlbinin qanıynan çəkər,
Yalandan süsləməz adam adamı.

Barmaqlar bir həzin ney üstə küsər,
Dodaqlar küsəndə mey üstə küsər,
Bir dəfə bir ciddi şey üstə küsər,
Boş yerə “küs”ləməz adam adamı.

Sən mənə hər zaman gərəksən deyər,
Sevdiyim bu səssən, bu rəngsən deyər,
Öpüb aradabir ürəksən deyər,
Həmişə pisləməz adam adamı.

Biz ən “qıl körpü”nün üstəyik,lap ən,
Bir ucunda mənəm,bir ucunda sən,
Mən ölə bilərəm sevindiyimdən,
Belə çox istəməz adam adamı.

Yada sal

Qırov tutub saqqalımı-saçımı,
Üşüyürəm apar məni oda sal.
Bilirsən ki,iyrənirəm çiy ətdən,
Ürəyimi kabab elə,dada sal.

Məndən küsən gözün qaşın sağ olsun,
Bağın-bağçan,dağın-daşın sağ olsun,
Gələmmirsən canın-başın sağ olsun,
Bir məktub yaz,unutduğun ada, sal.

Qəfil dönüb göydə uçan quşa,gəl,
Payız könlüm iştah açıb turşa,gəl,
Eybi yoxdu qılınc-qalxan qurşa gəl,
Mənə bir də bəla gətir, qada sal.

Papirosum saçın kimi qoxuyur,
Dərd içimi ilmə-ilmə toxuyur,
Kimə necə sərf eləyir oxuyur,
Bu nəğməni bəyəndiyin “lad”a sal..

Vardan yoxa,yoxdan vara getmişəm,
Sınıq-sınıq,para-para getmişəm,
Bir də gördün “oppa”lara getmişəm,
Heç olmasa bircə dəfə yada sal..



***
Qalıb arzu kimi gül olmaq arzun,
Könül qanatmaqda xara çəkmisən.
Dağımın üstündən dağ dikəltmisən,
Yaramın üstündən yara çəkmisən.

İçinə gizlənib, bu nə şəhərdi,
Havası qüssədi, suyu qəhərdi,
Özün çox gözəlsən dilin zəhərdi,
Qaçıb tez-tələsik mara çəkmisən.

Çoxları aparmır həsəd yaxşı ki,
Şikayət eləmir cəsəd yaxşı ki,
Düzəlib bu sərhəd,bu sədd yaxşı ki,
Yaxşı ki,ortadan ara çəkmisən.

Dayazdı,dərindi özün qazıbsan…
Məndən ayrılanda gedib azıbsan,
Dedilər adımı quma yazıbsan,
Dedilər şəklimi qara çəkmisən.

Qaldı o istəklər arxa planda,
İtdin and içilib, əl basılanda,
Sən də ordaymışsan bəxt yazılanda,
Götürüb üstümdən qara çəkmisən.

Boş ver əhdə dedin-ilqara dedin,
Get qurşan şəraba,siqara dedin,
Mən elə ağ dedim,sən qara dedin,
Tərslikdə bilmədim hara çəkmisən.



***
Çöldə min il yağsa nədi,kəssə nə,
Öz dolusu,öz yağışı könlümün…
Ən günəşli bahar gələ çəkilməz,
Bundan belə qarı-qışı könlümün.

Göz yaşımdan torpaq dəmdi,səma dəm,
Mən bir eşqin şərabından dəm,Adəm..
Həsrətindən nalə çəkib dəmadəm,
Gecə-gündüz yanar başı könlümün.

Ha işlənib təzə qalıb ümidi,
İki kəlmə sözə qalıb ümidi,
Bir bükümlük bezə qalıb ümidi,
Nə zəri var,nə qumaşı könlümün.

Mənim bəxtim başı üstə durubdu,
Haçan baxdım,hardan baxdım qürubdu.
Bir dilbilməz həsrət üstə qırıbdı,
Simlərini neçə naşı könlümün.

Köksüm altda alovlanar,qor-ahlar,
Biçər məni göyərdikcə oraqlar,
Uçub getmiş kəkliyini soraqlar,
Yetim qalmış dağı-daşı könlümün…



***
Demişdin ki, saat 10-dan ordayam,
saat 10-dan 3-ə kimi gözlədim.
Day, gözləmək başqa nə cür olur ki,
bir adamsız küçə kimi gözlədim.

Fikirləşdim işi çıxıb, gecikir,
xəyalları xalı kimi toxudum.
O üzünə-bu üzünə çevirib,
bir qəzeti 50 dəfə oxudum.

Qovrulurdum, götürmüşdü şəhəri,
bu istidə qovurduğun ət iyi.
Siqar-siqar güllələdi ömrümü,
əlimdəki alışqanın tətiyi…

Yanğın üçün çağırışdı, haraydı,
bilirsən ki, mənim zəngim zəng deyil.
Zəng elədim götürmədin beş dəfə,
dedim, yəqin adamdı də, tək deyil…

Çox pis oldum,
sənə olan hisslərin,
gördüm daha kamançası çalınmır.
Heç olmasa iki kəlmə yazardın,
heç olmasa bilərdim ki, alınmır…

Gəlib-gedən, gedib-gələn baxırdı,
piltə-piltə sönüb gedən bu şama…
Ayrı vaxtı heç bu qədər dost-tanış,
qohum-qardaş rast gəlmirlər adama…

Çətin olur güc toplamaq sonralar,
adam gərək ilk görüşdən solmasın.
3-dən sonra səbrim tamam daraldı,
dedim gəlmir, gələn günü olmasın…

Hardasan

Könlümü göynədən xatirələrdən,
Gözümü kiminlə açım, hardasan?
Nə qədər hönkürüm şeir diliylə,
Nə qədər səninçün acım, hardasan?

Dilim heca-heca adında çaşır,
Məni sinəmdəki bu dağdan aşır,
Göz yaşım gözümdə Kür kimi daşır,
Baş alıb hayana qaçım, hardasan?..

Bu sevda tək əlnən çağlaya bilməz,
Qələm bu məktubu bağlaya bilməz,
Məni sənin kimi ağlaya bilməz,
Bəlkə də heç anam,bacım, hardasan?.

Günşəli-buludlu bir xəyal qurum,
Canımda nəfəsim, gözümdə nurum,
Gəlim, hansı söznən səcdənə durum,
Sultanım, kralım, racım, hardasan?.

Könül dəftərində bir əyri xəttəm,
Bir yığın sümüyəm, bir ovuc ətəm,
Dağılıb – talanmış bir məmləkətəm,
Taxtım hayandasan,tacım, hardasan?.

Özüm, öz oduma bürünüm mənim,
Yetərmi can versəm, bir ünüm mənim,
Hardasan şirindən-şirinim mənim,
Hardasan, acımdan-acım, hardasan?

Varıydı

Bir zamanlar ürəyimin içində,
İsitdiyim bir gözəl ad varıydı.
İkimiz də bir yuvanın quşuyduq,
Onda hikkə,məndə inad varıydı.

Dağ desəydi külüng alıb çapardım,
Ondan ötrü mərc gəlmişdim,apardım,
Gözlərində nə istəsəm tapardım,
Balığa su,quşa qanad varıydı.

Ara-sıra səndən yoxdu deyirdim,
Saçlarını şərf əvəzi geyirdim,
Acı-şirin hər sözünü yeyirdim,
Dilində tam,sözündə dad varıydı.

Hər görəndə söz salırdı bibim də,
Arzularım lillənirdi dibimdə,
Bircə dəfə gül istədi cibimdə,
Cəmi-cümü iki manat varıydı.

Barışmışdı əvvəliynən-sonuynan,
Uçub getdi kəpənəkli donuynan,
İndi tapıb deyəmmirəm onuynan,
Ayrı ömür,ayrı həyat varıydı.

Onnan getdi damağım da,dadım da,
Kəbini yox,uşağı yox adımda,
O sevgidən nə qalıb ki, yadımda,
Qabaq yenə yadımda yad varıydı.



***
Sənə çətin gəlir unutmaq məni,
Gözünün ilk ovu,nübarı mənəm.
Yalandan ağlama başqa ad çəkib,
Hələ də könlünün qübarı mənəm..

O səs qulağında mənim səsimdir,
O səsdən ürəyin əsim-əsimdir,
Saçında oynayan meh nəfəsimdir,
Qara tellərinin tumarı mənəm.

Dikəlməz gözündə saraylar çökən..
Könüllər qanadan,ürəklər sökən..
Yayın istisində zəhləni tökən,
Başına dolanan o arı mənəm..

Hər gün ürəyində yara keçərsən,
Ağappaq yolları qara keçərsən,
Sən məndən adlayıb hara keçərsən,
O hasar,o divar,o barı mənəm.

Qopar bu nəğmədən qopar sən,məni...
Gözündə-könlündə apar,sən məni,
Harda arzulasan taparsan məni,
Bütün Azərbaycan diyarı mənəm.



***
Vətən,hər imkanı,hər şəraiti,
Yaxşıya qymırsan,pisə verirsən..
Ürəyim səndən də qırılıb tamam,
Qızılın haqqını misə verirsən.

Gedirəm hələ ki,əl havasına,
Lənət əqrəblərin əqrəbasına,
Sevincin tapılmır can bahasına,
Dərdi harda gəldi nisyə verirsən.

Qanıq ovçulara bir ov deyiləm,
Heç kimə,heç nəyə girov deyiləm,
Mən Kəpəz deyiləm,Murov deyiləm,
Başımı nə üçün sisə verirsən..

Nə qədər zarıyar yeyilmiş bu val...
Görürsən dayanıb qeyrətimiz lal,
Əlini yalandan cibimizə sal,
Guya ki,bizə də nəsə verirsən.

Nə dərd həmdəmisən nə könül yarı,
Gedirik-gəlirik ömür biyarı,
Adını qoyubsan Odlar Diyarı,
Amma hamımızı hisə verirsən.

Var bu itaətdə bəlli yaşımız,
Nə haqla dik durur məzar daşımız,
Ölüb yerə girmir oğul başımız,
Şuşada yağıya busə verirsən..



***
Mən ondan hələ də baş açammıram,
Hər məni görəndə lal kimi olur.
Təbəssüm çəkilir gülər üzündən,
Sifəti dəyişib sal kimi olur.

Gəlhagəl kimindi,keşməkeş kimin,
Qəlbini qırmasın Allah,heç kimin,
Kimi sevirəmsə zalım eşqimin,
Meyvəsi ömürlük kal kimi olur.

Yalandan deyirlər çiçək kimidi,
Yalanlar məzmunca gerçək kimidi.
Məhəbbət sağalmaz xərçəng kimidi,
Qabaqca balaca xal kimi olur.

Xoruz var,kefinə düşəndə banlar..
Mətləbi,ariflər anında anlar..
Qızlar tez ayılır,amma oğlanlar,
Elə uşaqlıqdan mal kimi olur.

Tale düyün-düyün,buruq-buruq ki..
İflic arzuların boynu buruq ki..
Boş yerə o qədər oxuduruq ki,
Ömür də sürtülmüş val kimi olur..

Sülhə qol qoyubdu söz-sözü vurmur,
Keyfimi heç kimin nəşəsi qurmur..
Vüqarım dikəlib mıx kimi durmur,
Qürurum əyilib nal kimi olur.

Canımın odunda qaynayan xörək,
Bişginən,başıma nə gəlir görək,
Yaltağın bəh-bəhnən yediyi çörək,
Tula qabağında yal kimi olur..

Çiçəklər açılsın qırışında da..
Qal elə o namda,o nişanda da..
Ayaz heç danışmır,danışanda da,
Hər sözü yağ kimi,bal kimi olur..



***
Qoy bütün şəkillər qapqara çıxsın,
O aylı-ulduzlu fonu dəyişdim.
Yaşıl köynəyimi soyunub atdım,
Payıza köklənib donu dəyişdim.

Heç kimi tapmadım geri dönəndə,
Hamı susub qaldı kədər dinəndə,
Bir dənə pencəyim vardı,dünən də,
Apardım çörəyə onu dəyişdim..

Getdim savaşadək,getdim qanadək,
Dirəndim,dayandım ən son anadək,
Dərdimi Tanrıya anladanadək,
Yüz dəfə-min dəfə konu dəyişdim.

Gördüm ocaq sönüb,buxarı keçib,
Süfrədə baş yerə suxarı keçib..
Baxdım ki,arsızlıq yuxarı keçib,
Səsimi azaldıb tonu dəyişdim.

Çox şükür..Div-ata,div-ana,şükür..
Bu cırıq yastığa,divana şükür,
Yenə də hər nədi,İvana şükür,
Dostluğa yaramır Conu dəyişdim.

Dərdə saqqızımız saçaq-saçaqdı,
Vaxt qoca quldurdu,ömür qaçaqdı,
Axırı başqa cür qurtaracaqdı,
Özüm bilə-bilə sonu dəyişdim...



***
Mən ömrümü nəğmələrə çevirib,
Bir gün zildə, bir gün bəmdə yaşadım.
Vətənimin, millətimin çəkdiyi,
Hər ağrıda, hər sitəmdə yaşadım.

Yağlamadım hər alçağın çarxını,
Söyüb çıxdım bazarını-nırxını,
Həyatımın qırxyeddidən qırxını,
Acı dərddə, acı qəmdə yaşadım.

Canım getdi gədələrə biyarda,
Sərvət gördüm neçə-neçə xiyarda,
Mən bu cənnət dedikləri diyarda,
Ömür boyu cəhənnəmdə yaşadım.

Ümidimi nəm çürütdü, kif kəsdi,
Kimi gördüm Allah dedi, cib kəsdi,
Qabağımı bir buynuzlu div kəsdi-
Üz çevirib hansı səmtə,
yaşadım,..

Yiyəsizəm canım-gözüm ölkədə.
Gizləmədim vüqarımı kölgədə,
Mən yeganə adamam ki, bəlkə də,
Cəmi təkdə, təki cəmdə yaşadım.

Kilidləmə ürəyinin seyfini,
Qoy çıxardım o illərin heyfini,
Bu həyatın nəşəsini-keyfini,
Təkcə səni sevən dəmdə yaşadım.



***
Sənə görə gözlərimi qan örtüb,
Ən dəlidən ən dəliyəm, ən, demək..
İndi mənə bu dünyanın çəkisi,
Bir göyərçin dimdiyində dən demək..

Təzələnib ürəyimdə naxışlar,
Günəş kimi ərköyündü baxışlar,
Ara verib gözündəki yağışlar,
Çəkilibdi duman demək, çən,demək.

Dilim səndən bal götürür, yağ alır,
Arzularım sənə doğru tağ alır,
Yaralarım təkcə səndə sağalır,
Yaşayırıq biz bu ömrü tən, demək..

İçi-çölü, daşı-himi yox imiş,
Heç yox imiş, sənə kimi yox imiş,
Vəsaiti, müəllimi yox imiş,
Eh, bu imiş sevgi adlı fənn, demək.

Canım qalıb sən şüşədə div kimi,
Çox istisən yuva kimi, ev kimi,
Sənə qədər ən bahalı sevgimi,
Ürəyimdə saxlamışam mən demək..

Yesəm doymam, dilin kimi badam var,
Nə ağrım var, nə acım, nə qadam var..
Bu dünyada altı milyard adam var,
Məndən ötrü bütün dünya sən demək..



***
Telefonu qulağından ayırma,
Ara məni sübhə kimi oyaq qoy..
Gözlərimin həsrətindən ağarmış,
Qarasına əllərinlə boyaq qoy.

Sənə çoxdan olacaqlar əyanmış,
A,oxlanmış,a,dağlanmış,a,yanmış,
Acılara kişi kimi dayanmış,
Sinəmizi-sinəmizə qoyaq qoy..

Sağdan-sola,soldan-sağa qazmışam,
Bu məktubda nə lazımsa yazmışam,
İçimdəki qaranlıqda azmışam,
Gözlərini yollarıma mayak qoy.

Demə dönməz arzulasam heç o çağ,
Hələ sağdı içimdəki od-ocaq,
Menyumuzda başqa şeylər olacaq,
Süfrəmizə nə bal gətir,nə yağ qoy.

Səpildikcə vücuduna közlərim,
Hər yerində "yallı" getsin gözlərim,
İlk addımdan yıxılmasın sözlərim,
Dodağını dodağıma dayaq qoy..

Qəlbim səndən çox inciyib,çox sınıb,
İstəyimə neçə-neçə "yox" sınıb,
Bir də gördün val yeyilib ox sınıb,
Bir dəfə də biz tərəf ayaq qoy...



***
Könlümə baş qoyub elə yatıbsan,
Oyanmır damarın nə vaxtdı şeirim.
Elə bil min illik dərman atıbsan,
Xəbərin yoxdu ki,sabahdı şerim.

Eşqini heç zaman uzaqda bulma,
Səsini heç harda sıxma,boğulma,
Həyata,sinəmdən ölü doğulma,
Həyat nə amandı,nə ahdı şeirim.

Dərdini taleyin üstünə atma,
Gücsüzün haqqını güclüyə satma,
Fürsəti buraxma,vaxtı uzatma,
Laqeydlik özü də günahdı şerim..

Bir dəfə ürəkdi,min dəfə oxdu,
Həsrətin həmişə əyarı çoxdu,
Onsuz da həyatda heç biri yoxdu,
Nə haqqı çağırma,nə baxtı şeirim.

Başını dəyərsiz hər başa əymə,
Harda yaşayırsan get yaşa,əymə,
Ən yekə,ən qansız oğraşa əymə,
Bu gün imtahandı,sınaqdı,şeirim.

Bəlkə də ovçusan,bəlkə də ovsan..
Bircə sən qovarsan ağrımı qovsan..
Sən mənim üstümdə "Kalaşnikov"san,
Sənin bir adın da silahdı,şeirim.



***
Bu yol kəndimizə aparır məni,
Uzaqdan görürəm qarlı dağları.
Qoy hələ dodağım üzünə dəysin,
Öpəcəm doyunca bal bulaqları.

Bu yol kəndimizə aparır məni,
Yaşıl aynəbəndli o ev bizimdir.
Bu cığır düz gedib qapıya çıxır,
Bu mənim şəhərə gedən izimdir.

Ayağı kəsilib yelin,yağışın,
Hər yerə səmadan nur çilənib nur.
Gəlişim anamın qəlbinə damıb,
Həyət-bacamızı süpürür odur.

Quzu otarmışam bax,o yamacda,
Yastığım olubdu nazlı çiçəklər.
Görsə gəldiyimi kənd uşaqları,
Bir-bir muştuluğa yüyürəcəklər.

O çay da,meşə də o dağ da-düz də,
Ən şirin,ən gözəl xatiratımdır.
O əyri budaq da,yastı qaya da,
Bax o boz təpə də mənim atımdır.

Sevinir süpürgə,xəkəndaz belə,
Sevinir hələ bir hisli fanar da.
Çəliyə söykənmiş babam kimidi,,.
Bu qoca palıd da,bu xan çinar da..

Açıb qollarımı,qucaqlayıram,
Şehli çəmənləri,göy meşələri.
Gərək gözlərimə yığıb aparam,
Şəhərə dönəndə bənövşələri..



***
Bu zəmini göz yaşımla suladım.
Sünbülündə dən olanda gələrsən.
Hələ tezdi,o səndəki yaralar,
Məndəkinə tən olanda gələrsən..

Ayrılıqdı əzdirən də,əzən də,
Çox aldanma nə yuxuya,nə zəndə,
Divarlardan tuta-tuta gəzəndə,
Gözlərimdə çən olanda gələrsən..

Susqunluğun qulağımı dəng edib..
Axtararsan ara-sıra zəng edib,
Gözləyirəm möhlətim var,sən gedib,
O qabaqkı sən olanda gələrsən.

Allah olsun,şeytan olsun köməyin,
Çox olubdu bu həsrətdə əməyin,
Çətin olsa sağlığımda gəlməyin,
Bir daş dönüb mən olanda gələrsən..



***
Nə üzü zülmətə gedib qurtarır,
Nə üzü nuradı, mənim taleyim.
Nə bir zəfərədi,qələbəyədi,
Nə bir uğuradı mənim taleyim..

Balıqçı toruna üzən balıqdı,
Hər dərdlik,hər qəmlik,hər bəlalıqdı,
Ağlayan tapılsa Kərbəlalıqdı,
Birbaş Aşuradı mənim taleyim.

Hay salıb dizinə döyməyə dəyməz,
Kiməsə şər yaxıb söyməyə dəyməz,
Yalandan ağ deyib öyməyə dəyməz,
Qaradı-quradı mənim taleyim.

Ağır yük altında yatan dizimdi,
Bir dönük dilbərdən qəlb krizimdi,
Hər şeirim xəstəlik epiqrizimdi,
Yaradı-yuradı mənim taleyim.

Seçəndə arzunu,həvəsi seçdim,
Almağa-verməyə nəfəsi seçdim,
Özüm-öz xoşuma qəfəsi seçdim,
Dedim ki,buradı mənim taleyim...

Gəl

Sənsiz yuxum gözlərimə haramdı,
Sızıldayan kamanım gəl,neyim gəl.
Ayrılığın duz basılmış yaramdı,
Ürəyimdə qalmayıbdı heyim gəl.

Kimə susum,kimə dinim hardasan,
İnildəyim inim-inim,hardasan,
Kofeinim,heroinim,hardasan,
Sənsiz heç cür açılmayır keyim,gəl.

Bir gül açar bu şerin hər sətrinə,
Güllər baxıb xəcil qalar ətrinə,
Bu sevdanı qorumağın xətrinə,
İstəyirsən qurd dərisi geyim gəl..

Belə yanmaz-belə tütməz başqa şam,
Qorxmursanmı qəfil bir gün daşdaşam,
Mən ünvansız bir şəhərdə çaşbaşam,
Gedim kimin qapısını döyüm,gəl..

Səni necə uzaq tutum,yad çəkim,
Hansı dağda sinə döyüm dad çəkim,
Nə vaxtadək qorxa-qorxa ad çəkim,
Nə vaxtacan ürəyimi yeyim,gəl..

İkimizik,sən sevilən,mən sevən,
Bilirsənmi necə olur ən sevən..
Səni necə sevdiyimi sən sevən,
Bir çiçəyin qulağına deyim gəl..

Ömrümün

Heç bilmirəm harda düşdü əlimdən,
Tapammıram itiyini ömrümün.
Palıdını,çinarını qurudub,
Qoruyuram kötüyünü ömrümün.

A ümidim,a pənahım,a çıram,
Sabahımı harda gəldi açıram,
Gah dərmana,gah iynəyə qaçıram,
Yamayıram söküyünü ömrümün.

Nə saxladım ötən gündən tutiya,
Hanı o yol,ayaqlarım şütüyə,
Qabaqkıtək çəkəmmirəm ütüyə,
Qırışını-büküyünü ömrümün.

Gözlərimi toranlayıb çən daha,
At oynadır saçlarımda dən daha,
Usanmışam götürmürəm mən daha,
Nə səsini-nə küyünü ömrümün.

Varmı,gedim qəm olmayan pir yerə,
Sərilibdi hünər adlı şir,yerə,
Dəstələyib yığammıram bir yerə,
Arısını-pətəyini ömrümün..



***
Bir qotur maaşa gözünü dikib,
Üstümdə sağalmaz dərddi,yaradı.
İçini yalannan dərzi ağ tikib,
Cibimin əslində üzü qaradı.

Tikilib qoyulub aldanım deyə,
Adicə astardı,qiyməti yoxdur.
Dost-tanış yanında qürrələnməyə,
Cibimin bir tikə qeyrəti yoxdur.

Yükünü daşıyır guya bir evin,
Qıraqdan çoxunu yandırıb-yaxır.
Üstümə tikilən beş-altı cibin,
Hamısı ac-susuz əlimə baxır.

Qalmışam içində buzun soyuğun,
Əlimi saldıqca qaralır qanım.
Siz Allah,siz deyin bu boş oyuğun,
Durub keşiyində niyə dayanım.

Önümdə hər zaman "yox" kimi dağ var,
Analaya bilmirəm nədi bu kürlük.
Mən özüm cəhənnəm arvad-uşaq var,
Cibim oruc tutub puldan ömürlük.

Yəqin ki,"pulkəsən" vəfa qılmayıb,
Adımı ad kimi almayıb vecə.
Cibimin alnına pul yazılmayıb.
Nə paltar geyinsəm boşdu eləcə.

Bəxtimin

Yarpağı saralıb,çiçəyi solub,
İlahi,bir azca sula,bəxtimi.
Əyləşdir ağalıq, bəylik təxtinə,
Çevirmə,bu qədər qula,bəxtimi.

Saxlaya bilmirəm ehtiyat kimi,
Baxır yağı kimi,baxır yad kimi,
Məndən elə qaçır köhlən at kimi,
Tutsaydım satardım pula,bəxtimi.

Ləzzət eləmədi bir ömür biyar,
Hər iblis bir mələk donunda piar..
Düşüb gecə-gündüz diyarbədiyar,
Varmı bir ozan ki,bula,bəxtimi.

Nə dilim şəkərdi, nə yaram təzə,
Bir az da məzə qat,bu dərdə,məzə.
Bir bilet almışam gedər-gəlməzə,
Aparım azdırım tula bəxtimi.

Adamlar

Ocağıydı,çırağıydı qabaqlar,
Torpağıydı,vətəniydi adamlar.
Niyə belə birdən-birə yad oldu,
Anamıydı-atamıydı adamlar.

Nainsaflıq bu son həddə deyildi,
Hörmət-izzət yağda,ətdə deyildi,
Yüz sifətdə,min sifətdə deyildi,
Ya paraydı,ya tamıydı adamlar.

Necə döndü canavara hər quzu,
Hardan çıxdı iri əyri buynuzu,
Könül adlı süfrəmizin həm duzu,
Həm dadıydı,həm tamıydı adamlar.

Adı biznes,soyu biznes deyildi,
Yası biznes,toyu biznes deyildi,
İndikitək şou-biznes deyildi,
Qabaq bir az adamıydı adamlar..

Yaşayıram

Quruca nəfəsdi alıb-verirəm,
Mən sənsiz eləmə zənn,yaşayıram.
Tənliyi,düsturu beynimə girmir,
Bir ağır,bir çətin fənn yaşayıram.

Səsim qulağında dönməsin neyə,
Təsəlli tapmadım qurşandım meyə,
Görəndə əhvalın pis olar deyə,
Daha dərdimi də şən yaşayıram.

Dilimdən düşmədi bir gün adın heç,
Düşmədi,düşmədi,özgə qadın,heç..
Görəndə bəlkə də tanımadın heç,
Saçımda quşlara dən yaşayıram.

Sən eşq deyilsən ki,qansan-qadasan,
Uzaqdan-uzaqda qərib adasan,
Nə olsun bir ayrı xarabadasan,
Bu eşqi səninlə tən yaşayıram.

Hər dəfə kündəsi küt çıxacağam..
Bu qumar sevgidən lüt çıxacağam,
Şəkil çəkdirəndə cüt çıxacağam,
Mən axı içimdə sən yaşayıram..

Səyriyir dodağım dişimin üstə,
Ölümmü haqq olan işimin üstə,
Hər gün ağlayıram nəşimin üstə,
Sən elə bilirsən mən yaşayıram...