27 Avqust 2024 17:09
754
MƏDƏNİYYƏT

Çinə gedən Ermənistan Kukla teatrı, Gürcüstana gedən Azərbaycan kukla teatrı

Kinomatoqrafiyamız məhsuldar olmayan ən ağır günlərini yaşayır. Hazırda tamaşaçının zövqünü, bilgisini, marağını təmin edən filmlər çəkilmir. Tarixi keçmişimizi, (lap elə müasir dövrümüzü) qədim dövlətçilik ənənələrimizi, qəhrəmanlarımızı, tarixi şəxsiyyətlərimizi bəyaz pərdəyə mükəmməl şəkildə demirəm, eləcə köçürmək istəyən də yoxdur. Güc verilib, sabun köpüyü kimi mənasız seriallara ki, o da milli-adət ənənələri, mental dəyərləri yerlə yeksan edən “Braziliya serialları”ndan çəkilmiş “kopya”lardır.

Böyüklər, daha dəqiq, Azərbaycan kinosevərləri tələbatlarını You-Tube kanalından bir təhər ödəyirlər. Məsələn, adıgedən kanalda qeyri peşəkarlar tərəfindən müxtəlif ölçülü, müxtəlif səpgili , müxtəlif mövzulu filmlərə baxırlar.

 

Azərbaycanda  animasiya filmi var? Dünyaya  Azərbaycan gerçəklərini çatdıra bilirmi?

Bəs, kiçik tamaşaçıların tələbatı necə ödənir? Həmkarım Günay Şahmar bir neçə ay əvvəl bu sahəyə işıq salıb. Jurnalist araşdırmasında belə qərara gəlib ki, yerli seriallar, bədii filmlərin çəkilməsində inkişaf olsa da, animasiya kinosu sahəsində durğunluqdur:” Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANIMAFILM Beynəlxalq Animasiya Festivalının direktoru, prodüser, rejissor Rəşid Ağamalıyev deyib ki, sayı çox olmasa da hər il animasiya filmləri çəkilir: Ötən il iki film istehsal olunub, bunlar “Azanfilm” studiyasının “Baharın oğurlanması” və “Animafilm” studiyasının istehsal etdiyi “Hədis” animasiya filmləridir.

Azərbaycanda ildə bir-iki animasiya filmi çəkilir ki, onlar da qısametrajlıdır. İndiyə kimi ölkəmizdə tammetrajlı animasiya filmi çəkilməyib. Həmçinin, uşaqlar üçün animasiya serialı da çəkilməyib. Sevindirici haldır ki, hazırda bir neçə qısametrajlı, tammetrajlı və serial animasiya layihələri var. Onların üzərində iş gedir”.

Məlumat üçün onu da qeyd edim ki, "Hədis" qısametrajlı cizgi filmi 21 sentyabr 2022-ci ildə İranda etiraz aksiyaları zamanı molla rejimin məmurları tərəfindən güllələnərək öldürülən 22 yaşlı azərbaycanlı gənc Hədis Nəcəfiyə həsr olunub. İran rejiminin mənfi xüsusiyyətini bədii dillə verilməsidir. Dünyanın İrana qıcıq olduğu bir vaxtda film diqqət çəkib.

  “Hədis” qısametrajlı animasiya filmi 14-cü Paris Beynəlxalq Animasiya Film Festivalının (PIAFF, Paris International Animation Film Festival) “Tamaşaçı mükafatı”nı (“Audience Award”) qazanıb.  “Hədis” 38 beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan dördü - Annecy, Busan, Animest və İzmir “Oscar” kvalifikasiyalı festivallardır. Film Türkiyə, Almaniya, İtaliya, Fransa, Qazaxıstan, Gürcüstan, Azərbaycan beynəlxalq kino festivallarında mükafatlar qazanıb. 

 Maraqlıdır, mövzu sizə də qəribə gəldi? Azərbaycanda mövzu qıtlığıdır ki?Yoxsa, şəxsiyyət yaxud  dərd , problem azdır? 30 illik qaçqın- köçkün həsrəti, yurd nisgili,   Xocalı soyqırımı, vətən müharibəsi mövzuları cizgi filminin ssenarisi ola bilərdimi?  

Deyək ki, bu bizim animasiya filmlərindəki uğurdur Deməli, cizgi filmi çəkməyi bacaran var, amma 2024-cü ildə niyə bir cizgi filmi çəkilib ortaya qoyulmayıb, məsələ bu!

 Çox araşdırdıqdan sonra məlum oldu ki, Azərbaycan Dövlət Kukla Teatrı bütün mövsümləri uğurla yola salıb, amma sonuncu dəfə iyun ayından Biləcəridən o yana keçə bilib. Gürcüstanda səfərdə olub.
Burada beynəlxalq teatr festivalında iştirak məqsədi ilə baş tutan səfər də hətta mükafat daalıblar. Teatrın mətbuat xidmətindən bildirildi ki, Azərbaycan kuklaçıları teatr bayramında “Məlikməmməd” (Azərbaycan xalq nağılı əsasında) tamaşasını nümayiş etdirərək münsiflər heyətinin rəğbətini qazanıblar.

Kuklaçılar 10-a yaxın ölkədən kukla teatrı kollektivlərinin təmsil olunduğu festivalda “Ən yaxşı səhnə həlli” və “Ən gözəl kukla” nominasiyalarında mükafata layiq görülüblər.

Bunu da qeyd edim haqsızlıq olmasın:bir də Beynəlxalq səfərlər sırasında Kalininqradda (RF) reallaşan ənənəvi “Rus teatrı – xaricdə rus mədəniyyəti institutu kimi” konfransında iştirak ediblər. Yəni, mediayada çıxan xəbərlər bundan ibarətdir. (iyun-iyul ayları)

 

 Animasiya filmləri belə, erməni yalanlarını dünyaya sırımaq üçün  tutarlı alətdir...

İndi nəzərə alsaq ki, ermənilərin də ötən il çəkdiyi cizgi filmi dünya gündəmindədir və rejissor İnna Sahakyanın "Avrora şəfəqi " (Aurora’s sunrise) cizgi filmi 2023-cü ilin 25 ən yaxşı filmi sırasındadır.... Uğurun hansı ölkəyə aid olduğu bilinər. Yeri gəlmişkən, “Avrora şəfəqi” animasiya həm də sənədli filmdir. (erməni bicliyi-red-Ə.R) Film guya qondarma erməni soyqırımından xilas olunan Arşaluys (Avrora) Mardiqanyanın keçdiyi "acı" həyat yolu haqqındadır. Filmdə onun Hollivud səssiz filminin ulduzuna necə çevrildiyi təqdim olunur.

Çəkdikləri bədii filmlər kimi də , çəkdikləri  cizgi filmləri də  özlərinin mənafeyini güdür.

Və çox təəssüf edirəm ki,  teatr  sahəsində də bizi üstələyən düşmən ölkədən yenə  sitat gətirməli olacağam. Deməli, ermənilərin səsi uzaq Çindən gəlir . Erməni mediası yazır ki, ötən həftə Çinin Şanxay, Şençjen, Cinyanq, Ankanq və Nantunq şəhərlərində 1-ci “Kiçik qala” Beynəlxalq Kukla Teatrları Festivalı keçirilib. Tumanyan adına Milli Kukla Teatrı “Barmaq izi” tamaşası ilə festivalda iştirakçı olub.
Festivalda Rusiya, Almaniya, Bolqarıstan, İspaniya, Çin, Polşa və İrandan da teatr kollektivləri iştirak edib.
Tumanyan adına Milli Kukla Teatrı Çinin 5 müxtəlif şəhərində 7 müxtəlif platformada - ümumilikdə 14 tamaşada "Barmaq izi" tamaşasını nümayiş etdirib, onlara 5000-ə yaxın tamaşaçı baxıb.


Tamaşaçılar tamaşanı çox isti qarşılayıblar.Tamaşa festival təşkilatçıları tərəfindən yüksək qiymətləndirilmişdir”.
Bundan başqa Moskvadakı Erməni Teatrı da “dinc durmayıb. Teatr dünən- 26 avqustda isə Rusiya və MDB ölkələri xalqlarının milli teatrlarının “Ərik” festivalı çərçivəsində Moskva Xalq Teatrının “Hayastan” pavilyonunda Hovhannes Tumanyanın “Kim əylənir, əylənməz” kukla tamaşası erməni və rus dillərində nümayiş etdirilib Tamaşanın müəllifi, Moskvadakı Erməni Teatrının bədii rəhbəri Slava Stepanyan ...
Bəs , bizim kukla teatrı nə vaxt Çinə gedəcək?Bəs nə vaxt milli kinomuz “Oskar”ın siyahısına düşəcək? Bəs uşaqların hərtərəfli inkişafında vacib olan animasiya filmlərimiz nə vaxt çəkiləcək ? Görəsən , bu sualları mədəniyyət nazirliyinə ünvanlasam,  inciməzlər ki?

 Əntiqə Rəşid