ÇÜNKİ... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
1868 | 2021-12-14 09:20

İstər-istəməz gözünə soxulur adamın xəbərlər. Telefon əlindədir axı, bütün xəbərləri tezis şəklində çatdırırlar. İki əmioğlu düşmən halına gəlib də üz-üzə durublar. Hətta nüvə müharibəsindən söhbət gedir. Ruslar əməlli quduz görkəm alıblar, ukraynalılar cırmaqlaşır. Vova ilə Sem dayı danışırlar.

 

Qərb ölkələri məsum maskalarını taxıb da soyuq qış günlərində zalım imperialist qüvvələrdən şikayət edir. Milyardlıq Hindistan milyonluq Rusiya ilə dolların istifadə ləğvi barədə anlaşırlar. Absurd... Dolların yiyəsi ölməyib ki... Cəhənnəmə ki, deməyim gəlir... Qıtlıq şəraitində yaşamağa öyrəşmiş adamlarıq. Anam həmişə kibrit, sabun, un, duru yağ saxlayırdı evdə. Müharibə görmüş adamların əksəriyyəti beləydi. Azuqə ehtiyatı olmalıydı. Biz də gördük müharibənin ağrı-acılarını. Dünya böhranını gördük... Pandemiya yaşayırıq... Atam danışırdı – müharibə illərində qış o qədər sərt keçirdi ki, heç ot da bitmirdi... Ki, camaat pencərdən-filandan yığıb yeyə bilsin. Bədlik gələndə batmanla gəlir... Aclıq olsa?.. Buna cəhənnəmə ki... demək olmayacaq.

 

                                                                                         ***

 

Hər dəfə il başlayanda münəccimlər proqnoz verirlər – gələn il ruzili-bərəkətli olacaq!!! Hələ yeni proqnozları görməmişəm. Ruzi-bərəkətdən danışmaq kinayə etməyə bənzəyərdi. Kimin üçün – onu demirlər... Məlumdu zatən... Dava-dalaş sarıdan bərəkətli olur hər ilimiz... Yalan sarıdan xəzinə lap doludu...Və bu yalanları təsdiq edib tarixə salmaq ənənəmiz də var...

 

                                                                                         ***

 

Nəsə çoxsaylı böyük qardaşlar da bir qərara gələ bilmirlər. Nə şimaldakılar, nə qərbdəkilər - bilmirlər ki, bizi sevsinlər, ya yox. Şərqli olsaq da burda da bizə yiyə duran yoxdur. Şimaldakıların siyasəti məlum, qərbdəkilərinki zay, şərqlilərin heç yoxdur. Qalır cəhətlərdən cənub. Bəlkə afrikalılarla qohum olaq? Onsuz da gəlib-gedənlər bizimlə qara adam kimi rəftar edirlər. Bəlkə qaralarla birləşsək bir ağ günə çıxarıq? Obama kimiləri olsa lap yaxşı. Yol ayrıcında qalıb it hürən tərəfəmi, yoxsa işıq gələn tərəfəmi sualı adamı çaşdırır. Böyük mədəniyyətlərin və böyük siyasətlərin qovşağında yaşamağın öz çətinlikləri var. Bütün bunları dəf etmək üçün qardaşlarımızdan əxz etdiyimiz bir xasiyyət köməyimizə çata bilər. Bildiniz nəTezis, tezis, tezis... Özünüz yazın (həm də oxuyun), amma siyasi beyinlə yazın... Nifrət artır... Əlac nədir???...

 

Məşhur bir ifadə var İkinci Dünya Müharibəsinə aid – Elbada görüş. Müttəfiq qoşunlar Almaniyanın sərhədlərini keçəndə görüşməliymişlər. Gizli əmr olur: kim olduğuna fikir vermədən əzib keçmək!!! Müttəfiqlər savaş dövründə Stalini çox aldatmışdılar – ikinci cəbhənin açılmasını uzatmaqla. Artıq müharibə sona yaxınlaşanda hazır tortun böyük tikəsini ələ keçirmək üçün qoşulurlar gedişata. Stalin təbii olaraq bunu bilirdi və ordu hissələrinə də elə müttəfiqləri guya tanımadıqları üçün alman-faşist əsgərləri kimi qırmaq əmri verilmişdi. Nə qədər çox irəli getsələr bir o qədər torpaq Qızıl Orduya aid olacaqdı. Uzun illər bu hadisənin üstündən sükutla keçdilər. Kimsəyə sərf eləmirdi açıqlanması...

 

Müharibənin öz şərtləri var – şərtlərə sığmayan şərtlər. Və təbii ki, güc diqtə edir çox şərtləri. Stalinlə razılaşmağa məcbur idilər. Şərqi Prussiya Sovetin nəzarətinə keçdi böyük miqyasda. Kalininqrad şəhəri haqqında çoxları eşidib, amma bu şəhərin qədim alman şəhəri Keniqsberq olduğunu nə qədər adam bilir? 1945-ci ilin aprelində şəhər güclü döyüşlər nəticəsində (fikirləşirəm nə yazım – işğalmı? İşğal deyil axı, kim çağırmışdı almanları başqa torpaqlara? Fəth deyim? Bu da alınmır) ələ keçirilir (bu daha uyğun olacaq). Müharibənin əvvəlində 370 min əhalisi olan şəhərin 1945-ci ildəki sayı 20 min idi. Bombardmanlarda həlak olanlar, qaçıb gedənlər... Və gəlirik əsas məsələyə - Potsdam konfransından sonra müvəqqəti olaraq sovetin nəzarətinə keçən şəhər az sonra qatılır sovetin tərkibinə. Bu dəfə həmişəlik. Əhalisi də Almaniyanın başqa bölgələrinə deportasiya olunur... Hamısı... 1947- ci ildə baş verir bu hadisə... İndi Kalininqradda 4 faiz alman qalıb. Onlar da yəqin o vaxtlar ruslarla evlənib qalanlardı...

 

Bir vaxtlar Lenin Brest sülhünü bağlayanda onu ittiham edənlər çox olub – rüsvayçı şərtlərə razı olduğu üçün. İndiyə qədər də davam edir bu müzakirələr... Hər halda dağılmış ölkəni daha böyük parçalanmadan qurtara bildi. Əvvəldən azadlıq söz verdiyi ölkələr olub – Polşa, Finlandiya kimi. Başqa şərtləri isə zaman və məkan kontekstində həll edib. Məsələn, Atatürklə anlaşıb – 1877-ci ildən Rusiya imperiyasına aid olan Qars vilayətini və ətraf bölgələri verib Türkiyəyə (erməni mənbələri buraları "poteryannaya Armeniya” adlandırır). Halbuki rus əsgəri də qan töküb almışdı həmin yerləri. Qansız qaytardı, anlaşdılar... Bəlkə, anlaşmaq daha məqbuldu? Atatürkdən sonra uzaqlaşdılar bu prinsiplərdən – yurdda sülh, cahanda sülh – deyimindən. Uzaq hədəfləri görə bilmək hər siyasətçiyə xas deyil... Eqolar mane olursa, vətəndaşın zülm çəkəcək... Özləri öz aralarında anlaşıb dil tapsaydılar, biz də virusun çarəsin tapardıq...

 

Onlar deyir ki, bizə inanmırsız. Biz deyirik ki, inanırıq. Onlar da bizim inandığımıza inanmırlar... Belə qarşılıqlı inam şəraitində keçinib gedirik...

 

Dedin... inandım. Təkrar elədin... şübhələndim. And içdin... bildim yalan deyirsən...

 

Bizim asudə vaxtımızla hansı təşkilat məşğul olacaq? Agentlik yaradacaqlar?

 

Hərənin öz arşını var – hər balaca adamın da, hər böyük dövlətin də. Əgər hər kəs öz kefinə uyğun yox, ümumi qayda-qanuna uyğun yaşasaydı, dünyada hər şey düz olardı. Nə müharibələr olardı, nə dava-şava, nə də narazılıqlar. Ölçü hissini itirən hər hansı şəxsmi, qrupmu, rejimmi, dövlətmi ortaq standartlardan uzaqlaşır və bundan sonra əmələ gələcək münaqişələrə səbəb olur. Bir xalqa məqbul olan, digərinə yaddır. Hətta poetik obrazlar belə eyni qavranılmır. Deyək ki, dilimizin normalarından çıxış edərək kimisə qocaman palıda bənzədirik, ruscaya tərcümədə bunu kimə desək nəticəsi heç yaxşı olmayacaq. Ya da avropalının norma kimi qəbul etdiyi zarafatı şərqli təhqir kimi anlayacaq. Demək, nə qədər ümumi standartlardan danışsaq da hər bir insanın da, xalqın da, dövlətin də öz standartları var. Və hər kəs də öz işini bu ölçülərdən çıxış edərək qurur. Vay o gündən ki, hər hansı ümumi işə xidmət edən qurumların hərəsinin öz ölçüsü yaransın və bu da nəticədə hər kəsin özünün kef standartlarını, normativlərini meydana çıxarsın. Yəni, hər hansı bir yerdə "kefim belə istəyir" prinsipi ilə hərəkət edəndə nəticəsi nə olacaq, özünüz düşünün. Neçə min illərdir din kitabları insanları düz yola çağırır, bəşəriyyətin neçə faizi düzəlib? Neçə min illərdir ədəbiyyat, sənət insanları tərbiyə eləməyə çalışır, nə düzəlib? Konstitusiyalar, qanunlar, cəzalar insanların hansısa bir qismini nədənsə çəkindirə bilir. Böyük faiz öz bildiyini edir və bu şəkildə uğur da qazanır. Arşın kimin əlindədirsə, ədalətin, həqiqətin açarı da onun əlindədir. Ha çığırıb-bağırsanda ki mən haqlıyam, xeyri yoxdur. Güclü kimdirsə, haqlı da odur. İstər xarici siyasətdə, istər daxili. Bununla barışıb yaşamağı öyrənmək lazımdır. Deyə bilərsiniz ki, biz öyrəncəliyik – olsun. Bəzən standartdan kənar standartlara öyrəşmək ağrılı olur. Həmin vaxt atalarımızın bizə miras qoyduğu məsəlləri xatırlayın. Kişilər deyib gediblər, bəhrələnin: “Ağa deyir sür dərəyə, sür dərəyə”. Sonra da “ağa durur, ağacan durur”. Bir problem var ki, ağaların sayı çoxdur, hansının sözüynən oturub-durmaq məsələsi ortaya çıxacaq... Standartlardan kənar standartlarla yaşamağın çarəsini tapa bilsəydik...

 

Şərtlər... Və onlara sığmayan şərtlər... Ən böyük şərt isə güclü olmaqdı... Və güc də gücdən fərqlənir...

 

Bir nəfər hündür budaqlardan düşə bilməyən pişiyi qurtarmaq üçün ağaca dırmaşır. Pişiyi xilas edir, özü isə ilişir qalır ağacda. İtfaiyyə gəlir yardıma. Bizim işlərimizə bənzəyir, eləmi? İnam yaratmaq üçün it-pişik demədən ağaca çıxanlar idarə edir situasiyanı. Nəticə məlum. Nə işdisə yazan-pozanlar əmr kölgəsindən qurtara bilmirlər. Hamının da şəxsi yazanları var – məhz onların dediyi kimi yazmalısan, o zaman sənə rəngli nağıl bəxş edəcəklər.

 

Və kimsə nəsə bilirsə, elə dəhşət nifrət edirlər ki...Və kimsə özünə hörmət qoyursa, bu da nifrət səbəbidir. Hamı boğaza qədər çirkaba bulaşmalıdı, yoxsa nağıl olmayacaq. Ya da rəngli olmayacaq...

 

Ekstremal vəziyyətlərdə hamının sifəti açılır.

 

Köhnələr çox bildiklərindən pislik edirdi, təzələr heç nə bilmədiklərindən... Hansı daha pisdi? Bunu da mən bilmirəm.

 

Məsləhəti kim verir bu maraqlıdı – Aydan gəliblər? İmperiya dövləti deyilik, saray ənənələrimiz yoxdu, aristokrat ailələrin (yəni kökü məşhur) sayı azdır... Hamı necə yaşayır, həyat tərzi nədi, nəyə inandırmaq olar – bunu bilməyə nə var? Özünüzü niyə San-Fransiskodaki kimi aparırsız ki? İkicə saatlıq hündür yer görən kimi niyə coşursuz???

 

Uzun illərin acı təcrübəsi boy göstərir hər addımda – dinmə, danışma, hər şey gözəldi...Tamam da, bu qədər adamın ağzına yaylıq atmaq mümkün deyil. Onlar da adını dəyişir və gizli adlarıyla nifrət qusurlar. Öz adlarıyla "bəh-bəh" edirlər, 30-40 gizli adla "lənət olsun" (təxminən) deyirlər. Ürəkdə söz yığışanda ağır olur vəziyyət... Bunun qarşısın necə almaq olar ki???

 

Efirdə gördükləri ən adi bir adama nələr deyirlər, İlahi... Səbəb çoxdu – adi insan paxıllığından tutmuş, bildikləri yalanlara qədər... Adi tərbiyəsizliklərə qədər...

 

Məsələn, kiminsə haqqında kütləvi səhifələrə nəsə bir məlumat atırlar, bilərəkdən atırlar. Nəticəsi məlumdu. Bilirlər ki, nə deyəcəklər...Və sonra bir-iki adama tərif yazmaq tapşırırlar... Guya kimdəsə abır qoyublar ki, kimsə də dinləsin... Neçə ildi bu proses davam edir, indi dəyişmək olmayacaq bunu... Hamı özündən istefa versə (özlüyümüzdən)... Görək "nağarajaxlar”...

 

Elə mövzular var susmaq lazımdı...

 

Ta özünüz bilərsiz... Sizə qalmış… Hamınız ağıl dəryasısız...

 

                                                                                      ***

 

Nəsə bir yanlışı olanda Fərəhə deyirdim, niyə belə elədin? Cavab verirdi – çünki...

 

İndi bütün sualların cavabı budur – ÇÜNKİ...

 

Neçə ilin söhbətidi – Fərəhi qucağıma götürmüşdüm, Sara narazılıq elədi ki, nənə, mən əvvəl yorulmuşdum eee...

 

Adam demək istəyiree, mən əvvəl yorulmuşdum axı…

 

                                                                                   ***

 

Fikir verirəm, biz babasız ola bilmirik. Köhnə babaları yola saldıq, təzələri qondu öz "baba"sıynan. Halbuki bir Baba olanda hamı dinc yaşayırdı. Bəşəriyyət çoxdan monoteizmə keçib, bunlar yenə politeizmə qayıdır...

 

                                                                                  ***

 

Bataqlığın qaydası budur – çox çabaladıqca, çox batırsan...

 

 

Tezisləri yeridə bilmək və fikrini təsdiq etmək üçün özünü övliya yerində görmək lazım deyil – inqilab (ya da islahat) etmək üçün çox xırdalıqları düşünmək gərək. Lap böyük imperiyalarda da, lap kiçik qəsəbələrdə də... Bənzər hadisələri xatırlayaq – amma hər şey mətbuatın ələ keçirilməsindən başlayır. Deyək ki, indi mətbuat çoxsahəlidir, böyükmiqyaslıdır, ancaq kökü eynidir. Və ərincəklik etmədən mətbuatı (ən azından imzaları) izləmək labüddür. Yalnız tapşırıqla yazılmış nümunələr yardımçı olmayacaq. Kütlə son vaxtlar elə tərbiyə olundu ki, ya söyür, ya da vəcdə gəlir. Orta həddə yer qoyulmayıb. Və hətta söyənləri təqdir edən məmurlar da mərkəz cinahlarda duran adamları GÖRMÜR!!!

 

Yəni məsələ bundadır ki, insanlar çəpər çəkib ölkələri bölsələr də tsiklonlar, hava axınları sərhəd tanımır. Və kimsə fikirləşirsə ki, başqa ölkələrdəki havalardan mənə nə – böyük səhv eləyir! Eyni fikri siyasi havaya da tətbiq etmək lazımdır. Siyasi tsiklonlar da çox etkiləyici gücdədir. Ən azından pandemiya hamını bir çətir altında birləşdirə bildi...

 

 

 

TƏQVİM / ARXİV