FİKRƏT ƏMİROVLA BİR GÖRÜŞÜN TARİXÇƏSİ… - Vaqif TANRIVERDİYEV yazır

Fikrət Əmirov - 100
Gəncənin dünya mədəniyyəti və incəsənətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biri də bəstəkar Fikrət Əmirovdur. SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, bir sıra digər fəxri adların və sənət mükafatlarının müəllifi Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümüdür.
Yubiley münasibətilə dövri mətbuatda dərc olunan təbrik və təəssüratlar dahi bəstəkarın Gəncə səfərlərindən birində onunla söhbət zamanı keçirdiyim hissləri, aldığım təəssüratları yenidən yaşatdı.
Həsən Həsənovun Gəncəyə rəhbərlik etdiyi 1979-1980-ci illər qədim şəhərin yüksəliş səlnaməsində çox şərəfli səhifə təşkil edir. O illərdə Gəncə respublikada keçirilən mədəni tədbirlərin mərkəzinə çevrilərdi və bu görüşlərdə təkcə respublikamızda deyil, İttifaq miqyasında tanınmış mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər iştirak edərdilər.
Yazıçı və şairlər Anar, Nəriman Həsənzadə, Hüseyn Arif, Əzizə Cəfərzadə, Mirvarid Dilbazi, Cəmil Əlibəyov, Tofiq Bayram, Nüsrət Kəsəmənli və başqaları ilə keçirilən görüşlər, onunlarla söhbətlərimiz “Gəncənin səsi” qəzetinin o vaxtkı səhifələrində “yaşayır”.
Bəstəkar Fikrət Əmirovla görüşüm də həmin o illərə təsadüf edir.
Qəzetin redaktoru, rəhmətlik Sabir Hacıyev çağırıb, dedi ki, bəstəkar Fikrət Əmirov şəhərimizin qonağıdır, şəhərdə aparılan yenidənqurma və abadlaşdırma işləri ilə tanış olur. Birinci katib Həsən Həsənov tapşırıq verib ki, onunla görüşüb, şəhərimiz haqqında, burada həyata keçirilən işlər barədə təəssüratlarını oxucularımızla bölüşək. Yerinə düşdüyü üçün deyim ki, Həsən müəllimi şəhərdə görülmüş işlərlə bağlı tərifdən daha çox qonaqlarımızın istək,Ş arzu və təklifləri maraqlandırırdı.
Qəzetimizin foto-müxbiri Rum Arıxovla yollandıq bəstəkarın “hüzuruna”. Mən söhbət aparıb, qeydlər etməli, Arıxov da fotolar çəkməli idi. Gənc müxbir kimi dünya şöhrətli bəstəkarla söhbətimiz çox maraqlı və yaddaqalan oldu və 40 ildən artıq vaxt keçsə də bütün təfərrüatlar bu günkü kimi yadımdadı.
Müsahibə hazır olduqdan sonra oxunması üçün birinci katibə təqdim edildi. Qayda belə idi, şəhərdə həyata keçirilən işlərlə bağlı yazılanları şəxsən birinci katib özü oxuyurdu. Özü də həssaslıqla oxuyar, lazım bildiyi düzəlişləri də edirdi. Jurnalistlər yazdıqlarına kənar müdaxiləyə çox qısqanclıqla yanaşarlar. Amma Həsən Həsənovun qeyd və düzəlişlərini təcrübəli jurnalistlər də qəbul edirdilər. Elə həssas əlavə və düzəlişlər edirdi ki, razılaşmamaq mümkün deyildi. Təcrübəli partiya işçisi olsa da redaktələrində təcrübəli redaktor səriştəsi hiss olunurdu.
Qəzetin redaktoru Sabir Hacıyev yazını katibin oxuması üçün apardıqdan bir qədər sonra qorkom partiyadan zəng gəldi. Dedilər Həsənov səni çağırır. Mən otağa daxil olanda müsahibə əlində idi, hiss olunurdu ki, oxuyub, düzəlişlərini edib.
- Yazı çap üçün hazırdır, dedi, - Söhbət zamanı Fikrət müəllimə özünü şəhər qəzetinin müxbiri kimi təqdim etdinmi?
Sual məni çaşdırdı. Çünki jurnalist kimi müsahibə almaq üçün artıq məni təqdim etmişdilər. Belə incə məqama əhəmiyyət verməmişdim. Cavabım birinci katibi razı salmadı.
- Fikrət müəllim şəhər dəmiryol vağzalındadır, bir azdan qatar yola düşəcək, çalış çat, şəhər qəzetinin müxbiri kimi özünü təqdim et. Çatmasan Bakıya yollan. Fikrət müəllimin, dünya ölkələrinə çoxsaylı səfərləri olur, qəzet və jurnallara, radio və televiziyalara müsahibələr verir. Ola bilsin, sənin müsahibəni oxumaq fürsəti olmayacaq, amma Gəncənin şəhər qəzetinin müxbirinə müsahibəsi yadında qalsa, burada görülmüş işləri də söhbət düşəndə xatırlayacaq.
Sonra əlavə etdi ki, Gəncə respublikanın ikinci sənaye və mədəniyyət mərkəzidir, burada ölkə mətbuatının çoxsaylı bölgə müxbirləri də fəaliyət göstərir.
Haqlı irad idi.
Biz dəmiryol vağzalına çatanda, qatarın yola düşməsinə çox az qalırdı. Vağzalda qələbəlik idi, gəncəlilər öz dünya şöhrətli həmyerlilərini yola salmaq üçün gəlmişdilər.
Nə qədər çətin olsa da bəstəkarla görüşmək imkanı tapdıq. Bizi sual dolu baxışlarla qarşıladı. -
Nəsə yaddan çıxıb- deyə sorşdu. Gəlişimizin səbəbini biləndə gülümsündü:
Bu təəssüratları yazanda şəxsi foto-albomumda görkəmli bəstəkarla birgə çəkilmiş foto axtardım.
Tapılmadı. Foto-müxbirin çəkdiyi çoxsaylı fotolardan götürüb o dahi insanla söhbətimizdən xatirə kimi saxlamaq yadıma düşməyib. Görünür, bu da o vaxtkı gənclik təcrübəsizliyinin nəticəsidir.
Çox təəssüf…
Vaqif TANRIVERDİYEV
Gəncə.
Digər Xəbərlər

Qənirə Paşayevanın vəfatı ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başsağlığı

Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək

Günay Əfəndiyeva Bişkekdə keçirilən açılış mərasimində iştirak edib

Bakı Xoreoqrafiya Akademiyasında Anım Gününə həsr edilmiş tədbir keçirilib

Günay Əfəndiyeva Qırğız Respublikasının Dövlət Katibi Suyinbek Kasmanbetov ilə görüşüb

Beynəlxaqlq Türk Mədəniyyəti və İrsi Fondu Anlaşma Memorandumu imzaladı

Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını rus dilində çap edib
