adalet.az header logo
  • Bakı -°C
09 Iyun 2026 17:56
67
ƏDƏBİYYAT
A- A+

Daxilimizdəki Hakim

1957-ci ildə ekranlaşdırılmış “12 Angry Men” filmini izləyənlər bunu yaxşı bilirlər: bir insanı günahlandırmaq çox asandır. Halbuki hər kəs günahı sübuta yetirilənədək təqsirsiz sayılır. Günahı sübut etmək səy və zəhmət tələb edir. Səy tələb edən işlər isə çox vaxt diqqətdən kənarda qalır, tez unudulur. Halbuki əsaslı bir şübhə belə ilk hökmü dəyişməyə kifayət edə bilər. Hər birimizin daxilində hər gün, hər saat görünməz məhkəmələr qurulur. Çox zaman heç bir araşdırma aparılmadan hökm verilir. Daxilimizdəki səslər xorunda ən gur eşidilən səslərdən biri ittihamçının səsdir. Təqsirləndirilən tərəfin vəkili isə öz vəzifəsini layiqincə yerinə yetirmədikdə, daxilimizdəki hakim ən qısa zamanda onu günahkar elan edir.

Özünütənqidçi səs kimi də tanıdığımız bu daxili səslər psixoloji sağlamlığımız üçün son dərəcə dağıdıcı və sarsıdıcı nəticələrə səbəb ola bilər. Gün yeni başlayarkən daxilimizdəki qəzəbli insan söz almağa başlayır. Aynaya hər baxışımızda əslində yalnız simamızı görmürük; bir qədər diqqətlə nəzər salsaq, illərdir daxili dünyamızda hökmranlıq edən o görünməz fiqurun izlərini də seçə bilərik. Ancaq necə ki, göz özünü görə bilmir, eləcə də çox vaxt bu səsləri həqiqi səsimiz hesab edirik. Onların bizdən ayrı bir varlıq kimi fəaliyyət göstərdiyini fərq etmək isə heç də asan olmur.

Məhz buna görə də, üzərimizə yağdırılan ittihamların və amansız hökmlərin ağırlığını daşıyarkən həmin səsi sorğulamaq getdikcə çətinləşir. Zehnimizin dumanlı vadilərində gizlənən bu daxili səs nə kifayət qədər yaxşı insan olduğumuzu qəbul etməyə imkan verir, nə də çatışmazlıqlarımıza anlayışla yanaşmağı.

Psixologiyada bu daxili səslərin xarici səslərdən necə formalaşaraq daxililəşdirildiyini izah edən çoxsaylı nəzəriyyələr mövcuddur. Söhbət uşaqlıq illərində valideynlərimizin, müəllimlərimizin və cəmiyyətin bizə təlqin etdiyi, zaman keçdikcə isə öz səsimiz kimi qəbul etdiyimiz düşüncə və mesajlardan gedir. Bir vaxtlar kənardan eşitdiyimiz bu səslər sonradan daxili dünyamızın ayrılmaz hissəsinə çevrilir və çox vaxt fərqinə varmadan həyatımıza istiqamət verməyə başlayır. Bəzən kifayət qədər çalışmadığımız üçün tənbeh edilirik, bəzən hisslərimiz çox emosional adlandırılır, bəzən isə başqaları ilə müqayisə olunaraq yetərsiz və ya natamam elan edilirik.
Nə qəribədir ki, bu daxili səslər başqalarına göstərdiyi mərhəməti çox zaman özünə göstərməmiş olur. Öz kədərimizə səbir və anlayışla yanaşmağımıza imkan vermir. Halbuki başqasının dərdi qarşısında yumşalan qəlbimiz, özümüzə gəldikdə asanlıqla daşa dönür.Niyə? Çünki içimizdəki bu qəzəbli səslər bizim üçün tamam başqa meyarlar müəyyən edib: “Yalnız uğur qazandıqda dəyərlisən.” “Yalnız güclü olduqda sevilə bilərsən.” “Zəiflik xarakter çatışmazlığıdır.” Bu sərt qaydalar zamanla həyatımızı idarə edən görünməz bir cəza sisteminə çevrilir; sanki daxilimizdə durmadan çalışan, hökm verən və bizi ölçən səssiz bir məhkəmə kimi. Bəzən bu səslər sanki bir avtoritet kimi danışır: “Belə olmamalı idi.” “Bu çoxdur, bu azdır.” “Bunu necə edə bildin?” Hər dəfə bir səhv etdiyimizdə, dərhal zehnimizin ortasında məhkəmə salonu qurulur. Təqsirləndirilən də, ittihamçı da, hakim də özümüz oluruq. Və ən acısı odur ki, müdafiə hüququmuz belə yoxdur. Çünki bu məhkəmədə hökm əvvəldən verilib: günahkarsan!
Təhsil psixoloqu Kristin Neffin şəfqətli olmaq üzərinə apardığı araşdırmalar göstərir ki, özünü mühakimə etmədən müşahidə edə bilən fərdlər həm psixoloji dayanıqlıq baxımından daha güclü olur, həm də sosial münasibətlərində daha doyumlu və sağlam bağlar qururlar.

Neffin yanaşmasına görə özünə şəfqət üç əsas ünsürdən ibarətdir: özünüdərk, ümumi insanlıq duyğusu və nəzakət. Bu çərçivədə daxilimızdəki qəzəbli səsləri tamamilə susdurmaq deyil, onlarla yeni bir münasibət forması qurmaq mümkündür. Bu münasibət bir növ daxili yetkinlik yaradır. Sanki bir uşağın qəzəbini anlamağa çalışırmış kimi, içimizdəki hökm verən səsin də köklərini idrak edə bilərik. Bəlkə də bu səs, illər əvvəl bizi qorumağa çalışan, lakin zamanla həddindən artıq sərtləşmiş daxili bir keşikçidən başqa bir şey deyildir.

Daxilimizdəki hakimi sorğulamaq, onun dediyi hər şeyə kor-koranə inanmaqdan imtina etmək deməkdir. Bir çox insan başqalarına qarşı anlayışlı olmağı bacarır. Hətta həmin insanlar çox sevdiyimiz, dəyər verdiyimiz, hörmət etdiyimiz şəxslərdirsə, anlayışdan da artığını göstərmək istəyirik. Onların dərdinə şərik olar, köməyə tələsərik. Bir dostumuza bu da keçər deyə bilər, ağlayan bir uşağı qucaqlayıb sakitləşdirməyə çalışa bilərik.

Amma məsələ özümüzə gəldikdə, mənzərə dəyişir: özümüz ağladığımızda “özü düşən ağlamaz” kimi sərt daxili səslər bizim üçün tanış ola bilər. Niyə? Çünki içimizdəki bu səslər “biz” və “başqaları” arasında görünməz bir iyerarxiya qurur. Ən sərt ikili standartı isə çox vaxt özümüzə tətbiq edirik: “Başqaları ağlaya bilər, bu insandır. Amma mən güclü olmalıyam.” Beləliklə, özümüzü insan olmağımızın təbii tərəflərindən məhrum edirik. Bu isə əslində daxili resurslarımızı tükətmək, öz iç enerjimizi qurutmaq deməkdir.

Halbuki mərhəmət və şəfqət bir zəiflik deyil, əksinə, daxildən qidalanan, bərəkətli bir qaynaq kimidir. O, ağrını görən, yaraları sağaldan, qaranlıq anlarda insana nəfəs olan bir dostdur. “Qüsursuz dost axtaran dostsuz qalar.” Bu fikir təkcə başqalarına deyil, özümüzə münasibətdə də keçərlidir. Özümüzə dost olmağımızın qarşısındakı əsas maneə isə mükəmməl olma xülyamızdır. Mükəmməllik gözləntisi özümüzə yönəldikdə, o zaman tənhalıq və utanma duyğusuyla qarşı qarşıya qalmış oluruq.

 

Fikrət Əkbərli,

Türkiyə üzrə araşdırmaçı-yazar