Dənizlə narkotik daşıyan iranlı balıqçılar tutuldu
İrandan Azərbaycana Xəzər dənizi vasitəsi ilə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə
gətirilən 13 kiloqramdan artıq narkotik vasitə və 4400 ədəd narkotik tərkibli həbin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Polis və sərhədçilərin Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat nəticəsində İran vətəndaşları 32 yaşlı Qaffar Qızıl və 34 yaşlı Behzat Qaranejat Xəzər dənizi sahilində saxlanılıblar. Sonuncuların idarə etdikləri xüsusi "Yamaha" markalı mühərriklə təchiz olunmuş qayıqdan tərkibinə psixotrop maddələr əlavə edilmiş 11 kq 680 qram marixuana, 1 kq 510 qram heroin və 4400 ədəd metadon həbi aşkar olunub.
Saxlanılanlar İranın dəniz kənarındakı Gümüşan vilayətindən götürdükləri narkotikləri Xəzərin Azərbaycan-Türkmənistan sərhədindəki neytral zonasından istifadə edərək qaçaqmalçılıq yolu ilə maddi qazanc əldə etmək məqsədi ilə Azərbaycana gətirdiklərini qeyd ediblər. Qaffar Qızıl və Behzat Qaranejatın balıqçılıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı
ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə vaxtaşırı narkotik vasitələr gətirən əsas şəxslərdən olduqları da müəyyən edilib.