adalet.az header logo
  • Bakı -°C
13 Iyul 2026 11:44
60
ANALİZ
A- A+

Deputat Asif Əsgərov Zaqatalada seldən zərər çəkmiş ərazilərdə olub

Son günlər yağan aramsız və intensiv yağışlar nəticəsində Zaqatala rayonunda çaylarda suyun səviyyəsinin kəskin artması sel və daşqınlara səbəb olmuşdur. Muxax çayının məcrasından daşması nəticəsində rayonun Bəhmətli və Lahıc kəndlərində yaşayış evlərinə, örüş və otlaq sahələrinə, fındıq bağlarına ciddi ziyan dəymiş, yol, elektrik və içməli su infrastrukturu da selin təsirinə məruz qalmışdır.

Adalet.az xəbər verir ki, baş vermiş təbii fəlakətin nəticələri ilə yerində tanış olmaq məqsədilə Milli Məclisin deputatı Asif Əsgərov zərərçəkmiş kəndlərdə olub, sakinlərlə görüşərək səyyar vətəndaş qəbulu keçirib. Görüşlər zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onların üzləşdiyi problemlər yerində araşdırılıb və mövcud vəziyyət ətraflı qiymətləndirilib.

Qəbul zamanı səsləndirilən müraciətlər əsasən sel nəticəsində yaşayış evlərinə və həyətyanı sahələrə dəyən ziyan, kənddaxili yolların yararsız vəziyyətə düşməsi, elektrik enerjisi və içməli su təchizatında yaranan fasilələr, kənd təsərrüfatına dəymiş zərərlər, eləcə də sosial xarakterli məsələlərlə bağlı olub. Millət vəkilinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlər operativ şəkildə həllini tapıb, digər müraciətlər üzrə vətəndaşlara ətraflı izahat verilib. Səlahiyyət çərçivəsindən kənarda olan məsələlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilərək nəzarətə götürülüb və onların həlli istiqamətində müvafiq müraciətlər edilib.

Vətəndaşların müraciətləri əsasında xüsusi sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə maddi yardım göstərilib.

Asif Əsgərov görüşlər zamanı bildirib ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır və təbii fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması, zərərçəkmiş ailələrin normal həyat şəraitinin bərpası istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. O, bu çətin günlərdə həmrəyliyin, qarşılıqlı dəstəyin və operativ fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət qurumlarının koordinasiyalı fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, hadisənin ilk anlarından etibarən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Daxili İşlər Nazirliyinin polis əməkdaşları, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri, Zaqatala Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası və digər aidiyyəti qurumlar operativ şəkildə ərazilərə cəlb olunaraq təhlükəsizlik tədbirləri həyata keçirib, fəsadların aradan qaldırılması istiqamətində gecə-gündüz fasiləsiz çalışırlar.

Millət vəkili bir daha vurğulayıb ki, Azərbaycan dövlətinin ali məqsədi vətəndaşın rifahı və təhlükəsizliyinin təmin edilməsidir. Bu ağır sınaq günlərində vətəndaşlarımız diqqətdən kənarda qalmayacaq, zərərçəkmiş ailələrin yanında olmaq, onların problemlərinin həlli üçün bütün imkanlardan istifadə etmək həm dövlətin, həm də cəmiyyətin mənəvi borcudur.