26 Yanvar 2024 08:55
10845
LAYİHƏ

DOĞMA OCAĞIN İSTİLİYİ

Hər bir insanın öz yurdu, öz evi və öz ocağı var. Və həmin yurd da, ev də, ocaq da istiliyi ilə həmin insana bir rahatlıq, bir ruh sakitliyi gətirir. Ən azndan ona görə ki, heç kəs öz evində, öz yurdunda, öz ocağında tapdığı rahatlığı başqa yerdə tapa bilmir. Hətta doğma qardaşının, bacısının evində belə öz ocağında olduğu kimi rahat qala bilmirsən. İçində həmişə bir narahatlıq və yurd yeri sıxıntısı olur. 

Füzuli rayonun əhalisi də 1993-cü ilin avqustun 23-də erməni işğalı zamanı öz yurd-yuvasından pərən-pərən düşdü. 120 min əhalisi olan rayon camaatı Azərbaycanın digər bölgələrində məskunlaşdılar. Yenə çox sağ olsun dövlət və öncə də Ulu Öndər Heyər Əliyev 1 milyon qaçqına arxa durdu və kömək göstərdi. Ən çətin vəziyyətdə belə insanlar Prezident Heydər Əliyevin dəstəyini hiss etdilər və gördülər. Gördülər ki, nəinki Füzuli camaatının, eləcə də 1 milyondan çox məcburi köçkün və qaçqının yerləşdirilməsi, yaşayışı, qida ilə təmin edilməsi dövlətin əsas vəzifəsi oldu. Xalq da gördü ki, bu ağır, məqşəqqətli gündə dövlət onun yanındadır. Təbii ki, belə bir şəraitdə insanlar yaşamağa məcbur oldular və eyni zamanda ümidlərini də üzmədilər. Çünki 1994-cü ilin yanvarın 4-də və 5-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 yaşayış məntəqəsini və Horadiz şəhərini erməni işğalından azad etdi. Bu torpaqlar, kəndlər işğaldan azad ediləndən sonra, qısa zaman kəsiyində həmin yerlərdə quruculuq-bərpa, tikinti işlərinə başlanıldı. Hətta Horadiz kimi şəhəri ermənilər yandıraraq elə bir günə qoymuşdular ki, orada bir yaşayış mənzili belə qalmamışdı. Başqa sözlə demiş olsaq, erməni cəlladları Horadizin daşını daş üstə qoymamışdılar. Bu isə o deməkdir ki, işğaldan aza olunmuş yaşayış məntəqələri, kəndləri və eləcə də Horadiz şəhəri yenidən tikilməli idi. 

İşğaldan azad olunmuş yaşayış məntəqələrindən biri də qədim tarixə və mədəniyyətə malik Babi kəndi idi. Bu kəndin çox  zəngin keçmişi vardır. Bu barədə tarixçilər müxtəlif elmi mənbələrdə öz fikirlərini səsləndiriblər. Təkcə XII əsrə məxsus türbəni xatırlamaq nəyə desən dəyər. Erməni faşistləri bu türbənin müəyyən hissələrini də dağıtmışdılar. İşğaldan sonra digər mədəniyyət abidələri kimi Babidəki türbə də bərpa olunaraq öz əvvəlki görkəminə salındı. Hətta deyilənə görə, həmin türbədən Cənubi Azərbaycana yeraltı yol da var. Və bunun nə dərəcədə həqiqət olub, olmadığını mütəxəssislər daha dəqiq deyə bilərlər. Bizsə deyə bilərik ki, Babi kəndi işğaldan azad olunandan sonra orada çox böyük tikinti-quruculuq işləri görüldü. Bütün infrastruktur yenidən quruldu. Kəndə asfalt yol, təbii qaz, su və işıq çəkildi, məktəb, uşaq bağçası və digər sosial obyektlər əsaslı surətdə yenidən tikildi. Ermənilərin xarabalığa çevirdiyi kənd bir neçə ilin ərzində dövlət tərəfindən yüksək səviyyədə yenidən tikərək, əhalinin istifadəsinə verdi. Elə bundan sonra da yurd yerinə qayıdış başladı. İnsanlar gəlib gördü ki, onların yandırılmış, dağıdılmış evləri yenidən tikildi. Bu isə o demək idi ki, bu kənddə hər kəs öz evinə köçüb, rahat yaşaya, işləyə və ömür sürə bilər. Artıq məktəb, uşaq bağçası, xəstəxana və bayaq dediyimiz kimi, digər sosial obyektlər tam fəaliyyət göstərirdi. Təbii ki, belə şəraitdə işləmək və yaşamaq da kənddə çox asan idi. 

Biz Babi kəndinə yolumuz düşəndə həmişə oradakı çayxanada bir stəkan çay içməmiş rahat olmuruq. Bu dəfə də yolumuz yenidən bu qədim və zəngin keçmişi olan kəndə düşdü. Düzdü, hava soyuq idi və bir az da qar yağmışdı. Amma insanların səmimiyyəti və istiliyi bu soyuqluğu aradan götürür, çox doğma bir münasibət yaradırdı. Çayxanada tək çay verilmirdi, həm də müxtəli xörəklər bişirilib satılırdı. Bizim gəldiyimizi görən bir neçə sakin əyləşdiyimiz masanın ətrafına yığışdı. Heç 3-4 dəqiqə keçmədi ki, kəklikotudan dəmlənmiş çayı çayçı süfrənin üstünə qoydu və sonra da zarafatla dedi:

- Bu çay sizin Bakıda içdiyiniz çay kimi deyil ey! Bir qurtum için, görün necə də gözəl ətri var?! Öz dağlarımızdan yığılan kəklikotudan dəmləmişəm. Bütün dərdlərin dərmanıdır!

Armudu stəkana süzülmüş çaydan bir qurtum içirik, doğrudan da görürük ki, çox dadlıdır. Üstəlik stəkanı axıra qədər içirik. Çayın ətri hər tərəfi bürüyüb, sanki elə bil dağların qoynundayıq. Masamızın arxasında əyləşmiş bir neçə Babi sakini də bizimlə söhbətə qoşulur. Nəcəf Məmmədov deyir ki, bizim kəndimiz həm qonaqpərvərdir, həm də ruzulu-bərəkətli. Heç bir qonağı biz buradan çörək yeməmiş buraxan deyilik. Bax, səhər-səhər burada bütün yeməklər var: xaş, xəngəl, bal-yağ və eləcə də kənd yumurtası. Hansından desəniz, çayçı gətirib masanın üstünə düzəcək. Bir-iki stəkan çay içəndən sonra bir də görürük ki, çayçı masanın üstünə həmin yeməkləri düzüb, özü də Nəcəf kişi deyir ki, hesabı da özüm verəcəm. Çünki, kəndə qayıdandan sonra hər cür imkanımız var. Bax, mənim özümün 70-ə yaxın qoyun-quzum, 10-15 də qara malım var. Üstəlik də onlardan hər gün nə qədər süd sağılır. Süddən qatıq, pendir, yağ, şor düzəldir,satığımızı satırıq, satmadığımızı özümüz yeyirik, artıq da qalanda qonaq-qaraya pay veririk. Bax, onda elə bil ki, özümüz də mənən rahat oluruq.

Nəcəf kişi yanınakı dostunu da bizə təqdim edir. Deyir ki, bu da Əhməd Məmmədovdur. 10 hektar torpaq sahəsi icarəyə götürüb, orda bostan-tərəvəz məhsulları əkir. Üstəlik də bir-neçə hektar sahədə yonca toxumu səpərək, onu da becərir. Əhməd kişi də elə-belə adam deyil ha, səhərdən axşama qədər bal arısı kimi tər töküb işləyir. Həyətində 100-ə qədər hinduşkası, 200-ə yaxın toyuğu var.  Onların yumurtalarını satmaqla yanaşı, həm də kəndimizin imkansız adamlarına pay verir. Bu yaxınlarda oğlunu evləndirib, ona təzə ev tikdirib, üstəlik də bir maşın bağışlayıb. Maşallah, oğlu da fərəsətli uşaqdır. Atasına yaxından köməklik edir və əkin-biçin işlərini özü çiyninə götürür və istəmir ki, atasının yükü ağır olsun. İndi əlinizi süfrəyə uzadın, çörəyinizi yeyin! Biz də bir az qaymaq, bir az bal, bir az da yağı götürüb, çörəyin üstünə çəkirik. Çox dadılıdır və dadından doymaq olmur. Xaşı və xəngəli isə süfrəmizin arxasında əyləşmiş digər dostlar yeyirlər. Nəcəf kişi təzədən dillənir:

- Siz Allah, yumurtanın da dadına baxın. Bu yumurta Bakıdakı yumurtadan deyil ey. İstəyirsiniz deyim, qlazok eləsinlər. 

- Narahat olma, Nəcəf kişi, elə qaynadılmış yumurtanın birini yeyirik. 

Yumurtanın birini mən yeyirəm, birini də dostum Arif. Adama ləzzət eləyir, yumurtanın  sarısı o qədər ləzzətlidir ki, dostum Arif birini də yeyir. 
Nəcəf  kişi onu da deyir ki, şükür Allaha, kəndimizdə hər cür şərait var, hamının evi-eşiyi, işi-gücü, bir sözlə, zəhmət çəkən adam onun bəhrəsini də görür! 

Başqa sözlə demiş olsaq, biz onu bir daha yəqin etdik ki, doğma ocağın istisini heç bir başqa yurd verə bilməz. Bunu bizimlə söhbətində neçə-neçə Babi kəndinin sakinləri dedilər. Onlar dedilər ki, biz yurda qayıdışdan sonra ikinci bir ömrü yaşayırıq. Buna görə Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əlliyevə minnətdarıq. İndi Günəş bizim yurdda doğur və bu Günəş bizim yurda həmişə istilik gətirəcək!                                                                                          

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.