01 Oktyabr 2025 15:58
74
LAYİHƏ

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” KİTABININ TƏQDİMATI OLUB

2025-ci il sentyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində hazırlanmış “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitabın təqdimatı olub.

Respublikamızın görkəmli folklorşünas alimlərinin, universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova tədbir iştirakçılarına kitabla bağlı geniş məlumat verib. O, bildirib ki, bu gün aktual olan Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədilə hazırlanmış kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən üzübəri günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlər toplanıb. Qeyd olunub ki, ustad aşıqların kitaba daxil edilmiş şeirləri bir neçə aspektdən diqqəti çəkir: dövrün ictimai-siyası mənzərəsi; bütün dövrlərdə baş vermiş erməni zülmü və təcavüzünün əks olunması; tarixi yer-yurd adları ilə zəngin olması; ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərin təsviri; erməni zülmünə qarşı mübarizə aparmış mərd və mübariz igidlərimizin tərənnümü və s.

M.Hüseynova onu da vurğulayıb ki, bu kitab Qərbi Azərbaycan aşıq mühitlərini araşdıran tədqiqatçılarla yanaşı, ali təhsil ocaqlarının müvafiq fakültələrinin tələbələri üçün də qiymətli vəsaitdir. 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı öz çıxışında “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin yarandığı gündən aşıq sənətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb, təqdim olunan kitabı bu istiqamətdə növbəti uğurlu addım kimi dəyərləndirib. 

Akademik Muxtar İmanov öz çıxışında “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin və onun sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun aşıq sənəti ilə bağlı indiyədək gördüyü işləri yüksək qiymətləndirib, təqdim olunan kitabın əhəmiyyətini qeyd etdib, təşkilatın gələcək fəaliyyəti üçün öz tövsiyələrini verib. 

Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, ADPUN-nun Ədəbiyyat kafedrasının  müdiri, dosent Razim Məmmədli, ADMİU-nun Aşıq sənəti kafedrasınnı dosenti, ustad aşıq Altay Məmmədli və digər çıxışçılar tədqim olunan kitabı “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin növbəti uğurlu layihəsi kimi dəyərləndiriblər. 

Sonda “Ozan Dünyası” Aşıq Yaradıcılığınnı Təbliği ictimami birliyinin sədri, Əməkdar mədəniyyət işçsi Musa Nəbioğlu çıxış edərək layihənin həyata keçirilməsində maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, kitabın hazırlanmasında əməyi keçənlərə və təqdimat tədbirinin təşkilinə görə ADPU-nun rəhbərliyinə, xüsusilə də bu işdə böyük əməyi olan universitetin prorektoru, professor Mahirə xanım Hüseynovaya “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi adından təşəkkür edib.  

Tədbir ustad aşıqlar Cahangir Quliyev, Faxfur Ağbabalı və Altay Məmmədlinin çxışları ilə yekunlaşıb.

Tədbir iştirakçılarını hər birinə “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabı hədiyyə olunub. 

Xatırladaq ki, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin həyata keçirdiyi bu layihənin rəhbəri Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, kitabın elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycan Aşıqlar Birlyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçi ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədlidir.

Emil Faiqoğlu