adalet.az header logo
  • Bakı -°C
20 Mart 2026 09:00
68
LAYİHƏ
A- A+

SABİRABADI GÖZƏL GÖRDÜM, SEVİNDİM…

Bir vaxtlar əksər rayonlarımiızın küçələri, yolları çox bərbad gündəydi. Yəni o qədər bərbad idi ki, hətta rayon mərkəzinə getmək üçün beş-on dəqiqəlik yolu bir saata və bir az da artıq getməyə məcbur olurdun. Başqa sözlə demiş olsaq, yollar çox bərbad gündəydi. Hələ biz onun digər  infrastrukturunu demirik. Onu da desək, oxucularımızın qanını bir az qədər qaraltmış olarıq. Elə ki müstəqillik dövrünə qədəm qoyduq və Ulu Öndər Heydər Əliyev  xalqın dəvəti ilə hakimiyyətə gəldi, bax, bundan sonra da yollarımız, küçələrimiz, prospektlərimiz yenidən tikilməyə, qurulmağa başladı. Yəni  respublikamıza ikinci bir nəfəs verildi. Bunu  etmək üçün isə təbii ki, dövlət büdcəsində kifayət qədər  maliyyə vəsaitləri olmalı idi. Amma  müstəqilliyin ilk dövründə bu bir qədər çətinlik törətsə də, Ulu Öndər Heydər Əliyev həmin yolları da axtarıb tapdı, regionların sosial-iqtisadi inkişafı üçün bütün rayonlara dövlət büdcəsindən pul ayrılması üçün göstəriş verdi.

Aydındır ki, Ulu Öndərin  bu tapşırıqlarından sonra Azərbaycanın bütün yol infrastrukturu, eləcə də işıq, qaz, su və istilik sistemi yenidən qurulmağa başladı. Əlbəttə, bu işlərin həyata keçirilməsi üçün öncədən böyük Dövlət Proqramı hazırlandı və həmin proqramın icrası isə dövlət başçısının nəzarətində oldu. Bərbad gündə olan rayonlarımız beş-on ilin ərzində   yenidən tikilməyə,  qurulmağa və inkişaf etməyə başladı. Belə rayonlardan biri də Sabirabaddır. 

Sabirabad rayonu Sovet  dönəmində Bərdədən sonra  ikinci pambıqçılıq bölgəsi kimi tanınırdı. Burda  pambıqçılıqla yanaşı, heyvandarlıq, tərəvəzçilik və digər kənd təsərrüfatı məhsulların istehsalı da kifayət qədər idi. Bütün bunlar əhalinin daha normal və yaxşı yaşamasına  imkan verirdi. Amma Xalq Cəbhəsinin vaxtında bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də böyük durğunluq yarandı. Pambığı əkdilər, toplamadılar ki, bu Sovet hökumətindən qalan məhsuldur. Görün  onda hansı düşüncə sahibləri bu milləti idarə edib. Amma Heydər Əliyevin hakimiyyətinin elə ilk illərində respublikada bütün sahələrdə dirçəliş və inkişaf yarandı. Və bu dirçəliş və inkişafı xalq özü də görürdü. 

Sabirabadın sosial-iqtisadi  tərəqqisi üçün böyük layihələr həyata keçirilməyə başlandı.  Burda küçə və prospektlər  yenidən tikildi, yollara asfalt örtüklər salındı, səkilərə isə qiymətli daşlardan ibarət tikinti materialları döşəndi. Bütün bunlar istər-istəməz rayonun həm gözəlliyini yaxşılaşdırdı, həm də yollarda nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etdi. Bununla yanaşı, Sabirabadda bir-birindən gözəl tikililər, sosial obyektlər inşa edildi. Məktəblərin, uşaq bağçaların, xəstəxanaların, tibb məntəqələrin tikilməsi diqqət mərkəzində saxlanıldı.  Təbii ki, bu addımların atılması rayon əhalisi tərəfindən çox böyük sevinclə, istəklə qarşılanırdı. Çünki sakinlər bərbad və qaranlıq küçələrdə hərəkət etməkdən lap təngə gəlmişdilər. Amma indi bu küçə və prospektlər hamısı abad olmuşdu və bir-birindən  gözəl görünüşü vardı. İldən-ilə, aydan-aya, gündən-günə Sabirabad yenidən gözəlləşir və füsunkar bir görkəm alırdı. 

Bu günlərdə yolumuz bu gözəl məkana düşmüşdü. O qədər müasir üslubda və milli memarlıq ənənələrinə uyğun binalar tikilib ki, adam baxdıqca yenə baxmaq istəyir. Düşünürsən ki, bütün bu gözəlliklər və qeyri-adi tikililər Sabirabad camaatı üçündür. Bir-birindən gözəl parklar, xiyabanlar, küçə və prospektlər adama gəl-gəl deyir. Hələ yeni salınmış yaşıllıqları, yeni əkilmiş ağacları, gülləri və çiçəkləri demirik. Bu gözəlliklərə baxanda adam özünü çox rahat və xoşbəxt hiss edir. Ən azından  ona görə ki, 30 il bundan əvvəl rayon mərkəzində belə möhtəşəm tikililər və gözəllik  yox idi. Xüsusən də bu gün Sabirabaddakı parklar və xiyabanlar göz oxşayır. Diqqətlə fikir verdik, insanlar bu gözəl məkana daha çox can atırlar. Bakıda yazın nəfəsi hiss olunmasa da Sabirabadda artıq əməlli-başlı bir yaz havası var. İnsanların  çoxu gödəkçəsini, paltosunu, plaşını çıxarıb yaza uyğun  geyiniblər. Bütün bunlar ona dəlalət edir ki, bu yaz  havası da həm də insanların iç dünyasında hiss olunur. 

İki nəfərin istirahət parkında domino oynadığını gördük.  Maraqlanıb onlarla tanış olduq. O qədər də  yaşlı adamlar deyildilər, olardı 45-50 yaş yarası. Elə tanış olan kimi də adlarını, soyadlarını dedilər. Biri Arif Hacıyev idi, biri də Məmməd Məmmədov. Öyrəndik ki, Arif müəllim xırda bizneslə məşğuldur, istirahət günü olduğu üçün sadəcə olaraq, bu gün işə getməyib, obyektini də telefonla idarə edir. Arif müəllim dedi ki, bu gün rayonumuzda kifayət qədər iş yerləri var, elə mənim özümün mağazamda beş nəfər işləyir, hamısı da  qanuni. Yəni onlar Sosial Müdafiə Fonduna və digər fondlara vergi ödəyir, dolanışıqları da normaldı. İşdən çıxandan sonra isə təsərrüftla məşğul olurlar. 

Məmməd kişi də sevinə-sevinə dilləndi ki, mən də ilboyu göy-göyərti əkirəm. Hələ xeyli torpaq sahəm var, ona da qarpız əkirəm. Əlbəttə, torpaq o kəsləri sevir ki, səhərdən-axşamadək əziyyət çəkirsən, tər tökürsən, sonra da bəhrəsini görürsən. Mən kənd adamıyam və bununla da fəxr edirəm. Malım da var, qoyunum da, üstəlik də tərəvəzçiliklə məşğulam, bostan əkirəm. Hər il mənim yetişdirdiyim qarpız çoxlarının  razılığına səbəb olur. Çünki mən həmişə yerli toxumdan istifadə edirəm və o toxumdan da əkilən məhsullar həm dadlı, həm də təhlükəsiz olur. Həm böyük çillədə, həm də kiçik çillədə qarpız kəsmək bizim adətimizdir. Bax, o vaxta qədər bizim qarpızımız qalır. Şükür Allaha,  çörəyimiz var, suyumuz var, süfrəmiz də həmişə boldur. Allahdan can sağlığı istəyirik ki, bizi qorusun və biz də əkib-becərək. 

Sabirabadda kiminlə söhbət elədiksə rayonda gedən abadlıq-quruculuq, tikinti işlərindən danışdılar. Onlar yeni asfalt yolların çəkilməsindən, yeni məktəblərin tikilməsindən, yeni xəstəxanaların inşa edilməsindən çox razı qaldılar. Dedilər ki, Ulu Öndər Heydər Əliyevin vaxtında da, prezident İlham Əliyevin hakimiyyəti dövründə də Sabirabada həmişə dövlət rəhbərliyi tərəfindən böyük diqqət göstərilib. Şükürlər olsun ki, bu gün rayonumuzda iş-gücümüz var, bolluqdur və rahat yaşayırıq. Buna görə göydə Allaha, yerdə rəhbərlərimizə borcluyuq. 

Qarşıdan yaz gəlir, bu yaz bizim elimizə-obamıza bol bərəkət, sevgi və həyat eşqi gətirir. Biz inanırıq ki, Sabirabadın gələcəyi bundan da gözəl olacaq. 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.