adalet.az header logo
  • Bakı -°C
06 Fevral 2026 09:00
85
LAYİHƏ
A- A+

ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR

Kim nə deyir-desin Azərbaycan xalqı tarixən çox müdrik, mübariz və döyüşkən bir millət olub. Bunu biz demirik, bunu tarix təsdiq edir. Tarix təsdiq edir ki, bu millətin torpağını, yurdunu, elini-obasını  əlindən almaq elə də asan bir məsələ deyil. Yəni hər bir azərbaycanlı öz torpağı uğrunda, öz Vətəni uğrunda döyüşməyə, şəhid olmağa, qalib olmağa hazırdır. Əlbəttə, bütün bunlar ona dəlalət edir ki, bizim millət nə qədər humanist, nə qədər mərhəmətli və nə qədər ürəyi yumuşaq olsa da bir qarış torpağını belə yağı düşmənə verməz. 

Heç kimə sirr deyil ki, uzun müddət, daha doğrusu, otuz ildən çox ərazimizin  iyirmi faizi işğal altında olub. Yəni işğalçı ermənilər öz havadarlarının köməyi ilə bu çirkin niyyətlərini zaman-zaman həyata keçiriblər. Tarixən ermənilər bizim üzümüzə gülüb, çörəyimizi yeyib, suyumuzu içib, Vətənimizin havasını udub. Hətta tülkü sifətinə girərək, bizə «kirvə» deyərək kürəyimizə bıçaq saplayıblar. Təbii ki, onların iç üzünü biz yaxşı  tanımamışıq. Biz bilməmişik ki, onlar hansı yuvanın quşudur.

Sovet dönəmində isə aparılan ideoloji təbliğatlar ermənilərlə bizim qardaş olduğumuzu bildirirdi. Bu təbliğat maşını  onların da havadarlarının köməyi ilə  70 ildən çox dünyaya erməni sevgisini təbliğ elədi. Daha bilmədilər ki,  onlar dar gündə, çətin anlarda çörək yediyi qaba tüpürəcək və 20 faizdən artıq  torpağımızı işğal edəcəklər. Onlar  tək torpaqlarımızı işğal etmədilər, həm də bizim  milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi və tariximizi işğal etdilər. Çünki zəbt etdikləri ərazilərdə yalandan bir qondarma abidələr düzəldir, adları dəyişir, guya bu yerlər iki yüz il bundan qabaq onlara  məxsus imiş. Bax, bu ermənilərin iç üzü idi. 

Bütün bunlarla bahəm Azərbaycan heç vaxt işğal altında olan torpaqlarının erməni əsarətində olması ilə barışmırdı. Çünki beynəlxalq təşkilatlardan tutmuş ermənilərin havadarlarına qədər hamısı onların sözünü deyir və bu problemi, yəni Qarabağ problemini dondurmaq istəyirdilər. Daha doğrusu, elə 30 il elə dondurmuşdular. Amma Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə və eləcə də prezident İlham Əliyevin apardığı  məqsədyönlü  siyasət nəticəsində erməni yalanı dünyada ifşa olunurdu. Bununla paralel Azərbaycan öz hərbi və iqtisadi gücünü daha da artırırdı. Heç şübhəsiz ki, bu addımların gerçəkləşməsi işğal altında olan ərazilərimizin geri qaytarılmasına böyük ümid yaradırdı. 

Artıq bu ümid 2020-ci ilin sentyabrın 27-də günəş kimi parladı. Yəni ermənilərin nazı ilə  düz 30 il oynadıq və 30 ildən sonra onlara qarşı  Azərbaycan ordusu, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks hücuma keçdi. Bu o demək idi ki,  qüdrətli Azərbaycan ordusu və möhtəşəm Azərbaycan xalqı öz sözünü artıq döyüş meydanında silahla deyirdi. O silahla ki ordumuz ən müasir  texnika, döyüş maşınları və yeni qurğularla  təchiz edilmişdi. Üstəlik də Azərbaycan ordusunda elə bir ruh yüksəkliyi yaranmışdı ki, onun qarşısını nə ermənilərin havadarları, nə də təpədən dırnağadək silahlanmış erməni ordusu ala bilərdi. 

Döyüşün ilk günlərində ermənilər özlərinə çox arxayın idilər. Ən azından ona görə ki, strateji cəhətdən bütün yüksəkliklər onların əlində idi. Üstəlik də  keçilməz müdafiə səddi yaratmışdılar. Bu sədd ən azı 7-8 hissədən ibarət idi və onu da nahaq yerə «Ohanyan səddi» adlandırmırdılar. Çünki  Qarabağın bütün  yerlərində ermənilər 30 ildə çox güclü müdafiə sistemləri, istehkamlar qurmuşdular və buna da çox arxayın  idilər. Çünki  bu müdafiə səddini  yarmağa ən azı 2-3 ay vaxt lazım idi. Amma qüdrətli Azərbaycan ordusu bu səddi bir neçə günün  içərisində darmadağın elədi.  Füzulinin və  Cəbrayılın ona yaxın yaşayış məntəqəsinin bir neçə  günün içində azad edilməsi Azərbaycan ordusunu daha da ruhlandırdı. Əsas məsələ o idi ki, ermənilərin dediyi kimi, keçilməz sədd o qədər də möhkəm olmadı. Sadəcə olaraq, Azərbaycan ordusu,  o sədd nə qədər möhkəm  olsa da, əsgərlərimiz, bayaq dediyim kimi, onu yarıb keçməyi  bacardı. 

Ali Baş Komandan, prezident İlham Əliyevin  işğal altında olan  torpaqlarımızın, rayonlarımızın, yaşayış məntəqələrimizin azad olunması ilə bağlı xalqa çatdırdığı xəbərlər  millətimizin böyük sevincinə səbəb olur, xalq, ordu prezident ətrafında daha da sıx birləşirdi. Yüz minə yaxın  əsgərimiz vardı, amma daha 200 min də könüllü insanlar döyüşə getməyə hazır idi. Bunlar hamısı prezident İlham Əliyevin 44 günlük İkinci  Qarabağ savaşında apardığı  möhtəşəm və uğurlu siyasət idi. 

Dəfələrlə  Cənab  Prezident öz çıxışlarında qeyd edib ki, bizim nə qədər müasir döyüş texnikamız, silahımız olsa belə əsas Azərbaycan əsgəri idi. Çünki  onlar heç nədən qorxmur, döyüşür və erməniləri strateji mövqelərdən iti qovan kimi qovurdu. Bu, bir daha Azərbaycan  əsgərinin mübarizliyini, döyüşkənliyini və igidliyini göstərirdi. 

Çox nadir müharibələrdə qısa zaman kəsiyində işğal altında olan əraziləri azad etmək mümkündür. Azərbaycanın da 44 günlük İkinci Qarabağ savaşında keçirdiyi möhtəşəm əməliyyat bax, belə unikal əməliyyatlardan biri idi. Çünki belə bir əməliyyatın həyata keçirilməsi  üçün ən inkişaf etmiş dövlətlər belə bu addımı  ata bilməyiblər. Hələ də  dünyanın hərb tarixində qeyri-adi əməliyyat kimi  tarixə qızıl hərflərlə həkk olunmuş 44 günlük savaş dünyanın çox böyük ölkələrini təəccübləndirib. Başqa sözlə demiş olsaq, bu gün dünyada Azərbaycanın 44 günlük savaşında hərbi təcrübəsi, qeyri-adi əməliyyatları digər ölkələrin hərbçiləri tərəfindən bir məktəb olaraq öyrənilir, araşdırılır. 

Tarix göstərir ki, Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlət olmaqla yanaşı, həm də hərbi cəhətdən ən güclü  ölkələrdən biridir. Əhalimizin və ərazimizin az olmasına baxmayarq, Azərbaycan ordusu əksər Avropa dövlətlərindən bu gün hərbi cəhətdən daha güclüdür. Ona görə də heç bir ölkə, eləcə də qonşu dövlətlər bizimlə hədə-qorxu, hərbi yolla danışa bilməzlər. Və danışsalar çox ağır cavablarını alacaqlar!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.