QHT yayihəyə yekun vurub

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin "Qərbi Azərbaycanlı repressiya və soyqırım qurbanlarının tədqiqi" layihəsinin icrası başa şatıb. Layihəyə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) iclas zalında mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yekun vurulub. Tədbirdə əvvəlcə dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olanların və repressiya, soyqırımı, deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib. Layihə rəhbəri Tamxil Ziyəddinoğlu Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin dəstəklənməsinə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucu sədri Umud Rəhimoğluna isə layihənin icrasına yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Tədbirə qatılanlarla ümumi tanışlıqdan sonra Umud müəllim qonaqları salamlayıb, xoş gəldiniz deyib. Belə mühüm layihələrin vacibliyini qeyd edərək, Qərbi Azərbaycanda ermənilərin torpaqlarımıza hakim olmaları, soydaşlarımıza qarşı aparılan amansız soyqırımı haqqında danışıb. Yaratdığı təşkilatın bu illər ərzində gördüyü işlərdən söhbət açıb.
Layihənin məqsəd və məramı barədə məlumat verən “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu qeyd edib ki, layihəmizin məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir.
Layihəmizin birinci tədbiri Zəngilanda Şəhid Müşfiq ağa oğlu Vəliyevin məzarını ziyarətlə başlayıb. Xatırladaq ki, Müşfiq 1988-ci ildə, 17 yaşındakən doğulduğu Qafan rayonunun Kirs kəndindən silahlı erməni quldur dəstələri tərəfindən qovulub. Azərbaycanın Ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulan Müşfiq Zəngilan rayonunun Şərikan kəndində, Kollu Qışlaq, Şatazır, Rəzdərə kəndlərində, Cəbrayılın müdafiəsində, Qubadlı rayonunun Xanlıq kəndi ətrafında gedən döyüşlərdə fəal iştirak edib. Düşmənin xeyli canlı qüvvəsini məhv edərək şəhid olub.
İkinci tədbirimiz Laçın rayonunun Qarıkaha kəndi yaxınlığındakı tənha şəhid məzarını ziyarətlə başlayıb, Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılar, şair və yazıçıların 3 ay əvvəl Bəylik kəndinə-doğma ocaqlarına qayıdan yerli sakinlərlə görüşməsi ilə davam edib. Sonra Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Abşeron rayonunda məskunlaşmış Qərbi azərbaycanlı ziyalılar, rayon gəncləri, Masazır, Qobu, Saray, Ceyranbatan, Mehdiabad ictimaiyyətinin nümayəndələri və rayon könüllülərindən ibarət yeniyetmələrlə görüş olub.
Növbəti tədbirimizdə Azərbaycan Dövlət Pedaqoji Universititində professor - müəllim heyəti ilə qazilərin, tələbələrin görüşü olub. Tamxil Ziyəddinoğlunun 1988-ci ildə 16 yaşındakən Qərbi Azərbaycanının Vedibasar mahalından erməni faşistləri tərəfindən qovulan Şaiq Məmmədovun keçdiyi şərəfli döyüş yoluna həsr edilmiş “Ölümü öldürənlər” filmi nümayiş olunub. Bu tədbirdə tələbələrə erməni-daşnaklarının 1905, 1918, 1947-1953 və son olaraq XX - ci əsrin 80- ci illərindən başlayaraq , Qərbi Azərbaycan türklərinə qarşı qəddarlığı, amansızlığı barədə məlumat verilib.
Yekunda isə tədbir iştirakçıları yazıçılar, jurnalistlər, tələbə-jurnalistlər olduğu üçün tam sərbəst şəraitdə hər kəs sualını verib, ürək sözlərini söyləyə bilib. Uzun illər AzTV və İTV-də müxtəlif vəzifələrdə çalışan Akif Cabbarlının 2013- cü ildə, ümidlərin qırıldığı zaman yazdığı " Biz o şəhərə qayıdacağıq" baslıqlı məqaləsinə Tamxil müəllimin yazdığı “Akif müəllim sizə yeni- yeni yaradıcılıq uğurları, bir də səbr diləyirəm. Səbrli olun ki, Kənanlarımız(Akif Cabbarlının nəvəsi) böyüsün. Kənanlarımız böyüsün ki, arzularımız çin olsun. Mən Şuşanı heç görməmişəm. Kənan balaya de ki, məni də Şuşaya aparsın, amma orada saxlamasın. Zəngəzura - öz dədə- baba yurduma yola salsın. Mən haqqa orada - doğulduğum torpaqda qovuşmaq arzusundayam. Çünki yaşamaq hüququm da, ölmək haqqım da ordadı. Siz deyirsiniz biz balaların böyüməsini gözləməməliyik. Əslində elədir. Amma həqiqət bambaşqadır, qardaş. Nə qədər ki, Azərbaycanın dövlət dilini bilməyən xarici işlər nazirimiz, Dövlətimizin himnini ya bilməyən, ya da oxumağa utanan generallarımız var bizi Şuşaya aparan olmayacaq.”
Sözün bu məqamında "Zəngəzur Cəmiyyətləri”İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu-"Şükürlər olsun ki, Şuşaya getdik”-deyərək sözə başlayıb. Deyib ki, həm də 44 günlük müharibənin rəmzi olaraq 44 Şəhid ailəsi üzvlərilə getdik. O şəhidlərin ailə üzvlərilə ki, Şuşa uğrunda döyüşüb Şuşaya çatmadan Şəhid olublar. Bəli, getdik, Azərbaycan Ordusunun qüdrəti, Dəmiryumruğun sayəsində, qardaşım Tamxilin “Vətən sənə canım fəda” layihəsini icra eləməyə getdik. Necəki Şuşaya getmişik elədə Zəngəzura gedəcəyik.
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova, Filologiya üzrə fəlsəfə doktoru " Bütöv Azərbaycan" qəzetinin redaktoru İlham Məmmədli, Əməkdar jurnalist Az.Tv -nin əməkdaşı Azad Müzəffərli, Yazıçı, bir neçə hekayə və romanlar kitabının müəllifi, Az.TV- nin əməkdaşı Azər Qismət, tanınmış tədqiqatçı-hüquqşünas, “Müvəkkil” hüquq mərkəzinin sədri Səməd Vəkilov, "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva, müstəqil jurnalist Əntiqə Rəşid ( Aslan ), " Xudafərin" qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin müxtəlif dövrlərdə həyata keçirdiyi layihələrdən söhbət açıblar. Qeyd ediblər ki, “Dezinformasiyalar təhlükəsizliyimizə təhdiddir”, “Hərə bir əsgər, hər ev bir səngər” layihələri də ərazilərimizin işğalda olduğu vaxtlarda vacib missiya üçün həyata keçirilib. Bu gün yekunlaşdırılan "Qərbi Azərbaycanlı repressiya və soyqırım qurbanlarının tədqiqi" layihəsi də çox vacib, dövlətimizin yürütdüyü milli strategiyaya uyğundur. Əslində Azərbaycan tarixindən ayrı salınan Qərbi azərbaycanlıların irsinin tədqiqinə çox bğyük ehtiyac var. Odur ki, belə layihələr davamlı olmalıdır.
Tamxil müəllim mətbuat nümayəndələrinə bildirib ki, Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyindən əlavə, agentliyin icraçı direktoru Aygün xanım Əliyeva layihənin icrası zamanı lazım olan mənəvi, təşkilati dəstəyini də əsirgəməyib. Layihə rəhbəri layihənin icrası zamanı yerlərdə üzləşdikləri çətinlikləri keçmək üçün göstərdiyi operativ körməyə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT- lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə minnətdarlıq edib.
Sonra Fikrət Orucov, Misir Aslanov və Vahid Gülmalıyev layihənin icrası zamanı göstərdikləri dəstəyə görə İctimai Birliyin təsis etdiyi “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olunublar. “Güllə səsinə açılan qapı” kitabı BAMF kitabxanasına və tələbə- jurnalistlərə hədiyyə edilib. Rəssam Firdovsi Hacıyev çəkdiyi əsgər portretini Hərbi Jurnalistlərə hədiyyə edərək, onlara çətin və şərəfli işlərində uğur arzulayıb. Rəsmi hissədən sonra üstünə QHT Agentliyinin loqosu həkk olunmuş tort kəsilib. Saat 12-dən toplaşan qonaqların çay süfrəsi arxasında davam edən şirin söhbətləri 16-30-a qədər uzanıb. Xatirə şəkli çəkdirilib.
Digər Xəbərlər

“Qərbi Azərbaycana aparan yollar”

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” KİTABININ TƏQDİMATI OLUB

Yurda uzanan yollarda gənclik karvanı

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

“QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ DASTAN REPERTUARI” ADLI KİTABIN TƏQDİMATI OLUB

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR”

“Ağdam və Ağcabədi Şəhid ailələri ilə iş” layihəsinin təqdimatı keçirilib
