Dünya sözə qalacaq
Sözün qüdrəti və gücü barəsində kifayət qədər fikirlər var və həmin fikirlərə əsaslansaq görərik ki, elə dünyada söz qalacaq. Çünki müharibələr, müxtəlif təbiət hadisələri, zəlzələlər zamanı yaşayış binaları, mülklər, hətta ən hündür mərtəbəli evlər belə yerlə-yeksan olub. Başqa sözlə demiş olsaq, dünyada qalan yenə söz, düşüncə, fikir və plüralizm olub.
Bu gün dünyanı əsas idarə edən qüvvələrdən bəlkə də birincisi Sözdür. Sözün bitdiyi yerdə hər şey sona çatar və bundan sonra heç bir şeyi bir yerə yığmaq, toparlamaq çox çətin olur. Bütün dünyada bu gün yeni bir mərhələ, yeni bir era başlayıb. Bu da ondan ibarətdir ki, demokratik, sivil, söz və mətbuat azadlığına, düşüncə sərbəstliyinə önəm verən ölkələr birmənalı olaraq yüksək inkişaf mərhələsinə qədəm qoyur və özünün yeni bir tarixini, yeni bir mərhələsini yaşadır. Əlbəttə, bu gün dünyanın əsas məqsədi demokratik prinsiplərin, söz və mətbuat azadlığının olduğu ölkələrlə münasibət qurmaqdan ibarətdir. Əgər dediyimiz və saydığımız bu dəyərlər yoxdursa, çox çətin ki, həmin ölkələrlə demokratik, sivil və hüquqi dövlətlər iqtisadi, siyasi, mədəni əlaqələr qursun.
Azərbaycan da müstəqillik dövrünə qədəm qoyandan sonra demokratik və hüquqi bir yol tutdu. Bu isə o deməkdir ki, ölkəmizdə söz, mətbuat, fikir azadlığına və düşüncə sərbəstliyinə "yaşıl işıq" yandırıldı. Bu yaşıl işığı yandırmaq və onu gələcək nəsilə ötürmək elə də asan məsələ deyildi. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndən sonra birmənalı olaraq Azərbaycanda demokratik dəyərlərə, söz və mətbuat azadlıqlarına daha böyük önəm verirdi. Yəni bir vaxtlar dövlət və digər qurumlar tərəfindən təzyiq və təsirlərə məruz qalan Kütləvi İnformasiya Vasitələri - qəzetlər, televiziyalar və müxtəlif saytlar, o cümlədən sosial şəbəkə çox rahatlıqla nəfəs almağa başladı. Bu isə təsadüfi deyildi. Çünki sovet dönəmindən qalmış köhnə stereorotiplər hələ də mövcudluğunu qoruyub saxlayırdı. Azərbaycan mətbuatında yeni düşüncə, yeni yanaşma və yeni axtarış yolları, şübhəsiz ki, ilk növbədə demokratik dəyərlərə, söz və mətbuat azadlığına söykənirdi. Əlbəttə, ölkədə söz, mətbuat və fikir azadlığına münbit şərait yaradılması onu deməyə əsas verirdi ki, Azərbaycanda demokratik dəyərlər zaman-zaman daha da inkişaf edir.
Bu məsələlərin diqqət mərkəzində olması istər-istəməz jurnalistləri də ruhlandırırdı. Axı hamı istəyirdi ki, ürəyindən keçən yazıları qələmə alsın, hansısa senzura onu qəzet səhifəsindən çıxarmasın və kimlərsə ona görə mənəvi əzab çəkməsinlər. Təbii ki, ölkəmizdə mətbuatın belə demokratik sistem üzərində fəaliyyəti istər-istəməz inkişaf etmiş xarici dövlətlərin diqqət mərkəzindən yayınmırdı. Çünki həmin ölkələrdən məmləkətimizə gələn ictimai-siyasi xadimlər, jurnalistlər və eləcə də digər dövlət nümayəndələri bir həqiqəti görürdülər ki, Azərbaycanda doğrudan da demokratik dəyərlərə, söz, mətbuat və fikir azadlığına çox böyük önəm verilir.
Elə bu önəmlərdən biri də Ulu Öndər Heydər Əliyevin 20-dən çox qəzetin "Azərbaycan" nəşriyyatına olan uzun illər yığılıb qalmış borcunu ləğv etdirməsi idi. Əgər bu köməklik, bu iqtisadi yardım olmasaydı, birmənalı olaraq uzun illər nəşr edilən və cəmiyyət arasında böyük nüfuz qazanmış qəzetlərin hamısı dayanmalı idi. Aydındır ki, bütün bu addımlar ona görə atıldı ki, Azərbaycanda mətbuat, söz azadlığı daha sürətlə inkişaf etsin və Avropa dövlətlərinin də Azərbaycandakı mövcud duruma müsbət yanaşması olsun.
Heç şübhəsiz dövlətimizin həyata keçirdiyi mətbuatla bağlı məqsədyönlü siyasəti onu deməyə əsas verirdi ki, müxtəlif maneçiliklərə və çətinliklərə baxmayaraq, Azərbaycanda mətbuatın və düşüncə azadlığının inkişaf etməsi yüksək mərhələyə doğru qədəm qoyurdu. Uzun illər pedaqoji sahədə işləmiş yazıçı-publisist və Prezident mükafatçısı Səməndər Məmmədov deyir ki, söz və mətbuat azadlığı olmadan insan şəxsiyyəti bütöv bir formada yetişə bilməz. Çünki ancaq sağlam cəmiyyətdə, sağlam mühitdə və sağlam aurada cəmiyyət daha gözəl olur və onun hər yeri, hər anı insanların rahatlığı üçün bir məkana çevrilir.
Əgər bir ölkədəki hər hansı bir vətəndaş fikir və düşüncəsini rahat şəkildə ifadə edə bilmirsə, yaxud da o fikri ifadə edəndə müxtəlif təsir və təzyiqlərə məruz qalırsa birmənalı olaraq o cəmiyyətdə rahat yaşamaq və işləmək mümkün deyil. Ölkəmiz müstəqillik dövrünə qədəm qoyduqdan sonra Azərbaycanda demək olar ki, söz və mətbuat azadlığına böyük önəm verildi.
Yəni hər hansı bir yazıçı, publisist, jurnalist ürəyi istədiyi mövzunu çox açıq və səmimi şəkildə qələmə almağı bacardı. Mənim özümün də 15-ə yaxın kitabım işıq üzü görüb. Bu kitabları qələmə alanda mən heç bir çətinlik çəkmədim və bir də gördüm ki, artıq kitabı başa çatdırmışam. Kitab da nəşr olunandan sonra oxucular tərəfindən çox böyük hörmətlə qarşılandı.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə də söz və mətbuat azadlığına çox böyük diqqət yetirilib və yetirilir. Çünki Cənab Prezident Azərbaycanda elə bir sağlam mühit yaradıb ki, bu mühitdə müxtəlif qəzet və jurnalların, televiziyaların, saytların fəaliyyəti üçün heç bir problem olmayıb. Başqa sözlə demiş olsaq, adını çəkdiyimiz KİV-lər rahatlıqla nəşr edilib və əməkdaşları da ürəkləri istədiyi mövzuları qələmə alıblar. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan mətbuatı və Azərbaycan cəmiyyəti daha rahat nəfəs alıb. Çünki ölkədə demokratik mühit yaradılıb, söz və mətbuat azadlığına təkan verilib. Heç şübhəsiz belə bir şəraitdə mətbuat işçilərinin fəaliyyət göstərməsi çox normaldır və onu deməyə əsas verir ki, nəinki mətbuat işçiləri, cəmiyyət öz fikirlərini, düşüncələrini azad şəkildə ifadə edə bilir.
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.