21 Iyun 2025 13:57
70
LAYİHƏ

“Füyuzat”la Türkçülük və İstiqlalın tarixi yazıldı

"Füyuzat" Əli bəy Hüseynzadənin baş redaktorluğu, Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabrın 1-dən Bakıda nəşrə başlayıb. "Füyuzat"ın redaksiyası Nikolayevski küçəsində Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşirdi. İllik abunə haqqı 6 manat, 6 aylıq isə 3 manat 50 qəpik idi. İlk sayından etibarən dərc etdirdiyi məqalələrdən göründüyü kimi "Füyuzat" yalnız ədəbi orqan kimi nəşr olunmağı qarşıya məqsəd qoymayıb, dünyada baş verən ictimai-siyasi, tarixi və kulturoloji problemlərə də mövqe bildirməyi üstün tutub. Dərginin üstünlüyü həm də onda idi ki, ətrafına dövrün görkəmli ədəbiyyat xadimlərini, publisistləri toplamağı bacarıb. Məhəmməd Hadi, Hüseyn Cavid, Axund Yusif Ziya Talıbzadə, Abdulla Şaiq, M.Ə.Rəsulzadə, Abdulla Sur, Əhməd Kamal, Əhməd Raiq, Abbas Səhhət kimi qələm sahibləri nəşrin əhəmiyyətini artırıb, ədəbiyyata və oxu mədəniyyətinə həvəs yaradıb. Məhz buna görədir ki, bəzi tədqiqatçılar, ədəbiyyatşünas-alimlər 1905-1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü "Əli bəy və "Füyuzat" dövrü adlandırırlar. "Füyuzat" türk-müsəlman dünyasının dərdlərini bəyan edir, çıxış yollarını axtarırdı. 

Tarix üzrə fəlsəfə doktoru, mətbuat tədqiqatçısı, Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, "Füyuzat"ı dövrün mətbuat aləmində maraqlı edən əsas qaydalardan biri mövzuya aid şəkil və fotolardan istifadə etməsi idi. A.Aşırlı vurğulayıb ki, məcmuənin ilk sayının üz qabığında Osmanlı dövlət adamı Midhət Paşanın təsviri, altıncı səhifədə Almaniyanın Veymar şəhərində Şiller və Hotenin şərəfinə ucaldılan abidə, 3-cü sayda üz qabığında Hotenin fotosu verilib və bu forma "Füyuzat"ın fəaliyyəti boyunca davam etdirilib. Baş redaktor qeyd edib ki, foto və təsvirlərdən istifadə etməklə Ə.Hüseynzadə məcmuənin dizayn baxımından cəlbediciliyini artırırdı. Digər tərəfdən isə Azərbaycan mətbuatını Şərq qəzetçilik prinsiplərindən uzaqlaşdıraraq Avropa jurnalistika sisteminə yaxınlaşdırırdı: "Erməni separatizminin qurbanı olan, bir tikə çörəyə, isti xörəyə ehtiyacı olan soydaşlarımıza müavinət kampaniyalarında da "Füyuzat" digər mətbu orqanlar, ictimai təşkilatlarla birgə çalışır, kömək etməyə səy göstərirdi. Məcmuənin 8 dekabr 1906-cı il tarixli sayında Qazax və Qarabağ mahallarında möhtaclara ianə toplandığı xəbəri verilirdi. Qeyd edirdi ki, bu "əməli-xeyriyyə üçün" "Kaspi" qəzeti ilə yanaşı "Füyuzat" kontoruna da müraciət etmək olar. İlk dəfə Qafqazda yaşayan türklərin "İstiqlal bəyannaməsi" adlandırılacaq dərin məzmunlu yazı məcmuənin 7-ci sayında elan olundu: "Biz qafqazlıyız - Qafqaz əhlinin öz ümumi idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb edirik". Əlbət ki, bu, Azərbaycanın istiqlalına gedən yolun başlanğıcını müəyyənləşdirən əsas tezis idi". 

Alim diqqətə çatdırıb ki, ədəbi məcmuə olmaqdan daha çox "Füyuzat" türk xalqlarının həmrəyliyini, milli ideologiya ətrafında birliyini, siyasi hüquqlarını müdafiə edən mətbu nəşr idi: "Ona görə də müxtəlif coğrafiyada yaşayan türklər "Füyuzat"ın intişarını sevinclə qarşılayır, arzu və istəklərini müxtəlif ifadə formalarında redaksiyaya göndərirdilər. Dövrün ədəbi, siyasi qüvvələri məhz bu dərginin ətrafında toplanaraq XX əsrin ilk onilliyində milli şüurun, milli özünüdərk prosesinin aparıcılarına çevrildilər və "Füyuzat"çılıq adlı siyasi, ədəbi cərəyanın intişarına xidmət etdilər. "Füyuzat"çılıq ilk növbədə çarizmə, əsarətə, istibdada qarşı çevrilən və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan Turançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmırdı, tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurdu. Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu "türkləşmək, islamlaşmaq, avropalaşmaq" istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Məcmuənin mətbuat tarixində oynadığı rola dəqiq qiymət verən, tədqiqatçı-alim Ofelya Bayramlı yazır: "Ə.Hüseynzadə "Füyuzat" jurnalı ilə türk xalqlarının azadlıq və milli-istiqlal ideallarının Turançılıq məfkurəsilə şüurlara həkk etdirməyə çalışdığı kimi, həmin idealları ədəbi, romantik lövhələrdə də açıb göstərməyi vacib bilirdi".

Akif Aşırlı bəyan edib ki, "Füyuzat"çılıq həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə farslaşma və ruslaşmaya qarşı türkçülük ideologiyasının təbliği demək idi: "Əli bəy Hüseynzadə jurnalda bu ideologiyanı elmi-nəzəri cəhətdən əsaslandırır, "Turani", Ə.H. "Ə.Hüseynzadə". "Füyuzat"ı, "Həyat"ı, "Şair Naim", "Dəli Şair" imzaları altında tarixi, fəlsəfi, siyasi və ədəbi məqalələr yazır, yorulmadan "Füyuzat"çılığın başında dayanırdı. Azərbaycanda yaranan, dünya türklərinin birliyinin əsas istiqamətlərini özündə birləşdirən bu məfkurənin ideoloqu kimi Əli bəy Hüseynzadə "dünyanın bütün ümum və fünunun hər növünü ədəbiyyat və sənayeyi-nəfisənin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi". Çətin dövrdə fəaliyyət göstərməsinə baxmayaraq məcmuə milli ideologiyanın daşıyıcısı olan xeyli sayda ziyalıları ön plana çıxardı, yeni məfkurə ocağına çevrildi. Ə.Hüseynzadənin aydın nəzəri proqramına görə, məzhəb və dinlər türkləri bir-birilərindən ayırmamalıdır, əgər onların elm və mədəniyyətləri tənəzzül etsə, türklər yalnız "dini-islam ilə müqəddəyin, ərəb elmi ilə mütəllim, ərəb mədəniyyəti ilə mütəməddin olduqları halda əsla ərəbləşməyib, yenə "türk oğlu türk kimi" qalmalıdırlar. "Füyuzat" türk xalqları arasında dil, din birliyini təşkil etməklə, Avropanın elmi yeniliklərini həzm etməklə tərəqqiyə, milli yüksəlişə nail olmağın salnaməsini yaratdı. Bütün ideoloji buxovlara, təhdid və təzyiqlərə baxmayaraq "Füyuzat"çılıq ideyasını cəmiyyətə sirayət etdirdi". 

Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dossenti, filologiya elmləri doktoru, Əməkdar Jurnalist Qərənfil Dünyaminqızı bildirib ki, "Füyüzat"ın doğuşu ilə könül dünyamız, o zamanki mətbuat aləmimiz, istiqlal düşüncələrimiz mənəvi nura qərq olub. Alim vurğulayıb ki, bu ideyaları geniş şəkildə həyata keçirən "Füyuzat" jurnalı idi: "Füyuzat" öz ətrafına həm Azərbaycandan, həm də Türkiyədən görkəmli jurnalistləri, publisistləri, düşüncə sahiblərini, fikir adamlarını yığmışdı. Başda Əli bəy Hüseynzadə olmaqla Abdulla Şaiq, Abbas Səhhət, Abdulla Sur, Həsən Səbri Ayvazov, Əhməd Kamal, Məhəmməd Hadi, Səid Səlmasi, Abdulla Cövdət, Sənətulla Eynulla İbrahimov və başqa füyuzatçılar bu konsepsiyanı həyata keçirmək üçün fəaliyyətə başlamışdılar. "Füyüzat"ın cəmi 32 sayı çıxıb. 1907-ci ilin noyabr ayında bağlansa da, "füyuzatçılıq" konsepsiyası davam edib. "İrşad", "İqbal", "Yeni İqbal", "Açıq Söz", "Tazə Həyat", "Dirilik", "Qurtuluş", "Qurtuluş yolu" və s. qəzetlər "Füyuzat" ideyalarını davam etdiriblər. "Füyuzat"ı yaratmaqla bu ədəbi məktəbin yazarları millətə onun milli kimliyini xatırladıblar. Azərbaycanı özünə qayıdışa, özünədərkə sövq ediblər". 

Q.Dünyaminqızı əlavə edib ki, Ə.Hüseynzadə milli şüurun oyanmasında və formalaşmasında "Füyuzat"ı yaratmaqla çox mühüm iş görüb. Türk millətinin XX yüzillikdəki həyatını, məfkurə istiqamətini müəyyənləşdirib: "Əli bəy türklərin məfkurəsini müəyənləşdirməklə milləti yeni bir yola, cığıra istiqamətləndirib. Onun fəlsəfəsi, "Füyuzat"ı yaratması millətin siyasi cəhətdən kamilləşməsinə yol açıb. Təfəkküründəki türklük düşüncəsi Azərbaycanla Türkiyənin birliyinə şərait yaradıb. Türk milli ideologiyasını siyasi anlamda şəkilləndirən türkçülük məfkurəsi Əli bəyin ən böyük əsəridir. Sovet dönəmində romantiklərə, füyuzatçılara məhz buna görə güclü basqı var idi. Çünki füyuzatçılar ilk saylarından son saylarına kimi müstəqilliyi, böyük Turanı, türkçülüyü təbliğ edirdilər. Türkçülük hərəkatının Azərbaycanda ilk naşiri Ə.Hüseynzadə və "Füyuzat" ədəbi məktəbi idi. Görkəmli alimimiz Əziz Mirəhmədov əsərlərində qeyd edirdi ki, "Əli bəy millətə millətin əsl nəcabətini, kimliyini xatırlatdı, həm də gələcəyə istiqamətləndirdi". Milli mədəniyyətimizin böyük abidəsi adlandırılan "Füyuzat" öz yaranışı ilə nəinki türk dünyasına, həm də böyük bəşər mədəniyyətinə çox qiymətli sərvət vermiş oldu. Turançılıq məfkurəsi ilə siyasi hərəkatın bünövrəsini qoydu. "Füyuzat" bağlansa da, konsepsiyası "füyuzatçılar" tərəfindən davam etdirildi.

İsmayıl Qocayev 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Turan işğında 150 il" layihəsi çərçivəsində hazırlanıb.