adalet.az header logo
  • Bakı -°C
10 Dekabr 2025 11:28
46
GÜNDƏM
A- A+

“Vağzalı" sədası altında ölü yola salmaq qətiyyən yolverilməzdir...” - İlahiyyatçı

Müxtəlif səbəblərdən gənc yaşda dünyasını dəyişən şəxsləri bir çox hallarda yaxınları vağzalı sədaları altında son mənzilə yola salırlar.  

Bəs dinimizdə belə bir qayda varmı?

Adalet.az-ın sualını ilahiyyatçı Tural İrfan cavablandırıb.     

O, bildirib ki, bəzi yerlərdə əsasən gənc yaşda vəfat edən olanda onu musiqi sədaları altında dəfn edirlər:

“Ərə getməmiş qız, yaxud evlənməmiş oğlan vəfat edərsə, sanki ona əvvəlcə musiqi çaldırıb toy edir, sonra isə yasını keçirirlər. Bu, ailənin ürək yanğısından, kədərinin təsirindən, daxili təlatümündən yaranan hadisədir. Bilmir ki, ürəyini necə soyutsun, necə təsəlli tapsın, nəticədə qeyri - adi bir əməl ortaya çıxır. Lakin "Vağzalı" sədaları altında yaxud digər musiqi alətləri ilə dəfn yaxud yas mərasiminin müşaiyət olunması bir neçə yöndən doğru deyil. Çalışıb ailəyə təskinlik vermək, yanlış hərəkətlərdən çəkindirmək lazımdır. Bunu da əsasən din xadimləri və ağsaqqallar etməlidir. Musiqili yas digər insanlarda, ümumiyyətlə cəmiyyətdə yüksək mənfi psixoloji hal yaradır. Bir növ Tanrıya üsyan, narazılıq, etiraz xarakteri daşıyır. Digər yöndən başqaları üçün pis örnək, yanlış nümunə olur. O təəssürat görənlərin zehnindən ömür boyu silinmir, taleyində qara kölgə kimi həmişə bədbin aura yaradır. Ən əsası isə dinimizdə bu kimi işlərə yol verilmir”. 

İlahiyyatçı bildirib ki, dinimizə görə dəfn və yas məclisi mümkün qədər səssiz, hətta qadınların ağlaşmasına, mərsiyyə oxumasına belə yol verilmədən olmalıdır:

“Həzrət Muhəmməd Peyğəmbər vəfat edərkən bu cür olub. Çünki o özü bu nümunələri körpə, yeniyetmə, gənc övladları vəfat edərkən göstərmişdi. Allah Peyğəmbərin altı övladını uşaq yaşda həyatdan apardı ki, övlad itkisi zamanı ümmətə təmkini, səbri əyani şəkildə öyrətsin. Odur ki, müsəlmanlar da gərək Peyğəmbərin yolu ilə getsinlər. Əcaib, qəribə, qeyri - ənənəvi işlər görmək, musiqi ansamblı gətirmək yasa və mərhumun ruhuna da hörmətsizlikdir, onu narahat etməkdir. Yas zamanı vacib olan əməllər icra edilir, cənazə namazı qılınıb Qurandan  insanların anladığı tərzdə təsəlliverici ayələr oxunur. Musiqi ansamblının iştirakı qətiyyən doğru deyil. Orada gedib musiqi ifa edən musiqiçilər də günah ediblər. Ola bilər yas sahibi hadisənin təsirindən özündə olmayıb, anlaqsız vəziyyətdə olub. Gərək ağsaqqallar, ağbirçəklər, din adamları buna imkan verməyəydi. Bircə istisna var ki, bəzi aşıqlar, şairlər əvvəlcədən vəsiyyət edir ki, vəfat edəndə saz ifa olunsun. Əslində bu da dini yöndən münasib deyil, lakin vəsiyyətin icrasının vacibliyi, vəfat edənin artıq ömrünü yaşamış olması müəyyən qədər anlaşılandır. Yoxsa dəf - qaval, zurna - balabanla, "Vağzalı" ifası ilə ölü yola salmaq qətiyyən yolverilməzdir. Belə qondarma adətlərin ayaq almaması üçün gərək sağlam din xadimləri təbliğat aparıb, camaatı maarifləndirsinlər”.

Vasif ƏLİHÜSEYN