adalet.az header logo
  • Bakı -°C
08 Aprel 2026 20:31
84
SİYASƏT
A- A+

“Sülh danışıqları bu faciələri unutmağımıza əsas vermir”

“Bu gün Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin bağlanmasından danışılır. Regionda müəyyən sabitlik var. Bunların hamısı əlbəttə ki, müsbət hadisələrdir. Amma bu sülh danışıqlarının, müqavilələrin imzalanması heç də yaxın tarixdə yaşadığımız faciələri unutmağa əsas vermir”.

Bunu Adalet.az-a açıqlamasında professor Qulu Məhərrəmli Ağdaban faciəsinin 34-cü ildönümü haqda danışarkən deyib. 

Onun sözlərinə görə, bu baxımdan elə hadisələr var ki, onların haqqında Azərbaycan ictimaiyyətində müəyyən biliklər, ətraflı məlumatlar var:

“Amma elə faciələr də var ki, onlar miqyasına görə lokal olsalar da belə, amma bu müharibə tarixində, Azərbaycanın tarixində unudulmaz izlər qoyub. Bu faciələrin miqyası, insanların faciəsi sözlə ifadə olunası deyil. Məsələn, Bağanıs Ayrım, Quşçular, Malıbəyli, Ağdaban kəndinin faciəsi. Bunlar haqqında bizim ictimaiyyətin bilikləri məhduddur. Ona görə hesab edirəm ki, xüsusi bir müharibənin xronikası və ya faciələr xronikası kimi belə bir vəsait hazırlanmalıdır ki, onlar gənclər üçün bir bilik mənbəyi olsun. Məsələn, bu gün Ağdaban soyqırımdan 34 il ötür. Bir kənddə görün nə qədər insan qətlə yetirilib. Qəfil hücum nəticəsində insanlar həyatını, mülkini itirib, bütün kənd yandırılıb. Aşıq Şəmşir kimi unikal bir xalq aşığının evi tar-mar edilib, əlyazmaları yandırılıb. Bunlar hamısı maddi-mənəvi abidələrin yandırılması, tarixin izinin itirilməsi Azərbaycan xalqının sinəsinə böyük bir dağın çəkilməsidir. Ona görə də bunlar unudulmamalıdır. Zaman-zaman bu barədə ictimaiyyətə məlumatlar verilməlidir. Bunlar hamısı filmlərdə, sənədli xronikalarda öz əksini tapmalıdır ki, insanlar bunu unutmasınlar”. 

Qeyd edək ki, bu gün Ağdaban soyqırımının baş verməsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Vasif ƏLİHÜSEYN