adalet.az header logo
  • Bakı -°C
26 May 2026 12:11
55
SİYASƏT
A- A+

“Müşavirədə müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsi ölkəmizdə...”

“Son bir neçə ildə dünyada baş verən mürəkkəb proseslər – qarşıdurmalar, münaqişələr, müharibələr, vacib nəqliyyat zəncirlərinin qırılması, enerji böhranı, yanacaqla təminat sahəsində problemlər demək olar, bütün ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında çətinliklərə, həcminin azalmasına və qiymətlərinin artmasına gətirib çıxarıb. Dünya ərzaq böhranı ilə üz-üzədir. Ucqar kəndlər sıradan çıxır, insanlar şəhərlərə axışırlar. Hətta kəndlərdə yaşayan bəziləri özlərinə lazım olan kənd təsərrüfatı məhsullarını həyətyanı və ya pay torpağından götürmür, dükanlardan alır.Belə şəraitdə ərzaq təhlükəsizliyinin təminatı məsələsi xüsusi əhəmiyyət kəsb edir”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

Onun sözlərinə görə, mövcud problemləri real qiymətləndirib vaxtında tədbirlər görən dövlətlər mürəkkəb şəraitdən şübhəsiz, ən az itki ilə çıxa biləcəklər:

“Həmişə olduğu kimi, bu dəfə də cənab Prezidentimiz İlham Əliyevin yaranmış vəziyyətə dərhal müdaxilə etməsi, kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni keçirməsi və əsas məqsədləri özündə əks etdirən nitq söyləməsi çox əhəmiyyətlidir. Müşavirədə gerçək şəraitin dərin təhlili, qarşıdakı bir neçə ildə inkişafın başlıca istiqamətlərinin müəyyənləşdirilməsi və verilən konkret tapşırıqlar həm ölkəmizdə kənd təsərrüfatının yüksək inkişafına və ərzaq təhlükəsizliyinin tam təmin edilməsinə, həm də məhsullarımızın ənənəvi xarici bazarlarla yanaşı, yenilərinə daxil olmasına gətirib çıxaracaqdır. Ölkə rəhbərimizin göstərişinə uyğun olaraq hazırlanan kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramı dövlət və özəl investisiyaları özündə ehtiva edəcəkdir. Müşavirədə müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsi ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələ olacaqdır”.

Vasif ƏLİHÜSEYN