adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2026 17:52
51
SİYASƏT
A- A+

Dünya savaş meydanıdır - Səxavət Məmməd yazır

Bizim beynimizə uzun illərdir eyni şeyləri yeridirlər və düşünməyə də imkan vermirlər: ABŞ dünyaya demokratiya gətirir, ABŞ-nin, İsrailin öldürdükləri terrorçudur, digərləri öldürəndə isə bu günahsız insan olur, İran, Rusiya düşməndir, Türkiyə qardaşdır. Əslində isə hər şeyin çox sadə cavabı var — hər bir dövlətin, imperiyanın öz maraqları var. Dünya savaş meydanıdır. Biri maraqlarını, niyyətini bəzəyir, insan haqlarını, demokratiyanı tortun üstündəki şam kimi təqdim edir. ABŞ girdiyi yerin hər birinə bu iddia ilə girib, hər yeri də viran qoyub. Digəri isə hozu kimi, bəzəksiz-düzəksiz prosesə başlayır. Rusiyanın bütün addımlarına baxdıqda bunun nə demək olduğunu anlayırıq. İrana gəldikdə isə, rəsmi Tehranın maraqlarını həyata keçirmək üçün ən güclü vasitəsi dindir. Yəni imperialist dövlətlər müxtəlif adlar, müxtəlif ideologiyalardan istifadə edə bilər və bunun hamısı eyni şeyə xidmət edir — maraqlarına. Biri demokratiya gətirir, biri ordu, biri əmmamə! Dəyişən bir şey var? Yox! Kobud desək, hamısı eyni zibildir!

Gələk Gürcüstan azərbaycanlıları ilə bağlı məsələyə. İran Gürcüstanda azərbaycanlılar arasında iş aparır. Bizdə bunun adını belə qoyurlar: İran düşməndir, farslar orada məkirli niyyətlərini ortaya qoyur. Sual olunacaq ki, yalandır? Qətiyyən! Ancaq məsələyə bu tip, bu dar çərçivədən baxmaq, yanaşmaq yanlışdır! Gəlin bunu açaq. İran Azərbaycanda da müəyyən fəaliyyət göstərib — həm din, həm kəşfiyyat, şəbəkə qurmaq! Bu məsələdə İran təkdir? Rusiya ilə razılaşdırılmadan, dəstək almadan İranın bu addımı atacağı inandırıcı deyil. Azərbaycan dövləti də müəyyən müddət bu məsələyə dözüş nümayiş etdirdi, daha sonra diş göstərməyə başladı. Gürcüstana İranın ixrac edəcəyi nə var? Din! İran orada boşluğu gördü, araşdırdı, yenə Rusiya ilə razılaşdı və prosesə başladı. Gürcüstan dövlətinin icazəsi olmadan, razılığı alınmadan bu işi görə bilər? Qətiyyən inandırıcı deyil. Gürcüstan buna niyə icazə verir? Çox sadə səbəbi var. Hesab edək ki, Azərbaycan dövləti Gürcüstan azərbaycanlıları ilə bağlı böyük işlər görür: təhsil, din, milli, iqtisadi, əhalinin siyasiləşməsi sahəsində fəaliyyət göstərir. Parlamentə bir neçə azərbaycanlı yox, çoxlu sayda azərbaycanlı yer alır, bir neçə nazir vəzifəsi azərbaycanlıların olur. Sizcə, Gürcüstan dövləti üçün bu təhlükəlidir, yoxsa gəlib orada İranın insanları dindarlaşdırması? Başı məzhəb və dini ayinlərə qarışmış, siyasi iddiası olmayan bir toplum daha rahat idarə olunandır. Hər şey bir yana, İranla Gürcüstanın sərhədi yoxdur. Bunun iqtisadi siyasi tərəfi də var. İran Ermənistan üzərindən Gürcüstana yol çəkməyi hədəfləyib. Gürcüstanın təkcə təhlükəsizlik yox, iqtisadi marağı da buna göz yummağa imkan verir.

İranla ABŞ arasında müharibənin olmasını heç vaxt istəməmişəm. Müharibə qumar kimidir. Hazırkı tarixə qədər İran məğlub olmayıb, hətta Vensin də dediyi kimi ABŞ seçkilərinin nəticəsinə ciddi şəkildə təsir göstərdi. İndi gələk niyə istəməməyimə. İranın qalib gəlməyini qoyaq bir kənara, məğlub olmasa belə, istər-istəməz simpatiya yaradacaqdı. Kor-kor, gör-gör bunun işartılarını da görməyə başlamışıq. Buna belə hazır olmalıyıq. Yəni alternativ təklif nədir, nə olmalıdır? Əslində bunları tapmaq da o qədər çətin deyil. İki variantı deyim, digərləri qalsın özümə: müharibəmizin təbliğatı, sosial rifah. Öz müharibəmizlə bağlı adam nəsə yazmağa da qorxur, ağzını açan kimi şap deyə qapazı vururlar adamın ağzına ki, bir elə qazi özünü yandırdı, intihar etdi, əlilliklər kəsildi. Sosial rifah? Nə isə...

Azərbaycanın əlində xaricə təsir edəcək iki mühüm təsir rıçaqı var. Biri Azərbaycan dili, digəri isə Qafqaz Müsəlmanları İdarəsi. Azərbaycan dilinin coğrafiyası İrandan tutmuş, Suriya və İraqa qədər çox geniş üfüq açır. İndi hansısa QHT sədri deyəcək ki, biz İraqda nəsə iş görmüşük. Şəkil çəkdirib, hesabat verməyi demirəm, konkret nə iş görmüşük? Elə bir dünyada yaşayırıq ki, insanlar hər şeyi ovcunun içində görmək istəyir. Bu gün informasiya müharibəsi klassik saytlarla yox, telefon ekranındakı 30 saniyəlik videolarla, insanların öz əlifbasında və anladığı dildə oxuduğu sadə mətnlərlə aparılır. Biz isə Təbrizdəki, Kərkükdəki, Borçalıdakı adamın gündəlik informasiya ehtiyacını qarşılamaq əvəzinə, hələ də şəkil çəkdirib, kabinet hesabatları ilə özümüzü aldadırıq. İnformasiya boşluğunu sən doldurmayanda, başqası gəlib öz dili, öz əlifbası və öz ideologiyası ilə doldurur. Sən onlara əlçatan olmalısan. Bunu da İran qoymur? Buna da Rusiya mane olur? Lap deyək ki, saytları bloklayırlar, bloklanmayan sosial şəbəkələrə nə gəlib?

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) adından da göründüyü kimi kifayət qədər geniş coğrafiyada iş aparmağa imkan verirdi. Xatırlayıram, Çeçenistanla bağlı məsələlərdə zamanında bu idarə kifayət qədər işlər görmüşdü. İdarənin qonşu dövlətlərin bloklamağını qoyaq bir kənara, biz özümüz o idarəni nə günə saldıq? QMİ-ni ölkənin ən urvatız bir QHT-si səviyyəsinə saldıq, Allahşükür Paşazadəni də elə bir günə salmışıq ki, adam çıxıb haqq da desə, gülürük. İndi deyirik ki, Gürcüstanda hansısa iş görmək lazımdır, məlum olur, QMİ-nin idarəsi bağlanıb, Gürcüstan müsəlmanları idarəsi yaradılıb. Qurumun öz daxilində nüfuzu və çəkisi qalmayanda, kənarda da onun sözü keçmir. İdarəçilik başqa əllərə keçəndə və ya yerli qurumlar formalaşanda, sən artıq prosesi yönləndirən tərəf yox, kənardan baxan müşahidəçiyə çevrilirsən. Lap hesab edək ki, Azərbaycan dövləti Gürcüstana təsir etdi, orada hansısa iş görməyə şərait yaradıldı, əli dolu getməliyik də, düzdür? Əlimizdə nə var? Alternativ nəyimiz var? Hansı ideologiya, hansı baxış, hansı yanaşma?

Azərbaycan Gürcüstanda müəyyən iş görüb? Görüb! Ciddi işlər görməyə cəhd edib? Edib! Alınmamağın səbəbi təkcə Azərbaycanla da bağlı olmayıb. Gürcüstandakı azərbaycanlılar arasında birlik yaratmaq ən böyük problemlərdən biridir. Eqo, nəsil, tayfa, regionçuluq və sair amillər buna həmişə mane olub.

Müharibədən sonra dəfələrlə yazmışam, bəzi dostlar da yazıb, ideoloji boşluq yaranıb. Doldurmuşuq? Bu boşluğu özümüz doldurmasaq, kənardan hər cür zir-zibillə doldurulacaq. Üstündən bir zaman keçəcək, həmin zibillər iylənəndə, başlanılacaq onlara qarşı mübarizə aparılmağa. Olmaz ki, elə boşluğu özümüz nə iləsə dolduraq? Bilirəm bunun üçün iş görmək, zəhmət çəkmək, tər tökmək lazımdır. Ən asanı nədir? İran düşməndir, Rusiya qan içəndir. Bunları heç kim inkar etmir. Sonra?