adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2026 13:44
40
SİYASƏT
A- A+

"Korrupsiya iqtisadiyyat üçün ciddi fəsadlar doğuran "xəstəlik"dir" - Deputat

"Korrupsiya təkcə dövlət idarəetməsi və cəmiyyət üçün deyil, həm də iqtisadiyyat üçün ciddi fəsadlar doğuran “xəstəlik”dir. Onun ən böyük fəsadı resursların səmərəsiz bölgüsünə və istifadəsinə şərait yaratmasıdır.  Nə qədər təəssüf doğursa da maraqlar toqquşması özünü daha çox iqtisadi platformada, iqtisadi müstəvidə büruzə verir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib. 

"İqtisadi baxımdan maraqlar toqquşmasının mahiyyətini çox sadə şəkildə izah edə bilərik. Belə ki, dövlətin marağı ondan ibarətdir ki, qərarlar ictimai mənafe və iqtisadi səmərəlilik əsasında qəbul edilsin. Lakin vəzifəli şəxsin özəl marağı həmin qərarın obyektivliyinə təsir göstərirsə və ya belə bir risk yaradırsa, burada maraqlar toqquşması meydana çıxır. Başqa sözlə, dövlət üçün  ictimai maraqları nəzərə alan qərarla vəzifəli şəxsin özü üçün sərfəli olan qərar arasında ziddiyyət yaranır. Maraqlar toqquşmasının qarşısı alınmazsa, bu zaman riskə və son nəticədə itkilərə  məruz qalan məhz dövlət olur. Bu baxımdan korrupsiya ilə mübarizənin maraqlar toqquşması müstəvisində aparılması dövlət üçün prinsipial əhəmiyyət kəsb edir. Digər bir tərəfdən də, belə bir yanaşma son nəticədə iqtisadi idarəetmənin keyfiyyətinin yüksəlməsinə xidmət edir.  Antikorrupsiya siyasəti ilə fiskal siyasətin əsas kəsişmə nöqtəsi büdcə vəsaitlərindən istifadənin səmərəliliyidir. Effektiv büdcə siyasəti yalnız vəsaitlərin düzgün planlaşdırılmasından deyil, həmin vəsaitlərin bölüşdürülməsi və istifadəsi zamanı qərarların obyektiv meyarlara əsaslanmasından asılıdır.  Buna görə də layihədə müqavilələrin bağlanması, qərarların qəbul edilməsi, dövlət əmlakından istifadə olunması və xüsusilə də dövlət satınalmalarında birbaşa və dolayı iştirakla bağlı mühüm məhdudiyyətlər nəzərdə tutulur. Bu müddəalar dövlət resurslarının bölüşdürülməsi zamanı şəxsi maraqların qərarvermə prosesinə təsirinin məhdudlaşdırılmasına yönəlib.

Layihənin məqsədləri rəqabət siyasəti ilə də üst-üstə düşür. Bazar iqtisadiyyatının fundamental prinsiplərindən biri bütün sahibkarlıq subyektləri üçün bərabər imkanların təmin edilməsidir. Əgər iqtisadi üstünlüklər müəssisələrin məhsuldarlığına, səmərəliliyinə və rəqabət qabiliyyətinə görə deyil, inzibati əlaqələrə və şəxsi maraqlara əsasən formalaşırsa, bu, sağlam rəqabətin inkişafına mane olur. Qanun layihəsində nəzərdə tutulan məhdudiyyətlər belə risklərin azaldılmasına, sahibkarlıq subyektləri üçün bərabər fəaliyyət mühitinin yaradılmasına xidmət edir. Maraqlar toqquşmasının önlənməsi həm də əlverişli investisiya mühitinin formalaşmasına töhfə verir. İnvestisiya cəlbediciliyini yalnız iqtisadi stimullar, vergi güzəştləri müəyyən etmir. İnvestor üçün qərarların şəffaflığı, hüquqi müəyyənlik, bərabər münasibət və inzibati prosedurların qərəzsizliyi xüsusilə vacibdir. Bu amillər investorların dövlət institutlarına etimadını gücləndirir".