adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2026 11:48
37
SİYASƏT
A- A+

Kənddə biznes quran sahibkara xüsusi güzəştlər verilməlidir - TƏKLİF

“Kəndi yaşatmaq istəyiriksə, kənddə yaşamağı üstün seçimə çevirməliyik”.

Adalet.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insanları kənddə saxlamaq üçün sadəcə çağırışlar etmək kifayət deyil. Kənddə yaşamağın həm iqtisadi, həm də sosial baxımdan real üstünlükləri olmalıdır.

Deputatın fikrincə, kəndlə şəhər arasında müəyyən ödəniş və güzəşt fərqləri yaradılmalı, kənd sakinləri üçün kommunal xidmətlərə daha aşağı tariflər tətbiq edilməlidir.

R.Nurullayev hesab edir ki, kənddə ev almaq və ya tikmək daha əlçatan olmalı, xüsusilə şəhərdən kəndə köçən gənc ailələr üçün əlavə imkanlar yaradılmalıdır.

O, kənd yerlərində biznes qurmaq istəyən sahibkarlara güzəştli kreditlərin, aşağı faizlərin və vergi imkanlarının təqdim edilməsini də təklif edib.

Deputat qeyd edib ki, kəndlərin inkişafı yalnız iqtisadi güzəştlərlə məhdudlaşmamalıdır. Yol, internet, su, kanalizasiya, məktəb, tibb xidməti, uşaq bağçası və ictimai nəqliyyatla bağlı problemlər də kompleks şəkildə həllini tapmalıdır.

R.Nurullayev kəndlərin inkişafı üzrə ayrıca dövlət proqramının hazırlanmasını da təklif edib. Onun sözlərinə görə, bu proqramda mənzil təminatı, kommunal xidmətlər, məşğulluq, sahibkarlıq, kredit imkanları, sosial xidmətlər və infrastruktur məsələləri birləşdirilməlidir.

Deputat vurğulayıb ki, əsas məqsəd yalnız kənddən şəhərə köçün qarşısını almaq deyil, şəhər sakinləri üçün də kənddə yaşamağı sərfəli və rahat seçimə çevirmək olmalıdır.