“Çağırır torpağım, çağırır anam...”
Hicran bu şeiri səkkizinci sinifdə oxuyanda yazıb. Çörək almağa gedəndə. 1985-ci ildə, hardasa...
Ölümündən beş gün əvvəl bu şeiri xatırlayıb, votsapdan səs atıb xalası qızına. 30 may günü. 4 iyunda Hicran yox idi. 2026-cı ildə, dəqiq...
Hicran çörək almağa gəlməmişdi dünyaya. Şeir, esse, hekayə yazmağa, redaktə etməyə, başqalarının mətnini abıra salmağa təşrif buyurmuşdu. Mən onun yeniyetmə çağını görməmişdim, amma əminəm ki, bu şeiri yazanda da üzündə təbəssüm olub, onu ölümqabağı xatırlayıb votsapla xalası qızına səsli yollayanda da.
Hicran hər şeyə şükür edirdi: vara, yoxa, aza, çoxa, bəlkə, şükür etməyinə də.
Heç kəsi incitmədi və hamıdan razı getdi. 27 il “Ulduz” jurnalında çalışdı.
Hər nömrəni son cümləsinədək oxuyurdu.
Hər sözün üstündə əsirdi.
Hər ad günü iş yoldaşlarına hədiyyə alırdı.
Hər ağrıları artanda işdən çıxmaq üçün ərizə yazırdı.
Hər kəsin tayı deyildi: gözütox, qürurlu.
Son paylaşmalarında məndən sitat gətirib: “Təsəlli --xilasetmə kəməridi, onu taxmamış ömür sürmək olmaz”.
30 dekabr 2025-ci ildə redaksiyada Yeni ili qeyd eləmişdik, onu da paylaşıb, Azərbaycan mətbuatının 150 illik yubiley medalını almağını da. Hamısında da gülür.
“Dünya özü boyda sual əvəzliyidi və bütün əvəzlikləri əvəz edir”. Bu da Hicranın son yazdıqlarındandı. Heç kəsin əvəz etmədiyi Hicran Hüseynovanın...
Qulu Ağsəs
Hicran Hüseynova
×××
Açılır ömrümün səhifələri
hələ oxunmamış bir kitab kimi…
Açılır həyata şux ləçəkləri
hələ qönçə olan bir çiçək kimi…
Bəlkə, ucalacaq göylərə qədər
indi qönçə olan bu şux ləçəklər.
Bəlkə, əziləcək, tapdanacaqdı…
bir anda solacaq, məhv olacaqdı…
Yox, məhv olmayacaq mənim həyatım!
Arzular olacaq mənim qanadım.
oxumaq həvəsi, yazmaq həvəsi
bütün kainatın qəlbinin səsi.
Çağırır həyata, çağırır inam
çağırır torpağım, çağırır anam.
İnam… inamdakı qüvvəyə inan
yaşadır insanı, yaşadır inam.
Digər Xəbərlər
11 Iyul 2026 15:28
"Bu həyat sanki bir yuxu kimidir..." - Leyla Əliyeva yeni şeirini paylaşdı
11 Iyul 2026 01:07
Rafiq ƏLƏKBƏR: Sabir Rüstəmxanlı qalası
09 Iyul 2026 10:52
İyunun “Ulduz”u çapdan çıxdı
08 Iyul 2026 17:35
Təkliklə Birlik Arasında İnsan
08 Iyul 2026 13:14
‘’Qardaşılıq və müttəfiqliyin ali zirvəsi’’ İslam Sivilizasiyası Forumunda təqdim edildi
08 Iyul 2026 11:22
Nəriman Həsənzadənin son durumu…
07 Iyul 2026 10:30
Əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyinə gecikmiş yazı
07 Iyul 2026 09:00


Bakı -°C

