adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2026 13:52
73
GÜNDƏM
A- A+

Bursada Bəxtiyar Vahabzadə adına meşə salındı

Türkiyənin Bursa şəhərində Azərbaycan xalqının görkəmli şairi və mütəfəkkiri Bəxtiyar Vahabzadənin adını daşıyan “Türk Dünyası Dostluq Xatirə Meşəsi”nin salınması istiqamətində ağacəkmə aksiyası keçirilib. Türkiyədə hər il noyabrın 11-də qeyd olunan Milli Ağacəkmə Günü münasibətilə təşkil edilən təşəbbüs çərçivəsində xatirə meşəsində 3 min ağac əkilib.

Adalet.az xəbər verir ki, “Yaşam deyildikdə yaşıllıq, yaşıllıq deyildikdə Bursa, Bursa deyildikdə isə qardaşlıq” şüarı ilə həyata keçirilən layihə “Gələcəyin İnsanları və İmkanları Məkanı Azərbaycan Deyildikdə” dərnəyinin sədri Hüseyn Gözəloğlunun təşəbbüsü ilə reallaşdırılıb. Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinin qərarı əsasında yaradılan xatirə meşəsi ekoloji dəyərlərin qorunması ilə yanaşı, xalqlar arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.

Bununla bağlı AZƏRTAC-a açıqlama verən Hüseyn Gözəloğlu bildirib ki, layihənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq münasibətlərini təbiət və mədəniyyət vasitəsilə yaşatmaq, Türk dünyasının ortaq mənəvi dəyərlərini gələcək nəsillərə çatdırmaqdır.

“Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik, ana dili, Vətən sevgisi, azadlıq və Türk dünyasının birliyi ideyalarına xüsusi yer verib. Şairin adını daşıyan xatirə meşəsinin yaradılması onun zəngin ədəbi irsinin və mənəvi dəyərlərinin yaşadılması baxımından da əhəmiyyət daşıyır. Layihə çərçivəsində ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi, ağacəkmə mədəniyyətinin təşviqi və Türk dünyasının ortaq mədəni yaddaşının qorunması hədəflənir. Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsinin Azərbaycan-Türkiyə qardaşlığının təbiət və mədəniyyət vasitəsilə təcəssümünə, eləcə də Türk dünyası ölkələri arasında dostluq əlaqələrinin gələcək nəsillərə ötürülməsinə töhfə verəcəyinə inanırıq”-deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də fərqli layihələr əsasında eyni ərazidə 10 min ting əkilib.