adalet.az header logo
  • Bakı -°C
03 Iyul 2026 15:00
80
ƏDƏBİYYAT
A- A+

Zəngli saat - Tərlanə Yaqubqızından HEKAYƏ

-Başlandı, yenə baş-beynimiz gedəcək. Ay bala, dur, o saatın səsini kəs də.

Hər səhəri anasının bu sözləri ilə açır. Əlbəttə, təqsir bir Nicatdadır, bir də bu lənətəgəlmiş saatda, ananın nə günahı. Bütün günü evdə başını qaşımağa vaxtı yoxdur, gecənin bir aləmi özünü birtəhər yatağa salır və yorğunluqdan yata da bilmir. Səhər tezdən də Nicatın zəngli saatı ananı şirin yuxudan zalımcasına oyadır.Artıq deyinməkdən cana doyub. Bir də gördün anası bu zəhlətökən saatı birdəfəlik sındırıb zibilliyə tulladı.Hələ ki, dözür. Heç yadından çıxmır.

Birinci sinfə gedəndə anası bütün oyuncaqlarını bir torbaya doldurub zibilliyə atmışdı. Bəlkə də həyatda ilk travmanı onda alıb. Ağlamaqdan gözləri qıpqırmızı qızarmışdı. Özündən balaca qardaşının dünya vecinə deyildi. Onunku futbol idi. Bircə topla dünyanın xoşbəxti idi. İndi də istədiyi qızla ailə qurub, şipşirin bir oğlu da var. Ayrı yaşasalar da, tez-tez ata evinə gəlir. Onlar gələndə az qala evin divarları da sevinir, anasının tutqun siması açılır, atası kompüterdəki işlərini yarımçıq qoyub  bazarlığa qaçır. Nicatın subaylıq dərdini şirin-şəkər nəvənin gəlişi az da olsa unutdurur. Nicat da elə hey qaçaqaçdadı, elə harasa tələsir. Özəl şirkətlərin birində şöbə müdiridir. Səhər yeddinin yarısından evdən çıxıb bir də gecənin bir yarısında evə qayıdır. Atası ona"bu ev sənin üçün otel deyil" deyib dəfələrlə narazılığını bildirsə də vəziyyət dəyişmir. Anası oğlu ilə həyat yoldaşının arasında qalmaqdan bezib. İstəyir ki, oğlu hər şeyə tələsdiyi kimi evlənməyə də tələssin. Amma çifayda...

Bu səhər də anasının öyüd-nəsihətləri ilə səhər yeməyini tamamlayıb yola düzəldi. Avtomobili sürəndə də tələsirdi. Neçə dəfə bunun əziyyətini çəkmişdi, gah radara düşürdü, gah qəza törədirdi. Allah betərindən qorusun! Əslində bir dəfə qorumuşdu da. Şəhid olmuş komandirini xatırlayanda gözləri doldu. Komandirini düşməndən qorumaq üçün onun təkbaşına hərəkət etməsinə qarşı çıxmışdı. Əmrə tabe olmayaraq əsgər yoldaşları ilə komandirin arxasınca yollanmışdı.Komandir onu itaətsizliyinə görə cəzalandırmalı olsa da mərd-mərdanə günahını etiraf etdiyi üçün bu dəfəlik bağışladı.

Amma ikinci dəfə komandirini xilas etmək mümkün olmadı.

Nicatın xəbəri yox idi ki, şəhərin o biri başında Nigar adlı bir qız yaşayır. Evin yeganə qızı. O da öz zəngli saatı ilə evdəkiləri bezdirib. Gör vəziyyət nə dərəcəyə çatıb ki, anası gecə-gündüz Allaha yalvarır bir Allah bəndəsi qızını alıb bu evdən aparsın, gedəndə əziz-girami zəngli saatını da cehizinin içinə qoysun. "Görüm qaynanan olacaq o qadın sənin saatının çığırtısına necə dözəcək?!"

-Başlandı, yenə baş-beynimiz gedəcək. Ay bala, dur, o saatın səsini kəs də.

Nigar hər səhər saatın səsinə əsəbləşən ananın növbəti hücumunu gözləmədən ayağa qalxdı. Əl-üzünü yuyandan sonra paltar dolabını nəzərdən keçirdi. Çox götür-qoy edəndən sonra firuzəyi rəngli donunu geyinib güzgünün qarşısına keçdi. "Onun ən çox xoşuna gələn dondur. Bir az köhnəlsə də, yenə bunu geyinməyim yaxşıdır",-deyə düşüncələrə daldı.

-Gecikmirsən, podiuma çıxacaqsan? Çayın soyuyur, Nigar xanım.

Mətbəxdə ona səhər yeməyi hazırlayan anasının boynunu qucaqladı. Ana ərklə onu özündən uzaqlaşdırmağa çalışdı:

-Üzgörənlik eləmə. Sənin tayların çoxdan ərə gedib. Sən deyəsən, mənim başıma qalacaqsan. Səndən əlimi üzmüşəm.

Nişanlı qardaşın şəhid olmasaydı, çoxdan nənə olmuşdum.

Nigar susdu. Anasının dərdini təzələmək istəmədi, onsuz da bu dərd heç vaxt köhnələn deyil ki. Anasına demədi ki, bu gecə yuxuda qardaşını görüb. Qardaşı toy libasında idi. Nigara yaxınlaşanda toy libası başdan-başa qan içində oldu.

Fikirləşdi ki, yuxuda qan görmək-qovuşmaqdır. Nəvəsinin şəhidlik xəbərini eşitdiyi gün dünyasını dəyişən rəhmətlik nənəsi yuxuda qan görməyi belə yozurdu.

Avtobus həmişəki kimi ağzınadək dolu idi. Dayanacaqdan düşəndə gözü həmişə qərənfil aldığı gül dükanını axtardı. Deyəsən, dükanın yerini dəyişmişdilər. Fikir içində dönüb ətrafa baxdı. Təkərlərin tükürpədici səsi qızı qorxutdu:

-Ay oğlan, bir az yavaş sürün də...

Ucaboylu, yaraşıqlı oğlan deyəsən, onunla məzələnirdi:

-Xanım, baş üstə, daha nə əmriniz var?

Nigar qızarıb başını aşağı saldı. Oğlanla mübahisə etməyin nə yeri, nə zamanı idi. Onsuz da anası tezdən qanını qaraltmışdı. Bu yad oğlandan açığını çıxmağın mənası yox idi. 

Aldığı qərənfil dəstəsini qucağına alanda elə bildi ki, qardaşını qucaqlayıb. Bir azdan bu güllər şəhid qardaşının sinə daşını bəzəyəcəkdi. Göz yaşları yanağından süzülüb qərənfillərin üzərinə düşürdü. 

Arxadan gələn oğlan tələsik özünü ona çatdırdı:

-Xanım, bayaq xətrinizə dəydimsə, üzrlü sayın.

 -Eh, mən öyrəncəliyəm. Elə çatan-çatan xətrimə dəyir. Kaş qardaşım sağ olaydı...

-Qardaşınız şəhid olub? Sizin xətrinizə bundan sonra heç kəs dəyə bilməz.

Onlar cərgə ilə salınmış şəhid məzarlarının birinin qarşısında ayaq saxladılar.  Nigar qərənfilləri sinə daşının üstünə qoyanda Nicat:

 -Siz mənim komandirimi ziyarətə gəlmisiniz?-deyə soruşdu.

Nigar suala sualla cavab verdi:

-Siz mənim qardaşımı tanıyırdınız?