Şuşadan dünyaya ortaq gələcək mesajları: Azərbaycan yeni geosiyasi reallıqların mərkəzində
“Şuşada keçirilən IV Qlobal Media Forumu çox böyük siyasi əhəmiyyət daşıyır. Bu, Qarabağın, xüsusilə də Şuşanın, bir sıra mühüm tədbirlərdən sonra beynəlxalq platformaya çevrilməsi anlamına gəlir. Forumun mövzusu da çox maraqlıdır: "Sülhün təşviqində medianın missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması." Bu mövzunun özü belə dünyaya verilən siyasi mesajdır”.
Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, deyib ki, bu ideyaları həyata keçirmək, belə siyasi mesajları dünya ictimaiyyətinə çatdırmaq bəşəriyyət üçün mühüm siyasi missiya sayılır:
“Ümumiyyətlə, böyük düşüncələr böyük ideyalar yaradır. Böyük düşüncə isə xalqların və dövlətlərin gələcəyini formalaşdırır. Bu baxımdan Şuşa Qlobal Media Forumu müxtəlif baxışların reallığa çevrildiyi, həqiqətin, etimadın və sülhün təşviq olunduğu beynəlxalq platformaya çevrilib. Burada səsləndirilən hər bir sağlam fikir təkcə bu günə deyil, həm də gələcəyin informasiya təhlükəsizliyinə, dünyada media əməkdaşlığına və qlobal sabitliyə xidmət edən yeni ideyaların əsasını qoyur. Bu tədbirdə çox sayda nüfuzlu media nümayəndələri, ekspertlər və sahə üzrə peşəkarlar iştirak ediblər. Əslində, bu da onu göstərir ki, böyük fikirlərin mayası məhz böyük ideyalardır. Böyük ideyaların ünvanı isə ortaq gələcəkdir”.
R.Hüseynov bildirib ki, bu ortaq gələcəklə bağlı dünyada baş verən proselərlə bağlı möhtərəm Prezidentimizin səsləndirdiyi siyasi mesajlar xüsusi önəm daşıyır:
“O cümlədən, həqiqət və etimad anlayışlarının səsləndirilməsi forumun mövzusunun əhatə dairəsində yer alır və həqiqətə söykənən təməlin sülhün əsası olduğunu ifadə edən, bu tədbirin mahiyyətini əks etdirən mühüm fikirdir. Böyük düşüncələr sərhəd tanımır. Çünki bu böyük düşüncələrdən yaranan ideyalar bütün dünyanı dialoq və etimad ətrafında birləşdirir. Bu baxımdan, belə bir tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Vaxtilə Azərbaycanın dünya ilə inteqrasiyası üçün müəyyən addımların atılmasına ehtiyac duyulurdu. Bu gün isə artıq dünyanın Azərbaycanla qarşılıqlı inteqrasiya prosesinin şahidi oluruq. Bu isə bizim üçün böyük siyasi düşüncənin uğurudur. Şuşa Qlobal Media Forumunun əsas siyasi mahiyyəti də məhz burada ortaya çıxır. Bu gün Şuşada təkcə media nümayəndələri toplaşmır. Burada ictimai rəyə təsir edən, qərarların qəbul edilməsinə müəyyən mənada təsir göstərən media rəhbərləri, ekspertlər və analitiklər bir araya gəlirlər. Bu isə təsadüfi proses deyil. Bu, Azərbaycanın artıq beynəlxalq siyasi dialoqun mühüm platformalarından birinə çevrildiyini göstərən reallıqdır”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın artan geosiyasi çəkisi ilə bağlı idi:
“Dövlət başçısının vurğuladığı "orta güc" anlayışı əslində Azərbaycanın özünə verdiyi qiymət deyil, beynəlxalq siyasi sistemin ölkəmizə münasibətinin ifadəsidir. Müasir dövrdə dövlətin gücü təkcə iqtisadi və ya hərbi potensialla ölçülmür. Əsas meyar beynəlxalq proseslərə təsir etmək, milli maraqları qətiyyətlə müdafiə etmək və etibarlı tərəfdaş kimi qəbul olunmaqdır. Bu gün Azərbaycan həmin meyarların hər birinə cavab verən dövlətlərdən biridir.Prezidentin çıxışında xüsusi vurğulanan digər məqam etimad məsələsi idi. Beynəlxalq münasibətlər sistemində etimad ən böyük siyasi kapital hesab olunur. Müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və siyasi aktorların Azərbaycanı dialoq üçün etibarlı məkan kimi seçməsi də məhz bu kapitalın formalaşmasının nəticəsidir. Bu gün Azərbaycan təkcə regional proseslərin iştirakçısı deyil, eyni zamanda həmin proseslərin istiqamətini müəyyənləşdirən aktorlardan birinə çevrilir. Şuşadan verilən mesajın əsas mahiyyəti də bundan ibarətdir. Burada artıq təkcə Qarabağın bərpasından danışılmır. Burada yeni geosiyasi reallıqlar, Cənubi Qafqazın dəyişən siyasi arxitekturası, beynəlxalq hüquqa əsaslanan sülh modeli və gələcəyin informasiya təhlükəsizliyi müzakirə olunur. Məhz buna görə Şuşa Qlobal Media Forumu media tədbirindən daha çox siyasi və strateji düşüncənin formalaşdığı beynəlxalq platforma kimi çıxış edir. Bu isə Azərbaycanın dünyaya verdiyi ən mühüm siyasi mesajlardan biridir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Iyul 2026 11:44
Slovakiya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
15 Iyul 2026 11:42
“Qərəzli kampaniyaların heç bir nəticə vermədi”
15 Iyul 2026 11:34
Birol Akgün İlham Əliyevə təşəkkür etdi
15 Iyul 2026 11:15


Bakı -°C

