“Ermənistan bu geosiyasi strategiyada Fransa üçün daha münasib tərəfdaş kimi görünür”
“Fransız jurnalist Jan-Mişel Brün öz məqaləsində qeyd edir ki, Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ məsələsinə yanaşması rasional səbəblərdən deyil, daxili siyasi maraqlardan qaynaqlanır. Bu siyasətin arxasında heç bir rasional və məntiqli səbəb yoxdur. Əsas motiv Fransada təxminən 800 min erməninin yaşaması və onların əsasən Paris, Lion və Marsel kimi böyük şəhərlərdə məskunlaşmasıdır. Fransa hökuməti və siyasi partiyalar bu məsələyə daha çox seçki prizmasından yanaşır. Onlar nə Ermənistan, nə də Azərbaycan xalqını düşünür. Onları maraqlandıran tək məsələ seçkilərdə səs qazanmaqdır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib.
O, bildirib ki, bu fikirlər ilk baxışdan bir qədər emosional və məsələyə sadələşdirilmiş yanaşma tərzi kimi qiymətləndirilə bilər:
“Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən və Avropanın əsas dövlətlərindən biri olan Fransanın Güney Qafqaz siyasətinin ölkə seçicilərinin çox az bir hissəsini təşkil edən erməni diasporu tərəfindən yönləndirildiyi həm təəccüblü və həm də bir o qədər də inandırıcı olmayan kimi görünür. Lakin bu fikir ümumi şəkildə faktiki vəziyyəti əks etdirir və reallığa daha çox yaxındır.Məsələ bundan ibarətdir ki, demokratik rejimlərdə, o cümlədən Fransada müəyyən bir qrupun hakimiyyətə və onun siyasətinə təsir imkanları həmin qrupun üzvlərinin sayı ilə və bu sayın seçicilərin ümumi sayına nisbəti ilə müəyyən olunmur. Yəni siyasi təsir qruplarının faktiki imkanlarını yalnız rəqəmlərlə qiymətləndirmək düzgün deyil və heç də həmişə əhalinin sayına proporsional olmur. Yaxşı təşkilatlanmış, fəal və siyasi cəhətdən səfərbər olan azsaylı seçici qrupu, o cümlədən diaspor və lobbi qrupu milyonlarla passiv seçicidən daha böyük təsir gücünə malik ola bilir. Başqa sözlə, seçici qruplarının siyasi həyata və proseslərə təsir gücünün mənbəyi sadəcə say deyil. Bu məsələdə mühüm olan seçicinin və qrupun coğrafiyası, təşkilatlanma səviyyəsi, institusional əlaqələri, siyasi fəallığı və uzun illər ərzində formalaşdırılmış etimad kapitalıdır”.
Onun sözlərinə görə, göstərilən amillər nəzərə alınmaqla, erməni lobbisi bu gün Fransanın ən uğurlu təşkilatlanmış və çevik etnik icmalarından biridir və onun təsir gücü məhz bu xüsusiyyətlərdən qaynaqlanır:
“Fransanın mövcud seçki sistemi də bu məsələdə az əhəmiyyət kəsb etmir və erməni lobbisinin ciddi təsirini mümkün edən əsas amillərdən biridir. Fransa parlamentinin aşağı palatası olan Milli Məclisə seçkilər ümumi seçki hüququ əsasında birmandatlı dairələr üzrə iki turlu majoritar sistemlə keçirilir. Bu sistemdə seçicilərin bütün ölkə üzrə deyil, konkret dairədə səs çoxluğunu qazanmaq lazımdır. Parlamentin yuxarı palatası olan Senat departamentlər üzrə müxtəlif seçki sistemləri əsasında birbaşa olmayan seçkilər vasitəsilə seçki kollegiyası adlanan xüsusi qurum tərəfindən seçilir. Seçki kollegiyasının tərkibində müvafiq departamentin, həmin departamentin tərkibinə daxil olan bölgələrin və kommunaların bələdiyyə üzvləri çoxluq təşkil edir. Yəni hər 2 palataya seçkilərdə ölkə əhalisinin ümumi sayı deyil müəyyən dairələrdə cəmləşməsi həlledici rol oynayır.Fransadakı erməni icmasının əsas hissəsi Paris və ətrafı, Lion, Marsel və başqa iri şəhərlərdə yaşayır və regional və yerli siyasi həyatda fəal iştirak edir. Bu şəhərlərin merləri ənənəvi olaraq ölkənin ən nüfuzlu siyasətçiləri sırasında yer alırlar. Bu da bir reallıqdır ki, seçkilər dövründə siyasətçilərin əksəriyyəti qlobal geosiyasi maraqlara deyil, rəqiblərinə nisbətən daha çox səs toplayaraq qalib gəlməyə üstünlük verirlər. Belə bir şəraitdə siyasətçilərin fəal şəxslərə, o cümlədən etnik icmaların dəstəyinə daha çox ehtiyacı olur. Erməni diasporu da ilk növbədə məhz bu səviyyədə təsir göstərir.Beləliklə, Fransada erməni icmasının üstünlüyü yalnız siyasi fəallığında və uzun illər ərzində formalaşdırdığı institusional əlaqələrdir”.
Q.Əlibəyli deyib ki, Fransada fəaliyyət göstərən erməni təşkilatları siyasi partiyalar, perspektivli siyasətçilər, senatorlar, deputatlar, merlər, bələdiyyə üzvləri, media nümayəndələri ilə, universitet və akademik mərkəzlərlə davamlı işləyirlər:
“Həm də bu fəaliyyət yalnız seçkidən seçkiyə deyil, seçkilərarası dövrdə də fasiləsiz şəkildə aparılır. Nəticədə Ermənistanla bağlı hər hansı bir məsələ gündəmə gələndə artıq hazır münasibətlər şəbəkəsi mövcud olur.Bununla belə, Fransanın Güney Qafqaz siyasətini yalnız erməni icması və diasporu amili ilə izah etmək də yanlışlıq olardı. Fransanın Güney Qafqaz siyasətinə təsir edən daha böyük geosiyasi faktorlar mövcuddur. Fransa ilk növbədə Avropa İttifaqında liderliyini möhkəmləndirmək və davamlı etmək istəyir. Rusiyanın zəiflədiyi şəraitdə Cənubi Qafqazda yeni siyasi balans formalaşdırmağa, Türkiyənin və Azərbaycanın regiondakı nüfuzunun artmasını əngəlləməyə çalışır. Avropa İttifaqının genişlənmə siyasəti, enerji təhlükəsizliyi, regional kommunikasiya və bağlantl layihələri, İran faktoru və NATO daxilindəki maraqlar da bu siyasətin prioritetlərinə təsir göstərir. Ermənistan bu geosiyasi strategiyada Fransa üçün daha münasib tərəfdaş kimi görünür. Eyni zamanda Fransanın yeni müstəmləkəçilik siyasətinin Azərbaycan tərəfindən ictimailəşdirilməsi və ifşası da bu ölkənin Güney Qafqaz siyasətinə təsir göstərən amillərdən biri kimi nəzərdə keçirilməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Iyul 2026 11:44
Slovakiya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
15 Iyul 2026 11:42
“Qərəzli kampaniyaların heç bir nəticə vermədi”
15 Iyul 2026 11:34
Birol Akgün İlham Əliyevə təşəkkür etdi
15 Iyul 2026 10:59
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində oldu - FOTO
15 Iyul 2026 10:49
Şuşadan dünyaya ortaq gələcək mesajları: Azərbaycan yeni geosiyasi reallıqların mərkəzində
15 Iyul 2026 10:46
İlham Əliyev Ərdoğana başsağlığı verdi
15 Iyul 2026 10:40
“Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələ formalaşır”
15 Iyul 2026 09:01


Bakı -°C

