Əbülfət Mədətoğlu "Qapı Sirri "-nin  yozumu...

ƏBÜLFƏT MƏDƏTOĞLU
886 | 2024-09-26 15:53

( Bir  povest  barədə düşüncələrim)

Hər bir yaradıcı insanın özünəməxsusluğu  ortaya qoyduğu,  araya-ərsəyə gətirdiyi bədii təxəyyül məhsulunda özünü göstərir. Yəni rəssam çəkdiyi portreti ilə, bəstəkar səsləndirdiyi musiqi ilə, təbii ki, yazı adamı da cümlələri, misraları ilə tamaşaçının, dinləyicinin, oxucunun diqqətini özünə çəkir. Bu, «diqqətçəkmə» o zaman baş verir ki, həmin bədii məhsulun canında, qanında bir səmimiyyət, bir düşündürmək qabiliyyəti və bir də  başqalardan üslub, yanaşma kimi  cəhətləri ilə fərqlənsin. Belə olduğu halda oxucu yeni əsərdən məmnun qalır. Ayırdığı vaxtı uğurlu sayır və bir az da məsələni incələsək, deməli mənən qazanır, zənginləşir. Ona görə də yaradıcı insan bütün hallarda məsuliyyət və ətrafda baş verən hadisələri dəyərləndirmək imkanını yaddan çıxarmamalıdı. Təbii ki, bu, mənim özüm  üçün  çıxartdığım nəticədi və bunu kimlərəsə təlqin etmək fikrim yoxdur. Lap sözün ən sadə formasında desəm yazı elə yazılmalıdır, əsər ortaya elə gəlməlidi ki, o, ətrafa çağırış edə bilsin. Özünün var olduğunu diqqətə çatdırsın.

Yaradıcılığının çox böyük hissəsini izlədiyim, oxuduğum və bugün də böyük məmnunluq hissi ilə hər yeni şeirinə, bədii və publisist yazısına daxili bir tələbatla yanaşdığım, yazarlarımızdan biri də Azərbaycan və bütövlükdə, həm də türk  dünyasında böyük maraq doğurmuş xanımdır. Onun hər kitabında mütləq bir yeni çalar, yeni bir yanaşma tərzini görmək artıq mənim üçün reallığa çevrilib. Ona görə də qarşıma çıxan və yaxud əldə etdiyim kitablarına,  yazılarına həmişə  diqqət yetirməyə, oxumağa çalışıram. Bilirəm və əminəm ki, həmin yazıya, kitaba həsr etdiyim vaxt ərzində bu xanımın yazıçı aurasının mərkəzində olacam. Oxuduqlarım mənə birbaşa hopacaq.

Masamın üzərindəki kitabla xeyli vaxtdır ki, təmasdayam. Yəni həmsöhbətəm. Bu kitab elə xarici görünüşü ilə yəni, üz qabığı ilə   də otağıma gələn hər kəsin diqqətini çəkir. Hətta bəzən izin almadan kitabı götürüb baxıb vərəqləyirlər. Təbii ki, bu kitabı çap edən, daha doğrusu onu çapa hazırlayan və bu prosesdə müəllifin ideyasını gerçəkləşdirən nəşriyyatın xidmətidi. Ona görə də bu mükəmməl nəşr hər kəsə «gəl-gəl» deyir və mən də məhz həmin o çağırışı da bir səbəb  saymaqla bu kitaba doğru getmişəm və başlamışam oxumağa. Kitabda iki povest və bir hekayə yer alıbdır. Onların hamısını birləşdirən bir   ana xətt , yəni dayaq nöqtəsi    var. Proseslər də həmin o dayaq nöqtəsinin üzərində kərpic-kərpic qalxır, şaxələnir. Elə bil ki, bir ağac qol-budaq atır. Məhz o həmin bir ağac – VƏTƏNDİR, Azərbaycandır. Onun üzüyünün qaşı olan Qarabağdır… şəhiddir… əsgərdir… Ayrı-ayrı qəhrəmanların, ayrı-ayrı müstəvilərdə fəaliyyət göstərən insanların birləşdiyi həmin o nöqtə oxucunu, elə vətənin qoynunda saxlayır. Şəxsən mən bir oxucu olaraq bu bədii əsərlərin fantaziyasına qoşulub ölkə sərhədini keçəndə də özümlə birlikdə Vətən aparıram, dönüşdə də Vətən gətirirəm. Çünki o gediş-gəliş o qədər bir-birinə sıx bağlıdı ki, ordan qopub ayrılmaq mümkün deyil. Bax, bu mənada həsrətlə boylandığımız Arazın o biri üzündə bir Azərbaycan var, həmin Azərbaycana, Təbrizdə müalicə olunmaq üçün, üz tutan Vəlinin, onu aparan atası Əkbərin yaşadıqları hisslər qaçqınlığın vurduğu sarsıdıcı zərbələrin bir növü məlhəminə çevrilir. Çünki ordakı qardaşımız, bacımız bizi anlayır. Bizimlə bir kədəri, bir faciəni bölüşmək istəyini gizlətmir. Ona görə də gənc bir jurnalistin Əkbər  kişidən aldığı müsahibə Niderlandda yayımlananda bu Qarabağ itkisini yaşayan adamların ürəyinə təpər gətirir, ümidlərini bir az da alovlandırır. Çünki həmin telemüsahibə dünyaya bir görüntü sərgiləyir - Qarabağın kimə məxsus olduğu görüntüsünü!!!  Erməni vandallığını və İranda gedib öz evinin qapısını tanıyan Əkbərin və digər Əkbərlərin yaşadıqlarını çatdırır.

Elə buradaca xatırladım ki, oğlunu müalicəyə aparan Əkbər kişi İranda bazara baş çəkir və burada satılan əşyalar içərisində öz əli ilə düzəldib, öz evinin qapısı kimi doğma ocağında qıfıllayıb tərk etməyə məcbur olduğu o kəndin nişanəsi olan QAPI   ilə qarşılaşır. Bu anı görmək, bu anı yaşamaq heç də asan deyil. Müəllif  hadisəni o qədər kövrək notlarla və real mənzərə ilə qabardır ki, ondan gözlərinin nəmini silmədən ayrılmaq mümkün deyil. Dağ boyda kişi öz evinin qapısını hərracda görür, satışda görür. Bu Azərbaycana qarşı törədilən cinayətin ən şərəfsiz və əxlaqsız bir detalıdır.

Təbii ki, biz 30 illik yurd həsrətində ermənilərin işğal altında saxladıqları ərazilərimizi necə taladıqlarını və yağmaladıqları hər şeyi İran və İrəvan vasitəsilə xarici bazarlara çıxartdığını bilirdik. Bununla bağlı dövlətimiz, iqtidarımız gərəkli addımlar atırdı. Amma 2020-ci ilin sentyabr ayının 27-ə qədər biz səbirlə bu diplomatiyanı həyata keçirirdik. Amma…

Bəli, Qarabağın Xanəhmədli kəndində baş verənlər elə bir üslubla qələmə alınıb ki, adama hərdən elə gəlir ki, özü də həmin proseslərin içindədi. Çünki bu ağrı, bu dərd mənim də içimdən keçib. Mən də onu yaşamışam, elə müəllifin özü də. Məhz bu səbəbdəndir ki, povesti birnəfəsə oxuyursan. Həm kövrələrək, həm qürur duyaraq. İtkilər, faciələr kövrəltsə də, Şuşaya sancılan Bayraq,  Böyük  Qələbə qürur yaşadır  oxucuya. Çünki o sancılan bayraqda sənin ümidin, sənin güvənin var. O Bayrağı sancanlar da sənin özündəndi, canındandı, qanındandı. Deməli, hər şey reallıqdı, gerçəklikdi, yaşanılmış bir həyatdı. Müəllif də bax, bu üç məqamı bədii dillə, qələmin gücü ilə povestə çevirib.

Mən burda bir məqamı özüm üçün müəyyənləşdirmişəm, onu mütləq vurğulamalıyam. Belə ki, bu povestin qəhrəmanları və əhatə dairəsi janra tam uyğundu. Amma mən əsəri povestdən daha çox uzun,lap  bir gecə sabaha qədər danışılan hekayə hesab edirəm. Ona görə də Əkbər kişinin ailəsində yaşananları öz ailəmdə yaşananlarla paralelləşdirirəm. Ağrının da eyniliyini, göz yaşının da, sevincin də kürək-kürəyə verib bir sığınacaqda səhəri açılmağın da bundan böyük bənzərini görə bilmirəm. Bundan güclü   realın   təsviri olduğuna inanmıram. Lap elə 44 günlük savaşda "ölüb-dirilən", ayağını itirən Vəlinin də həyatı, yaşamı mənim bildiyim yaşamın, həyatın bir səhnəsidi. Deməli, «Qapı sirri» çözülən bir həyat hekayəsidi.

Bu gün  barəsində fikirlərimi bilgisayara diqtə etdiyim «Qapı sirri» kitabının müəllifi, dəyərli yazıçımız, istedadlı şairəmiz Sona Vəliyevadır. Mən   «Qapı sirri»ni oxuyub başa çıxanda hiss etdim ki, 1988-ci ilin fevralın 3-dən 2020-ci il sentyabrın 27-ə qədər olan zaman kəsiyini təkrar yaşadım. Sözün, qələmin gücü ilə, təsiri ilə. Düşünürəm ki, bu povestləri oxuyanlar, hər halda mənimlə razılaşacaq. Çünki bu kitab elə dərin düşüncə və məntiqin istedada hopan gücü ilə bizlərə gəlib çatmış, 30 illik tariximizin əks-sədasıdır. Yaşadıqlarımızın yazılı variantıdır. Çox sağ olun, dəyərlimiz  Sona xanım Vəliyevə, bu kitabınıza görə!

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV