Ədəbiyyatımızın ELÇİNİ - Əbülfət MƏDƏTOĞLU yazır   

ƏBÜLFƏT MƏDƏTOĞLU
1543 | 2023-05-25 18:07

(Elçin Əfəndiyevin doğum gününə)

Azərbaycanın ədəbi  mühitinə  və bədii  sözün izləyicilərinə   bəlli  olan  bir  gerçəklik  var. Həmin   gerçəklik də  ədəbiyyatımızın cəfakeşi, yaradıcılarından ən öndə  gedənlərindən və  tanıdanlarından  olan Elçin  müəllimin doğum günü ilə  bağlıdı! Yəni, həm dolaysı, həm də  birbaşa  demək istəyirəm ki,  bu   il Elçinsevərlər özlərini   ədibin  yubley   notunda  kökləyiblər. İstər  ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda  Elçin müəllimi oxuyanlar   Azərbaycan yazıçısının  həyat  və  yaradıcılığı  özləri  üçün daxilən  yeniləyirlər.Bu  yubley  sanki  bizim yaddaşımıza  bir  göstəriş  verib  və  biz  də   həmin zəruri  göstərişə  uyğun olaraq yazıçı Elçini ilk hekayəsindən  bu  günümüzə  qədər cilidlənən  kitablarını  vərəqləyirik...

Elə  buradaca  xatırladım ki, mənim  özümə  görə  yazmaq   vərdişim, üslubum var.  Adətən kiminsə barəsində yazı yazmağa başlayanda sözün hardan başlayıb harda bitəcəyini düşünmürəm. İçimdə, ağlımda olanları bir-birinin ardınca söyləyib yazımın məramını, məqsədini ortaya qoyuram. Və təbii ki, ürəyimin səsi, ağlımın hökmüylə yazdığım bu yazılarda qəhrəmanıma, yazımdakı obraza münasibətimi də olduğu kimi sərgiləyirəm. Necə deyərlər, özüm hansı haldayamsa, yazım da elə onun ifadəsinə çevrilir.Düşündüyüm, dərk etdiyim nədir, necədir onu  yazıram...Özgə  arşını  ilə  , kimin nə deyəcəyi ilə  yox  , öz  arşınımın   məndəki təsdiqlənmiş  nəticəyə  söykənib yazıram... Amma...

Amma  bu  gün   ağlımda  bir  əmma  var!  Düşünürəm ki, mən  bu  yazı  yükünün altından çıxa   biləcəmmi? Və  mən  Elçin müəllimin yubleyi  ilə  bağlı oxucu  sözünü  dilə  gətirməklə  ölçülərdən kənara  çıxmıram ki?

Bu  məqamda  bir  zəruri  qeyd  etməliyəm - Bəli, bu yazını  yazmaq mənim üçün çox çətindi.  Çünki artıq  Elçin müəllim məni tanıyır, Şuşaya,yəni  Vaqif poeziya  bayramlarına  səfərdə  onunla  həmsöhbət  olmaq, telefonla  fikir  bölüşmək  xoşbəxtliyim  və fürsətim olub! Bax, bu səbəbdəndi ki, hörmətli Elçin müəllimin doğum günündə bir oxucu, bir jurnalist və nəhayət, həm də bir şair kimi fikir söyləmək mənə çox çətindir.

Lakin  daxili istəyimin mənə  diqtəsi  ilə   bu yazını xalq yazıçısı Elçin Əfəndiyevin oxucusu olaraq onun doğum gününə ünvanlayıram. Və  bir  yazımda da  vurğuladığım kimi, hələ doğulduğum Tuğ kəndində, orta məktəbdə oxuduğum illərdən tanıyıb sevmişəm Elçin Əfəndiyev yaradıçılığını. Xüsusilə onun unudulmaz xalq yazıçımız İlyas Əfəndiyevin oğlu olduğunu biləndən sonra ürəyimdə qəribə bir hiss baş qaldırmışdı. Özüm-özümə sual verirdim ki, görəsən iki yazıçı bir evdə mövzuları, yazdıqlarını müzakirə edirlərmi? Bir-birlərilə iki qələm adamı olaraq hansı mövzularda mübahisələri olur?

Məni qınamayın. Bu bir orta məktəb şagirdinin, bir cavan oğlanın tam səmimi duyğularından doğan sual idi. İllər keçdi və mən Elçin Əfəndiyevi həyatda da görməyə başladım. Müxtəlif tədbirlərdə çıxışlarını dinlədim. Xüsusilə İlyas Əfəndiyev cənnətə köçüb haqqa qovuşandan sonra İlyas müəllimlə bağlı keçirilən tədbirlərin böyük əksəriyyərtində iştirak etdiyimdən mən Elçin müəllimi orada yaxından görürdüm. Hətta bir dəfə şair dostum, qardaşım, ailəvi bağlılığım olan Çingiz Əlioğlu Milli Dram Teatrın foyesində tamaşaya gələn Elçin müəllimlə  əhvallaşanda  məni də yaxınlaşıb görüşməyə dəvət edir. Bir az ehtiyatla Elçin müəllimə yaxın gəldim və salam verdim. O da əlini uzatdı... Bax, bu mənim Elçin müəllimlə Şuşa  ziyarətimizə  qədər olan üzbəüz yeganə görüşüm   idi...

 

Elçin Əfəndiyev mənim üçün gözəl novellaların, xüsusilə "Baladadaşın ilk məhəbbəti"nin müəllifidi... Elçin müəllim mənim üçün "Bir görüşün tarixçəsi", "Ox kimi bıçaq", "Mahmud və Məryəm"... " “Bayraqdar”,  “Toyuğun diri qalması”, “Gümüşü furqon”, “Dolça” ,“Ağ dəvə”, “Ölüm hökmü”, " Baş"  romanını müəllifidi... Elçin müəllim ayrı-ayrı şəxslər barəsində xatirə yazıların müəllifidi... Hansı ki o yazılar - xatirələr  barəsində söhbət açılan şəxsləri bizlərə yenidən və həm də ətraflı şəkildə tanıdır...Elçin müəllim mənim üçün düşündürməyi və inandırmağı bacaran səhnə həyatı verdiyi obrazların müəllifidir... Elçin müəllim mənim üçün həm də ədəbi düşüncəylə fəlsəfi düşüncəni bir-birinə calaq edən yox, bir-birində ifadə edən yazıçı alimdi... nasir, həm də filosofdu... Ona görə də onun oxuduğum əsərlərini demək olar ki, hamısında mən hər bir sözün arxasında ikinci və bəzən də üçüncü sözün dayandığını görürəm. Sözlər qat-qatdı, bir -birinin  arxasında dayanan insanlar kimi. Oxuduğun anda sənə adi görünür. Sonra  həmin O görüntü səniyavaş  və  sakitcə  özünə tərəf  çəkir və başlayırsan gördüyünün ardınca getməyə. Gedib sonsuzluğa yox, işığa çatırsan. Sözün məbədində qaynayan o bulağın gözündə bütün rənglərin, bütün gözəlliklərin və həyatla insanın mücadiləsinin şahidinə çevrilirsən. Burda söhbət daha çox yaşatmaqdan, yaratmaqdan gedir. Dağıtmaq, məhv etmək istəyinə qarşı çıxmaqdan gedir. Və nəhayət, Elçin müəllimin bir nasir, bir dramaturq, bir ədəbiyyatşünas kimi oxucu önünə çıxardığı hər bir fikir, hər bir əsər dərhal müzakirə ünvanına çevrilir. Çünki təzə tərdi... Çünki hamının dediyi formada yox, məhz Elçinin dediyi formada ortaya qoyulubdu. Bu, özünəməxsusluqdu! Bu mənə görə həm də Elçinşünaslıqdı!

Mən Elçin Əfəndiyevin oxucusu olaraq özüm üçün bir gerçəkliyi də müəyyənləşdirmişəm və o gerçəkliyi özümün haqqım kimi qəbul etmişəm. Bu gerçəklik də mənə görə, bundan ibarətdir ki, Elçin Əfəndiyev pafos yazıçısı deyil. Elçin Əfəndiyev gerçəyin, yəni oxucunun yazıçısıdı! Və mən sevinirəm ki, bu gün Azərbaycan söz məkanından kənara çıxaraq Azərbaycan ədəbiyyatını tanıdanların önündə Elçin Əfəndiyev də var! Bu yer onun həm haqqıdır, həm də oxucularının ona verdiyi missiyadır! Bu gün Azərbaycan ədəbiyyatının öncüllərindən biri olan Elçin Əfəndiyev bizim üçün, Azərbaycan üçün, ədəbiyyatsevərlər üçün yazıb yaradır.

Bu  gün ömrünün 80-ci  baharını-yayını  yaşayan və yazıb-yaradan Elçin müəllim barəsində ən yüksək  mərtəbələrdə, səviyyələrdə fikir  bildirilir...münasibət  ifadə  olunur..təbriklər deyilir, yazılır...Bunların hamısı da  birmənalı  olaraq Elçin  müəllimin  halal  haqqıdır! Düşünürəm ki, bir  vətəndaş , bir  yazıçı  xoşbəxtliyi  Elçin  müəllimin ömürlüyünü  bəzəyib! Bu  xoşbəxtlik də onun  Şişanı, Füzulini, bütün  Qarabağı  işğaldan azad  görməsidi! Doğum gününüz də, bu  xoşbəxtliyiniz də mübarək olsun, əziz Elçin müəllim! 

P.S. Çox hörmətli Elçin müəllim, inanın ki, sizə ünvanladığım bu kiçik yazı istəklərimin tam səmimi ifadəsidir. O sizə layiq olmasada, hər halda, mən oxucunuz kimi  yaradıcılığınızla bağlı düşündüklərimi çatdırmağa çalışdım...

TƏQVİM / ARXİV