adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Sentyabr 2022 12:48
757
ƏDƏBİYYAT

Ədəbiyyatşünaslığa hədiyyə olan kitab - Əbülfət MƏDƏTOĞLU yazır

Hər dəfə yeni bir kitabla tanış olanda özümdən asılı olmayaraq, həmin kitabın yaranma prosesini mətbəə, nəşriyyat, müəllif və digər məqamları gözümün önünə gətirirəm. Çünki zamanında, yəni Sovet dönəmində bu tamam fərqli bir prosedur idi. İndi isə çox şeylər asanlaşıb, o cümlədən də kitab nəşri... Bəli, mən yazı-pozuya, kitab işinə müəyyən mənada bələd olduğumdan, yeni kitabı, həm də dünyaya gələn növbəti övlad hesab edirəm. Bax, bu mənada həftənin ən gözəl günlərindən biri olan cümə səhəri yaxşı bir hədiyyə aldım. Bu hədiyyənin adı «Keçmiş gələcəyin özülü» kitabı oldu. 

Öncədən deyim ki, kitabın müəllifi mənim üçün bacı qədər doğma, ailəsi dəyər verdiyim bir ziyalı ailələrindən biridir və uzun illərdən bəridir ki, Göyərçin Abid qızının yazıları həmişə diqqətimi çəkib və biz birlikdə bu yazıların önəmindən, onun ədəbi ictimaiyyətə, elmimizə faydasını müzakirə etmişik. Və bütün bu müzakirələr qarşılıqlı fikir mübadilələri təbii ki, növbətin elmi məqalələrin yaranmasına səbəb olubdur. Elə bu cümə səhəri də  bacım Göyərçin xanımın mənə təqdim etdiyi kitab da həmin elmi məqalələrin, araşdırmaların toplusu idi. Nəfis şəkildə elm və təhsil nəşriyyatında işıq üzü görmüş kitabını Göyərçin Abid qızı «Əziz Qardaşıma, yaxşı ki, varsan! Var ol! Müəllifdən. 23.09.2022» avtoqrafı ilə bağışladı. Bu gözəl hədiyyə mənim üçün xüsusi mahiyyət kəsb edir. Ən azından ona görə ki, kitabın əhatə etdiyi ədəbi elmi çevrə çoxşaxəlidi. Burada ədəbiyyatımızın klassiklərindən bugünümüzə qədər bir yol özünü ehtiva edib. Oxucu Nəsimini, Nizamini, Füzulini oxuya-oxuya, Müşfiqə, Cəfər Cabbarlıya, İlyas Əfəndiyevi, Əhməd Cavadı, Üzeyir bəyə, Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya, Bəkir Nəbiyevə, eləcə də neçə-neçə tanınmış ədəbiyyat cəfakeşlərinə münasibəti bu kitabda görə bilər. Onu da qeyd edim ki, kitabda qardaş türk ellərinin, yəni Abay Kunanbayevi, Yunus Əmrəni və digərlərinin də barəsində Göyərçin Abid qızının təhqiqatlarının bəhrəsi olan məqalələrini oxumaq mümkündür. 

Mən informasiya xarakterli bu qeydlərimlə oxuculara çatdırmaq istəyirəm ki, filologiya üzrə fəlsəfə doktoru Göyərçin Abid qızının bu kitabı ədəbiyyatımıza, ədəbiyyatımızı sevənlərə yaxşı bir hədiyyədir. Bu hədiyyəyə görə müəllifi təbrik edir və ona ən xoş arzularımı bildirirəm. Uğurlarınız bol olsun, Göyərçin Abid qızı.