07 Oktyabr 2025 15:33
112
DÜNYA

EKSPERT: “İran rejimi oturduğu budağı kəsməz”

“İranda guya məcburi hicabın ləğv edilməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. 1979-cu ildə İranda islam inqilabı baş verib. O vaxtdan vilayəti fəqih sistemi qurulub, ölkə əhalisi şəriət qaydaları ilə yaşayır. Nə qədər ki, indiki rejim iş başındadır, İranda hicab qaydası ləğv edilə bilməz”. 

Bu sözləri Adalat.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, İran Məsləhət Şurasının üzvü Məhəmməd Rza Bahonarın açıqlaması Azərbaycanda yanlış şərh edilir.

 “İran məclisinin qəbul etdiyi “Hicab və İffət” qanununun tətbiqi dayandırılıb. Məhəmməd Rza Bahonarın açıqlaması da bununla bağlıdır. İran şəriət dövlətidir. Dövlətin rəhbəri Ayətullah Seyidəli Xamneyidir. Rejim oturduğu budağı kəsərmi? Hicab rejimin qırmızı xəttlərindən biridir. Hicab ləğv edilsə, ardınca başqa qaydalar da dəyişdirilməlidir. Rejim buna getməz. İranda məcburi hicab o zaman ləğv edilər ki, yeni bir inqilab olsun, hakimiyyətə başqa qüvvələr gəlsin, vilayəti-fəqih sistemi aradan qaldırılsın. Xamneyi həyatda olduğu, hakimiyyətdə qaldığı müddətcə İranda şəriət qaydalarından imtina, xüsusilə də hicabdan imtina gündəmə gələ bilməz”. 

E.Cəfərlinin sözlərinə görə, 2022-ci ildə Məhsa Əmininin qətlə yetirilməsi ilə vüsət almış hicab inqilabı İran cəmiyyətində daşlaşmış fikirləri bir qədər yumşaldıb:

 “İranda gənclər şəriət qaydaları ilə yaşamaq istəmir, Avropalı həmyaşıdları kimi sərbəst geyinmək istəyirlər. İnqilabın meydana gəlməsini şərtləndirən klassik deyimlə desək, İran gəncləri əvvəlki qaydalarla yaşamaq istəmir, rejim isə köhnə qaydalarla idarə edə bilmir. Lakin bu, hələ o demək deyil ki, İslam Respublikası qala-qala hicab ləğv edilə bilər. Bu, mümkün deyil. Hazırkı prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi islahatçı qanad silahlı qüvvələrdəki yeni fikirli insanların köməyi ilə “vilayəti fəqih”i ortadan qaldırsa, “islam rejimi” ləğv edilsə, o halda geyim qaydaları dəyişə bilər. Hazırki dövrdə sadəcə Xamneyi göstəriş verib ki, gənclərin geyiminə sərt müdaxilə olunmasın. “Əxlaq polisi” deyilən qurumun da səlahiyyətləri azaldılıb”.

 Ekspert hesab edir ki, rejimin geyim qaydalarına yanaşmada yumşalması başqa səbəblərlə bağlıdır: 

“Trampın birinci hakimiyyəti dövründən İranda hakim rejim enişdədir. ABŞ-İsrail cütlüyü İran rejiminin qol-qanadını sındırıb. İranın proksi qüvvələri demək olar ki, sıradan çıxarılıb. SEPAH, Hizbullah, Həmas liderləri öldürülüb. İsraillə 12 günlük müharibədə rejimin öydüyü SEPAH-ın generalları evlərində yatdıqları yerdə dəqiq nöqtə atışı raket zərbələri ilə öldürüldülər. Rejimin qüruru sındırıldı, imici yerlə bir oldu. İsraillə müharibə hər an yenidən başlana bilər. Belə bir durumda Xamneyi rejiminə daxili sabitlik, milli birlik çox vacibdir. İran rejimi hazırda hansısa gənc qızın saçının teli göründü, yoxsa görünmədi məsələsinə müdaxilə etmək həvəsində deyil. Beynəlxalq təzyiqlər azalsa, müharibə təhlükəsi sovuşsa, molla rejimi 2000-lərdəki qüdrətini bərpa etsə, bəlkə o zaman hicab qaydaları yenidən sərtləşə bilər. İndiki halda və hələ bir müddət İran rejimi gənclərin geyim azadlığına sərt müdaxilə etməyəcək”.


Əntiqə Kərimzadə