adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyun 2022 14:31
1041
ƏDƏBİYYAT

Elçilik (Lirik novella)

İyunun 1-də yazıçı- jurnalist Arif Ərşadoğlunun (Arif Quliyevin) 70 yaşı tamam oldu. Ad günü ərəfəsində onun “ Mənim kitabım” adlı yeni bir kitabı da işıq üzü görmüşdür. Sanki bu kitab müəllifin  özünə bir yubiley hədiyyəsidir.

Həmkarımızın “ Mənim kitabım”da yer alan bir neçə novellasını oçuculara təqdim edirik:

                                  Elçilik

                             (Lirik novella)

Qapının zəngi çalındı. Bayaqdan intizarla gözləyən qız evinin adamları ayağa qalxıb müntəzir dayandılar.

Qapı açıldı. İçəri bığ yeri yenicə tərləmiş gənc bir oğlan daxil oldu. O, salam verdi. Gözləri əlindəki gül dəstəsini verməyə adam axtardı. Adamı tapmayıb gülü stolun üstünə qoydu.

Evin sahibi gələni diqqətlə gözdən keçirib dedi:

– Əyləş, a bala...

– Çox sağ olun. Mən söz vermişdim ki, valideynlərimi göndərəcəyəm, amma onlar gələ bilmədilər. Sözün düzü nə atam, nə də anam mənim evlənməyimi istəmir. Deyirlər hələ tezdi...

 – Deməli, ata-anan razı deyil, amma sən onların istəyinin əksinə gedirsən?

– Yoox... niyə elə danışırsınız?! Mən onların istəyinə qarşı deyiləm... Əksinə... Mən onların ən müqəddəs arzularını gerçəkləşdirmək istəyirəm. İstəyirəm ki, onlar övlad toyunun sevincini yaşasınlar, nəvə kimi bir Tanrı payından vəcdə gəlsinlər.

– Böyüyün sözünə baxmayan böyürə-böyürə gedər, a bala!..

– Kim böyüyün sözünə baxmır?.. Mənmi?! Mən Allahımın istəyi ilə bu sevdaya baş qoşmuşam. Tanrının buyurduğu ilə Ağçiçəyi sevmişəm. Ondan böyük varmı?!

– Nə danışdığını heç özün də bilmirsən, a bala... Ağçiçək də, sən də ağlınızı itirmisiniz. Hələ birinci kursda oxuyursunuz. Hələ dörd il parta arxasında oturmalısınız. Hələ dörd ildən sonra əliniz çörəyə çatacaq.

– Siz nə danışırsınız?! Bəyəm biz çörəkpulu qazanmaq arzusu ilə yaşayırıq? Dünyanın ən xoşbəxt insanları olmaq üçün bizə bir qurtum su, bir udum hava da bəsdi...

Bizim dünya nemətlərində gözümüz yoxdu. Biz cürbəcür yeməklər yeyərək bir-birimizə olan saf, ülvi sevgimizi əsla azaltmaq niyyətində deyilik. Bizi nə dəbdəbəli həyat, nə də dünyanın naz-nemətləri özünə çəkə bilməz. Saf, ülvi sevgimizi heç nəyə xərcləmək arzusunda deyilik.

– Heç olmasa işləsəydin, dərd yarı idi. Eşitmişəm ki, valideynlərinin də elə bir imkanı yoxdu.

– Siz niyə hər şeyi pulla ölçürsünüz?.. Məgər insanların xoşbəxtliyi təkcə puldan asılıdı? Qəlbi məhəbbətlə dolu iki aşiqə dünyada heç nə gərək deyil.

Biz güllərin, çiçəklərin ətrini qoxlaya-qoxlaya bir-birimizə məhəbbət nəğmələri oxuyacağıq. Əl-ələ tutub göylərdə uçacaq, pəmbə buludlara dirsəklənib bir-birimizə dadlı-duzlu nağıllar danışacağıq.

– Doğrudan da siz ağlınızı itirmisiniz... 

– Bizə heç ağıl da lazım deyil. İki sevgili insanın ağıl nəyinə gərəkdir? Biz ürəyimizdən güc alır, yalnız onun istəyini yerinə yetiririk. Ağıl və düşünsə bizə yaddı, o bizim saf, ülvi məhəbbətimizə yalnız ləkə gətirə bilər... Biz sübhün xəzrisi, axşamın gilavarı ilə gəzib dolaşacaq, yarpaqların həzin nəğməsində uyuyacağıq.

Dadlı yeməklər yemək, qiymətli paltarlar geyinmək bizə intihardan betərdi...

– Yaxşı, bunları bildim, ay oğul. Bunlar sevginin göyə aid hissəsidir. Gəl indi düşək yerə və ayıq başla düşünək...

Sizə kəbin kəsdirmək lazımdı, yoxsa, yox? 

– Bizim kəbinimiz göylərdə kəsilib. Nigahımızı Yaradan özü möhürləyib.

– Yaxşı, a bala! Kəbininiz göydə kəsilib, toy da ki, sizə lazım deyil. Yarpaqlar, bulaqlar, şəlalələr hamısını yoluna qoyacaq. Sizə ev də gərək deyil. Lazım olsa qaranquş yuvasında da gecələyə bilərsiniz... Daha nə qaldı... Götür çayını iç...

– Deməli razısınız?

– Niyə də razı olmayım?! Razıyam... Amma hələlik sənə Ağçiçəyin şəklini verəcəm. İnstitutu bitirərsən, işə düzələrsən, ev alarsan, ona qədər ağlın başına gələr, gəlib özünü də apararsan.

Bığ yeri yenicə tərləyən oğlanın sevinci qəlbinə sığmırdı. O, sevdiyi qızın atasından razılıq almışdı. Ayağa qalxıb gözlərindəki sevinc parıltılarını otaqdakıların üstünə səpələdi. Pilləkənləri uça-uça düşdü.

Dənizə qədər ürəyi özündən qabaqda getdi. Sahilə çatanda Xəzərin gömgöy sularında çimib gələn sərin bir meh onun bəxtəvərliyinə qovuşdu. Ağ yalmanlı dalğalar ruhunu oxşadılar, onu təbrik etdilər. Nəhayət, yadına düşdü ki, şəkli götürməyib. Elə o anda da dodaqları qaçdı, gözlərindəki işıq bir qədər də gücləndi. Kirayədə qaldığı evdə Ağçiçəyin divara yapışdırdığı saysız-hesabsız şəkilləri gözləri önünə gəldi...

O, bəxtəvər-bəxtəvər gülür, dalğalar isə onun şirin xəyallarına layla çalırdılar... 

 

Xeyir- dua

(Yumorlu hekayə)

     Tamada önə çıxıb daha bir qonağa söz vermək üçün mikrafonu dodaqlarına yaxınlaşdırdı:

¬–Əziz qonaqlar, hörmətli dostlar, indi də xeyir-dua vermək, ürək sözlərini söyləmək üçün sözü bəyimizin əmisi Murtuz kişiyə verirəm. Buyur, Murtuz dayı – dedi.

     Murtuz kişi ləngər vura-vura, sağına-soluna salam verə-verə tamadanın yanına gəldi, mikrafonu onun əlindən alan kimi iradını bildirdi:

–Ayə, a bala, əə, bu nə mikrafondu ?! Əə, fərli-başlı bir mikrafon tapa bilmirdinmi? Əə, ayıb olmasın lap bizim arvadın həvəngdəstəsinə oxşuyur...

     Bəy sağında dayanan cavan oğlana nəsə dedi, o da qaça-qaça tamadanın yanına gəlib, onun qulağına nəsə pıçıldadı, tamada da Murtuz kişiyə çatdırdı ki, nitqini tez bitirsin.

     Murtuz kişi:

–İndi deyirsən ki, qardaşım oğlunun toyunda ürəyimnən keçən iki kəlmə sözü deyə bilmərəm?!

     Tamada:

–Əşi, niyə deyə bilmirsən, de! İntəası bir az qısa elə ...

     Murtuz kişi:

– Mən nə demək istiyirəm?! Mənim bu qardaşım oğluynan Abbasqulunun bu qızı çoxdan him-cimləşirdilər. Özüm gözümnən görmüşəm,Allah haqqı. Bizimki bir fışqa çalan kimi Abbasqulunun bu qızı o saat qaçırdı bizim evin yanındakı böyürtkənliyə...

     Bəy yenə yerində qurcalandı, yenə yanındakına nəsə dedi, o da tamadanın yanına qaçıb bəyin sözlərini ona çatdırdı.Tamada isə əlinin işarəsi ilə naəlac olduğunu anlatdı .

     Murtuz kişi gözaltı onları süzürdü, sözünə də ara verdi ki, görsün indi bəydən nə “fərman” gəlib. Tamadanın işarəsini anlayan kimi yenidən sözə başladı:

–A gözünə dönüm, Murtuz! Mən də köhnə çekistəm, axı...Yavaşca gedib bulları pusuram. Bullar elə bir-birinə yaxınlaşan kimi yerdən bir daş götürüb atıram bullara tərəf. İnanmıyan varsa gedib baxa bilər. Bu saat həmən böyürtkənlikdə yarım maşın çınqıl var. Onun hamısını mən atmışam bulların başına.

    O zaman elçi gedəndə Abasqulu qızı vermək istəmirdi. Deyirdi Murad dəmşalaxdı. Apardım çınqıllığı göstərdim ona, gözü kəlləsinə çıxdı. Matı-qutu qurudu . Dedim qızı verməsən canın üçün o daşların hamısını camaatın içində bir-bir vuraram təpənə. Ayıb olmasın o saat verdi geri. İndi qardaşım oğlu məni bəyənmir . Ayə, a qırışmal, mən olmasam o qızın yerində indi bir boz eşşək bağlamışdılar.

     Zaldakılar uğunub getdilər, Murtuz kişi bir az da həvəsləndi:

– Xeylax vaxdı böyürtkənliyin altı boş qalıb . Bizim arvada demişəm ki, özünü yaxşı aparsan bir gün səni aparacam ora.

     Zaldakılar yenə uğundular.Tamada mikrofonu Murtuz kişinin əlindən almaq istədi. Amma ala bilmədi.

– Deyirəm, a bala , ay Murad! Əə, sənin harana yaraşır, əə, bu boyda xərc çəkib, bu boyda şadlıq sarayında toy eləmək. Əə, instutda oxuyursan deyin gərək Bakıda toy eliyəsən?! Ə, vallah, düzünə qalsa heç instutda da sən oxumursan eey , qardaşımın qoyunnarı, keçiləri oxuyur.

Olmazdımı kənddə bir mağar qureydik, Süleymanın zurna- balabanı da hər yana səs saleydi?! Allaha şükür, kənddə bozbaş bişirənimiz də var, qazan altı qalamağa təzəyimiz də...

Yaxşı bir belə adamı yığıb tökmüsən bura. Bəs, o Güllü arvadı niyə toya çağırmamısan,əə qırışmal! Sən uşaq olanda anan fermada işliyirdi. İşə gedəndə səni Güllü bibiyin yanında qoyub gedərdi. Sən də ki, yay-qış bütün günü o söz. Qarın ağrını kəsmək mümkün olmazdı.Yazıq Güllü bütün günü sənin əysilərini yuyardı. İki-üç dəfə də mənim üstümü batırmısan . Mən heç... mən əvvəl-axır əvəzini çıxacam. Bəs, Güllü?!

     Zaldakılar uğunub getdilər.

     Bəy dəli olmuşdu. Heç kim mikrofonu Murtuz kişinin əlindən ala bilmirdi. O üstünə gələni geri itələyirdi. Nəhayət sözünü bitirib nitqini belə yekunlaşdırdı:

–Yəni demək istiyirəm ki, ay camaat, Allah çox xeyir versin, oğullu-uşaqlı olsunlar, qoşa qarısınlar!

 

Rüşvət

(Novella)

İstirahət günü kabinetində heç vaxt olmamışdı. Sakit, geniş, bir az da ürküdücü idi .

     Pəncərəni açıb yazın təmiz, ilıq havasını  otağa doldurdu. Sinədolusu nəfəs aldı. Küləyin əsmədiyinə sevindi. Qayıdıb kresloya yayıldı. Əl çantasından güzgü çıxarıb özünə diqqətlə baxdı… Köks ötürüb üzünə tökülən saçlarını qulağının arxasına apardı. Yenidən kresloya yayıldı.

Yadına düşdü ki, mühasibatlığın sənədlərinə göz gəzdirməlidir. Seyfi açıb bir qovluq götürdü. Elə qovluğu açmaq istəyirdi ki, telefon zəng çaldı.

“Görəsən kimdi?! Axı,mənim burda olduğumu sürücüdən savayı heç kim bilmir...”.

 Dəstəyi götürdü:

–Bəli. Eşidirəm.

–Salam.

–Əleykəsalam.

–Bənövşə xanım, təksiniz?

...Çaşıb qalmışdı. Nə deyəcəyini bimirdi. Elə bil tək olduğunu deməkdən qorxurdu... Qısa çaşqınlıqdan sonra güclə eşidiləcək bir səslə:

–Bəli –dedi.

Bu, təsərrüfat şöbəsinin müdiri Teymur idi. İş yoldaşları nədənsə onu Timur deyə çağırirdılar. Bənövşə xanım onun şəxsi qovluğuna da baxmışdı. Adı həqiqətən Teymur idi. 45 yaşındaydı . Bir dəfə evlənib boşanmışdı.  Anası ilə birlikdə yaşayırdı. Gülərüz və yaraşıqlıydı. Deyirdilər ki əvvəlki müdirin qohumudu.       

     Bənövşə xanım müdir təyin edildikdən sonra onun çalışqan olduğuna, düzü, bir az da ondan xoşlandığına görə dəyib toxunmadı, yerində saxladı.

Son vaxtlar Timurun onu altdan-altdan süzdüyüni də hiss eləmişdi. Və hər dəfə bunu duyanda ürəyi şiddətlə döyünərdi...

Bir dəfə sənədləri ona verəndə əli onun əlinə toxunmuş, az qala gözlərinə qaranlıq çökmüşdü. Deyəsən qızarmış yanaqları da  içindən keçənləri qarşısındakına bəyan etmişdi. Timur isə özünü o yerə qoymamış, çıxıb işinin dalınca getmişdi.

      O gündən sonra Bənövşə xanım Timurun gözünün içinə baxmaqdan qorxurdu. Elə Timur da ondan gen gəzməyə çalışırdı. Bu gün isə... düz kabinetinə, özü də bazar günü, idarədə heç kəsin olmadığı bir vaxtda onun yanına gəlirdi.

 O Timura deyəcəyi hər sözü, hər kəlməni ölçüb-biçmək, onunla məsafə sağlamaq barədə düşünərkən ağlı tormozlandı, şüuru dumanlandı. Əli, əyağı, dili və gözləri onun ixtiyarından çıxdı.

Elə bu zaman qapı döyüldü. Timur cavab gözləmədən otağa daxil oldu.Yaxınlaşıb yenidən salam verdi, keçib onunla üzbə-üz əyləşdi. Xanım onun niyə gəldiyindən əmin idi. Odur ki heç nə soruşmadı. Sadəcə başını qaldırıb onun üzünə baxmaqla kifayətləndi.

–Bənövşə xanım, bilirsiniz bura niyə gəlmişəm?!

Bənövşə xanım başını aşağı salıb dinmədi. Bi az da qızardı.

–Xahiş edirəm Adili şöbə rəisi qoyun.

–Xanım bir şey anlamadı. Deyəsən heç onun dediklərini eşitmirdi.

–Timur əlini qoltuq cibinə salıb bir qalaq pul çıxarıb stolun üstünə qoydu:

–Beş min manat da pul verir.

Elə bil xanımı ilan çaldı. Qeyzlə ayağa qalxıb:

–Bu nədi, əə, heyvan oğlu, heyvan! Birdən ikiyə səndən rüşvət almışam?! Dur itil burdan –dedi.

Timur əlini atıb stolun üstündəki pulu götürdü və çaşmış, karıxmış halda sürətlə otaqdan qaçdı.