adalet.az header logo
  • Bakı 13°C
21 Noyabr 2022 13:41
754
MARAQLI

Elə gözəl gülməlisən ki, insanlar səni ağlatmağa utansın - Uğur Dündar

 

Psixiatr Elizabeth Kübler-Ross daha çox ölümə yaxınlaşan insanlarla bağlı işi ilə tanınır.

O, kitablarından birində Cerri haqqında danışır. Cerri soyğun zamanı yediyi güllələrlə xəstəxanaya yerləşdirilən xəstədir.

Psixiatr altı ay sonra onu görəndə necə olduğunu soruşur.

Xəstə "Mən bomba kimiyəm" deyə cavab verir.

Sonra onu xəstəxanaya aparanda nə hiss etdiyini öyrənməyə çalışır.

Cerri gülür və cavab verir:

“Həmin anda iki variantım var idi. Yaşamağı və ya ölməyi seçməli idim! Təbii ki, həyatı seçdim. Ancaq təcili yardım otağının dəhlizlərində xərəyi sürdükləri zaman həkimlərin və tibb bacılarının üzlərindəki ifadələri görəndə dəhşətə gəldim. Çünki bütün gözləri “bu adam ölür” deyirmiş kimi mənə baxırdı.

Bu vaxt bir tibb bacısı mənə yaxınlaşıb nədənsə allergiyam olub-olmadığını soruşdu. "Bəli var!" dedim.

Həkimlər və başqaları nə deyəcəyimi səbirsizliklə gözləyərkən mən cavab verdim:

“Mənim güllələrə qarşı allergiyam var!..'

Hamısı birdən gülməyə başladılar. Onlar gülərkən mən dedim: “Baxın, mən yaşamağı seçmişəm, məni cansız kimi yarmayın, canlı bir varlıq kimi əməliyyat edin!".


İzmirli dəyərli yazıçı Avram Menturanın nəql etdiyi bu yaşanmış hekayədən təsirlənməmək mümkün deyil. Çünki insanın ən ümidsiz anında belə yumora sığınaraq həyata necə möhkəm yapışmasından xəbər verir.

Qədim Romanın mühüm mütəfəkkirlərindən və həkimlərindən olan Perqamonlu Qalen gülüşün narkotikdən daha təsirli olduğunu söyləyirdi.

İngiltərədə uzun bir araşdırma aparıldı. Subyektlərə gülümsəyən sifət fotosu göstərildikdə məlum olub ki, onlara pul və ya şokolad verilirmiş kimi sevinirlər. Gülən şəxsin kimliyi də mövzulara müsbət təsir edib. İş o yerə çatıb ki, subyektlərin beyin və ürək funksiyalarını araşdıran tədqiqatçılar sevdiklərinin gülümsəyən fotosunu görəndə bədənlərində müsbət dəyişikliklərin olduğunu aşkar ediblər!..

Tutarlı səbəbi olmadan zarafat edə bilməyən və zarafat götürməyən insanlarla ünsiyətdə olmaqdan çəkinirəm. Düşünürəm ki, ürəklərindəki zülmət üzlərinə əks olunub, danışdıqca mənə sirayət edəcəklər kimi qorxuram. Bir müdrik insan gülümsəməyin möcüzəvi təsirini “O qədər gözəl gülümsəyir ki, kəpənək görsə ömrü uzun olar” deyərək danışır. Che Guavera da bu haqda deyib: "Gülmək inqilabi bir hərəkətdir".


Bu barədə düşünəndə mənfiliklərə qapılmaq və narahat olmaq üçün saysız-hesabsız səbəblər tapa bilərik.

Sosial və iqtisadi şəraitdən tutmuş həyatla əlaqələrimizə, fərdi və ictimai münasibətlərə qədər bizə təsir edə biləcək problemlər saymaqla bitmir.

Hekayəsini danışdığım Cerri kimi biz də tez-tez iki seçim qarşısında qalırıq: Ya bütün bu neqativlər qarşısında təbəssümlə həyata tutunub ümidimizi saxlayacağıq, ya da özümüzü zamanın axınına təslim edib məğlubiyyətimizi qəbul edəcəyik. Unutmayaq:

Hər şeyə rəğmən gülə bilmək üsyandır; zülmə, zülmət, qorxuya, təzyiqə...

Bu bir ümiddir; parlaq günlərə, gözəlliklərə, gözləntilərə...

Körpü tikməkdir; sevgiyə, şəfqətə, empatiyaya...

Gücümüzü əks etdirməkdir; ətrafımıza, özümüzə, həyata...

Bir sözlə, gülümsəməyi bacarmaq hər kəsə ən insani üzümüzü göstərməkdir.

Gəlin gülək, gülümsəyək!

İnsan gülə bildiyi qədər insandır!

Markesin dediyi kimi;

Hər şeyə rəğmən o qədər gözəl gülməlisən ki, insanlar səni ağlatmağa utansın!

 

Dilimizə uyğunlaşdıran: Eminquey