adalet.az header logo
  • Bakı -°C
17 Sentyabr 2026 13:48
41
MARAQLI
A- A+

"Kurtlar Vadisi"nin sirri illər sonra üzə çıxdı

“Kurtlar Vadisi” ilə bağlı illər sonra yeni detallar ortaya çıxıb. Serialın ssenaristlərindən Raci Şaşmaz keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında ölümü ilə bağlı yenidən başladılan istintaq çərçivəsində ifadə verib.

Silivri Cumhuriyyət Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Raci Şaşmazla yanaşı, serialın digər ssenaristləri Bahadır Özdener və Cüneyt Aysan da “məlumat sahibi” qismində ifadəyə çağırılıb. İfadə prosesinin təxminən 2,5 saat davam etdiyi bildirilir.

Şaşmaz ifadəsində “Kurtlar Vadisi”nin uğurunun illər ərzində müxtəlif iddialarla kölgələnməyə çalışıldığını bildirib. Onun sözlərinə görə, serialın zorakılığı təbliğ etdiyi və müəyyən şəxslərdən məlumat və sənədlər aldığı barədə iddialar əsassızdır.

Ssenarist serialın hazırlanması zamanı hər hansı qanuni və ya qanunsuz strukturla əlaqələrinin olmadığını deyib. O bildirib ki, ssenari komandası əsasən cəmiyyətdə baş verən hadisələri və açıq mənbələrdə yayılan məlumatları izləyib, daha sonra onları bədii və dramatik formada ekrana gətirib.

“Kaşifoğlu” obrazı ilə bağlı mövqeyi

İstintaq çərçivəsində serialdakı “Kazım Kaşifoğlu” obrazının Kaşif Kozinoğlu ilə əlaqəli olub-olmaması da diqqət mərkəzinə gəlib.

Raci Şaşmazın sözlərinə görə, “Kaşifoğlu” obrazı istihbarat dünyasındakı daxili qarşıdurmaları təsvir etmək məqsədilə yaradılmış bədii personajdır. O, obrazın hekayəsinin personajın serialdakı ölümü ilə başa çatdığını bildirib və bunun Kaşif Kozinoğlunun real həyatda ölümü ilə əlaqələndirilməsinin doğru olmadığını vurğulayıb.

Şaşmaz həmçinin Kozinoğlunun ölümünü əvvəlcədən bilmələrinin mümkün olmadığını və bu hadisənin araşdırılmasının hüquq-mühafizə orqanlarının səlahiyyətində olduğunu qeyd edib.

“Kurtlar Vadisi”nə müdaxilə iddialarını rədd edib

Raci Şaşmaz keçmiş polis rəisi Ali Fuat Yılmazerin serialın ssenarisinə müdaxilə etdiyi barədə iddiaları da qəbul etməyib.

O, Yılmazeri tanımadığını və onunla hər hansı əlaqəsinin olmadığını bildirib. Şaşmaz həmçinin keçmiş Jandarma İstihbarat Başkanı Hasan Atilla Uğurun da serialın ssenarisinə müdaxilə etmədiyini deyib.
Şaşmazın ifadəsinə əsasən, Osman Sınav və Hasan Atilla Uğur “Deli Yürek: Bumerang Cehennemi” filminin Diyarbəkirdəki çəkilişləri zamanı tanış olublar. Tanışlığın çəkilişlərlə bağlı icazə prosesləri zamanı baş verdiyi və sonradan dostluğa çevrildiyi bildirilib.

Osman Sınavın serialdan ayrılması ilə bağlı yeni detal

İfadənin ən diqqətçəkən hissələrindən biri isə “Kurtlar Vadisi”nin rejissoru Osman Sınavın layihədən ayrılması ilə bağlı olub.

Raci Şaşmazın sözlərinə görə, Sınav həmin dövrdə təhdid aldığını və uşaqlarının olduğunu deyərək layihədən ayrılmaq istədiyini bildirib. Şaşmaz onun serialdan ayrılmasının əsas səbəbinin məhz bu vəziyyət olduğunu iddia edib.

Osman Sınavın illər əvvəl “Kurtlar Vadisi”nin rejissorluğunu niyə buraxdığı barədə suala “Bu, mənimlə sirr olaraq gedəcək” məzmununda cavab verməsi də yenidən gündəmə gəlib.

“Erdoğan” yazılı məzar daşı ilə bağlı açıqlama

İfadə zamanı serialda Prezident Rəcəb Tayyib Ərdoğan və ailəsinə məzar daşı vasitəsilə mesaj verildiyi barədə iddialar da müzakirə olunub.

Şaşmaz belə bir mesajın məqsədli şəkildə yerləşdirilməsini rədd edib. O, həmin səhnədə istifadə olunan məzar daşının ssenaristin birbaşa nəzarətində olmadığını bildirib.

Onun sözlərinə görə, çəkilişlər zamanı real məzar daşlarından istifadə edilməsi mümkün olub və bütün detalları ssenaristin əvvəlcədən bilməsi mümkün deyildi. Şaşmaz illər keçdiyi üçün sözügedən məzar daşının konkret olaraq necə hazırlandığını xatırlamadığını da ifadə edib.

Serialda istifadə olunan avtomobillərin nömrələri ilə bağlı iddialara da toxunan Şaşmaz bildirib ki, çəkilişlərdə kirayə avtomobillərdən istifadə olunurdu və bütün nəqliyyat vasitələrinin nömrələrini ssenarist və ya prodüserin ayrıca nəzarətdə saxlaması mümkün deyildi.

Beləliklə, Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən gündəmə gələn istintaq “Kurtlar Vadisi”nin bəzi süjetləri və personajları ətrafında illərdir müzakirə olunan iddiaların da yenidən araşdırılmasına səbəb olub.