25 Iyul 2024 14:30
290
SİYASƏT

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.

Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib. 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit və digər istiqamətlərdə mövcud əlaqələrin davamlı inkişafından məmnunluq ifadə olunub. Eyni zamanda məhkəmə-hüquq sahəsində uzunmüddətli səmərəli tərəfdaşlıq təqdir edilib. 

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasında və regional güc mərkəzinə çevrilməsində Azərbaycan və Türkiyə prezidentlərinin səylərinin önəmi qeyd olunub. 

İki ölkənin konstitusiya məhkəmələri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb. 

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev görüşdə iştirak edib.