17 Aprel 2025 12:58
303
ƏDƏBİYYAT

ELMİ PRAKTİK KONFRANS

Son illərdə bir  çox  mətbuat orqanlarında və televizya kanallarında məlumatlar  verilir  ki, ölkəmizdə və dünyanın bir çox yerlərində arılar xəstəliklərin və ziyanvericilərin təsirindən kütləvi surətdə qırılır, məhv olurlar. Azərbaycanda bunun qarşısını qismən almaq istiqamətində arıçıları məlumatlandırmaq və maarifləndirmək məqsədi ilə vaxtaşırı tədbirlər keçirilir. Belə tədbirlərdən biri  də aprel ayının 14-də  Şəki Dövlət Dram Teatrının böyük zalında keçirilən  elmi-praktik konfrans olub. Konfransın təşkilatçıları  Azərbaycan Peşəkar Arıçılar Birliyi və Şəkidə fəaliyyət göstərən tanınmış arıçı Lətif Lətifovun rəhbərlik etdiyi “Qinyətoğulları” arıçılıq təsərrüfatının təşkilatçılığı ilə reallaşdı.

Konfransda ölkəmizin bir çox rayonlarından fəal arıçılar iştirak etdilər. Konfransı giriş sözü ilə Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov açdı. O, ölkəmizdə bu sahədə indiyədək görülən işlər və qarşıda duran vəzifələrdən danışdı. Sonra söz verildi İsrail Kənd Təsərrüfatı Tədqiqat Təşkilatı Etnomologiya İnstitutunun baş elmi işçisi, elmlər doktoru Viktoriya Sorokerə. O, “Arı xəstəliklərindən irəli gələn problemlərin həlli yolları” mövzusunda məruzə etdi. Onun məruzəsi yerli arıçılar tərəfindən alqışlarla qarşılandı. Sonra Qazaxıstanın Almata şəhəri Arıçılar Birliyinin sədri Larisa Siqunovanın, Rusiya Federasiyası N.V.Rudnitski adına Şimal-Şərq Federal Kənd Təsərrüfatı Elmi Mərkəzinin Arıçıq laboratoriyasının rəhbəri Anna  Brandorfun “Arı xəstəlikləri və profilaktiki  tədbirlər” mövzusunda çıxışları dinlənildi.

Bakı Dövlət Universitetinin elmi işçisi Elvira Təhməzlinin “Arı xəstəlikləri diaqnostikasının əhəmiyyəti” mövzusunda çıxışı da maraqla dinlənildi. Sonra məruzələr  ətrafında  verilən suallar cavablandırıldı. Arıçılar istifadə etdikləri dərmanların və başqa yardımçı vasitələrin bəzən keyfiyyətsiz olmasından şikayətləndilər.

Konfransda Azərbaycan Peşəkar Arıçılar Birliyi və Bakı Dövlət Universiteti arasında gələcəkdə əlaqəli iş birliyi yaradılmasının ümumi işə əhəmiyyətli təsir edə biləcəyi qeyd edildi. Geniş əhatəli məruzələrdə və çıxışlarda qeyd edildi  ki, hazırda dünyada atmosferin çirklənməsi bütün sahələrdə olduğu kimi, arıçılığa da öz mənfi təsirini göstərir.

Konfransda qeyd edildi ki, arıçıları qarşılaşdıqları problemlərdən qorumaq üçün mövcud əlaqələrin daha da genişləndirilməsinə ehtiyac vardır. Tədbirdə  Azərbaycan  Arıçılar  Assosiasiyasının  və  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak etdilər. Konfransın sonunda fəal arıçılara sertifikatlar təqdim olundu.

 

Nağıbəyov  Məmmədtağıbəy

Bakı Dövlət Universitetinin

 Jurnalistika fakultəsinin tələbəsi