Enerji sahəsində mühüm addımlar: Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı

Nur şəhəri Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimi keçirilib. Ölkə başçısı İlham Əliyev açılış mərasimində iştirak edib və bu günün Azərbaycanın enerji sahəsi üçün əlamətdar olduğunu qeyd edib. O bildirib ki, 1880 meqavat gücündə "8 Noyabr" Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə texniki nailiyyət deyil, eyni zamanda dövlətimizin gücünün, iradəsinin və gələcəyə baxışının göstəricisidir.
Ölkə Prezidenti bildirib ki, ““8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.” 1970-ci illərdə Mingəçevir Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamış, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir.
Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycan da müstəqilliyin ilk illərində enerji qıtlığının yaranması ilə əlaqədar o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Yəni, Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.
Prezident İlham Əliyev bildirib ki” “Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir.
Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.” Ölkə başçısı onu da qiqqətə çatdırıb ki,” Həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır və bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi.
Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük.” İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri bunu deməyə əsas verir ki, 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir . Uzun illər torpaqlarımız ın işğal altında olması və İkinci Qarabağ müharibəsində Ermənistanın nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlaması, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmaması bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi.
Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Lakin xain ermənilər nə iqtisadi potensialımızı, gücümüzü, nə də birliyimizi dağıda bilmədi.Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq.
Ölkə başçısının da dediyi kimi : Reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq. Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq.”
Gülxarə Əhmədova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı