07 Iyun 2024 12:13
670
GÜNDƏM

Əri, əsərləri, həyatı məhv edilən tacir qızı, Şərqin ik rəssam qadını Qeysər Kaşıyeva 

Azərbaycanın ilk peşəkar qadın rəssamlarından biri, daha dəqiq birincisi olan Qeysər Kaşıyevanın bu gün doğulduğu gündür.

Qeysər xanımı oxucularımıza tanıtmamışdan əvvəl bir məqamı oxucularla bölüşmək, jurnalistlərə də məsləhət vermək qərarına gəldim. Qeysər xanım haqqında dərin və ətraflı məlumat toplamaq üçün “google” axtarış sisteminə “ilk qadın rəssam” sözcüyünü yazdım.Müxtəlif illərdə rəssamlıq peşəsi ilə mədəniyyət və incəsənət sahəsində xalqına xidmət edən rəssam qadınların bir neçəsinin adı qarşıma çıxdı.

Reyhan Topçubaşova, Vəcihə Səmədova, Maral Rəhmanzadə və başqalarının adının qarşısında “ilk peşəkar rəssam” əlavəsi vardı. Əlbəttə adını çəkdiyim hər 3 rəssam xanım peşəkar və təkrarsız sənət sahibləri olan rəssamlar idi. Amma heç biri “ilk” deyildi. Qeyd edim ki, bir ara rəssam R.Topçubaşovanı məndə “ilk” hesab edərək onun haqqında geniş bir məqalə hazırlamışdım. Amma bitib tükənməyən axtarış, aramalarım sayəsində anladım ki, bu “ilk” bildiyim əslində “ilk” deyilmiş. Reyhan xanımdan da əvvəl könlünü rəssamlığa qapdırmış xanım olub və hazırda əsərləri muzeylərimizi bəzəyir.Bu İLK rəssam xanım Qeysər Kaşıyeva idi.


Qeysər Seyfulla qızı Kaşıyeva 1893-cü il iyun ayının 7-də Tiflisdə anadan olub. Yəni artıq 131 yaşlı böyük bir sənət dahisi deyə bilərik.Bu günə qədər nəyə yaradığını bilmədiyim Rəssamlar İttifaqı Azərbaycan müstəqillik əldə etdikdən sonra bu ilk peşəkar qadın rəssamla bağlı nə bir yubiley gecəsi keçirib, nə də onun sərgisini təşkil edib.

Ümumiyyətlə belə fitri istedada malik insanların tanınmamasında və təbliğ olunmamasında ilk günahkar bu qurumdur. Mətləbdən uzaqlaşmayaq.

Adın insan həyatına təsiri olduğunu deyənlər yanılmır. Tacir ailəsində 1893-cü ildə Tiflisdə anadan olan bu şirin qıza özü kimi, istedadı, sənəti kimi nadir rast gəlinən Qeysər adı qoyulur. Qeysər xanım Kaşıyevanın yeddi yaşı olanda valideynləri onu Tiflisdəki qız pansionuna qoyurlar. Pansionda oxuduğu illərdə rus dilini öyrənir, daha sonra təhsilini Gimnaziyada davam etdirmək qərarına gəlir. Gimnaziya illəri onun həyatını rəssamlığa qırılmaz tellərlə bağlayır. Bu illərdə o, rəssamlıq marağı ilə yanaşı, bədii qurama və bədii toxuma işlərinə də maraq göstərir.

Cahilliyin, xurafatın hökm sürdüyü illər. Qadınların hüquqsuz, kölə dönəmi... Yeniyetmə Qeysərin təhsil aldığı illərdə Qafqazda xüsusi rəssamlıq məktəbi yox idi. Bir müsəlman qızının da Avropada rəssamlıq təhsili almasına din, adət-ənənə, mentalitet kimi amillər mane olurdu.

 

Qeysər xanım haqqında mənbələrdə deyilir ki, Tiflis Qafqazın mədəni mərkəzi idi:” Bu kiçik, sevimli mərkəzdə hər istedadlı insanın parlaması o qədər asan olmasa da, Qeysərin həm daxili, həm xarici gözəlliyi, həm də rəssamlıq istedadı onu tezliklə ədəbi-mədəni dairələrdə tanıtdı. O vaxt “Molla Nəsrəddin” jurnalı üçün karikaturalar çəkən karikaturaçı-rəssam Oskar Şmerlinq də onun sorağını alan ilk insanlardan idi.
Oskar Şmerlinq onun sorağını alır və onunla tanış olmaq qərarına gəlir. Əl işlərinə baxdıqdan sonra isə təhsilini davam etdirməsini məsləhət görür.

Bəzən insanların həyatına sanki sehirli bir pəri tozu səpilir. O toz hər şeyi gözəlləşdirir, arzuları reallaşdırır.
Elə o illərdə – Şmerlinqlə tanış olduqdan qısa müddət sonra Tiflisdə incəsənəti təbliğ edən cəmiyyət fəaliyyətə başlayır. Həmin cəmiyyətin nəzdində rəssamlıq məktəbi də fəaliyyət göstərirdi və məşhur rəssamlar istedadlı gənclərə rəssamlığın sirlərini öyrədirdilər.

Oskar Şmerlinqin yaxın dostu Riçard Karloviç Zommer həmin cəmiyyətin sədri idi. Şmerlinq görür ki, Qeysərin Avropa təhsili alması mümkünsüzdür. Ona görə Zommerdən xahiş edir ki, bu cəmiyyətdə onun mükəmməl təhsil almasına şərait yaratsın. Beləcə, 1907-1908-ci illərdə burada təhsil alan Qeysər rəssamlığın sirlərinə yiyələnir.
Yaradıcılığının ilk dövrlərində Tiflisdəki qadın xeyriyyə cəmiyyətlərinin təşkil etdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr hazırlasa da, onun portret janrına xüsusi marağı var idi. Təhsil illərində çəkdiyi portretlər Tiflisin sərgi salonlarını bəzəyir və ona böyük uğur, həm də şöhrət gətirir.

Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirirdi və Moskvada təhsilini davam etdirməsini istəyirdi. Lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olur. Onun başqa yolu da yox idi. Ona görə də Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Bu tədbirlərdə iştirakı onun şöhrətini daha da artırırdı. Onu müxtəlif tədbirlərə dəvət edirdilər. Bu tədbirlər isə ona şəhərin sayılıb-seçilən insanları, ziyalılar, jurnalistlər, şairlərlə tanış olmaq şansı verirdi”.


Deyilənə görə, Qeysərin tez-tez göründüyü mədəni tədbirlər onun istedadının parlamasına, gözəlliyi ilə ad çıxarmasına şərait yaratdığı kimi, gələcək taleyində də müstəsna rol oynayır. Belə ki, belə tədbirlərin birində Şirin bəy Kəsəmənli ilə tanış olur. Şirin bəy Qazax bəylərindən Cəfər bəyin oğlu idi. Tiflisdə hərbi gimnaziyada təhsil almış, bir müddət yüngül süvari alayında qulluq etmişdi.Oxucularıma Kəsəmənli Şirin bəy i yaxından tanıtmaq üçün qeyd edim ki, o 17 oktyabr 1887-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində doğulub. Hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik olaraq praporşiklər məktəbinin ilk azərbaycanlı rəisi olub. Birinci Dünya müharibəsində (1914–18) "Dikaya diviziya"nın tərkibində vuruşub, "İgidliyə görə" medal və 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub.
Qeysərlə tanış olandan sonra Şirin bəy onunla evlənmək qərarına gəlir. Lakin o dövrün öz tələbləri vardı. Bəy ailələri bəy ailəsi ilə qohum olmağı özlərinə layiq bilirdilər. Elə Cəfər bəy də bu düşüncədə idi. Ona görə Şirin bəyin bu istəyinə mane olmağa çalışır, “bəy oğlu tacir qızı ilə evlənə bilməz” deyir. Ancaq Şirin bəy onu dinləmir və Qeysərlə evlənir.
Qeysər xanım ürəklə “xoşbəxtəm” deyə pıçıldamağa başladığı, yeni doğulmuş qızının sevincinə doymadığı bir vaxtda ailəyə bədbəxtlik üz verir.

Vəzifə başında Şirin bəy Kəsəmənli ağır şəkildə malyariya xəstəliyinə yaxalanır və 1919-ci il sentyabnn 29-da müalicə üçün Tiflisə göndərilir, hələ müalicədə ikən hərbi nazirin 1919-ci il 7 dekabr tarixli əmri ilə 2-ci piyada diviziyası komandirinin müavini təyin edilir. 1920-ci il yanvarın 10-da 17 saylı hərbi idarənin əmri ilə hərbi nazir vəzifəsini icra edən artilleriya generalı Şıxlinski elan edir ki, yanvarın 4-də Tiflisdə ağır xəstəlikdən sonra 2-ci piyada diviziyasının komandirinin köməkçisi polkovnik Şirin bəy Kəsəmənli vəfat edib. (Bəzi mənbələr isə Şirin bəyin ermənilər tərəfindən öldürüldüyü iddiasını irəli sürürlər- red-Ə.R.)Sərəncamda mərhumun müstəqil Azərbaycanın silahlı qüvvələri qarşısında xidmətləri yüksək qiymətləndirilirdi və onun bütün dəfn xərclərinin dövlət tərəfindən qarşılanacağı bildirilirdi. Şirin bəyin dəfn mərasimi Gəncədə keçirilir və o, öz doğma kəndində dəfn edilir.
Şirin bəyin ölümündən sonra Qeysər xanım acı günləri başlayır. Bir yaşlı qızı Ləyiyə ilə tək-tənha qalır. Qızını böyütmək üçün heç bir maddi dəstəyi olmur. Ərinin ailəsinə müraciət etsə də, onlar nə nəvələrini, nə də “tacir qızı” Qeysər xanımı qəbul etmirlər. Qaynatası Cəfər ağa ( bəzi mənbələrdə “Çingiz ağa” kimi qeyd edilsə də Şəmistan Nəzirlinin araşdırmalarında adı Çəfər ağa kimi qeyd edilib)
O, müəllimlik edərək qızını tərbiyə edir. Çox sonralar 1892-ci ildə Şuşada anadan olan hərbi komissar Zülfüqar Abbas bəy oğlu Seyidbəyli Xaçmazda hərbi komissar işlədiyi vaxt onunla tanış olur. Zülfüqar bəy Şuşa Realnı Məktəbdə təhsil almış, daha sonra isə bir hərbçi kimi yetişmiş nüfuzlu biri idi. Zülfüqar bəy mülayim xasiyyəti, Ləyiyəyə doğma münasibəti ilə özünü Qeysər xanıma sevdirir və onlar ailə qururlar.. Zülfüqar bəylə nikahından onun Qeysər xanımın Ləmiyyə adlı qızı da dünyaya gəlir.
Çox keçmir qanlı-qadalı repressiya illəri bu ailənin də ocağını söndürür.

1937-ci illərin ağır repressiyalarına Zülfüqar bəy də tuş gəldi. 1937-ci ildə onu “xalq düşməni” kimi həbs edərək güllələdilər.
Məlum məsələdir ki, bütün “xalq düşmənlərinin” həyat yoldaşları da özlərindən sonra sorğu-suala çəkilir, əgər rejimin tələblərinə boyun əyməzsə, ya güllələnir, ya da həbs düşərgələrinə göndərilirdi.
“xalq düşmənləri”nin həyat yoldaşlarının çəkdiyi əzablardan Qeysər xanımın taleyinə pay düşür. Ömrünün ən gözəl, məhsuldar çağında sürgünə göndərilən 2 azyaşlı övladı olan bu talesiz qadın 1942-ci ilə qədər çox uzaqlarda övladlarından, doğmalarından, övladları qədər sevdiyi sənətindən uzaqda yaşamağa məhkum edilir. Qoca anasının himayəsində qalan qızlarının taleyini düşünə -düşünə 5 ilini qurban verdi. Bəraətini aldıqdan - 1956-cı ildən sonra balalrına, sənətinə, ailəsinə qovuşdu.
Həyat yoldaşı, sənət əsərləri, gəncliyinin böyük bir hissəsi məhv edilmiş Qeysər xanım yenidən həyata sarılır, övladlarına ana olur. Azərbaycan xalqına isə təkrarsız, eyni zamanda istedadlı ilk rəssam qadın olaraq acılarını unutmağa çalışır.
Tək Azərbaycanın deyil, Şərqin ilk rəssam olan Qeysər xanım Kaşıyevadan bu günümzə “Yanğınsöndürən”, “Gürcü qızı”, “Kəndli”, “Ziyalı qadın”, “Azərbaycan ziyalısı”, “Göl sahili”, “Qoqolun portreti”, “Qoca keşikçi” kimi əsərləri, uşaqlar üçün kiçik kağızlarda işlədiyi nağıl sujetləri, bir neçə mənzərə günümüzə qədər gəlib çatıb. Bizim dövrə gəlib çatan bu azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılsa da indiyənə qədər onun nə özü , nə də əsərləri haqqında ictimaiyyəti bilgiləndirmək məqsədi ilə bir tədbir keçirilməyib.
Mütəxəsisslər vurğulayır ki, XX əsrin əvvəllərində yaşayıb-yaratmış rəssamlarımızın əksəriyyəti öz milli-etnoqrafik məzmunlu rəsmlərini əsasən akvarellə çəkmişlər. Əzim Əzimzadə, Bəhruz Kəngərli, Hüseyn Abbasi, Qeysər Kaşıyeva, Nəcəf Rasim və başqalarının akvarellərində azərbaycanlı məişəti, interyer quruluşu, habelə milli xarakter, sadə insanların məşğuliyyəti parlaq boyalarla, realistcəsinə təsvir edilib. Müasir milli təsviri sənətimiz bu möhtəşəm təməl üzərində bərqərar olmuş, inkişaf edərək təkmilləşmiş, müasir dövrə gəlib çatmışdır.
Rəssam Qeysər Kaşıyeva 1972-ci ildə aprelin 17-də - 78 yaşında Bakı şəhərində vəfat edir.

P.S. Çox təəssüf ki belə bir rəssamı nə Azərbaycan ictimaiyyəti tanıyır , nə də onun əsərlərini... Qonşumuz ermənilər isə özünün olmayan, tatar qanlı  İ.Ayvazovskini ,  Səyad Nəvanı  "erməni sənətkarlığının inciləri" kimi dünyaya tanıdıb, sevdirib...    

 Əntiqə Rəşid

Qeysər xanımın günümüzə gəlib çatan əsərlərindən bir neçəsi: